Belə dələduzluq GÖRÜLMƏDİ: keçi yumurtalığı və yağışla qazanılan MİLYONLAR - FOTO
Bizi izləyin

Tarix

Belə dələduzluq GÖRÜLMƏDİ: keçi yumurtalığı və yağışla qazanılan MİLYONLAR - FOTO

Bəziləri də çarəsizlikdən belələrinə ətək-ətək pul tökürlər.

İnsanlar həmişə möcüzəyə inanmağa meyilli olublar. Elm nə qədər inkişaf edirsə-etsin, insanlar həmişə möcüzə və onu yaradanı axtaracaq. Təbii ki, insanların bu inancından istifadə edən dələduzlar da az olmur. Bəzilər sırf maraq üçün, bəziləri də çarəsizlikdən belələrinə ətək-ətək pul tökürlər.

Publika.az tarixdə ad çıxarmış dələduzları diqqətinizə çatdırır:

Çarlz Hetfild – yağış taciri. XX əsrin əvvəllərində ABŞ-da tez-tez quraqlıq olurdu. İnsanlar yağış yağması üçün hər vasitəyə əl atırdılar. Dualar oxuyur, buludlara güllə atır, havaya qaz balonu buraxırdılar. Amma heç cür yağış yağdıra bilmirdilər. Çarəsiz qalıb yağışın yağmamasında da dövləti günahlandırırdılar. Həmin illərdə əkin-biçinlə məşğul olan insanlar möcüzə üçün hər gün dua edirdilər. Və budur: insanların möcüzə həsrətindən faydalanan Çarlz ortaya atılaraq hər an yağış yağdıra biləcəyini deyir. Əvvəllər tikiş maşını satmaqla dolanan bu adam küçə-küçə, ev-ev gəzməkdən cana yığılmışdı. Daha artıq və asan yolla qazanmaq istəyirdi. İqlim vəziyyətinin hələ çox belə davam edəcəyini görən Çarlz kimya, fizika və meteorologiyanı öyrənir. Sonra 23 kimyəvi maddə qatışığından ibarət olan məhlul yaradır. Yerli qəzetlərin birində ixtirası ilə bağlı belə bir məlumat verir: “Əgər bu məhlulu yüksək şalbana yerləşdirib, oradan da elektrik keçirsəniz, o, buxarlanıb yağış yarada bilər”.

İlk başlarda kimyagər yalnız yağış yağacağı halda pul götürürdü. Sonralar isə tələb artdığından hər təcrübəyə vaxt ayırmadan qonorarını alırdı. Beləliklə qısa müddətdə həm şöhrət tapır, həm də zənginlərin sırasına qoşulur. Bəs onun icadı ilə yağış həqiqətənmi yağırdı? Məsələ burasındadır ki, ilk eksperimentlərində həqiqətən də yağış yağmışdı. İndi “Parisi dərvişmi partlatdı, özümü dağıldı?”, əsas nəticədir ki, onu bu “dərviş” də insanlara göstərə bildi. Bunu belə izah edirlər ki, Çarlz məhlul vasitəsilə mövcud su hövzəsini buxarlandırır, nəmli hava şəraiti elektrik keçirərək süni ildırım yaradır. Beləliklə səmanın alt qatında yığılmış buxar qısa müddətlik “yağış” yağdırır, yəni əslində yağış deyil, buxarlanmış kiçik hövzə yenidən yerə tökülür.

Çarlzın sonrakı cəhdlərində isə heç cür yağış yağmırdı. Məsələn, Kanada hökuməti ilə 10 min dollarlıq müqavilə bağlamışdı. Amma fermer təsərrüfatı ərazilərində yağış yağdıra bilmədi. Məsuliyyətdən yaxasını qurtarmaq üçün bu ölkədən qaçıb getmişdi. Bundan başqa San-Dieqo şəhərində də eyni miqdarda pul müqabilində ona yağış sifariş etmişdilər. Çarlz nə qədər cəhd etsə də alınmamışdı. Üstündən bir neçə gün sonra elə güclü leysan olmuşdu ki, quru çay hövzələri də dolmuşdu. Çarlz pulunu istəyəndə ona isbat etmişdilər ki, yağış təcrübələrdən sonra təbii yolla yağıb. “Biz səninlə müqavilə bağlamışdıq, Allahla yox”.

Bununla belə insanlar yenə də ona inanır, az qala Çarlza tanrı kimi pərəstiş edirdilər. İxtiraçı 1936-cı ilə qədər beləcə yağış satmaqla məşğul olub. Amma ABŞ-dakı “Böyük qıtlıq” dövründə yenidən tikiş maşını satmağa başlayıb. Yəni elə qazandığı pullar da buxarlanıb səmaya qarışmışdı.

Con Brikli – keçi yumurtalıqlarını insana köçürən həkim. Şimali Karolina kəndlərindən birində bibisinin yanında böyüyən bu “həkim” uşaqkən keçilərin necə “məhsuldar” olduğunu görür. Bibisi keçi saxladığından onun keçiləri kənddəki az qala bütün xırdabuynuzluları dölləndirdiyini görmüşdü. Sonra böyüyəndə həkim qızı ilə evlənib qayınatasının yanında assistent olaraq çalışır. Bir müddət sonra ilan zəhəri qarışıq məlhəm adı ilə insanlara mənşəyi bilinməyən dərmanlar satmağa balşayır. Arvadı dələduzluğundan bezib onu tərk edir. Sonra dostu ilə Qrinvil şəhərində klinika açıb, özünü androloq kimi təqdim edir. Qəzetdə belə bir başlıqla reklam verir: “Kişilik gücünüzü bərpa etmək istəyirsinizmi?” Bunu oxuyan bütün problemli insanlar özünü “həkim”ə yetirir. O isə 25 dollara rənglənmiş suyu dərman adı ilə kişilərin bədəninə vurur. Camaat duyuq düşəndə dələduzlar Tennezi ştatına qaçırlar. Burada da yerli həkimin qızı ilə evlənir. Amma bal ayındaykən dələduzluğuna görə həbs edilir. Con bütün günahları dostunun üstünə atır, özü isə cərimə ödəməklə yaxasını qurtarır. Arkanzas ştatına gəlib klinika açmaq üçün lisenziya alır. Burada keçi yumurtalıqlarını insana köçürməklə cinsi xəstəlikləri müalicə etməyə başlayır. Qəzetdə verdiyi bir elanla populyarlığını artırır. Elanda yazılırdı ki, belə əməliyyatdan sonra qadınların cüt-cüt oğlu olur. İndi təsəvvür edin, impotent kişinin xam xəyalları geçəkləşə! Hamı oğul atası olmaqla özünü “yaxşı kişi” kimi göstərmək üçün o dönəmdə böyük pul sayılan 750 dollar ödəməli olur. Neçə-neçə xəstə cərrah masasında ölür, sağ qalanlar infeksiyadan sonralar müxtəlif xəstəliklərə düçar olurlar. Əvəzində isə həkim və onun arvadı pul içində üzür. Özünə yeni, üçmərtəbəli klinika açdırır, cəmiyyətin ən zəngin kişilərindən biri olur. 1923-cü ildə hətta özünə Kanzas Best adlı radio da açır. Radioda ancaq onun klinikasının reklamı gedir. Guya xəstələr efirə gəlib uğurlu əməliyyatdan keçdiklərini, ailə həyatında artıq hər şeyin müsbətə doğru düzəldiklərini deyirlər. 40-cı illərdə Briklinin artıq şəxsi yaxtası, neçə-neçə evi olur. Amma bu, çox çəkmir. Tezliklə tibbi ekspertlər Briklidən şikayət edən onlarla xəstəni ortaya çıxarırlar. İndiyədək Briklinin nə qədər adama ziyan vurduğu bəlli deyil. Briklinin radiosu bağlanır, lisenziyası əlindən alınır. Qazandığı hər şeyi cəmi bir ildə itirir. 1941-ci ildə müflis olduğunu elan edir, 42-ci ildə isə infarktdan ölür.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm