Tarixdə bu gün: 30 mart
Bizi izləyin

Tarix

Tarixdə bu gün: 30 mart

1992-ci il. Azərbaycan Respublikası İraq ilə diplomatik əlaqələr qurub. İraq 1992-ci il yanvarın 2-də Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. Azərbaycanın İraq ilə BMT və İslam Əməkdaşlıq Konfransı Təşkilatı çərçivəsində əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə edib. Hələ 1979-cu ildə Bakı ilə Bəsrənin “qardaşlaşması”na dair sənəd imzalanıb.

1946-cı il. Görkəmli alim-onkoloq, Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycanın və Rusiyanın Dağıstan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan, Rusiya və Gürcüstan Elmlər akademiyalarının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Cəmil Əziz oğlu Əliyevin ad günüdür. Akademik C.Əliyev süd vəzilərinin, baş və boynun, yumşaq toxumaların şişlərinin müayinəsi və müalicəsi sahəsində aparıcı mütəxəssislərdən biridir. O, Azərbaycanda süd vəzilərinin diaqnostikası və müalicəsi üzrə elmi məktəbinin və müasir kliniki onkologiyanın banilərindəndir. C.Əliyev Azərbaycanda onkologiya elmi məktəbinin yaradıcısı və rəhbəridir.

Akademik C.Əliyev Bakı və Moskva şəhərlərində dərc olunmuş 17 monoqrafiyanın (bunlardan biri ingilis dilindədir), tələbələr üçün vəsaitin, 10 ixtiranın, 600-ə yaxın dərc olunmuş elmi məqalələrin müəllifidir. Onun rəhbərliyi ilə 8 elmlər doktorluğu və 40-dan çox tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub. Prezident İlham Əliyevin 2016-cı il 28 mart tarixli Sərəncamı ilə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə C.Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

1945-ci il. Azərbaycanın Xalq Artisti Şəfiqə Məmmədovanın doğum günü (1945).

O, "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib. Yaratdığı obrazlara görə Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb.

2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

1840-cı il. Antarktida kəşf edilib. Amerika dəniz ekspedisiyasının rəhbəri Çarlz Vilks Antraktidaya səyahəti zamanı həmin torpaqları kəşf edir və onu ABŞ ərazisi elan edib. Həmin ərazi bir müddət “Vilks torpağı” adlandırılsa da, sonralar Antraktida kimi tanınıb. Bu materik yalnız 1959-cu ildə beynəlxalq ərazi elan olunub. Dünyanın əsas “soyuducu”su hesab edilən Antraktida planetin kəşf olunan altıncı və sonuncu materikidir.

1867-ci il. Rusiya İmperiyası Alyaskanı 7,2 milyon dollara ABŞ hökumətinə satıb. Satılan ərazinin bir kvadratkilometrlik hissəsi 4,19 dollar məbləğində qiymətləndirilib. Alyaskanın alınmasından qısa müddət sonra – 1870-ci illərdə burada qızıl ehtiyatları aşkarlanıb. 1959-cu il yanvarın 3-də Alyaska ABŞ-ın 49-cu ştatı olub.

1968-ci il. Dünyanın ən məşhur müğənnilərindən olan kanadalı Selin Dion anadan olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm