125 milyon qadına verilən DƏHŞƏTLİ İŞGƏNCƏ - QADIN SÜNNƏTİ - - FOTOLAR
Bizi izləyin

İnanc

125 milyon qadına verilən DƏHŞƏTLİ İŞGƏNCƏ - QADIN SÜNNƏTİ - - FOTOLAR

Hazırda dünyada bu ayin səbəbindən sünnət edilən 125 milyondan çox qadın yaşayır.

Qadın sünnəti qadınları cinsi şikəst etmənin ən məşhur üsuludur. Məqsəd qadında cinsi zövq orqanı olan klitoru kəsib bəkarəti qorumaq, qadını cinsi duyğulardan məhrum etməkdir. Bu sünnət tipi daha çox Afrika ölkələrində məşhurdur.

Bu günə qədər toplanan məlumatlara görə, qızlar daha çox 4 -12 yaş arasında sünnət olunurlar. Ümumdünya Sağlamlıq Təşkilatının məlumatına görə, dünyada bu əməliyyatın ən ağır formaları da daxil olmaqla, 100-140 milyon qız sünnət edilib. Hər il əksəriyyəti Afrika və Orta Şərq ölkələrindən olmaqla 3 milyon qadın sünnət edilir.

Xarici cinsiyyət orqanının qismən və ya tam çıxarılması (qadın sünnəti) əməliyyatı əsasən Afrika, Asiya və Yaxın Şərqin bəzi ölkələrində yayılıb. Hazırda dünyada bu ayin səbəbindən sünnət edilən 125 milyondan çox qadın yaşayır.

Rus əsilli jurnalist Nadya Pyankova və fotoqraf Aşa Mailz tərəfindən hazırlanan "Çapıq" layihəsi əsasında Afrikanın Qərbində yerləşən Qambiyada 12 qadın başlarına gətirilən hadisədən danışıb. Qambiyada yaşayan qadınların 76 %-i bu proseduru keçirib. Sünnət edilən qızlar prosedurdan sonra ciddi psixoloji problemlər yaşayıblar. Güclü ağrılar və qanama səbəbindən həyatını itirənlər də az deyil. Bu proses 2015-ci ildə tamamilə qadağan edilsə də, illeqal yollarla davam edib. Bu səbəbdən əhali ölkə qanunlarının gücünə inanmır. Bu ayinin, inancın, ənənənin isə birdəfəlik yox olması qadınlardan asılıdır.

Publika.az sizə həmin 12 qadının həyatını təqdim edir:

Aida Mbenqa, 22 yaş. Hadisəni tam olaraq xatırlamıram. Sanki özümdə deyildim. Anam mənə ad günümdə Bakjula gedəcəyimizi dedi. Biz doğurdanda hansısa evə gəldik. Evdə bir qadın var idi. Sonra heç nə yadımda deyil. Gözlərimi açanda xəstəxanada idim və artıq çox gec idi. Mən sünnət olunmuşdum. Mənə dedilər ki, çox qan itirmisən, amma narahat olma hər şey qaydasındadır.

Atam tam başqa xalqdandı,onlarda bu ənənəyə pis baxırlar, qəbul etmirlər. Anam isə əksinə, onlar üçün bu bir adətdir. Anam atamın qarşı çıxacağını bildiyi üçün bu işi gizli həyata keçirdi. Bu günə qədər də atam bu hadisəni bilmir, mən isə ona bunu deyə bilmərəm. Sünnət zamanı ölən qızların sayı artdıqca, anam narahat olmağa başladı. Xoşbəxtlikdən fikrindən daşındı və bacılarım bu faciəni yaşamadılar.

Saro Vax, 37 yaş. "Gəl meşəyə odun yığmağa gedək", anamın bu sözləri heç yadımdan çıxmır. Baxmayaraq ki, mənim hələ 5 yaşım vardı, o gün, o yol həyatımda geri dönüşü olmayan hadisələr yaşatdı mənə. Biz meşəyə gələndə orda bizi bir qadın gözləyirdi. "Əməliyyat" üçün hər şey hazır idi. Mən yaşlarda 2 qız daha var idi. Hər şey bir anda baş verdi. Qadın məni yerə uzadıb cinsi hissiyyat orqanımı adi kəsici vasitə ilə kəsdi. Heç bir ağrıkəsici vasitə olmadan. Dözülməz ağrılar idi. Bir həftə ağrılarım kəsmədi. Anam isə mənə bunu niyə yaşatdığını heç vaxt izah etmədi.

Mən erkən ailə qurdum. Yoldaşımın 25, mənim isə 14 yaşım olardı. Öz istəyimlə sevib evləndim. Amma bu hadisə mənim həyatıma, yoldaşımla şəxsi münasibətlərimə təsir edirdi. Mən hələ də güclü ağrılar hiss edirdim. 5 övlad dünyaya gətirdim. Hər birində də o "çapıq" ucbatından qanaxmalarım olurdu.

Əminəm ki, qadın sünnəti qızlara ağrı-acıdan və ölümdən başqa heç nə vermir. İndi 37 yaşım var, hələ də eşidirəm ki, qanunla qadağan olunmuş bu proses gizli şəkildə davam etdirilir. Bələk də körpə uşaqları belə hamamda sünnət edirlər. Çox istərdim bu ənənəni dayandırsınlar, qızların həyatını məhv etməsinlər.

Saynabu Vax, 19 yaş. Mən sünnət olunanda 9 yaşım var idi. Evdə bacılarımdan bilirdim ki, bu hadisəni yaşayacam, amma harada, nə vaxt, necə - o, məlum deyildi. Bir gün evdə qonaqlıq təşkil etdilər. Dadlı yeməklər, rəqslər - hər kəs əylənirdi.

Məndən başqa bir neçə qız da var idi. Bir az əyləncədən sonra növbə ilə bizi sünnət etdilər. O ağrıları sizə ifadə edə bilmirəm. Ömür boyu unutmayacağım hisslər yaşadım. Xoşbəxtlikdən digər qızlardan fərqli olaraq infeksiyaya yoluxmadım. Prosedurdan sonra bir həftə yataqda qaldım. Halım yox idi. Xatırlayıram, ağrını azaltmaq üçün yaranın üzərinə yaş yarpaqlar qoyurdular və tez-tez onları dəyişirdilər.

Çox sonra anam mənə bunun bizim adətimiz olduğunu və ailəsinə, özünə hörmət əlaməti olaraq hər bir qızın sünnət olmasının vacibliyini izah etdi. Çox sevinirəm ki, qanun bunu qadağan etdi. Bu hadisəni heç bir qıza arzu etmirəm.

Fatu Badjang, 52 yaş. Bu hadisə haqında heç nə xatırlamıram. Sünnət olunanda hələ bələkdə körpə idim. Sevinirəm ki, həqiqətən də belə olub.

Çünki böyüdükcə anladım ki, nə qədər erkən yaşda sünnət olsan, o qədər yaxşıdı. Böyüdükcə ağrı çox olur. Bu, bizim adətimizdi. 17 yaşımdan sonra artıq mən də bu əməliyyatı etməyə başladım. İllər sonra artıq bu işi peşəkarcasına edirdim. Əməliyyat etdiyim qızlardan infeksiyaya yoluxanı, ölən olmayıb. Onlar mənə güvənirdilər. Lakin çox təəssüf olsun ki, bu əməliyyatı qadağan edən qanun qəbul olundu. Mən bütün alətlərimi yığışdırdım və bir daha sünnət etmədim. Burda pis heç nə yox idi. Qızlara seksual həyat vacibdi, ya ailəsi? Məncə, qız üçün önəmli olan ilk şey ailəsi ,həyat yoldaşı olmalıdır. Cinsi istəkləri yox.

Mariama Djuf, 24 yaş. Anam məni və bacılarımı sünnət etdirmək istəyirdi. O vaxt mənim 5 yaşım var idi. Heç ağlıma da gəlməzdi belə bir hadisə olacaq. Bacılarım da, mən də olacaqlardan xəbərsiz bir yığıncağa getdik. Çoxlu dadlı yeməklər var idi.

Bizə deyirdilər ki, hamısı sizin üçündü, yeyin, əylənin. Bacılarımdan və məndən başqa orada 3 qız da vardı. Bir də təbil çalanlar. Onlar təbili elə ucadan çalırdılar ki, mənim xoşuma gəlirdi. Hətta gülərək bir dəfə mən də çaldım. Növbə mənə çatanda anladım, o təbilləri ucadan çalırdılar ki, ağrıdan qışqıran qızların səsi eşidilməsin. Axı, heç bir ağrıkəsici yox idi. Bəli, mən sünnət olundum. Dəhşətli ağrılardı, deyə bilmərəm, çünki mənim əsas ağrılarım çox sonra başladı.

Hamamda sünnət ediləndə yaraya infeksiya düşmüşdü. Mən uzun müddət bunun ağrılarını unuda bilmədim. Ailə qurdum və yoldaşımla münasibətim yolunda getmirdi. Mən dəhşətli ağrılardan başqa heç nə hiss etmirdim. Seneqalda yaşayan bacım deyirdi ki, cinsi münasibət heç də belə olmur.

Çox istərdim o illərə geri qayıdım və bu hadisənin qarşısını ala bilim. İndi mənim 4 yaşlı qızım var. Anam “bu adətimizdi, sənin qızını da sünnət etdirəcəm” dediyində ona tək cavabım "Səni öldürərəm" oldu. Bu söhbət bir daha açılmadı.

Salli Manex 48 yaş. 3 yaşım olanda məni sünnət etdilər. Anam deyirdi ki, bu adət qadının təmizliyini, saflığını qorumaq üçün vacibdir. “Mənim anam da sünnət olunmuşdu, mən də sünnət olunmuşam. Növbə sənindir, səndə sünnət olmalısan”. Bizim ailədə uşağa nə isə izah etmək adət deyil. Elə bir hüququmuz yoxdur. Mən heç nə bilmirdim və düşünürdüm ki, ailəm haqlıdır. Hər şey belə də olmalıdır. Çox təəssüf ki, mən də öz övladlarımı sünnət etdirdim.

Çox sonralar televiziyada bu barədə danışılanda anladım ki, bu heç də yaxşı bir şey deyildi. Xoşbəxtlikdən ailəmizdə bu hadisədən ölən olmadı. Sevinirəm ki, qanun bunu qadağan edib.

Emi Sove, 19 yaş. Sünnət olanda mənim heç 1 yaşım tamam olmamışdı. Ona görə çox şey xatırlamıram. Çox sonradan bu barədə bizə məktəbdə danışmışdılar. Elə televizorlarda da dəfələrlə eşidirdim qadın sünnətləri haqqında. Biləndə ki, məni də sünnət ediblər, uzun illər anamla danışmadım. Mənim çox güclü ağrılarım olurdu. Həkimə getdim. Həkim bunun keçirdiyim əməliyyatla əlaqəli ola biləcəyini dedi. Bacım daha ağır vəziyyətdə idi. Qanaxmalar o qədər tez-tez olurdu ki, məktəbə gedə bilmirdi. Anam bu vəziyyətdən qorxmuşdu və o biri bacılarımı sünnət etdirməkdən daşındı.

Hazırda təhsil alıram. Ailə qurmağı düşünmürəm. Amma nə yalan deyim, çox qorxuram. Gələcək həyat yoldaşımla münasibətlərimizin necə olacağı fikri məni narahat edir. Düşünürəm ki, heç nəyə baxmayaraq, hər bir qadın xoşbəxt olmağa layiqdir. Ümid edirəm ki, gələcəkdə qarşıma məni başa düşəcək, xoşbəxt edəcək bir kişi çıxacaq.

Xalimatu Sizay, 26 yaş. Əlbəttə, xatırlayıram. O günü unutmaq olar? Uşaq idim. 6 yaşım vardı. Böyük bir yığıncağa getmişdik. Qonşular, qohumlar hamı orda idi. Çeşid-çeşid yeməklər, musiqili əyləncələr - hamı xoşbəxt görünürdü. Uşaq ağlı ilə çox şey bilə bilməzdim. Amma narahat idim. Bir qızı harasa apardıqlarını gördüm, daha sonra digər qız ağlamağa başladı. Artıq mərasim başlamışdı. Növbə ilə bizi "bədbəxt" edəcəkdilər. Bəli, mən bunu belə adlandırıram. Bu ənənə çox şeyi dəyişdi həyatımda. Digərlərindən fərqli olaraq, heç bir infeksiyaya yoluxmadım, qanaxmalarım olmadı. Düşünürəm ki, bu olmaya bilərdi və tam başqa həyat yaşayardım.

Məktəbdə oxuyanda Qambiyada qadın sünnəti ilə mübarizə aparan gənc aktivistlər gəlmişdi. Onlar bu hadisənin qarşısını almaq üçün əllərindən gələni edəcəklərini dedilər. O an düşündüm ki, mən də bu ənənənin aradan qaldırılması üçün nəsə edə bilərəm. Artıq jurnalist kimi fəaliyyət göstərirəm. Bir neçə il əvvəl qadın sünnətindən bəhs edən sənədli film çəkmişəm. Bu, dəhşətdir, yatırsan və səhər duranda görürsən ki, gecə qızı hamamda sünnət ediblər. Kim edib, sən bunu heç vaxt bilməyəcəksən. Mən bilmirəm məni kim sünnət etmişdi, lakin o qadını və mənə yaşatdığı ağrıları heç vaxt unutmayacağam. Çox ümid edirəm ki, bir gün bu axmaq adətlər tətbiq olunmayacaq və qızlar normal həyat yaşayacaq.

Emi Calloy 38 yaş. Digərlərindən fərqli olaraq mən bu əməliyyatı çox gec,12 yaşında keçirdim. Çox ağrılarım oldu. Qadının səhlənkarlığı ucbatından mən topal qaldım. Həyatımda ən ağır günlər idi. İstəmirdim, məni zəbt etməkdə çətinlik çəkirdilər. Çox təəssüf ki, nail oldular. Sonradan mən ailə qurdum. Yoldaşım da əlildir. Ömrünü əlil arabasında keçirib. Bizə çox çətin olurdu. Hərdən ayrılma nöqtəsinə belə çatırdıq.

6 qız övladımız var. Amma mən onların heç birini sünnət etdirməmişəm. Onda hələ heç qanun çıxmamışdı, amma mən bunun nə demək olduğunu bilirdim və övladlarımın bu ağrıları çəkməsini istəmirdim. Həmin sünnət mərasimindən qalan paltarımı bu günə qədər saxlamışam. Açığı niyə saxladığımı başa düşmürəm, bəlkə də o günü unutmamaq üçün.

İqqex Sove 18 yaş. Heç nə xatırlamıram, sünnət olunanda çox körpə idim. Çox sonra bu barədə danışılanda bilmişəm. Mən çox ağrılar hiss edirdim illər sonra anladım ki, bunun səbəbi uşaq vaxtı keçirdiyim əməliyyat olub. Hazırda təhsil alıram. Hər dəfə bu barədə öyrəndiyim iyrənc faktlar anama nifrət etməyimə səbəb olur.

Ailə qurmaq haqqında düşünmürəm. Təhsilimi tamamlayıb həkim olacam. Deyirlər ailədə əsas sevgidi. Sevgi olarsa, hər şey yaxşı olacaq. Zamanın nə göstərəcəyi bəlli deyil.

Binta Bax, 39 yaş. Sünnət olunanda uşaq idim, xatırlamıram. İllər sonra yaşıdlarım sünnət olanda mən səbirsizliklə gözləyirdim ki, növbə nə vaxt mənə çatacaq. Lakin sonra bildim ki, mən artıq sünnət olunmuşam. Anam dedi ki, bu, adətdir və hər bir qız bunu yerinə yetirməlidi. Ənənəyə qarşı gəlmək olmaz.

10 il əvvəl nənəm 7 yaşlı qızımı sünnət etdirdi. Onda hələ mənim fikirlərim dəyişməmişdi. Çox təəssüf ki, mən həqiqətləri gec başa düşdüm. Kaş qızıma bunları yaşatmazdım.

Fatu Bax. 31 yaş. Məni uzaq bir kəndə aparmışdılar. Yadıma gəlir, yanımda nənəm var idi. Biz həmən gün mərasimə gecikdik və mən 2 gün sonra sünnət olundum. Onda artıq nə qonaqlıq vardı, nə dadlı yeməklər, nə də təbil çalanlar. Məni çay kənarında bir qadın gözləyirdi. O qədər qorxmuşdum ki, məni zəbt etmək üçün 5 nəfər çağırmışdıar. Qadın işini yaxşı bilirdi və bir hərəkətlə əməliyyatı etdi. Dözülməz ağrıları azaltmaq üçün mənə çayın duzlu suyuna girməyimi dedilər. Amma o da mənə kömək etmirdi.

Daha sonra ailə qurdum və evliliyim ilk gündən dəhşətli başladı. Bizim münasibətlərimiz ilk gün yolunda getmədi. Mən o dəhşəti yenidən yaşamağa başladım. Övladımı dünyaya gətirmək üçün nə əziyyətlər çəkmişəm.

İndi radioda işləyirəm və biz dəfələrlə bu mövzunu müzakirəyə qoymuşuq ki, hamı bu barədə həqiqətləri bilsin. İndi mənə “qızını sünnət etdirərsənmi” sualını versələr, qətiyyən razı olmaram.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm