• USD 1,7022 0,00% EUR 1,8484 +1,31%
    • GBP 2,1791 +0,05% RUB 0,0304 +0,33%

Sovetin bayram GİZLİNLƏRİ: şampan, rəqs, stolüstü əyləncə və... - FOTOLAR

  • Tarix
  • 13 Aprel 2017 11:38
  • 1 294 Baxış
Sovetin bayram GİZLİNLƏRİ: şampan, rəqs, stolüstü əyləncə və... - FOTOLAR

Bu dünya heç vaxt ahəngdar olmayıb. Hər şey bol olanda insanların sevinci azalır, sevinc bolluğunda isə maddi çətinlik işi korlayır. Deyirlər, hər şeyin yaxşı olması da pisdir. İnsan yaxşılıqdan bezə bilər. Məsələn, aramızda çoxumuz – təbii ki, sovetlər dönəmini görənlər, görməyənlər də böyüklərinin xatirəsindən öyrənir onsuz da – SSRİ-nin vaxtında çatışmazlıqlar olsa da insanların mehriban, firavan yaşadığını danmırıq. Geyimin, qidanın, əyləncənin indiki dövrdən az olmasına baxmayaraq, insanlar bir-biri ilə daha mehriban olurdu, qapılar qohum-qonşu üzünə açıq idi. Hər kəs olanından süfrəyə düzər, evinin qonaq-qaralı olmasına çalışardı... İndi isə hərə öz can hayındadır, hamı öz mənzilinə qapanıb. Süfrə demişkən, sovetlərdə bayramlar necə keçirilirdi?!

Publika.az buna diqqət çəkib:

Ümumiyyətlə, sovet insanı bayrama, şənliyə daha meyilli idi. Bəlkə də gündəlik həyatın yeknəsəqliyi, ağır zəhmət, əyləncə azlığı bayramları lap “iplə çəkdirirdi”. İndi isə bayramlar daha rəngarəng olsa da, maraq azalıb. Sanki kapitalizmin bazar rəqabəti bayramları da yorub. Bu gün hər şey əl altındadır, evində qeyd eləmə, ürəyin istəyən, qiymətdə münasib restoranda keçir. Ya da arvadağa yemək bişirmək istəmir. Sifariş elə hazır yemək qapına gəlsin... marketlər də dop-dolu, çeşid-çeşid!

Sovet dönəmində isə bir bayram hazırlığı vardı, gəl görəsən! Qabaqcadan hələm-hələm tapılmayan ərzaqlar alınıb saxlanardı – şampan şərabı (sovet bayramlarının vazkeçilməzi), duzlu tərəvəz konservləri, balıq, limonadlar... Şəhərlərin cəmi bir neçə nöqtəsində mağazalar olurdu, orada da növbə! Yeri gəlmişkən, sovet insanını gələcək insanlara xatırladacaq abidə kompleksi qoymaq istəsələr, gərək uzun növbədə dayanan adam heykəli yaratsınlar. Bundan gözəl təsvir?! Qoy, gələcək nəsillər “bünövrə”lərinin hansı şəraitdə qoyulduğunu anlasınlar, bir dəstə güllərindən keçsinlər.

Sovet insanı üçün bayram stolu müqəddəs bir şey idi. Mütləq bütün ailə, mümkünsə qohumlar, iş yoldaşları, qonşular yığışıb, deyə-gülə yeyib-içərdilər. Sonra rəqs, söhbət, stolüstü oyunlar, gəzinti və s... Bu gün isə insanlar bu sıralamanı sanki candərdi – uşaqların xatirinə edir. Bunu bayram gəzintilərində insanların üz ifadələrindən rahatlıqla görə bilərsiniz. Hətta bu ifadəni də oxumaq olar: “Camaat necə restoranlarda, xarici ölkələrdə bayram keçirir, mənə bax...”

Televizor cəmi üç kanal göstərdiyi üçün bayram proqramlarını maraqla gözləyərdilər. İndi isə hansı kanala, hansı bayram verilişinə baxacağını bilmirlər. Tənbəl-tənbəl pult əlində bir az ordan, bir az burdan... Yəni, uzun sözün qısası, bayram bu gün də var, amma onun eyforiyası yoxdur.

Keçmişi sözdən çox şəkillər daha yaxşı yada salar. Bu da sizə sovet bayramları:

Şəfiqə ŞƏFA

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR