Atabəylərin baş xəzinəsinin, Teymurun var-dövlətinin gizlədildiyi ƏLİNCƏ
Bizi izləyin

Tarix

Atabəylərin baş xəzinəsinin, Teymurun var-dövlətinin gizlədildiyi ƏLİNCƏ

Dörd dövrəsi dağlarla, qayalarla, daşlarla zirehlənən alınmaz istehkama çevrilən bu qala ər savaşlarında igid oğullarımızı yadellilərin fitnə-fəsadından qoruyub. Bu mərdlik qalasının hər daşına, divarına ərənlərimizin düşmənə qarşı korşalmayan qəzəbi və nifrəti hopub. Bir də bu torpaqda gözü olan yadellilərin çirkin niyyətləri sərt qayalarda gömülüb.

Atalar sözüdür: Əmanəti dağlar yaxşı saxlayar. Bu səbəbdəndir ki, Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəylər dövlətinin baş xəzinəsi də məhz Əlincəqalada saxlanılıb. Əlincə yüz illərlə Azərbaycanın və Yaxın Şərqin hakim dairələrinə xidmət göstərsə də, tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınıb.

Tarixçilərin verdiyi məlumata görə Azərbaycan Atabəyləri - Eldənizlərin hakimiyyəti dövründə Əlincənin əhəmiyyəti xüsusilə artıb, hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilib. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincədə yerləşirdi.1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək (1210-1225) bu qalaya sığınmış və burada döyüşlərin birində həlak olub.

Əlincə XIII-XIV əsrlərdə Hülakilər XIV əsrin ikinci yarısında Cəlairilərin hakimiyyəti altında olub. Bu mərdlik qalası XIV əsrin 80-90-cı illərində Əmir Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilib və 14 il mərdliklə müdafiə olunub. Teymurun gəlişini eşidən Cəlairi Sultanı Əhməd (1382-1410) xəzinəni, ailəsini, oğlunu, yaxın adamlarını Əlincədə yerləşdirib Bağdada çəkilir. Qalanın müdafiəsi 300 əsgərlə Əmir Altuna həvalə edilib. Teymur 1386-1401-ci illərdə qalaya 4 dəfə yürüş edib. İlk yürüş dövründə (1386) qala ətrafında şiddətli vuruşma gedib, aşağı səngərləri tutulub, müdafiəçiləri daha yaxın səngərlərə çəkilib, mühasirəyə alınıb. Teymurun oğlu Miranşah tərəfindən mühasirədə saxlanılan Əlincədə su ehtiyatı tükəndiyindən müdafiəçilər təslim olmaq məcburiyyətində qalıblar. Lakin müdafiəçilər qaladan çıxmayıb, güclü yağış yağıb, su qıtlığı aradan götürüldüyü üçün qala təslim olunmayıb.

1393-cü ildə Teymurun 40 minlik qoşunu Əlincəyə hücum edib. Bu zaman müdafiəçilərin bir dəstəsi təsadüfən Altunun başçılığı ilə qaladan çıxıb. Onlar geri döndükdə qala qapılarının Teymurun qoşunları tərəfindən tutulduğunu görüb onlara hücum edirlər. Düzgün strateji mövqe tutmayan Altun və cəngavərləri teymurilərə böyük tələfat verir. Bu döyüşdə Əmir Teymurun on minlik qoşun sərkərdəsinin 2-si öldürülür və müdafiəçilər qalaya daxil ola bilirlər. 1397-ci ildə Şəki və gürcü qoşun birləşmələri Əlincəyə hücum edir və teymuri sərkərdəsi Sultan Səncəri məğlubiyyətə uğradaraq Sultan Tahiri mühasirədən çıxarıb Bağdada göndərir. Bu xəbər dünyanın ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan Əmir Teymuru hiddətləndirir. O, 1399-cu ildə Əlincəyə 5-6 əmirin başçılığı ilə qoşun hissələri göndərir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur. Qalanın kutvalı (rəisi) Əhməd Oğulsayi tutularaq (1401) Teymurun yanına aparılır və öldürülür. Qalanın belə dözümlülüyünün səbəbini aydınlaşdırmaq üçün Teymur şəxsən Əlincəyə qalxır, qalanı seyr edir və onun möhtəşəmliyinə heyran qalır. Əbəs yerə deyilməyib ki, Əlincəqala əsrlərcə Şərqin və türk dünyasının qapısı Naxçıvanın alınmaz və enməz bayrağı olub.

Əfsuslar olsun ki, uzun müddət qalanın tarixi Teymurun həmləsi ilə bir dövrə təsadüf edirdi. Bu da Sovet dönəmindəki rejimi qane edirdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar Muxtar Respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən "Əlincəqala" haqqında da məlumatlar toplanıb, Azərbaycan tarixinin yeni səhifələrinin açılmasına işıq salınıb. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib.

Bəli, mübarizlik rəmzi olan Əlincənin tarixi çox qədimdir. Qədim mənbələrdə bu qalanın 2 mindən çox yaşı olduğu göstərilir. Orta əsr yazılı qaynaqlarda "Alıncik", "Alınca" kimi qeyd olunan Əlincənin adını tədqiqatçılar qədim türk dilində "düzənlik" mənasında işlədilən "alan" sözü ilə bağlayırlar. Xalq etimologiyasına görə, qalanın adı "Əlincik" yəni "Əlini çək" kimi yozulur. Bu da onun alınmazlığı və məğlubedilməzliyi ilə bağlıdır. Ulu tariximizə işıq tutan bu qalanın bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, qala əcdadlarımıza xas olan tikinti mədəniyyətini də qoynunda qoruyub saxlayıb.

Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2014-cü il tarixli sərəncamında deyilir: "Möhtəşəm divarlar və bürclərlə əhatə olunmuş "Əlincəqala"da Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəylər dövlətinin baş xəzinəsi saxlanıb. O vaxt qalanın içərisində yaşayış evləri, təsərrüfat binaları, qalaya gedən yolların üstündə mühafizə məqsədi ilə səngər və bürclər tikilib. Qalanın müxtəlif yerlərində qaya üzərində su hovuzları qazılıb xüsusi arxlar çapılıb. Əlincəqalanın divarları və burada olan tikililər əcdadlarımıza xas olan qədim inşaat mədəniyyətini günümüzə qədər gətirib çıxarıb".

Yüksəklikdə yerləşən Əlincəqalanın çevrəsindəki qəbirstanlıq və türbələr, xanəgahlar bu yerlərin uzun illər abad yaşayış məskəni olduğundan xəbər verir. "Əlincə qala"nın enli, uca divarları və bürcləri olmayıb. Burada əsasən təbiətin yaratdıqlarından-sıldırım qayalardan, çayın yaratdığı yarğanlardan bacarıqla istifadə olunub.

Əlincə dağı maqmatik mənşəli süxurlardan və sərt qayalardan ibarətdir. Onun ən uca nöqtəsi 1811,9 metr, sahəsi 1,3 kvadrat kilometrdir. Buna görə də qalaya ətrafdakı çaylardan su kəməri çəkmək, onu yer altında, torpaqda gizlətmək imkansızdır. Su yalnız təbii imkanlar hesabına ödənilə bilərdi.

Əlincəqalanın mühafizəçiləri mühasirə dövründə su probleminin həlli yolunu tapıblar. Onlar çox çətin şəraitdə möhkəm sərt qayaları çaparaq suyu əldə ediblər. Naxçıvanın kontinental iqlimi, yağıntının azlığı burada müdafiə sisteminin uzun müddətdə fəaliyyət göstərməsi prinsip etibarı ilə çox çətin idi. Bu şəraitdə müdafiədə olan əcdadlarımız yaşamaq üçün nələr etməyiblər. Onlar sərt qayaları bu gün də materialı məlum olmayan alətlərlə qazıb, qayalarda şırımlar, kanallar yaratmaqla qar və yağış sularını hovuzlara toplayaraq suya olan ehtiyacı ödəyiblər.

Sudan, əsasən, mühasirə vaxtı istifadə olunurdu. Qalan vaxtlarda qatırlar vasitəsilə tuluqlara doldurulmuş suyu qalaya qaldırırdılar. Hovuzların ölçüləri sutoplayıcı sahədən asılı olaraq qazılıb. Qalanın müxtəlif sahələrində 7-yə qədər su hovuzu olub.

Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirib. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları, bünövrə daşları nəzərə çarpır. Qala rəislərinin və iri feodalların yaşamış olduğu bu sahə "Şah taxtı" adlanır.

"Şah taxtı" adlanan yerdən şimal-qərb istiqamətindəki hovuzun uzunluğu 23, eni 6, dərinliyi yamac üzrə 2-4 metrdən ibarətdir. Bu hovuza çəkilən şırımların uzunluğu 130 metrə bərabərdir. Min illər ərzində hovuzların bir qismi aşınma məhsulları və bitki qalıqları ilə dolub. Bir qismində isə hələ də su vardır.

İkinci su sistemi "Əlincəqala"nın hovuzlarına toplana bilməyən, qaya çatlarına dolaraq aşağı qatlara keçən suların dağın ətəyində toplanaraq bir yerə yığılması və kəhriz suyu kimi istifadə olunmasıdır. Belə kəhriz sisteminə Əlincəqalanın cənub yamacında, indiki Xanəgah kəndindən yuxarıdakı xarabalıqda rast gəlinib. Bu kəhrizin suyundan hazırda istifadə olunur. El arasında ona "Yuxarı çeşmə" deyirlər. Tədqiqat dövrü xarabalıqlar içərisində bu kəhrizin quyuları tapılaraq onun ölçüləri müəyyənləşdirilib. "Yuxarı çeşmə" kəhrizinin baş quyusu təxminən 45 dərəcə bucaq altında şaquli qazılıb. Təxminən 8 metrdən sonra quyunun istiqaməti təkrar dəyişərək əks istiqamətdə 9-10 metr gedərək yerin altında qayaaltı boşluğa çıxır. Bu boşluqda 3-4 nəfər rahat yerləşə bilir. Boşluğun üst tərəfində qaya parçası çapılaraq 0,6 metr dərinliyə salınıb ki, gələn sular burada toplansın. Bu qaya yuxarıdan axan yeraltı suların qarşısını kəsərək onları bir yerə toplayır. Sonra isə suyu saxsı boru vasitəsilə aşağıya ötürür. Sonuncu quyu divarında su səviyyəsinə enən pillələr yaradılıb. Bu pillələrlə enən adam quyuda qoyulmuş sutoplayıcının qarşısına sipər qoymaqla suyu sağa, sola və aşağıya buraxarmış. Kəhriz suları qədim yaşayış məntəqəsi evlərinin içərisində yerləşdiyindən "Əlincəqala"nı mühasirə edən düşmənin qala ətəyində su mənbəyi olmasından xəbərsiz idi. Gecələr qaladan enən əsgərlər kəhriz suyunu tuluqlara dolduraraq qalaya aparıblar.

Naxçıvanın tarixini vərəqləsək görərik ki, bu torpağa çoxlu sayda əcnəbilər, səyyahlar gəlib, gəzib-dolanıb, sonra da yurdumuz, abidələrimiz, təbiətimiz haqqında xoş sözlər söyləyiblər. Bu əcnəbilərdən biri də ispan diplomatı, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rui Qonsales Klavixo olub. Əlincə qalasını seyr edən diplomat heyrətini gizlədə bilməyib, Əlincənin əzəmətini belə təsvir edib: "Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunub. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar var. Qəsr və ya qala dağın zirvəsində yerləşir".

Göründüyü kimi, mərdlik və əyilməzlik qalasının başı üstündə çoxlu sayda əsrlərin vahiməli şimşəkləri çaxıb. Ancaq bu da ərənlərimizi pərən-pərən sala bilməyib. Əksinə, zamanın sərt sınaqları onları möhkəm birliyə səsləyib.

Rövşən HÜSEYNOV,

Naxçıvan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm