Qadınlara milyardlar xərcləyən, bütün sərvətini, hakimiyyətini QURBAN VERƏN KİŞİLƏR - - FOTOLAR
Bizi izləyin

Tarix

Qadınlara milyardlar xərcləyən, bütün sərvətini, hakimiyyətini QURBAN VERƏN KİŞİLƏR - - FOTOLAR

Qadına görə hakimiyyətindən imtina edir

Sevgi uğruna insanlar indiyədək nələr etməyib?! Tarixin bütün dönəmləri kişilərin patriarxatlığına xidmət etsə də əslində qadınlar da bu məsələdə kişilərdən cəsarətsiz davranmayıblar. Düzdür, aralarında “Olsaydı əlimdə ixtiyarım, olmazdı səndən başqa yarım”, deyənlər də az olmayıb. Amma tarix sevgi naminə qadın hünərini də yaddaşının “yağlı” yerinə atıb. İstənilən halda, bu gün o cür sevgiləri biz filmlərdə görür, kitablarda oxuyuruq. İndi sevgilisi üçün duelə çıxanlara, pəncərələrə çıxanlara, serenada oxuyanlara dəli kimi baxırlar. Hərçənd elə keçmişdə də dəli deyirdilər. Yoxsa dəlilikdən bircə Məcnunmu pay alıb?! Yox, sadəcə Məcnunun ancaq adı çıxıb, aşiqlik istedadı isə nəinki sıravi kişilərdə böyük sərkərdələrdə, hökmdarlarda da olub.

Publika.az bu məcnunları sadalasın, siz də tanış olun:

Yəqin ki, dünyanın 7 möcüzəsindən biri olan Semiramida – Babilin asma bağları haqqında xəbərdarsız. Bu bağları Babilin çarı II Navuxodonosor (b.e.ə 605-562) Midiya çarının qızı Amitisə olan məhəbbətindən saldırıb. Gənc qadın Midiyanın gözəl bağ-bağatına alışdığından Babil quraqlığında yaşaya bilmirdi. Sevimli arvadını razı salmaq üçün hökmdar çoxmərtəbəli piramida hazırladır. Piramidanın eyvan kimi hər qülləsində o vaxtadək görünməmiş, duyulmamış süni bağlar yaradılır. Dünyanın ən nadir çiçəkləri, ağacları burada bitir.

Qadın uğruna daha bir inşaat – Tac Mahal. Əvvəllər bu gözəl tikili Tac Bibi adlandırılıb. (Bibi – farsdilli ölkələrdə hökmdarın arvadı və ya bacısını şərəfləndirmək üçün deyilirdi. Elə indi də yaxın qohum kişilərin xanımlarına və atanın bacısına bibi deyilir. Yəni “şahlara layiq xatun”) Məbəd Böyük Moğolların imperatoru Cahan şahın sifarişi ilə arvadı Mümtaz Mahalın xatirəsinə tikilib. Mümtaz Mahal hökmdara 14-cü uşağını doğarkən vəfat edib. Onun ayrılığına dözə bilməyən imperator tayı-bərabəri olmayan məqbərə tikdirir. Məqbərə qadının vəziyyətinə əsasən tikilir. O, can üstündəykən ərinə “sevgimizə layiq türbə tikdir”, deyir. Türbə əvəzində isə bəşəriyyətə böyük memarlıq əsəri qalır.

Rusiya estradasının primadonnası Alla Puqaçovanın “Milyon al qızılgül” adlı mahnısının mətnində deyilənlər heç də təxəyyül bəhrəsi deyil. Bu, tanınmış gürcü rəssamı Niko Pirosmaninin həyatından götürülüb. Bu rəssam çox kasıb yaşayıb, bəzən bir qarın çörək üçün portret çəkməli olub. 1905-ci ildə Paris teatrının aktrisa-müğənnisi Marqarita de Savr Tiflisə qastrola gəlir. Rəssam aktrisanın şəklini afişada görəndə bir könüldən min könülə aşiq olur. Bundan sonra məşhur “Aktrisa Marqarita” tablosunu çəkir. Qadının oxumağını görəndən sonra isə ağlı başından çıxır və mahnıdakı addımı atır – ona milyonlarla qızılgül hədiyyə edir. Bütün rəsmlərini, balaca daxmasını, hətta qanını satıb Tiflisin bütün qızılgüllərini alır. Dəstə-dəstə qızılgüllər aktrisanın qaldığı hotelə daşınanda qadın küçəyə qaçıb öz pərəstişkarını öpür. Amma tarixçilər bunu “şəhər əfsanəsi” hesab edirlər. Bildirirlər ki, aktrisa ilə rəssam heç görüşməyiblər. Marqarita Nikoya konsertinə gəlmək üçün bilet göndərib, lakin rəssam dərhal gəlməyə cəsarət etməyib. Cəsarətini toplayanda isə aktrisa Tiflisi artıq zəngin pərəstişkarı ilə tərk edib. Niko ömrünün sonuna kimi beləcə kasıb yaşayıb. Əksər rəssamlar kimi ölümündən sonra şöhrətlənib.

Proletar şairi Vladimir Mayakovski Paris ziyafətlərinin birində mühacir qadın Tatyana Yakovleva ilə tanış olur. Və bir neçə dəqiqə sonra qadına evlilik təklif edir. Lakin Tatyana sovet vətəndaşına ərə getmək istəmir. Üstəlik Mayakovskinin əbədi məhəbbəti Lilya Briklə mübarizə apara bilməyəcəyini də yaxşı anlayır. Məyus Mayakovski Parisi tərk edərkən gül mağazalarından birinə böyük miqdarda pul ödəyir ki, hər səhər Tatyananın evinə bir dəstə çiçək göndərsinlər. Pulun miqdarı o qədər çox imiş ki, hətta şair 1930-cu ildə intihar edəndən sonra da qadının evinə “Mayakovskidən” kartı ilə gül göndərilirmiş.

Bəlkə də qadın üçün verilən ən böyük hədiyyə - krallıq məhz Britaniya kralı VIII Edvarda aiddir. O, amerikalı dul qadın – Uollis Simpson uğruna taxt-tacdan vaz keçib. Simpson gözəl olmasa da artıq krala qədər iki zəngin kişi ilə evli olmuşdu. Deyilənə görə, Avropa gözəlləri bir yana, kişilər bu adi görünüşlü qadın üçün bir-biri ilə yarışırdılar. Əvvəlcə şahzadənin bu ilişkisini saray adi qəbul etmişdi, ancaq VI Georqun ölümündən sonra Edvard taxta çıxmalı olanda, bu qadınla evlənəcəyini bəyan edərkən az qala bütün saray ayağa qalxmışdı. Britaniya qanunlarına görə, kralın arvadı mütləq zadəgan ailəsindən olmalı və krala qədər heç bir evliliyi və övladı olmamalıydı. Simpson isə bu kriteriyalara qətiyyən uyğun gəlmirdi. Nəhayət, kralın qarşısına şərt qoyulur: ya taxt-tac, ya da sevgi. Edvard ikincini seçməklə müasir Romeo adını təsdiqləyir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm