Dəhşətli HÜCUM: deputat öldü, baş nazir son anda ÖLÜMDƏN XİLAS OLDU və... - FOTOLAR
Bizi izləyin

Tarix

Dəhşətli HÜCUM: deputat öldü, baş nazir son anda ÖLÜMDƏN XİLAS OLDU və... - FOTOLAR

Əsgərlərin bədənləri parça-parça oldu...

Mayın 22-də Mançesteri partlayış silkələdi. Konsert zamanı baş vermiş terror nəticəsində 20-yə yaxın insan öldü, onlarla şəxs yaralandı. Ancaq inkişaf etmiş, polis-mühafizə sistemi güclü olan Böyük Britaniya üçün belə partlayışlar heç də yenilik deyil. Əlli ilə yaxındır ki, Birləşmiş Krallıq belə hücumların qarşısını almaq üçün əlindən gələni edir. Lakin önləyici tədbirlər göründüyü kimi, heç də uğurlu nəticələnmir: dəfələrlə siyasətçilərə, nazirlərə və dinc sakinlərə qarşı belə təxribatlar olub.

Amma Britaniyada sui-qəsd hücumlarının tarixi heç də 40 ilə sığışmır, əsrləri aşır. Taleyin ironiyasıdır ki, İngiltərədə baş vermiş ilk sui-qəsd hadisəsi bayram kimi qeyd olunur. Hər il 5 noyabr tarixində insanlar üstünə bığ-saqqal çəkilmiş ağ maskalar taxaraq şənlik keçirir, atəşfəşanlıq edirlər.

1605-ci ildə bir qrup katolik içi barıtla dolu 36 ədəd kiçik çəllək vasitəsilə parlament binasını kral qarışıq havaya uçurmağı planlamışdı. Plan uğursuz alınmışdı, amma o gündən bəri katoliklərin üzlərinə keçirdiyi üstü insan sifətli ağ maska dünyəvi dövlət ədalətsizliyi əleyhinə etiraz rəmzi kimi qəbul edilib.

İrland etirazı

Bu hadisədən əsrlər sonra 1960-ci illərdə bir neçə dəfə parlamentə belə hücum cəhdləri olub. 1984-cü ildə isə Brayton şəhərindəki “Qrand-hotel”də baş vermiş güclü partlayışı ingilislər uzun zaman unuda bilməyiblər. Həmin il ölkənin baş naziri Marqaret Tetçerə qarşı İrlandiya Respublika Ordusu adlı qruplaşmanın silahlıları bu hücumu həyata keçirmişdilər. Marqaret Tetçer və onun həyat yoldaşı xoşbəxt təsadüf nəticəsində sağ qalmışdılar. Belə ki, həmin gecə onların qaldığı otağın tavanının suvağı töküldüyü üçün cütlüyü digər nömrəyə yerləşdirmişdilər. Terrorçular isə bundan xəbərsiz idilər. Tetçer bu hadisəyə soyuqqanlıqla belə reaksiya vermişdi: “Adam belə hadisələri görür, başqalarına ürəyi ağrıyır, amma ağlına da gəlmir ki, bir gün onun da başına gələ bilər”. Hadisə zamanı 5 nəfər həlak olmuşdu. Onlardan biri deputat Entoni Berri idi.

İrlandlar 60-cı illərdən etibarən ingilis hakimiyyətinə qarşı etiraz əlaməti olaraq belə terror hadisələri həyata keçiriblər. İlk olaraq Belfast şəhərində barı partlatmışdılar: 3 nəfər ölmüş, 10-u yaralanmışdı. Bir aydan sonra isə yenə həmin şəhərdə daha bir bar havaya uçurulmuşdu. Nəticədə 15 nəfər ölmüş, 17-si yaralanmışdı.

Sonrakı 30 ildə irlandlar 10 mindən artıq irili-xırdalı partlayışlar törətmişdi. Bu partlayışların qurbanı ümumilikdə 1200 dinc sakin olub. Xalq qarasında irlandların bu hücumunu “bar müharibəsi” adlandırırdılar. Ən böyük partlayış 1974-cü ildə Börminqem şəhərindəki barda baş vermiş, 21 nəfər ölmüş, 182 nəfər yaralanmışdı.

Lakin irlandlar heç də düşünüldüyü kimi təkcə barları hədəfə almırdılar. Dəfələrlə hüquq-mühafizə orqanlarında, kazarmalarda partlayışlar həyata keçiriblər. Həmin illərdə içi əsgər dolu iki yük maşını partladılmışdı. 18 əsgər ölmüş, 6-sı yaralanmışdı. Partlayış elə güclü olmuşdu ki, əsgərlərin tikələri ətrafdan toplanmışdı. Daha dəqiq desək, ət parçaları ağac başından, çay dibindən, kolluqdan və s. yığılmışdı. Komandir Deyvid Bler isə elə xırda tikələrə bölünmüşdü ki, onu ancaq ət parçasının üstündəki hərbi rütbəsindən tanımışdılar. Daha bir partlayış əsgərlərin ailələri ilə birlikdə İngiltərənin şimalına səfəri zamanı baş vermiş, 12 nəfər ölmüşdü.

1976-cı ildə İngiltərənin İrlandiyadakı səfiri köməkçisi ilə birlikdə partladılmış, 1990-cı ildə isə daha bir deputat İen Qayın maşını havaya uçmuşdu.

Maraqlıdır ki, irland terrorçuları hər dəfə iki ölkə arasında münaqişə ilə bağlı danışıqlar dalana dirənəndə bu addımı atırdılar. Üstəlik partlayışlardan qabaq polisə özləri xəbər verirdilər. Sadəcə polis hərəkətə keçənə qədər olan olurdu. Hətta partlayışdan yarım saat öncə xəbər verilirdi ki, dinc sakinləri təxliyyə etsinlər. Amma polis iş başında olarkən ikinci bomba da işə düşürdü və bu zaman minaaxtaranlar və polislər həlak olurdular.

Terroristlər bütün əməllərinə baxmayaraq özləri ölümdən yaxa qurtara bilirdilər. Çünki həmin dövrdə Britaniyada ölüm hökmü ləğv edilmişdi. Bütün həbsə alınan irland terrorçular nə vaxtsa yenidən azadlığa qovuşurdular. İrlandlar tərəfindən sonuncu terror hadisəsi 2001-ci ildə qeydə alınıb.

İngilislər ingilislərə qarşı

Qəribədir ki, irlandlara terror planlarında yardım edənlərin əksəriyyəti dövlət əleyhinə olan ingilislər olurdu. Ultrasolçu siyasətçilər irlandlarla əlaqəyə girərək onlara lazımi məlumatlar ötürür, planın uğurlu keçməsində yardımçı olurdular. Adətən belə ingilislər tez ələ keçirdilər. Amma onların içində “Hiddət briqadası” adını almış anarxist-kommunistlər vardı ki, hökumət qüvvələri onlarla bacarmırdı. Sadəcə bu ingilislərin irlandlardan fərqi o idi ki, onlar dinc əhalini qorumağa çalışırdılar, sakinlərin təxliyəsində hətta yaxından iştirak edirdilər. Onların məqsədi hakim qüvvəni sarsıtmaq və medianın diqqətini çəkmək idi. Ona görə də bu “briqada” daha az gücü olan və ölümə yol açmayan partlayıcı qurğulardan istifadə edirdi. 1970-71-ci illərdə “Hiddət briqadası” 25 partlayış törətmişdi ki, bu partlayışlarda ölən olmamışdı, sadəcə yüngül yaralılar vardı. Nəhayət qruplaşma Britaniyanın xüsusi xidmət orqanları tərəfindən dağıdıldı və üzvləri 10-15 il müddətinə həbs cəzası aldılar.

1990-cı illərdə isə neonasistlər baş qaldırdılar. Britaniya Milli Partiyasının keçmiş üzvü Deyvid Kouplend başına adam toplayıb bombalı hücumlara keçmişdi. Ta 1999-cu ilə qədər London sakinləri onun əlindən küçəyə çıxa bilmirdilər. Bu dəstənin hədəfi isə qaradərili insanlar, Asiya ölkələrindən gəlmələr və homoseksuallar idi. Sonuncu partalayışında üç adam ölmüş, 140-ı yaralanmışdı. Polis Deyvidi tutmağa gedəndə o özü sevincək qapını açmış, öz düzəltdiyi bombaları fəxrlə göstərmişdi. Məhkəmədə isə qürurla bildirmişdi ki, Britaniyanı bütün gəlmələrdən – hindlərdən, pakistanlılardan, afrikalılardan və yəhudilərdən təmizləməyi hədəfləyib. Hədəfindəki homoseksuallar isə ənənəvi ingilis kişisinin adına xələl gətirdiyi üçün həyatla vidalaşmalıydılar. Hazırda Deyvid həbsdədir, ömrü yetsə 2049-cu ildə azadlığa çıxacaq.

Yeni təhlükə dalğası

Birləşmiş Krallıq vətəndaşlarının terror hücumlarına hökumət öyrəşsə də, şərqdən gələn yeni təhlükəyə deyəsən hazır deyildi. Bəlkə də ən çox müsəlmanın yaşadığı Avropa ölkəsi olaraq (3 milyon müsəlman rəsmi vətəndaşdır. Avropada ən çox məscid də Britaniyadadır - 1500) bu dindən olanların hədəfinə tuş gələcəyini güman etmirdi. Amma ilk olaraq 2005-ci ildə gümanında yanıldığı ortaya çıxdı. Bir gündə üç ardıcıl partlayış nəticəsində 52 adam ölmüş, 700-ü yaralanmışdı. Məsuliyyəti islamçı qruplaşma öz üzərinə götürmüşdü. Bir müddət sakitlikdən sonra ötən günlərdə Mançesterdə baş vermiş partlayış göstərdi ki, sevinmək hələ tezdir. Amma işin acınacaqlısı odur ki, Britaniya hakimiyyəti islamçılarla mübarizə aparmağın yolunu tapa bilmir.

Çünki irlandların nə istədiyi bəlli idi, onlarla bir masaya oturub danışıqlar aparır, siyasi təzyiqi azaldaraq, ingilis nəzarətini irlandların özlərinki ilə əvəzləyərək vəziyyətdən çıxa bilirdilər. Amma islamçıların nə istədiyi bəlli deyil, onlarla masaya oturmaq da mümkün sayılmır. Üstəlik islamçı qruplaşmalar heç də kiçik dəstələr deyillər, onların başqa ölkələrdə havadarları da var. Bu böyük şəbəkə ilə Britaniya hüquq-mühafizə orqanları hələ ki bacarmır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm