Tarixdə bu gün: 28 mart
Bizi izləyin

Tarix

Tarixdə bu gün: 28 mart

1886 - Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.

* * *

1895 – Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895-1.6.1989) Naxçıvan şəhərində doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru olub. Maksim Qorkinin "Ana", Aleksandr Fadeyevin "Tarmar" romanlarını Azərbaycan dilinə, bir sıra Azərbaycan ədəbiyyatı nümunələrini ruscaya tərcümə edib.

* * *

1919 - Tanınmış mədəniyyət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919-1998) anadan olub.

* * *

1919 - Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib, N.Şeyxzamanlı Türkiyəyə mühacirət edib.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

* * *

1924 - Görkəmli şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 1924 - 14.3.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.

* * *

1992 - Azərbaycan Suriya Ərəb Respublikası ilə diplomatik münasibətlər qurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm