• USD 1,7021 0,00% EUR 1,9133 +0,54%
    • GBP 2,2098 +0,06% RUB 0,0302 0,00%

Şah İsmayılın babası Azərbaycanda uyuyur

  • Tarix
  • 21 Aprel 2017 12:52
  • 906 Baxış
Şah İsmayılın babası Azərbaycanda uyuyur

Şərqdə ən geniş yayılmış dini-fəlsəfi cərəyanlarından biri sufilikdir. Bu cərəyanın ilk təmsilçisi kimi Əbu Haşim əs-Sufi hesab olunur. Onun Suriyanın Rəml şəhərində sufi təkkəsi olub. Sufilik IX-XII əsrlərdə çox sürətlə inkişaf edərək, Cüneyd əl Bağdadi, Əbu Nəsr Sərrac ət-Tusi, Əbu Talib Məkki, Əbu Həmid Qəzali və digər sufi alimlər meydana çıxıb.

Sözügedən cərəyan Azərbaycanda da geniş yayılıb. Şərq sufilik məktəbinə təsiri olan böyük azərbaycanlı sufi mütəfəkkirlər sırasında Əbu Hüseyn Dündari Şirazi, Əbu Züra, Nizami Gəncəvi, Mahmud Şəbustəri, Əbu Səid Badal Bakuvi, Seyid Yəhya Bakuvi, Dədə Ömər Rövşəni, Həmzə Nigari, Əbülqasi Nəbati və başqalarının adlarını qeyd etmək olar. Misilsiz təqva sahibi İslam dini Azərbaycanda yayıldıqdan sonra bir çox ziyarətgahlar yarandı. İnsanlar bu ziyarətgahları müxtəlif cür – ocaq, pir, camə, xanagah adlandırıblar. Belə müqəddəs ziyarətgahlardan biri də Lənkəranın Şıxakəran kəndində yerləşən Şeyx Zahid türbəsidir.

Əsl adı Tacəddin İbrahim Zahid əl-Gilani əl-Kurdi İbn Şeyx Talış Rövşən Əmirdir. 21 mart 1215-ci ildə Lənkəranın Siyəvurd (indiki Siyavar) kəndində Talış Şeyx Rövşən Əmirin ailəsində anadan olan Şeyx Zahid, dövrünün tanınan ziyalısı, alimi, müəllimi və şairi olub.

Onun müxtəlif ləqəblərlə tanınması təsadüfi deyil. "Gilani" ləqəbi ona atasının yaşadığı vilayətə uyğun verilib, "Kurdi" ləqəbi ilə isə (talış dilindən tərcümədə dərviş və ya nohə deyən anlamına gəlməklə), şeyxin dərviş həyat tərzi keçirməsinə işarə olunub. Atasının adının qarşısında olan Şeyx sözü, mənbələrdə onun yeddi babasının ardıcıl olaraq Şeyx olmalarını göstərir.

Ata-babaları, XI əsrdə Xorasan Sərcuqların əlinə keçdikdən sonra, Gilan bölgəsinə köç ediblər. Rövşən Əmir Gilanda evlənərək Lənkəranın Siyəvurd kəndinə köçüb, burada əkinçiliklə məşğul olub. Şeyx Zahid ilk təhsilini Astaranın Butəsər (indiki Pensər) kəndində yaşayan Seyid Cəmaləddindən alıb. Kifayət qədər təqvalı, nəfsi tox insan olan Seyid Cəmaləddin, şagirdi Tacəddinə böyük ümidlər bəsləyirdi, vəfat etdikdən sonra onun işinin davam etməsini və sufi təriqətinə başçılıq etməsini ona vəsiyyət etmişdi.

Tacəddinə "Zahid" ləqəbini də Seyid Cəmaləddin verib. "Zahid" ərəb dilindən tərcümədə ibadətlə məşğul olan, pəhrizkar deməkdir. Şeyx Zahid Gilani də hörmət və ehtiram əlaməti olaraq oğluna müəllimi Cəmaləddinin adını qoyub.

Şah İsmayıl Xətainin babası

Böyük irfan alimi Şeyx Zahid türk, ərəb, fars, gilək və qədim pəhləvi dillərini də mükəmməl bilib. O, talış və gilək dillərində şeirlər yazıb. Şeyx Zahidin iki həyat yoldaşı olub. Bu evliliklərdən Şəmsəddin, Cəmaləddin Əli və Bibifatimə adında övladları olub. Bibifatimə böyük Səfəvilər sülaləsinin banisi olan Şeyx Səfiəddin ilə ailə qurub. Bu izdivacdan 3 övladları — Məhiyəddin, Sədrəddin və Əbu Səid adlı övladları dünyaya gəlib.

Beləliklə, Şeyx Zahid ana tərəfdən Şah İsmayıl Xətainin babası sayılır. Səfəvilər sülaləsinin nümayəndələri 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, Qərbi Pakistan, Cənubi Türkmənistan və Şərqi Türkiyənin ərazilərini əhatə edən böyük bir türk dövləti qurublar ki, həmin dövlət müasir Azərbaycanın milli və dini kimliyinin formalaşmasında böyük rol oynayıb.

Xətai babasının məzarını köçürüb Şeyx Zahid elmi məktəb yaradıb və "Zahidiyyə" təriqətinin əsasını qoyub. Şeyxin məktəbinin şan-şöhrəti Azərbaycanın hüdudlarından kənara çıxaraq ona böyük hörmət qazandırıb və İran, Türkiyə, Hindistan, Çin, Əfqanıstan və başqa ölkələrdə də kifayət qədər tanınıb. Şirvanşah hökmdarı III Axsitan Şeyxin nüfuzunun artması və müridlərinin sayının çoxalmasından qorxaraq onun imkanlarını məhdudlaşdırmağa başlayıb. 1300-cü ilin mart ayında Şeyx Zahid vəfat edib. Şeyxin vəsiyətinə əsasən, onu Lənkəranın Siyavur (indiki Siyavar) kəndində dəfn ediblər.

Səfəvi Şeyx Heydər tərəfindən isə Şeyx Zahidin dəfn olunduğu yerdə türbə ucaldılıb. Sonralar dəniz səviyyəsinin qalxması nəticəsində Siyavur kəndini su basrı və türbə dəfələrlə su altında qalır, ona görə də Şah İsmayıl Xətai ulu babasının qəbrini Hiləkəran (indiki Şıxakəran) kəndinə köçürürərək yenidən məqbərə ucaltdırır. Səfəvi hökmdarları Lənkərana səfərləri zamanı ilk olaraq Şeyx Zahidin türbəsini ziyarət edib orada namaz qılıblar.

Məzar daşı Ermitaja aparılıb

Şıxakəran kəndinin axundu Əzizov Muxtar Sputnik Azərbaycan-a danışır ki, Şeyx Zahid türbəsi 1944-cü ildə Sovet hökuməti tərəfindən sökülüb: "Məlum olduğu kimi Sovetlər dönəmində din qadağan edildiyindən, kənd camaatı və Şeyx Zahidi ziyarət etmək istəyənlər gizlicə ziyarət edirdilər. Türbə söküldükdən sonra, camaat Şeyxin xatirəsini yaşatmaq üçün onun məzarının üstündə taxtadan xırda kümə (kiçik tikili) tikdi. Yalnız Sovet İttifaqı dağılandan sonra kəndimizin imkanlı şəxsləri öz şəxsi vəsaitləri hesabına Şeyx Zahid türbəsini yenidən inşa etdilər". Hazırda türbəyə Şıxakəran kənd sakini Anar Məmmədov nəzarət edir. "Mən və atam türbəyə qulluq edirik. Məndən əvvəl isə atam və babam bu işi görüb" baxıblar. Yəni mənim ulu babalarım daim Şeyximizin türbəsinə nəzarət ediblər" – o, Sputnik Azərbaycan-a danışır.

"Babam o vaxt deyərdi ki, ötən əsrin 60-cı illərində Şeyxin məzar daşı sökülərək, Leninqrada (indiki Sankt Peterburq) "Ermitaj Muzeyi"nə aparılıb. İndi də Şeyxin məzar daşı həmin muzeydə qorunur" – A. Məmmədov əlavə edir.


Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR