Ailəsi imperiyaya qurban gedən baş nazir və ermənilərin İLK SİYASİ QƏTLİ
Bizi izləyin

Tarix

Ailəsi imperiyaya qurban gedən baş nazir və ermənilərin İLK SİYASİ QƏTLİ

Erməni millətçisi Aram Yerganiyanın (Ermənistanın Milli Qəhrəmanı) arxadan açdığı atəş nəticəsində Fətəli xan Xoyski öldürüldü.

1920-ci ilin 19 iyun, Tiflis: erməni millətçisi Aram Yerganiyanın (Ermənistanın Milli Qəhrəmanı) arxadan açdığı atəş nəticəsində Fətəli xan Xoyski öldürüldü. Vətəndən uzaqda, Tiflisdə öldürüldü. Bu, ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırımı və qətliam planlarının ilk siyasi qətli hesab oluna bilər.

Xoyskidən sonra bu qətllərin davamı gəldi. Ondan sonra digər görkəmli xadim Həsən bəy Ağayev eyni qaydada qətlə yetirildi. Bir müddət keçdikdən sonra Gürcüstana keçmək istəyən Nəsib bəy Yusifbəyli də eyni üsulla öldürüldü.

Bu gün Fətəli xan Xoyskinin doğum günüdür: O, 1875-ci il dekabrın 7-də Şəkidə anadan olub. Atası rus ordusunun general-leytenantı idi. Əsilləri Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu xan İran şahı ilə müharibədə məğlub olduqdan sonra 20 minlik qoşunu ilə Üç kilsəyə - Eçmiədzinə sığınır. 1803-1806-cı illərdə Rusiya-İran müharibəsində göstərdiyi qəhrəmanlığa görə çar I Aleksandr Cəfərqulu xanı təltif edir və onu Şəki xanı təyin edir. Onun ölümündən sonra Şəkini oğlu İsmayıl idarə edir. 1919-cu ildə İsmayıl xanın ölümündən sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır.

Fətəli xan Xoyski bu nəslin davamçısı idi. O, çox yaxşı təhsil alır. Gəncə klassik gimnaziyasını bitirdikdən sonra, Moskva Universitetinin hüquq fakültəsinə daxil olur, 1901-ci ildə oranı bitirir. Gəncədə, Suxumidə, Batumidə və Kutaisidə məhkəmələrdə çalışır.

Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət Dumasına deputat seçilir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, Kadet partiyasına üzv olmasına baxmayaraq, Dumanın müsəlman deputat fraksiyasına daxil idi. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi.

1917-ci ildə Rusiyada burjua inqilabı baş verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçildi. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının Qurultayında iştirak edib.

Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi - mərkəziyyət partiyası Müsavatın birinci qurultayında çıxış edir və həmin qurultayda Azərbaycana muxtariyyət verilməsini tələb edir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olur.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən, Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabineti təşkil olundu.

1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək belə demişdi:

“Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”.

Professor V.İ.Razumoskinin 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı məqaləsində məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

F.Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdı.

1919-cu ilin martında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefa verir.

Daha sonra Xoyski Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinetində Xarici İşlər naziri vəzifəsinə icra edib. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin böyük əməyi olub.

1920-ci il yanvarın 2-də RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarı G.V.Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etdi. Ayın 19-da Xoyski verdiyi cavabda Azərbaycan Respublikasının Sovet Rusiyasının daxili işlərinə qarışmadığını və bu məsələdə bitərəf qaldığını açıqladı.

G.V.Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq, Azərbaycanı RSFSR ilə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirmiş və onun təklifini ikinci dəfə rədd etmişdi.

1920-ci il fevralın 20-də Çiçerin üçüncü notasını verir və martın 7-də Xoyskidən eyni cavabı alır.

Martın axırında Çiçerin sonuncu notasını göndərir. Aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən artıq XI Qızıl Ordu Bakıya yaxınlaşırdı. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə gedib.

Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Yergenyan Aram Yerganiyan (Ermənistan Milli Qəhrəmanı) və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.

Qətlin səbəbi

Ermənilər iddia edirdilər ki, 1918-ci ildə Bakıda onlara qarşı hücum olub və buna birbaşa Fətəli xan Xoyski əmr verib. Halbuki, ermənilərin mart soyqırımından sonra Xoyski əhalini qisasçılıq hissindən çəkindirmək üçün addımlar atmışdı. Ermənilər isə ondan qisas aldılar.

Ailəsi

Xoyskinin ölümündən sonra ailəsi təqib olunmağa başladı. Onun qızı bolşevik Mirzə Davud Hüseynovun həyat yoldaşı idi. Mirzə Hüseynov 1930-cu illərdə repressiyaya uğradıqdan sonra Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər. Oğlu isə bolşeviklərin daim nəzarətində olub. Hətta ali təhsil ala bilməyib və sürücülük edib.

Onun həyat yoldaşı rus əsilli Yevgeniya xanım olub. Laskin Xoyski ilə evləndikdən sonra müsəlmanlığı qəbul edərək, Ceyran adını götürüb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm