Tarix
"Qara kağızı" gələn həmvətənlərini burada yaşatdı
Yevlax rayonunun Yəldili kəndində qeyri-adi bir muzey
var. Buranın qəribəliyi onun qəbiristanlıqda yaradılmasıdır. Yerli
camaat arasında "Qardaşlıq muzeyi" adlanan bu tikili ötən əsrin
60-cı illərində inşa olunub.
Muzeydə Böyük Vətən Müharibəsində iştirak edən və "qara kağızı"
gələn Yəldili və ətraf bir neçə kəndin sakinləri haqda məlumatlar,
müharibə dövründə dövri mətbuatda dərc olunan materialların
hissələri, müharibəyə aid yüzlərlə şəkil və kitablar saxlanılır.
Burada gələcək nəsillərin Böyük Vətən Müharibəsi illəri barədə
geniş məlumat alması üçün bütün mümkün şərait yaradılıb. Hətta
soydaşlarımızın dəfn edildiyi Kerç, Stalinqrad, Sevastopol, Praqa,
Kiyev, Moskva, Novorossiysk və Odessa şəhərlərində yerləşən
qardaşlıq qəbiristanlıqlarından torpaq gətirilərək xüsusi qablarda
saxlanılır. İki otaqlı tikilinin çöl divarlarına müharibəni əks
etdirən rəsmlər və böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin
Tağıyevin rəsmləri çəkilib. Bu da təsadüfi deyil.
Muzeyin yaradıcısı olan İlyas Daşdəmirov böyük xeyriyyəçinin yolunu davam etdirməyə çalışıb. Onun səyi nəticəsində muzeyin ətrafında xiyaban yaradılıb. Eyni zamanda ərazidə xeyir-şər məclisi və dəfn ayinlərini icra etmək üçün yerlər tikilib.
Hazırda ərazidə daimi olaraq bir nəfəri görmək olar — Yəldili kənd sakini Dilarə Dadaşovanı. İlyas Daşdəmirov, həyat yoldaşı dünyasını dəyişən və anası ağır xəstə olan bu həmkəndlisini muzeyə işçi götürüb. Göydə Allahın, yerdə Daşdəmirovun köməyi ilə çətin günlərin öhdəsindən gəldiyini deyən Dilarə xanım üçün sonradan vəziyyət dəyişib. 1990-cı illərdə İ.Daşdəmirov dünyasını dəyişib. D.Dadaşova isə bir gün də olsun muzeyi sahibsiz qoymayıb. O, tam təmənnasız, özünü mənəvi borclu bildiyi insanın ruhunun şad olması üçün muzeyə ziyarətə gələnləri qarşılayır, təmizliyinə xidmət göstərir. Əvvəllər daha çox ziyarətçinin gəldiyini deyən Dilarə xanımın sözlərinə görə, son zamanlar ziyarətçilərin sayı azalıb. Buranın daimi ziyarətçilərindən biri də Yəldili kənd orta məktəbinin müəllimi Səttar Pənahlıdır. O, gələcəkdə buraya Qarabağ müharibəsinin şəhidləri barədə də məlumatlar yerləşdirmək fikrindədir.
S.Pənahlı Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində, muzeyin yaxınlığında yerləşən Böyük Vətən Müharibəsi abidəsinə də diqqət çəkib: "O abidənin üzərində müharibədən geri dönməyən insanların adları həkk olunub. Və həmin lövhədə, rayonda o zamankı erməni kəndinin sakinlərinin də adları qeyd olunub". "Biz onların adlarını lövhədən silməmişik. Amma onlar nəinki Ermənistanda, hətta işğal etdikləri Azərbaycan ərazilərində də bizə aid olan hər şeyi məhv etməyə çalışırlar — məscidlərimizi, qəbirlərimizi dağıdırlar" — deyən Səttar müəllim, bu faktı xalqımızın yüksək mədəni dəyərlərə sahib olması və tolerantlığı ilə əlaqələndirir.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR