İnanc
Xəstəliklərdən xilas olmaq istəyirsizsə, bu axşam...
Bu gün ilaxır çərşənbələrdən ikincisi – Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə” kimi də adlandırılır. Od çərşənbəsinin qeyd edilməsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. İnsanlar qədim zamanlardan bugünə kimi hər zaman oda, istiliyə ehtiyac duyublar. Odun kəşf olunması insanları həm vəhşi heyvanların hücumundan müdafiə edib, soyuqdan, donmaqdan xilas edib, həm də gündəlik məişətdəki işləri rahatladan ən mühüm vasitələrdən biri olub.
Mifoloji rəvayətlərdən də aydın olur ki, keçmişdə qədim insanlar ən çox nəyə ehtiyac hiss etmişsə, köməklərinə ən çox nə çatmışsa, onu müqəddəs olaraq qəbul etmiş və həmin ünsürə aid inanclar, mərasimlər yaradıblar.
Bu çərşənbənin özəlliyindən danışan AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Publika.az-a bildirib ki, elə qədim dövrlərdən türk xalqlarında da günəşə, oda, atəşə böyük hörmət, inam olub.
“İnsanlar odu qoruyub, ocağı illərlə sönməyə qoymayıblar. Oda andlar içilib, müxtəlif mərasimlər təşkil edilməklə, insanlar öz şükranlıqlarını ifadə ediblər. El arasında yayılan adət-ənənəyə görə Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla xəstəliklərdən xilas olunur, azar-bezarları yandırırlar. Digər üç çərşənbədə olduğu kimi, od çərşənbəsində də yeməklər, şirniyyatlar hazırlanır, ocağın üstü boş qalmır. Od çərşənbəsində odun, tonqalın yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin isti, bərəkətli keçməsinə işarə sayılır. Od, tonqal, atəş, günəş istiliyin mənasını daşıyır və yaz fəslinin başlanması da havaların isinməsinin əsas göstəricisidir”.
Folklorşünasın sözlərinə görə, qədim zamanlarda kənd yerlərində Od çərşənbəsinin başlanmasını xəbər vermək və insanları bir yerə toplamaq üçün həmişə dağların başında tonqallar qalanardı:
“Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqal yandırılarmış. Türk xalqları dağ başında tonqal qalamaqla, oddan həm şad günlərində şənlənməyə, həm də düşmənin hücumu zamanı müdafiə olunmağa toplaşmaq üçün işarə verirmişlər. Dağ başında, hündür yerlərdə qalanan tonqalın sayına görə qədim türklər uzaqdan-uzağa həmin obanın, elin vəziyyətini təyin edərək, köməyə getmişlər. Bunu “Kitabi Dədə Qorqud” dastanında da aydın görmək olar. “Dədə Qorqud” filminin sonunda Dədə Qorqud Bamsı Beyrəyin oğluna deyir ki, “Bir tonqal qalayanda elimiş şənliyə yığışır, iki tonqal qalayanda basqından, yağı hücumundan qorunmağa yığışır. Üç tonqal qalayanda zəhmətə toplaşırıq”. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.
Od çərşənbəsi ayin və mərasimlərindən biri günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün “Qodu-qodu” mahnısı oxuyar, ondan istilik diləyirlər. “Qodu-qodu” mərasimində kənd cavanları üzərini qırmızı bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzərək nəğmələr oxuyarlar:
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı günü gördünmü?
Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir.
Qoymayın ağlamağa.
Bu nəğməni oxuyaraq evlərdən pay yığılar”.
Odla bağlı xalq arasında bir sıra inanclar da var.
Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır.
Od hisli olarsa, “uzaqdan qonaq gələcək” deyərlər.
Ocaqda kül titrəyəndə “od xeyirə oynayır” deyərlər.
Ocağı dağıdan xeyir tapmaz.
Ocaq sönməyən yerdə məskən salarlar.
Çərşənbədə ocağı boş qoymazlar.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama