Nostradamusun himayədarı olan kraliçanın QANDONDURAN ƏMƏLLƏRİ: 8000 insanın DƏHŞƏTİ
Bizi izləyin

Tarix

Nostradamusun himayədarı olan kraliçanın QANDONDURAN ƏMƏLLƏRİ: 8000 insanın DƏHŞƏTİ

8000 insanın başına gətirilən DƏHŞƏTLƏR

Dünya tarixinin ən qorxunc fiqurlarından biri kral II Henrixin xanımı kraliça Yekaterina Mediçidir. Kimsə onu ən qanlı və amansız kraliça adlandırır, kimsə isə sadəcə bədbəxt ana və sevilməyən həyat yoldaşı… Məhz o, “Varfolomey gecəsi” adını almış kütləvi qırğının başlanğıcına siqnal verib. Əslində bu qanlı hadisələrdə onun rolu nə idi?

Publika.az bugün, portalın “Tarix” bölməsinin oxucularına olduqca maraqlı fiqur – Nostradamusun himayədarı, məşum kraliça Yekaterina Mediçi haqda yazını təqdim edir.

Rəssam Fransua Klue. "Yekaterina Mediçi və Henrix de Valua - II Henrix"

Yekaterina Mediçini 14 yaşında şahzadə Henrix de Valuaya ərə verirlər. Nikahda Yekaterina heç vaxt xoşbəxt olmadı. Henrixə bu ittifaq ona görə lazım idi ki, xanım Mediçi Roma Papası ilə qohum idi. Fransızlar Yekaterinaya birmənalı yanaşmadılar - açıq qərəz sərgiləyərək onu "tacir arvadı" və cahil adlandırırdılar.

Evlilikdən bir qədər sonra Henrix özünə yeni favorit məşuqə tapdı. Bu, Diana de Puatye idi. O, Fransanın ən nüfuzlu qadınlarından birinə çevrildi və Yekaterinaya bununla barışmaqdan başqa çarə qalmadı...

Rəssam Fransua Klue. "Yekaterina Mediçinin portretləri", 1555.

Yekaterina Mediçi mütləq hakimiyyət ideyasına tutqun və öz hədəfinə çatmaq üçün heç nəyə məhəl qoymayan, zəhərləmələrdə, intriqalarda, rəqiblərlə qarşı qanlı divanlarda hətta qara magiyadan belə istifadə edirdi. Bu nöqteyi-nəzərin tərəfdarlarından biri – yazıçı Kristofer Uilyam Qortner “Yekaterina Mediçinin kəşfləri” romanında onun əri II Henrixin taxta çıxmasının səbəbi kimi, Yekaterinanın varis şahzadəni zəhərlədiyini göstərir.

Eyni zamanda yazıçı romanda vurğulayır ki, Mediçi himayə etdiyi məşhur ekstrasens Nostradamusun xidmətlərindən də istifadə edirdi.

Rəssam Fransua Klue. "II Henrix"

1559-cu ildə II Henrix yarışda almış travmadan dünyasını dəyişir. Hakimiyyətə II Fransısk gəlir, lakin faktiki olaraq ölkəni Yekaterina Mediçi idarə edirdi. Henrixin ölümündən sonra 30 il ərzində, həyatının sonuna qədər kraliça matəm əlaməti olaraq, yalnız qara paltar geyinirdi. Məhz o, geyimdə qara rəngi dəbə daxil etdi, ona qədər matəm üçün ağ rəngli paltarlar geyinilirdi. Mediçi bu vərdişinə görə "qara kraliça" ləqəbini alır. Hərçənd bu, belə bir ləqəbin yeganə səbəbi deyildi...

Yekaterina Mediçi adı ilə Fransa tarixinin ən qanlı hadisələrdən biri də bağlıdır. Hugenotları öz qızının toyuna dəvət edən kraliça onları tələyə salır – onlar üçün əsl soyqırım təşkil edir. Hugenotlar – bu bir dini cərəyan idi və uzun illər katoliklərlə amansız savaşıblar. Bu münaqişələr tarixdə bir sıra dini müharibələrin öncüllərindən sayılır. Fransada XVI - XVIII əsrlərdə kalvinizm tərəfdarlarını "hugenot" adlandırırdılar.

Rəssam Fransua Dyubua. “Varfolomey gecəsi”, XVI əsr.

1572-ci ildə avqustun 23-dən 24-ə keçən gecə onun əmri ilə katoliklər təxminən 3000 hugenot öldürürlər. Hadisə “müqəddəs Varfolomey günü” ərəfəsində olduğu üçün tarixə “Varfolomey gecəsi” kimi düşdü. Kütləvi qırğın bütün Fransanı bürüyür və bir neçə gün davam edir. Bu vaxt ərzində təxminən 8000 hugenot qətlə yetirilir. Hərc-mərclikdən istifadə edən paris quldurları dini baxışlarından asılı olmayaraq sakinləri qarət edirdilər.

“Varfolomey gecəsi”, qədim qravyur.

“Varfolomey gecəsi”, qədim qravyur.

“Varfolomey gecəsi”, qədim qravyur.

Ancaq bəzi tarixçilər bu hadisədə Mediçinin birbaşa əlinin olmasını inkar edirlər. Onlar ehtimal edirlər ki, həmin gecə vəziyyət sadəcə kontroldan çıxır və kraliça məsuliyyəti öz üzərinə götürməyə məcbur edilir. Bu versiyaya əsasən, kraliça yalnız hugenotlarının lideri admiral de Kolinyi və onun silahdaşlarını öldürmək istəyirdi, amma planlaşdırılmış siyasi qətl məcradan çıxaraq kütləvi qırğına keçir.

Tarixçi V.Balakin hesab edir ki, Yekaterina Mediçi 30 il ərzində anarxiya güclərinin qarşısını alır və sülaləni dağıdıcı təsirlərdən müdafiə edirdi. Lakin kraliçanın müasirləri – məsələn, fransız humanisti Jan Boden başqa cür düşünürdü: "Əgər padşah zəif və əsəbidirsə – onda o, - zülm yaradır, əgər sərtdirsə – qırğın təşkil edir, əgər mənəvi pozğundursa – fahişəxanalar təşkil edir, əgər xəsisdirsə – vətəndaşların dərisini soyur, əgər azğındırsa – qan və beyin sovurur. Amma ən qorxunc təhlükə – padşahın intellektual yararsızlığıdır".

Rəssam Fransua Klue. "Yekaterina Mediçinin portretləri".

Kraliça 69 yaşında dünyasını dəyişdi. Onun ölümündən az sonra axırıncı oğlu – III Henrix də öldürülür. Beləcə Valua sülaləsi öz mövcudluğunu bitirir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm