Ayağımızın altında Londondan da möhtəşəm şəhər yatır - ALİMLƏRİMİZİ HEYRƏTLƏNDİRƏN TAPINTI - - FOTOLAR
Bizi izləyin

Tarix

Ayağımızın altında Londondan da möhtəşəm şəhər yatır - ALİMLƏRİMİZİ HEYRƏTLƏNDİRƏN TAPINTI - - FOTOLAR

Avtomobil bizi rayon mərkəzindən xeyli kənara gətirir. Çöl-biyabanda yol qurtarır və vəhşi təbiətin qoynunda piyada gəzintiyə çıxırıq. Təqribən min il əvvəl qazılmış, artıq içərisi qaya uçuntuları ilə dolmuş su arxını keçib təpəyə dırmanırıq.

Yüksəklikdə qarşımıza üstünü yabanı bitkilər örtmüş geniş sahə açılır. Bələdçimiz — tarixçi-pedaqoq Asif Cəfərli deyir: "Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır"

.Qədim beyləqan şəhəri. © FOTO: BEYLƏQAN DİYARŞÜNASLIQ MUZEYİ.

Qədim Beyləqan şəhəri. © FOTO: BEYLƏQAN DİYARŞÜNASLIQ MUZEYİ

Bura qədim Beyləqandır. Yüz illər boyunca daim öz muxtariyyəti uğrunda çarpışan, fatehlərin ələ keçirməyə can atdığı, Şərqə böyük mütəfəkkir və sərkərdələr bəxş edən, dünyanın müxtəlif ölkələrindən tacirlərin üz tutduğu, özünəməxsus sənətkarlıq məktəbi olan, axar suları və meyvəli bağlarına İbn Haqvəlin valeh oduğu, şirniyyatından Əl-Müqəddəsinin doymadığı, möhürünə Məhəmməd peyğəmbərin adı həkk olunan diyar…

700 yaşlı şəhərin yeri çətinliklə müəyyən edilib

Beyləqan şəhərinin əsası 495-ci ildə Sasani hökmdarı I Qubad tərəfindən qoyulub. Asif Cəfərli hesab edir ki, şəhərin adı minilliyin əvvəlindən bu ərazidə məskunlaşmış bel tayfası ilə bağlıdır, "bellərin məkanı" mənasını ifadə edir. Amma burada başqa xalqların nümayəndələri də yaşayıb. Mənbələrə görə, 13-cü əsrin əvvəlində Beyləqan əhalisinin sayı təqribən 40 min nəfər olub.

© SPUTNİK / AYAZ YAŞILYARPAQ Məlumat lövhəsi.

Məlumat lövhəsi. © SPUTNİK / AYAZ YAŞILYARPAQ

1221-ci ilin oktyabr-noyabr aylarında şəhər monqollar tərəfindən tutulub. Bir il sonra bu yerə gürcülər hücum çəkərək ona böyük zərər yetiriblər. 1231-ci ildə Çingiz xanın qəzəbinə düçar olan şəhər tam süqut edib, əhalisi qılıncdan keçirilib. 14-cü əsrin sonlarında Teymurləng Beyləqanın bərpasına çalışsa da, bu iş yarımçıq qalıb. Beləcə burada insan yaşayışı bitib.

Zamanın sonrakı dönəmlərində bu viranə yurdun qalan tikililərini yağış yuyub, gün döyüb, külək ovub, zəlzələ uçurub. Ağqoyunluların, qaraqoyunluların, səfəvilərin, Nadir şahın, Qacarın qoşunlarının, hər il aran-yaylaq arasında köç edən elatın tapdağı altında qalan xarabalıq o dərəcədə yerlə-yeksan olub ki, 20-ci əsrdə onun harada yerləşməsi ətrafında ziddiyyətli fikirlər səslənib, mübahisələr yaranıb.

Tarixi mənbələrdə Beylaqan, Bilaqan, Balasakan, Bilgan, Paytakaran, Millər və s. adlarla keçən bu şəhərin Kürlə Arazın birləşdiyi yerdə, Qarqarçayın sol sahilində, yaxud indiki Lənkəran ərazisində mövcud olduğu ehtimal edilir. Onun xarabalığının qalıqları yalnız ötən əsrin 50-ci illərində Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı "Örənqala" ərazisində aşkar olunub.

Şəhərin xarabalığı 40 hektara yaxın ərazini əhatə edir. Amma Asif Cəfərli bildirir ki, Beyləqan ilk vaxtlar 22 hektarlıq "Böyük şəhər"dən ibarət olub. "Kiçik şəhər" və "Sənətkarlar məhəlləsi" sonradan yaranıb. Şəhər 10 metr hündürlüyündə, 6 metr enliyində olan mühafizə barısı ilə əhatələnib.

Örənqala ərazisi. © SPUTNİK / AYAZ YAŞILYARPAQ

Tədqiqatçının fikrincə, üzük qaşı kimi şəhərin başına dolanan arxlar, su təchizatı ilə yanaşı, mühafizə məqsədi də daşıyıb: "Bu arxı Sasani hökmdarı tutduğu əsirlərə qazdırıb və onun vasitəsilə Araz çayından Beyləqana su gətirilib. O dövrdə əsirlərə "kavr" deyildiyindən, arx da "Kavr arxı" adlandırılıb. Arxın üzərində asma körpü olub. Mühafizə güclü təşkil edildiyindən monqollar qalanı böyük itki hesabına alıb."

Orta əsr Azərbaycan şəhərində demokratik idarəçilik

Beyləqan orta əsrlərdə Azərbaycan ərazisində öz müstəqilliyini qoruyan tək-tək qala-şəhərlərdən biri hesab edilir. Müxtəlif vaxtlarda şəhər Sacilər, Şəddadilər və Atabəylər dövlətlərinin tərkibinə qatılıb. Amma bu da şərtlər daxilində olub, şəhərə qismən muxtariyyət verilib.

© SPUTNİK / AYAZ YAŞILYARPAQ Tarixçi Asif Cəfərli

Tarixçi Asif Cəfərli. © SPUTNİK / AYAZ YAŞILYARPAQ

Hətta tarixin elə dönəmi olub ki, 2-3 il müddətində qala müstəqil olaraq öz idarəçiliyini həyata keçirib. Burada müasir dövrümüzün parlamentli respublikalarında olan kimi, seçki yolu ilə Ağsaqqallar Şurası yaradılıb və qərarlar kollegiyal şəkildə qəbul edilib.

Asif Cəfərli diqqəti buna da çəkir ki, Azərbaycanda xalq azadlıq hərəkatı ilk olaraq Beyləqanda başlayıb, buradan böyük sərkərdələr çıxıb: "Babək hərəkatından 80 il əvvəl burada Xəlil üsyanı olub. Qəssab Müsafirin üsyanı başqa yerlərdə də etirazların yaranmasına səbəb olub. Beyləqan hakimi Əbu Musa zəif qüvvə ilə 200 minlik monqol ordusunun 28 həmləsini dəf edib".

Alimləri heyrətləndirən tapıntılar

Beyləqanda dulusçuluq, boyaçılıq, zərgərlik də daxil, 30-dan çox sənət növü ilə məşğul olunub. Beyləqan bazarına Ərdəbildən, Dərbənddən tutmuş ta Hindistan və Çinədək tacirlər axışıb gəlirdi. Arxeoloji qazıntılar zamanı tapılan qabın üzərində "Fəzlun Beyləqanda hazırlamışdır" sözləri oxunub ki, bu da yerli istehsal olan bəzi məhsulların başqa ölkələrə ixrac edildiyini təsdiqləyir.

Qiymətli tapıntılar arasında, üzərində Məhəmməd peyğəmbərin və 12 imamın adı yazılmış möhür-üzük də var. Ehtimal edilir ki, ondan sənədlərin və müqavilələrin təsdiqi üçün istifadə edilib.

Şəhərin xarabalığında aşkar edilən su kəməri və kanalizasiya sistemi, mədəni-məişət tikililəri, hamam və s. orta əsrlər Azərbaycan şəhərinin inkişaf səviyyəsini göstərir. Ən möhtəşəm memarlıq nümunəsi Mil minarəsi hesab oluna bilər. "Azan" səsləndirilən uca qüllədən, ətraf ərazilərə nəzarət etmək üçün "gözətçi məntəqəsi" kimi də istifadə olunub. Minarənin alt hissəsində isə mədrəsə fəaliyyət göstərib. Onun qalıqları bir neçə əsr sonra A. Baxıxanovun da diqqətini cəlb edib.

Mücirəddin Beyləqaninin heykəli. © SPUTNİK / AYAZ YAŞILYARPAQ

Asif Cəfərli bildirir ki, elmin, mədəniyyətin, ictimai mühitin yüksək inkişaf səviyyəsi Beyləqanda böyük şəxsiyyətlərin — alimlər, şairlər, sənətkarların yetişməsinə səbəb olub: "Onların içərisindən şair və səlnaməçi Məsud ibn Namdarı, Atabəylər dövlətinin "məlikül-şüara"sı Mücirəddin Beyləqanini, Bağdad şəhərində Xilafətin xarici siyasətini həyata keçirən, həm də dövrünün böyük şairi Hümbətulla Beyləqanini, Yəməndə fəlsəfi məktəbin əsasını qoyan, islam dünyası üçün alimlər yetişdirən, qanunlar hazırlayan Həsən və Hüseyn Zəki əl-Beyləqaniləri qeyd etmək olar. Mənim araşdırmama görə, Azərbaycan ədəbiyyatında dastançılıq da buradan başlanıb".

Beyləqan dulusçularının imzaları. © FOTO: BEYLƏQAN DİYARŞÜNASLIQ MUZEYİ

Tədqiqatçı qeyd edir ki, ərazidən tapılan qabın üzərində planetlərin hərəkət cədvəli əks olunub. Burada elə şüşə qablar istehsal edilib ki, kimya elminə bələd olmadan onları hazırlamaq olmazdı. Atabəylər dövlətinin sikkəxanalarının biri bu şəhərdə yerləşib. Avropalıların 13-cü əsrdə yaratdığı "sehrli kvadrat"ı beyləqanlı usta Əhməd 2 əsr əvvəl saxsı qab üzərində işləyib. Bu tapıntılarla Örənqala abidəsi alimlərin özünü belə, heyrətləndirir.

sputnik.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm