İnanc
İslamda yatmaq və yuxunun qaydaları
Bu vaxtlarda yatmaq məsləhət deyil
Imam Cəfər Sadiq (ə) buyurub ki, sübh azanı ilə Günəşin doğuşu
arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini
saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar,
XIII, 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün
həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi
mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb
oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur,
iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya
qalan adam isə bu imkanı əldən verir. Buna görə xalq içində
deyirlər ki, iki nəfər qazanar: tez evlənən və yuxudan tez
oyanan.
Məğrib və işa arasında yatan adamın da ruzisinin azala biləcəyi
barədə rəvayətlər var.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Fəcr (sübh azanı) və
Günəşin doğuşu arasında yatmaq adamın xasiyyətini pisləşdirər.
Zöhrdən əvvəl yatmaq nemətdir. Əsr vaxtından sonra yatmaq ağlı
kütləşdirər. Məğriblə işa arasında yatmaq isə adamı ruzidən məhrum
edər” (Biharül-ənvar, LXXVI, 185).
Dini mənbələrdə yazılıb ki, hətta Həzrət Musa Peyğəmbərin (s)
zamanında Misirdən Fələstinə qayıdan Bəni-Israil qövmü səhrada ikən
Allah fəcrlə Günəşin doğuşu arasında onlara səmadan yemək endirirdi
(Quranda buna “mənn” deyilir). Şirin toz şəklində olan bu yemək
yalnız günün həmin vaxtında səmadan yerə tökülür və qısa müddət
ərzində yoxa çıxırdı. Tənbəllik edən, yatıb yuxuya qalan adam o
günün yeməyindən məhrum olurdu.
Necə yatmaq məsləhətdir
Müqəddəslərimizin tövsiyəşinə görə, cənabətli halda qüsl almadan
yatmaq məkruhdur (bəyənilməzdir). Amma buna imkanı olmayan adam
qüsl əvəzinə dəstəmaz alıb yata bilər, etrəsi gün namaz qılmaq üçün
isə qüsl almalıdır. Dəstəmaz almağa da imkanı olmayan adam heç
olmasa, təyəmmüm etsin. Ümumiyyətlə, cənabətli olmayan adam da
yatmazdan əvvəl müstəhəb qüsl ya dəstəmaz alsa yaxşı olar. Imam
Cəfər Sadiq (ə) buyururdu ki, hər kim təharətli halda (yəni qüsl,
dəstəmaz və ya təyəmmüm etmiş halda) yatsa, yatağı onun üçün məscid
kimi olar (yəni yuxusu ibadət kimi sayılar). Peyğəmbər buyurub ki,
hər kim dəstəmaz alıb yatsa və yuxuda ikən dünyasını dəyişsə, Allah
ona şəhid qədər savab verər.
Bu barədə tövsiyələrin səbəbi çox güman ki, yuxu və ruhla bağlı
olan təsəvvürlərdir. Çünki Islam maarifində yuxu ölümün qardaşı və
kiçik ölüm sayılır. Yuxu halında da ruh bədəndən çıxır və müvəqqəti
olaraq Allahın dərgahına daxil olur. Amma yuxu ilə ölümün fərqi
budur ki, yatmış adamın heyvani ruhu (canı) bədəndə qalır və həyatı
təmin edir. Yatan adamın əcəli hələ çatmayıbsa, ruh yenidən bədənə
qaytarılır və o, yuxudan ayılır. Yatmazdan qabaq təharətli (pak)
olmaq ona görə tövsiyə edilib ki, insanın ruhu Allahın dərgahına
pak halda daxil olsun.
Şamlı (Suriyalı) bir nəfər Imam Əlidən (ə) yatmağın növləri barədə
soruşanda Imam cavab verdi: “Yatmağın dörd növü var: Peyğəmbərlər
arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında
olar. Möminlər sağ böyürləri üstə üzü qibləyə sarı yatarlar.
Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri
həzm olsun. Iblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan
məhrum və dərdə düçar olmuş adamlar isə üzüüstə yatarlar”
(Biharül-ənvar, LXXVI, 186-187).
Qeyd edək ki, sağ böyrü üstə üzü qibləyə uzanmaq (möminlərin yatmaq
tərzi) insanın qəbirdəki halını xatırladır. Üzü üstə uzanmaq isə
həm bədən üzvlərinin sıxılmasına və narahatçılığa səbəb olur, həm
də ehtilama (yuxuda cənabətli olmağa) şərait yaradır. Bəzi
hədislərdə sol böyrü üstə yatmaq münafiqlərin adəti kimi
göstərilir.
Şam yeməyindən dərhal sonra dolu mədə ilə yatmaq ziyandır.
Hədislərdə deyilir ki, şam yeməyində yediklərinizi namaz qılmaqla
həzmə verin. Imam Əli ibn Əbu Talib (ə) öz oğlu Imam Həsənə (ə)
məsləhət görürdü ki, dörd tövsiyəyə əməl etsə xəstələnməz və həkimə
müraciət etməyə ehtiyacı olmaz. Həmin dörd tövsiyə budur:
acımayınca süfrə arxasında oturma; süfrədən tam doymamış halda
qalx; yeməyi ağzında yaxşı çeynə; yatmazdan əvvəl ayaqyoluna
getməyə çalış.
Peyğəmbər müsəlmanları əlləri kirli halda, xüsusilə, əlləri yağa və
piyə bulaşmış halda yatmaqdan çəkindirirdi.
Yatan zaman abır-həyanı gözləmək də müsəlman üçün çox vacibdir.
Buna görə hamının görə biləcəyi açıq yerlərdə yatmaq bəyənilmir.
Məsələn, isti havalarda sərin olsun deyə evin damında yatmaq
Islamda bəzi şərtlər daxilində icazəlidir; gərək heç olmazsa iki
dirsək hündürlüyündə divarın arxasında yatasan ki, kənar evlərin
damından ya pəncərəsindən səni görən olmasın.
Qeylulə yuxusu
Peyğəmbər sünnəsində rast gəlinən əməllərdən biri də qeylulə
yuxusudur. Qeylulə – günorta vaxtı, zöhrdən əvvəl dincəlmək məqsədi
ilə qısa müddətli yatmağa deyilir. Peyğəmbər qeylulə yuxusuna ciddi
əməl edər və müsəlmanları da buna təşviq edərdi. Qeylulə yuxusu
bədəndəki yorğunluğu aparır, hafizəni gücləndirir, zehni açır.
Peyğəmbər buyururdu ki, gecə namazlarını qıla bilmək üçün
qeylulədən faydalanın; yəni günorta yatın ki, gecə namazı üçün
yuxudan oyana biləsiniz. Rəvayət edirlər ki, bir bədəvi ərəb
yaddaşının get-gedə kütləşməsindən Peyğəmbərə şikayət etdi.
Peyğəmbər ondan soruşdu ki, sən yəqin günortalar yatmağa adət
etmisən, amma son vaxtlar bu adəti pozmusan. Ərəb həqiqətən belə
olduğunu söylədi. Peyğəmbər ona məsləhət gördü ki, yenə günortalar
qeylulə yuxusuna riayət etsin.
Yatmazdan əvvəl oxunan dualar
Kim yatmazdan əvvəl Ixlas (Qül hüvəllah) surəsini oxusa, Allah min
mələyi təhkim edər ki, həmin gecə onu qorusunlar. Yatmazdan əvvəl
Kafirun, Fələq və Nas surələrini oxumaq, çoxlu istiğfar etmək,
kəlmeyi-şəhadəti söyləmək, xüsusilə, “la ilahə illəllah” cümləsini
çoxlu təkrar etmək savabdır. Qəbr əzabından qorxan adam Təkasür
surəsini oxusun. Yatmazdan əvvəl ayətül-kürsi oxumaq iflic
xəstəliyindən, Ya-Sin surəsini qiraət etmək şeytanın şərindən və
bəladan insanı qoruyar. Əhqaf və Casiyə surələrini yazıb yastığın
altına qoymaq insanı pis qüvvələrdən qoruyar. Oğurluqdan amanda
qalmaq istəyən adam yatmazdan əvvəl Isra surəsinin son iki ayəsini
oxusun.
Peyğəmbər bu duanı yatmazdan əvvəl oxumağı Imam Əliyə (ə) tövsiyə
etmişdi: “Sübhan Allahi vəl-həmdü lillahi və la ilahə illəllahü
vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa
billahil-əliyyil-əzim” (Tərcüməsi: “Allah hər nöqsandan uzaqdır,
aləmlərin rəbbi olan Allaha həmd olsun, Allahdan başqa tanrı
yoxdur, Allah hər şeydən qüdrətlidir. Güc və qüdrət yalnız uca və
əzəmətli Allaha məxsusdur”). Həzrət Mühəmməd Peyğəmbər (s) yatağına
uzananda bu duanı oxuyardı: “Bismikə allahümmə əmutü və əhya”
(Allahım, Sənin adınla ölür və dirilirəm). Yatağından qalxanda isə
buyurardı: “Əlhəmdü lillahil-ləzi əhyana bə’də ma əmatəna və
ileyhin-nüşur”(Bizi öldürəndən sonra dirildən Allaha həmd olsun.
Sorğu-sual üçün dirilib Onun hüzuruna gedəcəyik).
Islamda çox bəyənilən əməllərdən biri də hər gün öz nəfsini hesaba
çəkmək, yəni bu gün ərzində nə etdiklərin barədə öz-özünə hesabat
verməkdir. Xüsusilə, bunu yatmazdan əvvəl etmək daha məsləhətdir.
Insan gərək yatağa uzanıb düşünsün ki, bu gün hansı yaxşı və pis
əməlləri etmişəm. Yaxşı əməlləri yada salıb Allaha şükr etmək, pis
işlərdən də tövbə etmək lazımdır. Imam Cəfər Sadiq (ə) buyururdu
ki, yatağa uzananda qarnındakı yeməyi (yəni bu yeməyin halal
olub-olmadığını) və qazandığın ruzini fikirləş. Özünü ölmüş kimi
təsəvvür et və unutma ki, bir zaman sənin də dirilmək vaxtın
çatacaq (yəni haqq dərgahında sorğu-sual ediləcəksən).
(islam.az)
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama