Qərbi Azərbaycanda dağıdılan qədim məzarlıq yəhudilərə aiddir? - TARİXİ FAKTLAR - - FOTOLAR
Bizi izləyin

Tarix

Qərbi Azərbaycanda dağıdılan qədim məzarlıq yəhudilərə aiddir? - TARİXİ FAKTLAR - - FOTOLAR

Bu günlərdə “turbina.ru” internet portalında erməni saxtakarlığını əks etdirən rus dilində məqalə (http://turbina.ru/guide/Ekhegnadzor-Armeniya-108340/Zametki/Srednevekovoe-evreyskoe-kladbitstche-v-Armenii-77373/) dərc edilib.

Publika.az xəbər verir ki, məqalədə Qərbi Azərbaycanın Dərələyəz mahalında 13-14-cü əsrlərə aid yəhudi məzarlığının olması ilə bağlı məlumat verilir.

Məqalədə deyilir ki, Qərbi Azərbaycanın (indiki Ermənistanın) Dərələyəz mahalının Keşişkənd (03.01.1935-ci ildən - Mikoyan, 06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonunun Yeğiş (İlmzəli) kəndində guya 13-14-cü əsrlərə aid yəhudi icması və qəbiristanlığı mövcud olub.

Amma heç yerdə burada yəhudi icmalarının mövcud olduğunu təsdiq edən mənbə yoxdur.

Bildirilir ki, 40 qəbirüstü abidədə ivrit dilində "Tövrat"dan yazılar var, həmçinin "İncil"dən yazılara rast gəlinir. Tarixləri tutuşdurduqda məlum olur ki, qəbiristanlıq 80 il mövcud olub:

"Niftar Baba dar David bexodeş Tamuz şnat alef-taf-reş-doxran tav leniçot nafşata" - Yəni Davidin oğlu Baba 1600-ci ilin Temmuz (iyul) ayında vəfat edib.

Sözügedən məsələ ilə bağlı Qərbi Azərbaycanda doğulmuş AMEA-nın aparıcı elmi işçisi, tədqiqatçı alim Əziz Ələkbərli bildirib ki, məqalədə qeyd olunan iddialar erməni saxtakarlığından başqa bir şey deyil.

Onun sözlərinə görə, Dərələyəz mahalı Qərbi Azərbaycanın o mahallarındandır ki, Azərbaycan tarixinin bir çox şərəfli səhifələri bu bölgə ilə bağlıdır və bu bölgə qədim Oğuz türklərinin yeraltı və yerüstü mədəniyyət abidələri ilə son dərəcə zəngindir:

“Görünür, ermənilərə dünyanın ən qədim xristian xalqı olmaları barədəki uydurmaları ilə uzun illər dünyanı aldatmaları kifayət etmir. İndi də dünya yəhudilərinin dəstəyini almaq istəyirlər və bunun üçün yollar axtarırlar. Halbuki Erdəpindəki həmin yəhudi icması barədə və ümumiyyətlə bütün Ermənistanda o dövrdə yəhudi icmalarının olması barədə əllərində əlavə heç bir məlumatın olmaması etirafı ilə özləri özlərini ifşa edirlər”.

Ə.Ələkbərli qeyd edib ki, ermənilər bununla həm də Qərbi Azərbaycan ərazisinin qədim türk yurdu, tarixi Azərbaycan torpaqları olmasını inkar etmək, gizlətmək niyyəti güdürlər:

“Yəni, burada kimin izlərini istəsən, axtarıb taparlar, təki türklər, azəraycanlılar olmasınlar. Bəs əslində həqiqət necədir? Əslində, Dərələyəz tarixi Azərbaycan torpaqlarıdır və orada tarix boyu Azərbaycan türkləri yaşayıblar. Hətta 12-13-cü yüzillərdə “erməni” mənbələrində bu mahalın adı “Eliquz”, yəni “Quz-Oğuz eli” adlanıb. “Ələyəz”, “Elequz”, “Elegiz”, “Yeğegis” adı da oradan qaynaqlanır. Dərələyəzdə Ərqazan pirində Dədə Qorqud qəhrəmanlarından Qazan xanın nəsil sərdabəsi yerləşir və 13-cü yüz ilə aid bu sərdabədəki məzarüstü kitabələr haqqında mən yazmışam. Başqa bir fakt da deyim. Dərələyəzin Amağu kəndi yaxınlığındakı Anabat (Noravank) məbədində isə Dədə Qorqud qəhrəmanlarından Dirsə xanın nəsil sərdabəsi yerləşir və bu sərdabənin də qəbirüstü kitabələri barədə yazım var. Haqqında bəhs etdiyimiz Erdəpin (Yeğegis) kəndinə isə ilk ermənilər 1828-1829-cu illərdə Türkmənçay müqaviləsindən sonra İrandan köçürülüb gətirilmişlər, onların sayı 38 ailədə 172 nəfər olub. Yalnız bundan sonra kəndin azərbaycanlı əhalisi tədricən sıxışdırılıb çıxarılmağa başlanılmışdır. Bu barədə Şopenin “İstoriçeskiy pamyatnik...” əsərində aydın yazılıb. Həmin tarixə qədər Erdəpində yalnız Azərbaycan türkləri yaşayıblar. Toponimin özü də türkcədir: “Ərlərin binəsi, yurdu” anlamına gəlir, elə ona görə də ermənilər 1946-cı ildə onun adını dəyişib Yeğegis qoyublar”.

Tədqiqatçı alim vurğulayıb ki, ermənilərin təqdim etdiyi qəbirüstü sənduqələrə fikir versəniz, görərsiniz ki, bunlar bütün Qərbi Azərbaycan boyu səpələnmiş sənduqələrin təxminən eynisidir:

“Bunlar qədim türk qəbirüstü mədəniyyət nümunələridir. Bu sənduqələr Zəngəzurun Urud qəbiristanlığında da, Göyçənin Nərədüz qəbiristanlığında da və başqa qədim türk məzarlıqlarında da sıx-sıx müşahidə olunur. Erməniləri yəhudi qəbirüstü abidəsi kimi təqdim etdikləri bu sənduqələrin üzərindəki ornamentlərə fikir versəniz, görərsiniz ki, qədim türk-səlcuq damğaları aydın görünür. Erdəpində 13-14-cü yüzillərə aid başqa tarixi abidələr də var. Görəsən, ermənilər onları niyə təqdim etmir? Bunlara kəndin üstündəki məşhur Sal-sal qalasını xatırlatmaq kifayətdir”.

Ə.Ələkbərli bildirib ki, Erdəpin kəndinin 5-6 kilometrliyindəki Ələyəz kəndindəki eyni dövrə aid digər qəbirüstü daşlar var:

“Həmin daşları da xatırlatmaq pis olmazdı. Bunlar hamısı bizim türk babalarımızın yadigarlarıdır. Erməni bilməlidir ki, Qərbi Azərbaycan ərazisindən türkün izlərini heç cür silə bilməz”.

Milli Məclisin Qərbi Azərbaycanda doğulan deputatı Musa Urud isə deyib ki, bu saxtalaşdırılmış məlumatdır:

“Həmin yerlərdə yəhudilərin yaşaması ilə bağlı nə erməni tarixində, nə də Azərbaycan tarixşünaslığında hər hansı fakt yoxdur. O yazıda iddia olunur ki, guya 13-14-cü əsrlərdə Qərbi Azərbaycanda yəhudi icması mövcud olub və sairə. Ancaq orada yəhudilər necə yaşayıb ki, tarixdə bununla bağlı heç bir fakt və sənəd yoxdur. Həmin dövrlər Səlcuqlular dövlətinin hakimiyyəti illərinə təsadüf edir. O dövrdə bu bölgədə türk hökmranlığı idi. Bununla bağlı kifayət qədər tarixi mənbələr mövcuddur”.

Deputat qeyd edib ki, indiki Ermənistan ərazisində doğrudan da yəhudilər yaşamış olsaydı, ermənilər bununla özlərini çoxdan reklam etmiş olardı:

“Ancaq bu cür faktlar nə erməni tarixində, nə Azərbaycan tarixində mövcud deyil. Hətta, keçmiş Sovet İmperiyası dövründə də Dərələyəzdə yəhudi icması və ya məzarlığı olmayıb. Hətta, o ərazilərdə vaxtilə yəhudilərin yaşamasının belə ermənilərə heç bir aidiyyəti yoxdur. Çünki həmin ərazilər 1920-ci illərədək Azərbaycanın tarixi torpaqları olub. Ola bilər ki, Osmanlı dövründə kiçik sayda yəhudilər gəlib bu ərazilərdə məskunlaşıblar. Ancaq bu, bütövlükdə Qafqazda yəhudilərin məskunlaşması mənasını vermir”.

M.Quliyev söyləyib ki, Qafqaz yəhudiləri əsasən indiki Gürcüstan və Azərbaycan ərazilərində məskunlaşıb:

“İndiki Ermənistanda isə yəhudilərin məskunlaşması faktları mövcud deyil. Əgər belə olsaydı, Azərbaycandakı Dağ yəhudiləri icmasının bundan məlumatı olardı. Hesab edirəm ki, bütün bunların arxasında ermənilərin siyasi məqsədləri dayanır. Bunun tarix elminə heç bir aidiyyəti yoxdur”.

Memar Fəxrəddin Miralay isə qəbristanlığın yəhudilərə aid olmasını birmənalı şəkildə qəbul və inkar etməyin çətin olduğunu deyir:

“Şəkillərdən yalnız birində yazılar aydın şəkildə oxunur. Həmin yazılar həm kufi xəttinə, həm də yəhudi hərflərinə oxşayır. Dəqiq oxunmadığına görə birmənalı fikir deyə bilmirəm.

O, yəhudi dininə mənsub türk qəbri ola bilər. Çünki qəbrin birinin üzərində “Davudun oğlu Baba” yazılıb. Lakin Baba türk sözüdür, yəhudilərdə bu söz yoxdur. Bu qəbirlər daha dərindən öyrənilməlidir, çünki çox ciddi məsələdir. Tədqiq etmək üçün daha yaxından çəkilmiş şəkillər lazımdır. Hazırkı durumda isə həmin onların yəhudi qəbri olmadığını da deyə bilmərik. Ancaq yəhudi qəbiristanlığı olduğunu da demək çətindir, ola bilər ki, yazılar kufi xətti ilə yazılsın. Həmçinin bu məsələ bilərəkdən ortaya atılmış məlumat da ola bilər”.

Yəhudilərin tarixən Dərələyəz bölgəsində yaşayıb-yaşamamasına gəldikdə, F.Miralay bu barədə məlumata heç bir mənbədə rast gəlmədiyini deyir:

“Yazıda qeyd olunan tarix Azərbaycan tarixində Elxanilər dövrünə düşür. Həmin dövr Azərbaycanda xristianlıq dövrü kimi də adlandırılır. Çünki Olcaytu, Qazan və Abaqa xan xristian idi. Onlar 1295-ci ildə ilk dəfə islamı qəbul etdilər. Özləri ilə bura buddist gətirmişdilər, amma yəhudi gətirmələri barədə heç bir kitabda məlumata rast gəlməmişəm. Həmin dövrdə orada yəhudilərin yaşaması da şübhəlidir. Lakin o vaxt yəhudilərin bir vətəni yox idi, onlar dünyanın müxtəlif ölkələrinə yayılmışdılar. Ola bilər ki, məhz buralara qədər gəlib yaşasınlar. Çünki İran ərazisində tarixən yəhudilər yaşayıb. İndiki Ermənistan ərazisində tarixən yəhudilərin yaşaması barədə məlumat yoxdur. Lakin ola bilər ki, onlar çox sakit yaşayıblar, adları heç bir kitaba düşməyib. Çünki qəbiristanlıq göz qabağındadır, əlbəttə, əgər oradakı yazılar yəhudi yazılardırsa. Şəkil məhz oxumaq üçün çəkilmədiyinə görə dəqiq fikir də ifadə edə bilmirəm”.

Vasif Həsənli

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm