“Kənddə keçirilən Novruz bayramının dadı başqa idi” - Ağbabalı 82 yaşlı nənənin xatirələri
Bizi izləyin

İnanc

“Kənddə keçirilən Novruz bayramının dadı başqa idi” - Ağbabalı 82 yaşlı nənənin xatirələri

Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində qoyulan qadağalar belə digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Əlbəttə, Novruz adətlərinin qorunub saxlanılmasında yaşlı nəslin, baba və nənələrimizin rolu danılmazdır. Elə buna görə də ağbirçəklərimizdən birinin qapısını döyüb, evinə qonaq olduq. Məqsədimiz həm onunla bayramlaşmaq, həm də çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramının adət-ənənələri barədə söhbət açmaqdı. Beləliklə, həmsöhbətimiz əslən Qərbi Azərbaycanın Ağbaba mahalı - Amasya rayonunun Əzizbəyov kəndindən olan 82 yaşlı Qəndab Hacıyevadır.

Məlumat üçün bildirək ki, Q.Hacıyeva keçmiş SSRİ-nin və Azərbaycan SSR-in yüksək dövlət mükafatlarına layiq görülüb. Onun haqqında bir çox reportajlar hazırlanıb, bir neçə kitabda adı çəkilib. Bizi evinə-süfrəsinə qonaq edən Qəndab nənə deyir ki, Ağbaba mahalında əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bütün bayramların başında gələrdi. Bir anlıq Ağbabalı illərə qayıdan ağbirçək o günləri belə xatırlayır: “Bizim mahalda bayrama bir ay qalmışdan hazırlıqlar başlayardı. Hər fevralın 10-da, yəni qışın oğlan çağında kiçik çillə tüğyan edən vaxt yazın gəlişinin ilk müjdəçisi olan Xıdır Nəbi bayramını qeyd edərdik. Həmin mərasimlərdə məqsəd istiliyi çağırmaq, qışı yola salmaqdır. Yaxşı xatırlayıram, qovurğa qovurar, kirkirədə (əl daşı) çəkər və qovut hazırlayardıq. Bir neçə ailənin inancına görə, xəşil bişirməyin düşər-düşməzi olarmış. Biz də bu məqsədlə xəşil bişirib belə inancı olan qonşulara paylayardıq. Fevralın 20-də isə “çilə-çilə” çağırardıq. Bayram günlərində hər evdə İrəvan kətəsi, şəkərbura, paxlava, qoğal kimi şirniyyatlardan ibarət xonça bəzədilər, şam yandırılar, ölənlərin xatirəsi yad edilərdi. Hansı evə getsən, görərdin ki, oranı yaxşıca təmizləyib, ya un, ya da əhənglə dirəkləri ağardıb bəzəyiblər. Novruza təmizlik, saflıq, şəffaflıq bayramı kimi baxılardı. Bu bayramda bütün küsülülər barışar, uşaqlara yeni geyimlər alınardı. Novruzu necə həsrətlə gözləyərdik”.

Qəndab nənənin sözlərinə görə, dillərə dastan Ağbaba toylarının səsi-sorağı uzun müddət çəkilməz, toy yiyəsinin adına layiq “Şah” bəzədilərdi. Martın 20-də isə yeni gəlinin evinə qonaq gedərdilər. Bu adətin adına isə “baca-baca” deyərdilər. Martın 21-də bayram sabahı dan ağaranda hamı yuxudan qalxıb axar su kənarına gedər, gün çıxmamış su üstündən atlanardılar. Daha sonra su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edərdilər. Qocası-cavanı özləri ilə götürdükləri qabları su ilə doldurub təzə gələnlərin üzərinə ataraq “bayramınız mübarək” deyərdilər. İslananlar da bundan qəti inciməz, suyun onları paklaşdırdığına inanar, cavabında isə “aydınlığa çıxasınız” deyərdilər. Sonra bulaqdan bir qab su götürərək evə qayıdar, həyət-bacaya, evin astanasına və künclərinə çiləyib “ilboyu aydınlıq olsun” deyərdilər. Əgər evdəkilərdən kimsə sulaşmağa getməyibsə, həmin sudan onun üzünə çiləyərək yuxudan oyadardılar: “Martın 21-i gecəsi isə uşaqlar dağın başında “düşmən gözü kor edən” ocaq qalayardılar. Bütün el-oba bu ocağa tamaşa edərdi. Mənfur düşmənlər gücümüzü görüb bizdən ürkərdilər. Daha sonra gənclər qarlı dağdan xizəklə sürüşər, bayramı beləcə yola salardılar”.

Bayram ərəfəsində elə bir ev tapmaq olmazdı ki, orada səməni göyərdilməsin. Bununla bağlı maraqlı bir adət isə səməni bişirməkdir: “Səməni cücərdəndə niyyət edib içinə muncuq atardıq. Əgər muncuğun içərisindən cüt cücərti çıxardısa, o zaman arzu çin olardı. Sonra həmin səməninin suyu sıxılıb unla qovrulardı. Kasa-kasa qonşulara paylayar, onlar da boş qaytarmamaq üçün kasanın içərisində nəmər verərdilər”.
8 övlad, 17 nəvə və 14 nəticəsi olan Qəndab nənə deyir ki, yurd-yuvasından uzaq düşsə də, adətlərini hələ də unutmayıb: “Kənddə keçirilən Novruzun dadı başqa idi. Martın 21-də yumurta boyayar, 22-də isə süd aşı bişirərdik. Yağ əridib, xonça tutardıq. Daha sonra imkanı olmayan qonşulara paylayıb, bir-birimizlə bayramlaşardıq. Novruzdan bir ay sonra təzə gəlinlər, nişanlı qızlar yığılıb Arpa çayına gedərdik. Orada tonqallar qalanar, süfrələr açılar, xonçalar düzülər, deyib-gülüb oynayardıq. Baxmayaraq ki, elimizdən-obamızdan didərgin düşmüşük, amma yenə də adətlərimizi qoruyub saxlaya bilmişik. Bizdən sonra gələn yeni nəsilə də ənənələrimizi öyrətməyə çalışırıq”.

Müşfiqə Bayramlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm