AXC-nin büdcə quruculuğu təcrübəsi - Vergi sistemi
Bizi izləyin

Tarix

AXC-nin büdcə quruculuğu təcrübəsi - Vergi sistemi

Haqqında həmişə qürurla danışdığımız, 1918-ci ilin mayında yaranan Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) təkcə bugünkü Azərbaycanın sərhədlərini müəyyənləşdirməyib.

Publika.az xəbər verir ki, cümhuriyyət, eyni zamanda, bütün prioritet sahələr, iqtisadiyyat və onun bölmələri üzrə də mühüm addımlar atıb.

Cümhuriyyətin qarşıya qoyduğu əsas vəzifələrdən biri də iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal vergi sisteminin qurulması idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət vergi işini institutsional cəhətdən daima təkmilləşdirir, buradakı problemlərə xüsusi diqqət yetirirdi. Parlamentin 17 mart 1919-cu il tarixdə təsdiq etdiyi qanunla yerlərdə gəlir vergisini yığmaq hüququ quberniya və qəza idarələrinə verildim və parlamentin 17 iyun 1919-cu il tarixli qərarı ilə Maliyyə Nazirliyinin nəzdində vergi müfəttişi vəzifəsi təsis olundu. Parlamentin 22 dekabr 1919-cu il tarixli iclasında Balaxanı-Sabunçu rayonlarının vergi polisinin təsis edilməsi haqqında qanuna baxılmışdı. 15 may 1919-cu il tarixli qanunla isə kapital vergisinin, müstəqim vergilərin dərəcələri təsdiq olundu. Məsələn, kapital üçün vergi müəssisələrin əsas kapitalının hər bir manatı üçün 30 qəpik müəyyənləşdirildi.

23 iyul 1919-cu il tarixdən yaşayış minimum dövlət vergisinə cəlb olunmayan hissəsi 1000 rubldan 5000 rubla qədər artırıldı. O zaman parlament tərəfindən torpaq, sənət, əmlak vergisinin, həmçinin, neft və kənd təsərrüfatına qoyulan aksizlərin artırılması dövlət büdcəsinin yaranmasına əsaslı təminat versə də, onların tam müsbət nəticə verdiyini söyləmək düzgün olmaz. Lakin bu tədbirlər liberal iqtisadiyyat quruculuğu, o dövrün prioritet iqtisadi nəzəriyyələrinin tələbləri baxımından, demək olar ki, düzgün müəyyənləşdirilmişdi.

Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başladı. Azərbaycan Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə 1919-1920-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan Nümayəndə heyətinin ingilis və fransız dillərində yaydığı mühüm siyasi-tarixi sənədlərdən biri “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh konfransından tələbləri” kitabçasıdır. Filologiya elmləri doktoru Vilayət Quliyevin ingilis dilindən tərcümə etdiyi həmin kitabçada Qafqaz Azərbaycanı Cümhuriyyəti Büdcəsi haqqında - 1919-cu il üçün illik gəlirin və büdcə xərclərinin smetası illik gəliri olan hissə qeyd edilir:

Gəlir mənbəyi. Məbləğ (manatla)

I. Mustəqim vergilər:

Torpaq vergisi, mənzil kirayəsi, 115.000.000 gəlir vergisi; hərbi mukəlləfiyyət vergisi, notarial vergilər;

II. Qeyri-mustəqim vergilər: 120.000.000 Ağ neft, benzin, surtgu yağları: kerosin; digər neft məhsullarından alınan vergi gömrük haqqı: 100.000.000

III. Möhür haqqı, azad ticarətdən, yük daşımalarından; tranzit sərnişinlərindən və mallardan, malların sığortasından və s. alınan vergilər - 15.000.000

IV. Dövlət inhisarları - 7.000.000

V. Neft mədənlərinin istismarından, meşələrdən, pambıq tarlalarından, balıq vətəgələrindən alınan vergilər - 228.000.000

VI. Dövlət dəmiryolunun xalis gəliri - 50.000.00

Cəmi: 665.000.000

AXC-nin bütün fəaliyyəti ərzində tədavülə 2 milyard 134 milyon manatdan (bon) çox pul buraxılmışdı. Maliyyə siyasətində mütərəqqi gəlir vergisinin tətbiq edilməsi əsas istiqamətlərdən birini təşkil edirdi. Cənubi Qafqaz Seymi buraxıldıqdan sonra Azərbaycanın öz qonşuları ilə sərhədlərini müəyyənləşdirməsi də ön planda dayanırdı.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib ki,Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi tədbirlərindən biri də gənc respublikanın maliyyə sistemini tənzimləmək və xəzinədə vəsait toplanmasına nail olmaq idi. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə vəziyyəti çox ağır idi: “Siyasi sabitliyin pozulması, işsizliyin artması, manatın dəyərdən düşməsi ölkə əhalisində hökumətə inamsızlıq doğururdu. Bu məsuliyyətin bir hissəsi həm də parlamentin üzərinə düşürdü, çünki qanunverici orqan iqtisadi məsələlərlə məşğul olmağa vaxt tapmır, fəaliyyətini sırf siyasi məsələlərə yönəltməyə məcbur olurdu. Parlament dağılmış iqtisadiyyatı bərpa etmək məqsədilə bir sıra qanunverici aktların hazırlanmasına, qəbul edilməsinə yalnız dörd aydan sonra başladı. Dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar zərfi hazırlanırdı. İlk vaxtlar bu sahədə aparılan iş keçmiş Rusiya imperiyasının müvafiq qanunlarına düzəliş və əlavələr etməklə məhdudlaşırdı, sonralar isə müxtəlif vergilər haqqında ayrı-ayrı qanun layihələri müzakirəyə çıxarılır və qəbul edilirdi. Təəssüf ki, bu zaman başlıca olaraq ənənəvi vergi sistemindən, xəzinənin ehtiyaclarını ödəmək üçün dolayı vergilərdən - inhisar yığımları, gömrük vergiləri və aksizlərdən istifadə edilirdi”.

Cümhuriyyət hökuməti maliyyə siyasətində mütərəqqi gəlir vergisi siyasətinə üstünlük verirdi. Parlamentin 26 dekabr tarixli iclasında çıxış edən baş nazir Fətəli xan Xoyskinin təqdim etdiyi hökumət proqramında deyilirdi: “Ölkədəki maliyyə vəziyyəti hələlik qeyri-müəyyəndir. Hələ ki, Azərbaycanın öz pul əsginası yoxdur. Azərbaycan hökuməti öz pullarını buraxmaq əzmindədir. Maliyyə siyasətində mütərəqqi gəlir vergisi həyata keçiriləcək”.

C.Bəhramov deyir ki, parlamentin fəaliyyəti dövründə müzakirəyə çıxarılan 315 qanun layihəsindən 82-i Maliyyə Nazirliyi tərəfindən təqdim edilmişdi: “Qanun layihələrindən birində vergi məsələsi ilə bağlı bütün şikayətlərə Maliyyə Nazirliyi əməkdaşlarından ibarət şuranın baxması təklif olunurdu. Bütün siyasi partiyalar, o cümlədən, iqtidar partiyası olan “Müsavat”da dolayı vergilərin ləğvinə və mütərəqqi gəlir vergisinin tətbiqinə tərəfdar idi. Lakin hökumət və parlament əlavə vəsait əldə edilməsi məqsədilə tez-tez dolayı vergilərin tətbiqinə məcbur olurdu. 1919-cu ilin əvvəlinədək dövlətin gəliri 600 milyon manat idi ki, bunun da 400 milyon manatı dolayı vergilərin, xüsusən, neft məhsullarının payına düşürdü. Digər tərəfdən, kənd təsərrüfatının əsas özəyini əkinçilik təşkil etdiyi halda, ona müasir vergi sistemi tətbiq etmək çox çətin məsələ idi. Çünki bununla bağlı həm yeni minimum hədd müəyyənləşdirmək, bütün vergiyə cəlbetmə dərəcələrini nəzərdən keçirmək, həm də büdcə haqqında qanunun olmadığını nəzərə almaq lazım gəlirdi. Bütün bunlar dövlət büdcəsinin vaxtında tərtibinə və xərclərinin bölüşdürülməsinə mənfi təsir göstərirdi. Vergi sahəsindəki vəziyyət bir də o səbəbdən ağırlaşırdı ki, bütün yerlərdə vergilərin təyin edilməsi və yığılmasını həyata keçirən məsul struktur orqanlar yox idi və vergiləri qəza rəisləri yığırdılar. Maliyyə Nazirliyi nəzdindəki müvafiq vergi şöbəsi obyektiv səbəblərə görə vergi növlərini və ölkə ərazisini bütünlüklə əhatə edə bilməmişdi. Buna görə verginin miqdarı smetada qabaqcadan təyin edilmədiyi üçün yığım və inhisarlar şöbəsi yaratmaq məqsədəuyğun hesab edildi”.

Hökumətin vergi işinə nə qədər ciddi yanaşdığını atılan addımlarla yanaşı parlamentin qəbul etdiyi qanunlarda, eyni zamanda hökumət üzvlərinin çıxışlarında da görmək mümkündür.

AXC lideri Məhəmməd Əmin Rəsulzadə hələ Cümhuriyyət qurulmamışdan öncə “İqbal” qəzetində nəşr olunan məqaləsində deyirdi: “...Gəlirə görə vergi vergi üsulları arasında ən müvafiqidir: kimin nə qədər gəliri varsa, ona görə də vergi veriyor. Azdan-az, çoxdan-çox. Yüz manat gəliri olandan məsələn beş manat alınarsa, min manat gəliri olandan əlli manat alınıyor. Hələ bu tənasüb mütərəqqi üsuluna tətbiq olunarsa, min manat gəliri olandan əlli manatdan bir az da fəzlə təhsil olunur. Çünki, çox gəliri olan adamın az gəliri olan adamdan həyatı daha geniş keçə biləcəyindən ondan nisbətdən bir az artıq daha təhsil etmək ədalətə müğayir olmaz”.

AXC lideri həmçinin qeyd edir: “...Bunu da xatirdən çıxarmamalıdır ki, köhnədən mövcud olan müstəqim və qeyri-müstəqim vergilərin artmasınm ən böyük ağırlığı iştə bu sinif əhlinin üzərinə yüklənmişdir. Onları bir də altı manatlıq əlavə bir hərb vergisilə mükəlləf etmək müvafiq olamaz. Aylıq gəliri on-iyirmi manatdan yuxarı olmayan bir adam üçün altı manat böyük puldur və onu vermək böyük külfətdir”.

Buradan da görünür ki, AXC lideri və hökumət aztəminatlı əhalini də düşünüb və vergi sisteminin şəffaf olması, eyni zamanda, bütün təbəqələrə uyğun olması üçün çalışıblar.

Zümrüd Kərimova

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm