Araq satan ƏMƏLİSALEH ADAM: "Vodka"nın məşhurluğa apardığı yol - FOTO
Bizi izləyin

Tarix

Araq satan ƏMƏLİSALEH ADAM: "Vodka"nın məşhurluğa apardığı yol - FOTO

"Vodka" uzun müddətdir ki, Rusiyanın milli içkisinə çevrilib. Bu şöhrət spirtli içkiyə heç də təkcə ümumxalq sevgisindən və ya mükəmməl tərkibindən gəlməyib. Vodkanın bu məşhurluğunda onun istehsalçısı Pyotr Smirnovun, xüsusilə də onun ticarət bacarığının böyük əməyi var.

Publika.az Smirnovun “vodka təbliğatı” tarixinə nəzər salır:

XX əsrin əvvəllərində Rusiyanı ümumtətillər, üsyanlar dalğası qoynuna almışdı. Fəhlələr dirçəlib zavodlarda “at oynadırdılar”. Bir neçə nəsillik Smirnov zavodu isə belə tətillərdən uzaq idi. Çünki Smirnovlar Rusiyada yeganə burjua idi ki, xalq onları sevirdi. Səbəbi isə sahibkarın başqalarından fərqli olaraq fəhləni insan yerinə qoymağında idi. Smirnov zavodunda fəhlələr yaxşı maaş alır, keyfiyyətli naharla, hətta yaşayış yeri ilə təmin olunurdular. İş saatı stabil və normal idi, onların sağlamlıq, ailə problemləri də sahibkarın diqqətində idi. Hətta Smirnov dünyasını dəyişəndən sonra da onun vəsiyyətnaməsinə əsasən bu sistem dəyişmədi. Odur ki, Smirnov zavod və satış məntəqələri tarixi boyu fəhlə etirazı, tətili ilə qarşılaşmayıb.

Təkcə İslam dini deyil, bütün dinlər əslində əyyaşlığa, içkiyə qarşıdır. Amma maraqlısı budur ki, özünü əməli-saleh kimi göstərən şərqli-qərbli sahibkarlar fəhləni incitdiyi halda, yalnız “Şeytan içkisi”nin taciri aşağı təbəqəyə insan kimi yanaşır, “Fəhlənin təri soyumadan onun maaşını verirdi”.

“Smirnov” brendinin tarixi 1811-ci ildən qardaşların kənddən şəhərə gəlməsin ilə başlayıb. 1837-ci ildə isə qardaşlar özlərinə kiçik emalatxana açaraq kustar üsulla ilkn araqlarını istehsal edib satmağa başlayırlar. 1844-cü ildə isə 15 yaşlı Pyotr kənddən Moskvaya gələrək atasının yanında işə düzəlib. Amma əmilər bilmirdilər ki, özlərinə təhlükəli rəqib yetişdirirlər. Pyotr araq istehsalının və satışının bütün sirlərini öyrənir.

1860-cı ildə 29 yaşlı Pyotrun təkidi ilə atası Arseniy qardaşlarından ayrılıb şəxsi emalatxana və dükanını açır. Müttəfiq qardaşlar rəqib qardaşlara çevrilirlər. Pyotr isə üstünlüyü təmiz istehsala imza atmaqla qazanır. Əvvəllər vodka “ev üsulu” ilə çəkmə araq hesab olunurdusa, onu “zavodskoy” halına gətirən Pyotr olub. O, xaricdən avadanlıq gətirərək, çəkilmiş arağı süzüb göz yaşı kimi dumduru şəklə salıb. Bunu isə o, özünəməxsus şəkildə öyrənib. Əvvəlcə bir vedrə çəkmə arağın içinə süd və yumurta ağı əlavə olunub, çöküntünü götürürdü. Sonra isə aparat vasitəsilə süzülüb distilə olunurdu. Daha sonra ədvalar, rahiyələndirici toxumlar və giləmeyvələr qatılırdı. 1863-cü ildə ilk təmiz “Smirnov” araqları satışa çıxarılır. Bir neçə aydan sonra artıq sifarişlərin öhdəsindən gəlmək olmurdu. Moskvada yerli, əcnəbi hamı təmiz Smirnov arağı axtarırdı. Burda Pyotrun daha bir iradəsi üzə çıxır. Ona təklif edirlər ki, bu boyda tələbat olduğu halda keyfiyyəti aşağı salıb kəmiyyəti artırsaq, daha çox pul qazanarıq. Pyotr qətiyyən razılaşmır, arağın keyfiyyətinə heç bir dəyişiklik etməyə icazə vermir. “Şərabla olsa belə, mən insanları aldada bilmərəm”, - deyir.

Təkcə tacir olmaq Pyotru qane etmirdi. O, 1869-cu ildə İmperator sarayına araqlarını çatdırmaq üçün icazə istəyir. Amma onun bu təklifi qəbul olunmur. Beləcə Pyotr diqqəti çəkmək üçün yoxsulluqla mübarizə fəaliyyətinə qoşulur, evsiz insanların, atılmış uşaqların problemləri ilə maraqlanır, xəstələrin dərmanlarını alır. Beləcə həm sarayın diqqətini çəkir, həm də xalqın sevgisini qazanır.

1875-ci ildən etibarən Smirnov vodkaları Avropanı bürüyür. Xüsusilə fransızlar onun dadından doymaq bilmirdilər. 1876-cı ildə Filadelfiyadakı beynəlxalq sərgidə qazandığı uğurdan sonra bir vaxtlar ona rədd cavabı verən imperator bu imtinanın əvəzini ikiqat çıxır. Smirnovun vodkalarının şüşəsinə Rusiya İmperiyasının gerbi vurulur. Deyilənə görə, dequstatorlar onun arağını tamından gözüyumlu tanıyırdılar.

1885-ci ildə isə çar III Aleksandr ona III dərəcəli Stanislav ordeni verdirir. Smirnov İsveç və İspan krallarından da müxtəlif ordenlər qazanıb. 1890-cə illərdə Smirnov dünya araq bazarının 60%-ni tuturdu. Bununla belə o, heç vaxt xeyriyyəçiliyi unutmurdu. Onun hesabına qız məktəbi, Moskva Göz Xəstəxanası, Psixiatrik Xəstəxana, Hərbi Həkimlər Cəmiyyəti, Korlar Sığınacağı və digər sosial qurumlar yaradılıb.

Pyotr Smirnov 1898-ci ildə dünyasını dəyişdikdən sonra onun varisləri Nikolay, Vladimir və Sergey atasının işlərini təhvil alıb. Amma onların işləri uğurlu alınmayıb. Yalnız oğlu Pyotr vəziyyəti ələ alandan sonra zavodda işlər qaydasında gedib. O isə 1910-cu ildə dünyasını dəyişərkən zavodun “açar”ını arvadına təslim edib. 1918-ci ilə qədər uğurla çalışan şirkətin taleyini inqilab həll edib. İnqilabdan sonra bütün şəxsi sahələr kimi Smirnov zavodu da dövlətin nəzarətinə keçib.

Şəfiqə Şəfa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm