Kişi və qadınlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI
Bizi izləyin

Tarix

Kişi və qadınlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI

Pullarını qadınlara və kişilərə xərcləyirdi

Dünyanın ən tanınmış yəhudi xeyriyyəçilərindən olan Karl Mayerdən günümüzə məktəblər, xəstəxanalar, fabriklər qalıb. Böyük Britaniya sarayında xüsusi hörmətə malik olan Mayerin özü ilə yanaşı xanımı – Adel Levis də dövrünün ən üzdə olan iş qadınlarından hesab olunur.

Publika.az xəbər verir ki, Adelin zəngin ailəsi o, hələ uşaqkən İngiltərənin Hampsted – milyonerlər şəhərinə köçüb (bu şəhər elə indi də “qızıl” statusunu qoruyur). Adel və bacısı Edit həmin dövrdə qadınlar üçün ən yaxşı təhsili alıblar. Karl Mayer isə Britaniyaya 1872-ci ildə gəlib. O, nüfuzlu Rotşildlər ailəsinin sağ əli hesab edilirdi. Halbuki Rotşildlərin bankında klerk (sıravi əməkdaş) olaraq işə başlamışdı. Tezliklə qabiliyyəti, işgüzarlığı üzə çıxır. 1883-cü ildə Adellə nikaha girdikdən sonra Britaniya vətəndaşlığı alır. Bundan sonra isə almaz kralı sayılan Sesil Rodsla əməkdaşlığa başlayır. XIX əsrin sonlarında Karl Mayer artıq Britaniyanın ən zəngin və nüfuzlu kişilərindən idi. Bir neçə titullara yiyələnmiş, təşkilatlara üzv olmuş Mayer Avropada da yaxşı tanınırdı.

Maraqlıdır ki, adətən zəngin kişilər pullarını qadınlara xərcləyəndə bu ailədə məsələ dolayısı yolla həll olunurdu. Yəni pul yenə də qadınlara xərclənirdi, amma ər tərəfindən deyil, arvad tərəfindən. Ərinin nüfuzundan yararlanan Adel onun pullarını feminist qadınlara, bununla yanaşı istedadlı xanımlara, yeni uşaq dünyaya gətirmiş gənc analara xərcləyirdi. Məhz Adel feminist yazarların kitablarının dərcinə kömək edib, tikiş fabriki açdırıb, gənc qadınlar üçün analıq məktəbi açıb (özü məktəbə rəhbərlik edirdi). Ona görə də qadınlar işləri ilə ona minnətdarlıqlarını bildirirdilər. Məsələn, məşhur yazıçı Aqata Kristinin Adelin faciəvi şəkildə həlak olmuş bacısı Editə həsr etdiyi kitab var: “Nil çayında ölüm”. Sadəcə kitab bu ölümdən 30 il sonra yazılıb. Rəssamlar onların ailəvi şəkillərini sərgilərinin başında qoyardılar.

Mayerin pulları təkcə qadınlara getmirdi. Həmçinin qələm adamı olan kişilər də bu xeyirxahlıqdan yararlanırdılar. Məsələ burasındadır ki, Adel Levis ədəbiyyatı və onun təmsilçilərini sevir, gününü onların arasında keçirirdi. Onun yaxın dostları arasında Oskar Uayld, Marsel Prust, Henri Bruks kimi tanınmış yazarlar vardı. Hətta Uayld onu zarafatla “od-alovlu yəhudi qızı” adlandırırdı. Yeri gəlmişkən, Adel və əri insanlara, ədəbi-mədəni cameaya nə qədər yardım göstərsə də, yəhudiliklərini unutdura bilmirdilər (Təkcə Şekspir Memorial Teatrının əsaslı təmiri üçün Mayer 70 min funt-sterlinq pul ayırmışdı. Onun Esseksdə 40 hektarlıq ərazidə saldırdığı park hazırda Avropanın ən turistik ərazilərindən sayılır). Həmin dövrdə yəhudilərə yenidən barmaqarası baxılırdı. Bəlkə də məhz bu səbəbdən idi ki, artıq kübar cəmiyyətə pul ayırmaqdan cütlük təngə gəlmişdi. Esseksdə aztəminatlı ailələrə yardım edir, qızları oxutdurur və xəstəxana açmışdılar. Bu cütlük özlərindən sonra yazılı memuarlar qoymadığından barələrində iri həcmli xatirələr yazılmayıb. Amma ədəbiyyat, incəsənət, insanlıq naminə yaratdıqlarından bu gün də istifadə olunur.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm