Göz qapağı kəsilən, 1 anda canlanan cəsədlər - FOTOLAR - 18+
Bizi izləyin

İnanc

Göz qapağı kəsilən, 1 anda canlanan cəsədlər - FOTOLAR - 18+

DİQQƏT: Bu xəbəri oxumaq hamilə qadınlara, ürəyi zəif və həssas insanlara, eləcə də, uşaqlara tövsiyyə edilmir.

XIX əsr, Böyük Britaniya və viktorian dövrünün tükürpədici ənənəsi “Postmortem”. Latın dilindən tərcümədə “ölümündən sonra” mənasını daşıyan postmortem dünyasını dəyişmiş insanların tək və ya doğmaları ilə birgə fotoşəkillərinin çəkilməsi adəti idi. Viktorian erasının əsəbləri tarıma çəkən bu adətinin ən qorxunc tərəfi o idi ki, obyektiv qarşısındakı cəsəd maksimum dərəcədə canlı insana bənzəməli idi. Son illər daha çox məşhurluq qazanan bu retro cərəyan bizim üçün vahiməli görünsə də, viktorian dövrünün Britaniyasında həyat tərzinə çevrilmişdi.

Postmortem janrı ilə foto incəsənətinin yaranma tarixi demək olar ki, eyni dövrə təsadüf edir. Odur ki, fotoemalatxanaların ilk sifarişçiləri doğmalarını yenicə itirmiş insanlar idi. Hələ tam təkmilləşməmiş fotoaparatlardan istifadə edən fotoqraflar üçün cəsədin şəkilini çəkmək daha sərfəli idi. Çünki, bir fotoşəkilin yaranması üçün çox zaman tələb olunurdu. Canlı insanın üz və göz hərəkətləri, qeyri-ixtiyari reaksiyaları şəkli keyfiyyətsiz və kölgəli edirdi. Odur ki, ölülər fotoqrafların ideal moldelləri sayılırdılar.

Cəsədi canlı insana ən çox bənzədənlər isə həmin dövrün ən peşəkar fotoqraflarına çevrilirdilər. Onların emalatxanasının qarşısında hər gün izdiham olurdu. Xatirə şəkilinin daha canlı alınması üçün fotoqraflar gah cəsədin göz qapağını kəsir, gah arxasına ştativ qoyub ayaq üstə saxlayır, gah da müxtəlif əl və ya ayaq jesti əlavə edirdilər.

Postmortem janrının qəhərmanları daha çox uşaqlar idi. Həmin dövrdə ölüm uşaq otaqlarının daimi qonağı idi. Britaniyanı bürüyən dəhətli taun epidemiyası hər gün minlərlə körpə canı alırdı. Övladlarının xatirəsini əbədiləşdirmək istəyən valideynlər isə onların ən gözəl libasini geyindirib, oyuncaqları ilə birgə fotostudiyalara üz tuturdular.

Fotolara daha gerçək obraz vermək üçün fotoqraflar ölünü qohumları və doğmalarının əhatəsində çəkirdilər ki, ən ağır yük də onların üzərinə düşürdü. Belə ki, ailə üzvləri matəmdə olmaqlarına rəğmən, bayram libaslarını geyinib, xoşbəxt obraz yaratmalı idilər. Bu isə hər zaman arzuolunan nəticəni vermirdi. Məsələn, qəm-qüssədən solmuş gənc ananın siması və ya kədərdən yorulmuş atanın gözləri özünü ələ verirdi. Nəticədə isə daha vahiməli və insan hisslərini qıcıqlandıran fotolar ərsəyə gəlirdi. Bu hal incəsənət tarixində “viktorian maskası” adlanır.

Postmortem janrının ən dəhşətli nümunələri isə dünyasını dəyişən bütöv bir ailənin fotoşəkillərinin çəkilməsi idi. Bu iş daha çox zəhmət və məsuliyyət tələb edirdi.

Bu gün postmortem və bu kimi digər arxaik adətlər bizə yad və qəribə görünür. Heç şübhəsiz, elə bir gün yetişəcək ki, çağdaş cəmiyyətin ən sadə tələbləri tükürpədən əhvalatlara çevriləcək.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm