Qafqaz respublikaları - Vilayət Quliyev yazır
Bizi izləyin

Tarix

Qafqaz respublikaları - Vilayət Quliyev yazır

97 il bundan əvvəl, 1920-ci il yanvarın 11-də Versal Sülh Konfransının Ali Şurası Azərbaycan Cümhuriyyətini de-fakto tanıdı.

Ölkə sanki müstəqilliyin bir addımlığında idi. “Yoxdan müqəddəs ideal rəmzi - üçrəngli bayraq” yaradan və xalqı bu ideal ətrafında birləşdirməyi bacaran milli liderlər qısa müddət ərzində həqiqətən də böyük iş görmüşdülər. Lakin təəssüf ki, hər şey Azərbaycan xalqının istəyindən, iradəsindən asılı deyildi. Dünyada cərəyan edən proseslərin, böyük dövlətlərin mövqeyinin, imperiya əsarətindən xilas olmuş xalqların müstəqillik arzusuna yanaşma tərzi və münasibətinin böyük əhəmiyyəti vardı.

Amma istənilən halda artıq Azərbaycan beynəlxalq hüququn subyektinə çevrilmişdi. Bir əsrlik Rusiya əsarətindən xilas olan gənc milli dövlətin müəyyən şərtlər daxilində dünyanın siyasi xəritəsində yer tutması mümkün sayılırdı. Bu barədə nisbətən dar dairədə də olsa, müzakirələr aparılırdı. Siyasi analitiklər fikirlərini açıqlayırdılar. Müxtəlif istiqamətli Avropa qəzet və jurnallarında Azərbaycanla bağlı məqalələr çıxırdı. Belə yazılardan biri də Ali Şuranın tarixi qərarının qəbulundan bir neçə gün sonra İsveçrənin “Journal de Geneve” dərgisində çap edilmişdi. P.D.B. inisialı ilə yazan müəllif müstəqillik yolu tutan Azərbaycanda və digər iki Cənubi Qafqaz respublikasında yaranmış vəziyyəti əsasən düzgün təhlil etmiş və obyektiv dəyərləndirə bilmişdi.

Mətni aşağıda “525-ci qəzet”in oxucularına təqdim olunan “Qafqaz respublikaları” adlı məqaləni mənə ölkəmizin İsveçrə Konfederasiyasındakı səfiri, Cümhuriyyət tarixi ilə yaxından maraqlandığımı bilən həmkarım Əkrəm Zeynallı göndərib. Fransız dilindən tərcümə Səfirliyin əməkdaşı Hamlet Əskərova məxsusdur. Öz növbəmdə İsveçrə mətbuatından götürülən yazını diplomat korpusumuzun fəaliyyətinin yeni istiqaməti, daha doğrusu, belə bir fəaliyyətin ilk nümunələrindən biri kimi ictimailəşdirməyi qərara aldım.

Növbəti 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam olur. Yəqin ki, səfirliklərimiz də bu mühüm tarixi ildönümünə öz töhfələrini verə bilərlər. Təbii ki, diplomatik nümayəndəliklər elmi-tədqiqat qurumları deyil. Amma onlar ən azı Cümhuriyyətimizin tarixi ilə bağlı akkreditə olunduqları ölkələrin arxiv və kitabxanalarındakı materialları aşkara çıxarmaq, ana dilimizə çevirib yaymaq, mütəxəssislərin diqqətinə təqdim etmək və bununla da yeni tədqiqatlara stimul vermək istiqamətində müəyyən işlər görə bilərlər.

Budapeşt, 10 yanvar 2017-ci il

Ali Şura üç yeni Qafqaz respublikasının - Gürcüstan, Ermənistan və Azərbaycanın müstəqilliyini de-fakto tanımışdır. Bu isə öz növbəsində Ali Şuranın milli suverenlik və hüquq məsələsinə ehtiyatla yanaşdığını göstərməkdədir. Lakin nümayiş etdirilən bütün ehtiyatlı davranış tərzinə baxmayaraq qərarın uzun müddətli mübarizə, səy və tərəddüdlərdən sonra qəbul olunması özünəməxsus məna kəsb etməkdədir. Bu qərar Asiya sərhədlərindəki hadisələrin axarına gec də olsa, əhəmiyyətli təsir göstərəcəkdir.

Antantanın yeni Baltikyanı ölkələrə göstərdiyi dəstəkdən və Polşanın Şərqə doğru genişlənməsinə verilən razılıqdan sonra belə bir tanınma aktı London və Parisin xoş məramla qarşıladığı Böyük Rusiyanın bərpasına endirilən birbaşa zərbədir. Qafqaz respublikalarının tanınması Rusiyanın istəklərinin əksinə olaraq Moskva ilə Berlin arasında Baltik dənizindən Xəzər dənizinə qədər tədrici şəkildə uzanacaq və bir növ ayrı-ayrı hissələrdən ibarət əcnəbi ölkələrin konfederasiyasının yaradılması yolunda mərhələdir.

Zəncirin ucları artıq pərçimlənmişdir. Yalnız mərkəzdə bir neçə halqa çatışmır. Lakin belə bir istiqamət seçən Antanta tez və ya gec Litva ilə Ukraynanı da tanıyacaqdır. Hələlik Antanta yalnız bu iki yeni respublikaya münasibətdə ciddi ehtiyatlılıq nümayiş etdirməkdədir. Bolşeviklərin uğurlu irəliləyişi hər şeyi təhlükə altında qoymasa, atılacaq addım ən azı Polşa və gələcək Rusiya dövlətinə zəmanət layihəsi kimi qiymətləndirilə bilər.

Nə baş verirsə versin, Ali Şuranın son qərarı rus millətçilərinin kəskin narazılığına səbəb olmuşdur. Onlar Kolçak və Denikinin məğlubiyyətindən sonra xəyallarının gerçəkləşməsi üçün yalnız Almaniyanın dəstəyinə və çar Rusiyasının uğursuz varisi olan bolşeviklərin qələbəsinə güvənirlər. Lakin vəziyyətin bu yerə gəlib çıxmasının əsas məsuliyyəti Müttəfiqlərdən daha çox Denikinin üzərinə düşür. Çünki o, milli muxtariyyətlər məsələsində hələ də hədsiz inadkarlıq və barışmazlıq nümayiş etdirir. Qəddarlığı və seçdiyi xəttin təhlükəliliyi ilə o, separatçı rolunda çıxış etməyi bir an da olsun dayandırmamışdı. Nəticədə, hamı tərəfindən tərk edilmiş vəziyyətə düşdü.

Buna müvazi olaraq Baltikyanı bölgədə İngiltərə bütün təşəbbüsləri ələ keçirmək fürsətini qaçırmadı. Razılaşmaq lazımdır ki, Böyük Britaniya sonradan təhlükəli blok təşkil edən Cənub-Şərq respublikalarının konfederasiyasının formalaşdırılması əleyhinə çıxdı. Lakin təcrid edilmiş və biri-birindən asılı vəziyyətə salınmış kiçik dövlətlərin yaranması onun - yəni Britaniya imperiyasının maraqlarına xidmət edirdi. Ona görə də səylərini əsasən bu istiqamətə yönəltmişdi. Gürcüstan, Ermənistan və Azərbaycan bundan sonra Qara dəniz və Xəzər dənizi arasında Hindistan yolunun ön cəbhəsini təşkil edəcəkdir.

Onların ilk döyüşləri gecikməyəcək. Belə ki, artıq bir neçə həftədir ki, bolşevik təhlükəsi getdikcə artmaqdadır. Ön sırada gedən təşviqatçılarının ardınca qırmızı ordu iki fərqli istiqamətdən irəliləməkdədir. Onlardan biri, daha dəqiq desək, Denikini məğlubiyyətə uğradanı Kuban bölgəsinə keçməyə və oradan da Qafqaza girməyə çalışır. Digəri isə tatarları və qonşu bölgələrin rusyönlü qruplarını öz ətrafında birləşdirməyə çalışaraq Türküstana yayılır. Bu ordu nüfuz dairəsini hətta Fars və Mesopatomiyaya qədər genişləndirməyə çalışır və seçdiyi yolda niyyətlərini həyata keçirmək üçün türk millətçilərinin və Berlindən gələn tapşırıqlara itaət edən silahlı qruplaşmaların dəstəyinə ümid edir. Bu yeni respublikalar dəhşətli hücumlara məruz qalacaqlar. Çoxu az müddət öncə təşkil olunmuş dövlətlərin hökumətləri eyni anda bütün istiqamətlərdən gələn hədələrə qarşı duruş gətirməyi bacarmalıdırlar. Gözlənilən təhlükə əslində hərbi mahiyyətli olmaqdan daha çox siyasi, sosial və dini xarakterlidir. Əldə silah ümumi cəbhəni təşkil etmək milli və mənəvi məkanda birləşməkdən daha asandır.

Bolşeviklərin məlumatları onların artıq Gürcüstan və Azərbaycana soxulmalarından xəbər verməkdədir. Başqa sözlə desək, bu iki dövlət arasında mehriban qonşuluq əlaqələri qurulsa da, onların hər ikisi ilə digər Qafqaz dövləti -Ermənistan arasında belə münasibətlərin mövcudluğu barəsində eyni sözləri söyləmək mümkün deyil. Üstəlik, bir sıra başqa problemlər də var: Gürcüstanın Britaniya hakimiyyəti tərəfindən boşaldılması tələb olunan Batumi məsələsi, taleyi Gürcüstana yaxın mövqedə duran və hazırda Antantanın himayə etdiyi Denikinlə müharibə vəziyyətində olan Şimali Qafqaz Respublikası problemi, Türkiyədə baş verən hadisələr nəticəsində əhali arasında getdikcə daha ciddi narazılıqlar doğuran Ermənistanın cənub sərhədləri məsələsi... Əgər bütün bunlara iqtisadi və texniki çətinlikləri, siyasi qeyri-sabitliyi, düşüncələrə daha artıq dərəcədə hakim olan həyəcanı, rus, türk, bolşevik və alman agentlərinin gizli təbliğat fəaliyyətlərini və müttəfiqlərin emissarlarının bitib-tükənmək bilməyən tərəddüdlərini də əlavə etdiyimiz təqdirdə də xarici təhlükənin yaxınlaşdığı məqamda bu üç kiçik ölkənin üzləşdiyi vəziyyəti tam təsəvvür etmək imkanı hasil olmur. Bir sözlə, onların yenicə əldə etdikləri və hələ kifayət qədər zəif təsir bağışlayan azad gələcəyi bütün bu çətin sınaqlardan necə keçəcəklərindən asılıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm