Naxçıvanda eneolit dövrünə aid tapıntı - FOTO
Bizi izləyin

Tarix

Naxçıvanda eneolit dövrünə aid tapıntı - FOTO

Son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində xeyli yeni arxeoloji abidə aşkar olunub. Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir.

Publika.az xəbər verir ki, bu sözləri AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyev Naxçıvanda aparılan tədqiqatlardan danışarkən deyib.

Onun sözlərinə görə, aşkarlanan abidələrin bir qismi Eneolit (mis-daş dövrü, e.ə. VI-IV minilliklər) dövrünə aiddir.

“Azərbaycanda Şomutəpə və Kültəpə tipli abidələrin Neolit (yeni daş dövrü, e.ə. VIII-VI minilliklər) dövrünə aid edilməsi nəticəsində Son Neolit və Son Eneolit mədəniyyətləri arasında bir boşluq yaranmışdı. Naxçıvanda aşkar olunan abidələr bu boşluğu doldurmağa imkan verir. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlər onların e.ə. V minilliyin birinci yarısına aid olduğunu göstərmişdir. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkar olunan yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir”- Vəli Baxşəliyev AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə açıqlamasında bildirib”.

V.Baxşəliyevin sözlərinə görə, Naxçıvan MR Ali Məclisi Sədrinin tövsiyyəsi ilə Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvan yaşayış yerində araşdırmalar 10 iyul 2017-ci il tarixdən başlanılıb:

“Hazırda tədqiqatlar davam edir. Yaşayış yerinin tədqiqi zamanı e.ə. V minilliyin birinci yarısına aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Yaşayış yeri düzbucaqlı arxitektura ilə xarakterizə olunur. İlkin araşdırmalar mədəni təbəqənin 1,5-2 m arasında olduğunu göstərir. Yaşayış yerindən aşkar olunan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir. Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerindən aşkar olunan Eneolit mədəniyyəti indiyədək izolyasiya olunmuş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkar olunmamışdı. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir”-ekspedisiya rəhbəri xüsusi olaraq vurğulayıb.

O bildirib ki, arxeoloji araşdırmalar Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki Eneolit abidələrində istifadə olunan obsidianın (dəvəgözü, vulkanik mənşəli şüşədən ibarət dağ suxuru) 95%-i Naxçıvan yaxınlığındakı Sünik yatağından aparıldığını göstərir.

“Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 60%-i Göyçə, 30 %-i Sünik obsidianından istifadə olunduğunu və Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm strateji nöqtə olduğunu göstərir. Hazırda aparılan araşdırmalar əsasında Eneolit yaşayış yerlərinin GPS koordinaları əsasında xəritələşdirilməsi qədim kommunikasiya xətlərini müəyyənləşdirməyə də imkan verib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm