Daşkəsəndə 3 min il əvvəl basdırılmış 12 yaşlı qızın QƏBRİ TAPILDI - FOTOLAR
Bizi izləyin

Tarix

Daşkəsəndə 3 min il əvvəl basdırılmış 12 yaşlı qızın QƏBRİ TAPILDI - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun təşəbbüsü ilə Daşkəsən - Goranboy ekspedisiyasının Əmirvar kurqanında tədqiqat işləri aparılıb.

Tədqiqat işinə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərlik edib. Arxeoloji ekspedisiyada Daşkəsən rayonu, Əmirvar kəndi ərazisində kurqan tipli qəbir abidələrində qazıntı işləri aparılıb.

Ekspedisiya rəhbəri Bəxtiyar Cəlilovun Publika.az-a verdiyi məlumata görə, tədqiqatlar nəticəsində hündürlüyü 3,5 m, diametri 28 metr olan kurqanın üst örtüyünün ətrafi iri qaya parçalarından ibarət kromlexlə əhatələnib. Aparılan qazıntı işləri zamanı kurqan örtüyünün altından, bir-birində 3 metr aralı, 2 qəbir kamerası aşkar edilib. Kurqan kameraları öncə materikdə qazılmış, daha sonra iri sal qayalardan istifadə edilməklə, meqalitik məzar odaları hazırlanb.

Hər biri 8 ədəd iri sal qayalardan hazırlanmış məzar odalarının eni 2-2,3 metr, uzunluqları 4 metr, hündürlükləri 2 metrdir. Kameranın inşasında istifadə edilən qayaların hər birinin ağırlığının təxminən 3-4 ton təşkil etməsini, həmçinin onların kifayət qədər kənar ərazidən buraya gətirilmələrini nəzərə alsaq, qədim dövrdə bu kurqanların inşa edilməsində çəkilən zəhmət və tikintidə hansı inşaat üsulundan istifadə edilməsini təsəvvür etmək insanda təəccüb yaratmaya bilməz. Kameraların inşasında istifadə edilən sal qayaların arası kiçik qaya daşları ilə doldurulub, iç tərədən isə gil ilə suvanıb.

Mərhum və ona məxsusu olan ritual əşyalar meqalitik məzar odasına qoyulduqdan sonra, qərb tərəfdən olan giriş sal qaya daşla bağlanıb. Birinci qəbir kamerasından aşkar edilən insan qalıqları və qəbir avadanlıqlarına əsasən, burada yeniyetmə, 12-14 yaşları arasında qızın dəfn edildiyi müəyyən edilib. Kurqan kamerasından saxsı qab nümunələri, tunc bəzək əşyaları, asmalar, piləklər, qolbağlar, üzük, iynə, çoxsaylı mineral muncuqlar, taxta və parça qalıqları aşkar edilib. İnsan sümükləri güclü çürüməyə məruz qalmışdı. Qəbirdən aşkar edilən zəngin tunc bəzək əşyalarının ritual xarakter daşıdığını söyləmək olar.

Belə ki, onların ümumi çəkisini və say miqdarını nəzərə alsaq, nəinki yeniyetmə qızın, hətta böyük insanların belə, bunları gündəlik və ya hər hansı bir tədbirlərdə üzərində daşıması imkansızdır.

Ekspedisiya rəhbəri Bəxtiyar Cəlilovun bildirdiyinə görə, qəbir avadanlıqları içərisində xüsusi maraq doğuran tapıntılardan biri parça qalıqlarıdır. Belə ki, buradan ayrı-ayrı parça nümunələri aşkar edilib ki, onların daha sıx və incə toxunulmadan, daha qalın və seyrək toxunulmaya qədər 4 fərqli toxunma metodu müəyyən olunub. İbtidai cəmiyyətdə qədim insanların heyvan dərisindən, bitki liflərindən və ya yundan hazırlanmış və yalnız bir geyiminin olduğu haqqında təsəvvürlərimizi aşkar edilən parça qalıqları kökündən dəyişməkdədir. Belə ki, kurqanda qalıqları aşkar edilmiş yeniyetmənin dəfn edilərkən, üst-üstə ən azı 3-4 geyimə malik olduğunu qeyd edə bilərik.

Bu, onu göstərir ki, ən azından Azərbaycan ərazisində tunc dövründə qədim toplumun geyimi bir neçə dəstdən ibarət idi. Kurqanın 2 nömrəli kamerasında aşkar edilən qəbir hədiyyələrinə əsasən onun cəmiyyətdə yüksək mövqeyə malik olan insana məxsus olduğunu qeyd edə bilərik. Belə ki, qəbir avadanlıqları içərisində, bir ədəd, başlığı öküz başı formasında olan, tuncdan hazırlanmış skipetrin (hakimiyyət rəmzi olan əsa) hissələri aşkar edilib.

Bununla yanaşı kameradan saxsı qab nümunələri, tunc piləklər, mineral daşdan olan muncuqlar, tunc toqqa hissələri və s. aşkar olunub. B.Cəlilov kurqan kamerasının üst örtüyünün yan kəsiyinə əsasən, burada ilk olaraq yeniyetmənin, daha sonra isə yaşlı insanın dəfn edildiyi qənaətindədir.

Kurqandan aşkar edilən maddi mədəniyyət nümunələrinə əsasən onlar, son tunc dövrünə, e. ə. XII-XI əsrlərə aid edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm