Üç dini birləşdirən bayram - FOTO
Bizi izləyin

İnanc

Üç dini birləşdirən bayram - FOTO

Qaqauzlar bu il Müqəddəs Georgi gününə təsadüf edən yaz bayramı - Xıdrellezi böyük təm-təraqla qeyd etdilər.

Publika.az xəbər verir ki, bayram ənənəvi cıdır yarışlarının müşayiəti ilə keçib. Qaliblər pul mükafatı və xalça hədiyyəsi alıblar.

Qaqauzlar deyirlər ki, bu yaz bayramı onların bir toplum olaraq mövcudluğuna dəlalət edən, illərdən bəri öz mahiyyətini itirməyən, xalqın sevə-sevə qeyd etdiyi bir bayramdır. Xıdrellez – baharın gəlişini göstərən, təbiətin canlandığı, hər şeyin başlanğıcını bildirən bir bayramdır. Bu bayramda qaqauzlar niyyət edir, bol məhsul, ruzi, ailələrinin sağlamlığını, mehribanlığını diləyirlər. Qaqauzlar tarixən bu bayramı həm də mal-qaranın yaylağa çıxarılması ilə qeyd ediblər.

Müqəddəs Georgi xristian əzabkeşlərindən biridir. Müsəlmanlar hətta onu Cərcis peyğəmbər (Cərcis-Georqis) adlandırırlar. Çox əzabla öldürülüb, bədəninin hər bir hissəsi başqa-başqa ölkələrdə basdırılıb. Onun xatirəsi xristian inanclı Qafqaz xalqlarında 23 aprel-6 may tarixləri arasında keçirilir. Köhnə təqvimlə əlaqədar olaraq bayramın tarixi “sürüşür”.

Moldovada muxtariyyət halında yaşayan qaqauzlar isə türk xalqı olmasına baxmayaraq pravoslavdırlar. Odur ki, xristian bayramlarını da qeyd etməyi unutmurlar. Həmçinin oğuz türkü olan qaqauzlar bu topluma xas olan tarixi-ənənəvi bayramları da qeyd edirlər. Qaqauzlar, qədim türk inancı olan “Göy Tanrı” (Şamanizm) ilə xristianlığı birləşdirərək, xüsusi bir inanc forması meydana gətiriblər. Məsələn, xristianlıqda “qurbankəsmə” ibadəti yoxdur, lakin qaqauzlar “Iduk” (müqəddəs ) qəbul edilən Tanrı üçün hər il qurban kəsirlər. Yaxud “qurd” bütün türklərin rəmzi olduğu üçün qaqauzlar da qurdlara çox dəyər verirlər, onun şəklini bayraqlarına həkk edib “Canavar yortusu” (Canavar Bayramı) adlı bayram keçirirlər. Bu bayramda da çadırlar qurub at minirlər. Hətta bu gün qaqauz kişiləri özlərini Oğuz Ataya bənzətməyə çalışırlar.

Qeyd edək ki, Xıdrellez bayramı Orta Asiya, Anadolu türkləri, eləcə də bəzi Qafqaz xalqları arasında keçirilir. Rəvayətə görə, darda qalanların dadına yetən Xıdır və onun qardaşı – dənizlərin hakimi İlyasın bir-birinə qovuşduğu gündür. Xıdrellezi təkcə türk xalqlarına aid etmək düzgün deyil. Çünki insanlara yardım edən Xıdır peyğəmbər müxtəlif adlarla İslamdan öncə də bir çox xalqların inancında olub. İlk çağlardan etibaren Mesopotamiya, Anadolu, İran, Balkanlar və hətta bütün Ağdəniz ölkələrində baharın gəlişiylə əlaqədar olaraq aprel-may aylarında keçirilib.

Yeri gəlmişkən, bu bayram Azərbaycanın Qax rayonunda da mayın 6-da Müqəddəs Georgi günü və ya Kürmük Oba bayramı kimi qeyd olunur.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm