Dilqəm Əhmədin “Cümhuriyyət mirası” sərgiləndi - - FOTOLAR
Bizi izləyin

Tarix

Dilqəm Əhmədin “Cümhuriyyət mirası” sərgiləndi - - FOTOLAR

Caspian Platformda Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Cümhuriyyət mirası” sərgisi keçirilib.

Publika.az xəbər verir ki, sərgidə Azərbaycan Cümhuriyyətinə və mühacirətinə dair nadir fotoşəkillər, məktublar, sənədlər sərgilənib, bilgilər verilib.

D.Əhmədin verdiyi məlumata görə, bu, onun sayca 9-cu sərgisidir: “İlk sərgim 2015-ci ildə keçirildi. Daha sonra Bakıda keçirilən IV Beynəlxalq kitab sərgisinə dəvət edildik. İstanbuldan Cümhuriyyət və onun davamı olan mühacirət arxivini toplamağa başladıqdan sonra bu sahədə davamlı sərgilər təşkil etdim. Kolleksiyamda Məhəmməd Əmin Rəsulzadəyə aid imzalı kitab, orijinal fotolar, məktublar var. Eləcə də digər mühacirlər – Mirzəbala Məhəmmədzadə, Abbasqulu Kazımzadə, Almas İldırım, Mustafa Vəkiloğlu və başqalarına aid çoxlu məktublar, fotolar toplamışam. Kolleksiyamdakı materiallardan ibarət “Fərqlilər” və “Mühacirlərin dönüşü” adlı iki kitab çap etmişəm. "Teas Press" Nəşriyyat Evindən çap olunan bu kitabların gələn il davamı olacaq”.

D.Əhməd əlavə edib ki, İstanbulda alınası kifayət qədər nadir materiallar var: “Mənə indiyə qədər daha çox vətəndaşlar kömək edib, özüm də minimal imkanlarımla auksionlarda olan bu materialları alıb tariximizə qazandırmışam. İstanbulda yenə də Azərbaycan siyasi mühacirətinə aid nadir materiallar əntiq əşya mağazalarında, auksionlarda satışa çıxarılır. İş adamlarımız, imkanlı şəxslərimiz mənə dəstək göstərərsə, bu materialları alıb növbəti kitablarımı yaza bilərəm. Xüsusən, Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 100 illiyi ilə bağlı cənab Prezidentin sərəncamı var, ona görə də bu materialların alınıb ölkəyə gətirilməsi vacibdir”.

D.Əhməd sonda sərgilərin keçirilməsinə uzun müddət fasilə verəcəyini bildirdi: “Həmişə çalışmışam ki, insanlar orijinal materiallara toxuna bilsinlər. Əhməd Ağaoğluna aid geniş bir arxivi vətənə gətirmişik, vətəndaşların arxivlərlə birbaşa tanış olmasını istədiyim üçün bu sərgiləri keçirirəm. Amma materialları qorumaq, gələcək nəslə ötürmək üçün sərgilərə bir müddət fasilə verirəm. Son sərgimizi təşkil edən Bəxtiyar Hacıyevə, Caspian Platform ofisinə və iştirakçılara təşəkkür edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm