“Mindən artıq əsiri geri qaytardım” – Xocalının keçmiş prokuroru
Bizi izləyin

Tarix

“Mindən artıq əsiri geri qaytardım” – Xocalının keçmiş prokuroru

O məlumatları Xocalını geri alandan sonra söyləyəcəm.

Femida.az 1991-1993-cü illərdə Şuşa, Əsgəran və Xocalı rayonlarının prokuroru olmuş Atakişi Atakişiyevdən müsahibə alıb.

Publika.az müsahibəni oxuculara təqdim edir:



- 1992-ci ilin əvvəllərində Xocalıda vəziyyət necə idi və faciənin baş verəcəyi əvvəlcədən hiss olunurdumu?

- Açıq-aydın görürdük ki, ermənilər bizə qarşı müharibəyə başlamaq istəyir. 1992-ci ilin 25 fevralında səhər saaat 10:00-da o vaxtkı prezident Ayaz Mütəllibova və Baş prokuror Murad Babayevə teleqram göndərdim. Onlara bildirdim ki, əgər həmin gün Xocalını mühasirədən çıxara bilməsək, rayon işğal olunacaq. Xocalının itirilməsi isə Dağlıq Qarabağın itirilməsi demək idi. Lakin əvvəlki teleqramlarda olduğu kimi həmin teleqrama da mərkəzdən cavab gəlmədi. İnsanlar çox çətin şəraitdə yaşayırdı. Buna baxmayaraq, hər bir xocalılı öz torpağını qoruyurdu. Xocalıda ən böyük problem insanların qidalanması ilə bağlı idi. Un tədarükümüz tükənmişdi. Çörək tapmırdıq yeməyə. Aclıq hökm sürürdü. Hələ də uşaqların bir tikə çörəyə görə necə ağladığını unuda bilmirəm. Çox çətin günlər idi...

- Siz Xocalıdan nə vaxt çıxdınız?

- Faciədən 5 gün əvvəl mən Xocalını tərk etdim. Helikopterlə Ağdamdakı qərargaha gəlmişdim. Hadisə baş verəndən bir ay əvvəl Xocalıya gedən bütün yollar bağlanmışdı. Rayon tam olaraq mühasirə şəraitində idi. Yalnız hərbi helikopterlərlə Xocalıya gedib-gələ bilirdik. Helikpoterlə getmək də çox təhlükəli idi. Çünki silahla atəşə tuturdular. Buna görə də Xocalıya gedəndə helikopterlərin biri bizi müşayiət edirdi.

- Bəs, həmin helikopterlərlə Xocalı sakinlərini bölgədən uzaqlaşdırmaq olmazdımı?

Helikopterlə getmək də çox riskli idi. Havadan dəfələrlə atəşə tutulmuşuq. Fevralın 23-dən etibarən hava yolu vasitəsilə Xocalıya səfər etmək mümkünsüz olmuşdu. Xocalı sakinlərini mühasirədən xilas etmək üçün əlimdən gələni edirdim. Yazmadığım, müraciət etmədiyim şəxs qalmamışdı. Mərkəzi hökumət isə hadisələrə biganə qalmışdı. Heç bəzilərinin Xocalının harada yerləşməyindən xəbəri yox idi. O vaxtkı səhiyyə nazirini buna görə tənqid etmişdim. Faciə baş verəndən sonra onunla Milli Məclisdə qarşılaşdıq. Məni qucaqladı və ağlayaraq dedi ki, yaxşı ki, onu tənqid etmişəm.

- Xocalı faciəsində ən böyük səhvimiz nə oldu?

- Həmin dövrdə hakimiyyət uğrunda gedən davalar bizim Xocalını itirməyimizin və faciəni önləyə bilməməyimizin əsas səbəbi idi. Bir dəfə mən Xocalının icra başçısı Elman Məmmədovla birlikdə Ayaz Mütəllibovun otağında olduq. Ona bölgədəki son vəziyyəti izah etdik. Ayaz Mütəllibova bildirdik ki, başda müdafiə naziri Rəhim Qazıyev olmaqla, bir sıra rəhbər şəxslər Azərbaycana xəyanət edir və onlar güllələnməlidir. Ayaz Mütəllibovun cavabı belə oldu: “Mənim təbiətimdə adam öldürmək yoxdur”.

- Xocalının vəzifəli şəxsləri rayonu mühasirədən çıxarmaq üçün əllərindən gələni edirdimi?

O zamankı icra başçısı Elman Məmmədov və digər vəzifəli şəxslər xocalılılara gücləri çatan köməkliyi edirdilər. Mən özüm rayonlardan silahlar yığırdım. İcra başçısı ilə daima bir yerdə idik. Bütün işlərimizi bərabər planlaşdırırdıq. Xocalı aeroportunu Əlif Hacıyevin rəhbərlik etdiyi dəstə qoruyurdu. 1991-ci ilin sonunda Aqil Quliyevin başçılığı altında 21 nəfərlik dəstə də Xocalıya köməyə gəlmişdi. Hamı əlindən gələni edirdi. Lakin şəhəri mühasirədən çıxara bilmədik. Xocalı hadisələri baş verənə qədər 4-5 nəfər insan ölmüşdü. Yəni özümüzü qoruyub saxlaya bilmişdik. Hamı bilirdi ki, ermənilər nə vaxtsa şəhərə hücum edəcək.

- Xocalıda əsir düşənlərin taleyi necə oldu?

Əsir düşənlərin geri qaytarılmasını öz üzərimə götürmüşdüm. Əsirlərimizin 90 faizini geri qaytara bildik. Onları öz əllərimlə dəyişdirirdim. Milli Qəhrəman Allahverdi Bağırovun da bu məsələdə çox köməkliyi dəydi. Ermənilər əsirlərimizə qarşı da amansız olmuşdular. Təqribən min nəfərdən də çox əsiri düşməndən geri ala bildik. Əsirlikdən kimisə xilas etmək çox çətindir.

- Uzun müddət prokuror işləmisiniz. Sizcə, dünya ictimaiyyəti Xocalı soyqırımına nə vaxt ədalətli qiymət verəcək?

Xocalı faciəsini hansı ölkə inkar edirsə, deməli, həmin ölkənin bu faciənin törədilməsində barmağı var. Lakin Azərbaycan çalışır ki, dünya birliyi bu hadisələrə düzgün və ədalətli qiymət verilsin. İnşallah bütün günahkarlar layiqli cəzalarını alarlar. Müharibəni əsgər yox, sərkərdə udur. Ali Baş Komandanın bu müharibədən Azərbaycanı qalib çıxaracağına inanırıq. Münaqişənin həll variantı siyasətdən keçir.

- Xocalı hadisələri ilə bağlı indiyədək sirr kimi saxladığınız məlumat varmı?

- Bəli, var. Amma o məlumatları Xocalını geri alandan sonra söyləyəcəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm