Mismarsız məscid: 800 ildir fəaliyyət göstərir - VİDEO -FOTOLAR
Bizi izləyin

Tarix

Mismarsız məscid: 800 ildir fəaliyyət göstərir - VİDEO -FOTOLAR

Türkiyənin Samsun vilayətinin Çarşamba bölgəsində yerləşən qədim məscid öz orijinal memarlıq üslubuna və yaşına görə seçilir. Məsələ bundadır ki, 800 illik tarixə malik olan taxta konstruksiyalı bu məscidin inşasında bir ədəd də olsa, mismardan istifadə olunmayıb.

Publika.az xəbər verir ki, miladi təqviminə görə, 1206-cı ildə Səlcuqlar zamanında tikildiyi ehtimal olunan məscid “qəriblər məzarlığı” kimi tanınan qəbristanlığın içində inşa edildiyi üçün yerli əhali ona “məzarlıq camisi” deyir. Nadir memarlıq abidəsi olan "Göçeli" məscidinin müəllifi məlum deyil.

Ehtimallara görə, məscidi bu bölgəyə gələn İslam missionerləri tikib. Məscid binası başdan-başa taxta materialdan ibarətdir. Məscidin dirəkləri, divar örtüyü təqribən 10 santimetr qalınlıqda, 50-70 santimetr enində və 12 metrdən 20 metrə kimi uzunluqda taxtalardan ibarətdir. Tikinti zamanı qarağac, göyrüş, şabalıd ağaclarından istifadə olunub. Şabalıd ağacının üstünlük təşkil etdiyi məscidin yalnız damını çətir kimi örtən tavan kirəmitdəndir. Bütün detallar mismar və başqa bərkidici vasitələrdən istifadə edilmədən, bir-birinə geydirilmiş şəkildə və paya üsulu ilə inşa edilib.

Ərazidə qeydə alınan zəlzələlər zamanı məscidə heç bir ziyan dəyməyib. Məscid tikildiyi gündən bu günə qədər cəmi bir dəfə 1335-ci ildə təmir edilib. Türkiyə hökuməti bu məscidi mühafizə olunan milli sərvətlər sırasına daxil edib.

Məscid hər il minlərlə turistin marağına səbəb olur.


Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm