Böyük Azərbaycan dövlətinin yaranmasına razı olmayacaqlar - Gizli tarix
Bizi izləyin

Tarix

Böyük Azərbaycan dövlətinin yaranmasına razı olmayacaqlar - Gizli tarix

Stalinin bu tələbləri ilə eyni zamanda ermənilər "Türkiyə Ermənistanı" adlı xəritə buraxırlar.

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: "İran Kürdüstanı Cənubi Azərbaycan ərazisinə aid idi - Gizli tarix" http://publika.az/p/5736)

Dekabrın 24-də İ.Stalin Böyük Britaniyanın xarici işlər naziri E.Bevinlə görüşür. Bu görüşdə Stalin Türkiyəyə qarşı iddialarını səsləndirir. Türkiyəyə iddialar iki istiqamətdə idi. Birinci istiqamət – Stalin Türkiyənin Bosfor və Dardanel boğazlarına sahibliyinə etiraz edir. İkinci istiqamət – guya Türkiyənin şərq vilayətləri tarixən Ermənistan və Gürcüstana bağlı olduğu üçün o həmin əraziləri geri istəyir.

Stalinin bu tələbləri ilə eyni zamanda ermənilər "Türkiyə Ermənistanı" adlı xəritə buraxırlar. Moskva "tədqiqatçıları" bu qərara gəlmişdilər ki, Qars və Ərdahan vilayətləri erməni torpaqları, Trabzon və Qara dəniz sahilləri isə Gürcüstan torpaqlarıdır. Gürcüstan SSR xarici işlər naziri Q.İ.Kiknadze L.P.Beriyaya "Türkiyə ərazisində Gürcüstan torpaqları haqqında" məktub-məruzə ilə müraciət edir. Bu məruzədə göstərilirdi ki, Türkiyə ərazisindən 17.760 kv. km Gürcüstan SSR-ə, 13.190 kv. km isə Ermənistan SSR-ə məxsusdur.

1945-ci ilin sonlarında Sovet Ordusu Bolqarıstan – Türkiyə, Gürcüstan – Türkiyə, Ermənistan – Türkiyə sərhədlərində cəmləşir.

Şübhəsiz, M.C.Bağırov Stalində bu iddiaların haradan yarandığını çox yaxşı bilirdi. O başa düşürdü ki, Böyük Azərbaycan dövlətinin yaranmasına razı olmayacaqlar. Stalin Moskvada müttəfiqlərlə görüşdən sonra anladı ki, SSRİ öz qoşunlarını İrandan çıxartmağa məcbur olacaq.

1946-cı ilin elə ilk günlərindən etibarən 1943-cü ildən İran ərazisində yerləşən ingilis qoşunları və azsaylı ABŞ qoşunları ölkədən çıxarılmağa başlayır. Moskva konfransı zamanı müttəfiq dövlətlər İngiltərə, ABŞ və SSRİ-dən ibarət Komissiyanın yaradılması məsələsini qoydular. İran şahı Məhəmmədrza, ABŞ-ın bu komissiyadakı üzvlüyünü yüksək qiymətləndirərək, ABŞ-ın İranın ərazi bütövlüyünün qarantı görmək istəyirdi.

Bu prosesləri əvvəlcədən görərək, Stalin Yaxın Şərqin SSRİ-nin təsir sahəsinə cəlb olunması üçün yeni yollar axtarırdı. Görünür, bu axtarışlar zamanı Mikoyan erməni və gürcülərin Türkiyəyə qarşı "kozır kartını" Stalinin stolu üzərinə atmışdı. Sonrakı məqsəd qədim türk torpaqlarını erməni və gürcü torpağı adlandırmaq, onları Sovet Ermənistanına və Sovet Gürcüstanına birləşdirmək idi. Moskvada belə hesab edirdilər ki, bu yolla İraqın şimalındakı Mosolun zəngin neft yataqlarına yaxınlaşmaq olar. M.C.Bağırov bu ssenarini dərindən başa düşərək, Təbrizdə işləyən Bakı "üçlüyünə" S.C.Pişəvəri ilə görüşmək niyyətində olduğunu bildirir. Görüşdən sonra, Cənubi Azərbaycandakı hadisələri təhlil etdikdə, onların hansı məsələləri müzakirə etdikləri aydın olur.

Belə ki, 15 yanvar 1946-cı il tarixdə Azərbaycan hökumətinin başçısı S.C.Pişəvəri, Məclis sədri Şəbüstəri, hökumət sədrinin müavini S.Padeqan, maarif naziri M.Biriya və daxili işlər naziri S.Cavid Azərbaycan Demokratik Respublikasının yaradılması haqqında sənəd imzalayırlar (C.Həsənli. Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan). Sənəddə deyilirdi:

1. Bizim ölkəmiz Milli-demokratik respublika adlanır.

2. Bu respublika həqiqi demokratiya əsasında yaranıb.

3. Yaxın günlərdə Müəssisələr Məclisi tərəfindən demokratik dəyərlərə söykənən əsas qanun (Konstitusiya) işlənib qəbul olunacaq.

4.Azərbaycan Milli-demokratik respublikasının Konstitusiyasında söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı nəzərdə tutulur və müxtəlif din təmsilçiləri öz dinlərinə azad etiqad edə bilərlər.

5. Dövlət orqanlarını xalqa yaxınlaşdırmaq üçün bütün dövlət məmurlarının fəaliyyətinə xalq tərəfindən nəzarət olunacaq.

6. Azərbaycan Milli-demokratik respublikası təşəbbüs göstərmək üçün şərati yaradır. İnsanların rifahını yüksəltmək üçün iqtisadi inkişafın yaxşılaşmasına zəmin yaradır.

7. Kəndlilərin rifahının yüksəldilməsi üçün dövlət torpaqları onların arasında bölüşdürüləcək.

8. İşsizliyin ləğv olunması üçün yeni sənaye müəssisələri tikiləcək.

9. Azərbaycan Milli-demokratik respublikası insanların həyatının yaxşılaşdırılması və ölkənin iqtisadi inkişafı üçün öz ərazisində faydalı qazıntıların çıxarılmasını təşkil etməli və bunun üçün geoloji tədqiqatlar və axtarışlar aparmalıdır.

10. Tehranın diktator rejimi ucbatından sivil dünyadan geridə qalmış Azərbaycanda elm, texnika və mədəniyyət inkişaf etdirilməlidir.

11. Coğrafi və etnoqrafik göstəricilər əsasında Milli-demokratik respublika aşağıdakı şəhərləri əhatə edir: Təbriz, Ərdəbil, Urmiya, Miyandoab, Marağa, Salmas, Xoy, Mərənd, Miyana, Ənzəli, Maku, Əhər, Xosrovabad, Zəncan, Qəzvin və Həmədan. Xəritəyə əsasən, bizim ərazimiz 95% azərbaycanlıların yaşadığı yerlərdir.

12. Təqdim olunmuş xəritədə Şimali Kürdüstan muxtariyyət şəklində Azərbaycan Milli-demokratik respublikasının ərazisində yerləşir.

Bu sənəddən M.C.Bağırovun Gürcüstan və Ermənistana qarşı ərazi iddialarının neytrallaşdırılması üçün hansı addımlar atdığı aydın görünür. Belə ki, M.C.Bağırovun ssenarisinə görə, hətta Sovet Ordusu İrandan çıxarılsa belə, SSRi-nin nəzarəti altında olan müstəqil Cənubi Azərbaycan dövləti və Şimali Kürdüstan Quzey Azərbaycan ərazisinə birləşdirilir və gələcəkdə bu, ölkənin sərhədlərini İraq sərhədlərinədək gətirib çıxarır. Bu isə, öz növbəsində, SSRİ-ni İraq kürdləri və azərbaycanlılarından (türkmənlərdən) ingilislərə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə etməklə, İraqın şimalındakı, Mosulda olan zəngin neft yataqlarına yaxınlaşdıracaqdı.

Aydındır ki, gürcü və ermənilərin türk torpaqlarına ərazi iddiaları Bağırov və Beriya tərfindən dəfələrlə müzakirə olunmuşdu. Hətta yeni yaranmış Azərbaycan demokratik respublikası da onların müzakirə mövzusu olub. Şübhəsiz, L.Beriya M.C.Bağırovun ssenarisini dəstəkləməli idi. Buna görə də gürcü və ermənilərin Türkiyəyə yönəlmiş və M.C.Bağırovun ssenarisinə daxil olmayan ərazi iddiaları L.Beriya tərəfindən müdafiə oluna bilməzdi. Və sözsüz ki, L.Beriyanın Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləməməsi Sovet rəhbərliyinin mövqeyində böyük rol oynadı.

Təsadüfi deyil ki, sonradan (1953-cü ildə) L.P.Beriya ADR (Almaniya Demokratik Respublikası) və AFR-i (Almaniya Federativ Respublikası) birləşdirməyi təklif edir və bu dövlətin əsası sanki Azərbaycan Milli-demokratik respublikasının prinsipləri üzərində qurulurdu. (1953-cü ilin yazında Stalinin ölümündən sonra Moskvada hakimiyyət və sovet siyasətinin dəyişdirilməsi uğrunda mübarizə başladıqda, Beriya ona tabe olan dövlət təhlükəsizlik aparatından Malenkov, Xruşşov və Molotovdan gizli saxladığı layihənin həyata keçirilməsi üçün istifadə etməyə çalışır. Beriya ADR-də sosializmin qurulmasının Moskvaya on il ərzində təqribən 20 milyard dollara başa gələcəyindən çıxış edirdi. Belə vəziyyətdə Beriya hesab edirdi ki, bu ballastdan azad olmaq daha sərfəli olardı. Danışıqlarda vasitəçi qismində iki fiqur nəzərdə tutulmuşdu. Birincisi, Qərbi Berlində yaşayan rus mənşəli alman aktrisası Olqa Çexova, digəri isə Berlində yaşayan və 1918-ci ilədək reyxstaqda polyak fraksiyasına rəhbərlik etmiş knyaz Yanuş Radvill idi. Knyaz tez-tez Gerinqlə birlikdə ova gedirdi. Müharibənin sonunda, sovet ordusu Şərqi Polşa və Radvillərin mülklərini tutduqda, onu həbs etmişdilər. Lubyankada Beriya knyazla iki dəfə söhbət də aparmışdı). İranda baş verən hadisələrə yenidən nəzər yetirdikdə başa düşülür ki, bu ərəfələrdə Moskva nə edəcəyin tam hesablaya bilmirdi.

Təsadüfi deyil ki, 1946-cı il yanvarın 22-də Kürdüstan demokratları respublikası İranın tərkibində Kürdüstan muxtariyyətinin yaradılmasını rəsmi olaraq elan etdilər.

Bu hadisələri təhlil edərək Yerevanda başa düşdülər ki, M.C.Bağırovun məqsədinə çatmasına mane olmaq lazımdır. Ona görə də Ermənistan SSR xarici işlər xalq komissarı Karapetyan Moskvada ezamiyyətdə olarkən Azərbaycan SSR xarici işlər xalq komissarının müavini Ə.Əlizadə ilə görüşdə söhbət əsnasında demişdi: "Biz İranın cənubunda yaşayan ermənilərin Sovet Ermənistanına köçməsi üçün şərait yaradırıq. Amma qeyd etmək lazımdır ki, mühacirət zamanı erməni ailələrinin əksəriyyəti SSRİ sərhədini keçməyib İranın şimalında yerləşdilər. İranın şimalında artıq 120 min erməni yaşayır. Buna görə də biz erməni muxtariyyətinin yaradılmasını tələb edirik".

Yanvarın sonunda Londonda BMT-nin növbəti sessiyası işə başlayır. Baş nazir Həkimi İran məclisinin nümayəndəsi S.Tağızadəyə Sovet İttifaqının İranın daxili işlərinə müdaxilə etməsi məsələsini sessiyada qaldırmağı tapşırır. Beləliklə, yanvarın 19-da S.Z.Tağızadə BMT-nin komissiyasına məktubla müraciət edir. Məktubda Sovet İttifaqı İranın daxili işlərinə qarışmaqda ittiham olunur. O zamanlar BMT-nin Təhlükəsizlik Şurası hələ tam formalaşmamışdı. Amma BMT Nizamnaməsinin 35-ci maddəsinin 1-ci bəndinə əsasən, İranın bu müraciəti etmək hüququ var idi. İranın baş naziri Həkimi başa düşürdü ki, bu müraciət Sovet rəhbərliyini əsəbiləşdirəcək. Və müraciət BMt-nin müzakirəsinə çıxmasa, Həkimi SSRİ ilə münasibətləri yaxşılaşdırmaq üçün öz istefası haqqında bəyanat verəcək.

Yanvarın 26-da İran Məclisində onun istefası qəbul olunur. Yanvarın 27-də hökumətə rəhbərlik Qəvamüs-səltənəyə tapşırılır. İran məclisinin nümayəndəsi S.Tağızadənin müraciətindən sonra Sovet nümayəndə heyətinin rəhbəri A.Vışinskiy cavab məktubu ilə Təhlükəsizlik Şurasının nümayəndəsi Norian Meykinə müraciət edir. O, bu məktubda İranın iddialarının tam əsassız olduğunu göstərir.

Yanvarın 24-də Azərbaycan Milli hökumətinin başçısı S.C.Pişəvəri də BMT-nin Rəyasət Heyətinə müraciət edir. Bu müraciətdə o, Azərbaycan xalqının "Atlantika xartiyasına" əsasən öz müqəddəratını təyin etmək iradəsini ifadə edir.

Təhlükəsizlik Şurası yanvarın 28-30-da SSRİ və İranın müraciətlərini müzakirə edərək, bu iki ölkənin nümayəndələrinə öz aralarında danışmağı təklif edir. Təhlükəsizlik Şurası müqavilənin mətni ilə tanış olmaq hüququnu özündə saxlayır.

Həkiminin istefasından sonra yeni baş nazir Qəvamüs-səltənə Moskvaya gəlib Stalinlə görüşür və görüş zamanı bildirir ki, İranın şimalında neft ehtiyatları var və onlar bu yatağı Sovet İttifaqının istismarına verməyə razıdırlar.

ABŞ və İngiltərənin təkidi ilə İranın BMT-dəki səfiri Q.Əla Sovet qoşunlarının irandan çıxarılması məsələsinin müzakirəsinə başlamaq üçün yenidən BMT Təhlükəsizlik Şurasına müraciət edir. Bu müzakirələr 1946-cı il 25 mart tarixində başlayır. Bu zaman Qəvamüs-səltənə Sovet qoşunlarının İrandan çıxarılması haqqında SSRİ-İran sazişini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. İranın BMT-dəki səfiri bildirir ki, Təhlükəsizlik Şurasına müraciəti İran hökuməti ilə razılaşdırılmayıb.

Moskva görüşündə Qəvamüs-səltənə Stalinin qarşısında bir neçə şərt qoyur:

1. Üç ölkə – SSRİ, İngiltərə və İran arasındakı müqaviləsinə əsasən, Sovet qoşunlarının İrandan çıxarılması haqqında əmr vermək.

2. Sovet qoşunlarının iran Azərbaycanı və İran Kürdüstanından çıxarılması haqqında əmrdən sonra Tehran şəhərində SSRİ və İran arasında neft müqaviləsi bağlamaq.

3. İran SSRİ arasında neft müqaviləsi yeni seçiləcək 15-ci Məclis tərəfindən yeddi aydan gec olmayaraq təsdiq olunmalıdır.

4. Təbrizdəki siyasi qüvvələrin Tehrana tabe olmadığını nəzərə alaraq, Azərbaycan və Şimali Kürdüstanda 15-ci Məclisə seçkilərin keçirilməsinə "şahın silahlı qüvvələri" nəzarət edəcək.

5. İran tərəfi öz növbəsində, Azərbaycanın milli muxtariyyətini təmin edir. İran hökumətində Azərbaycan Demokrat Firqəsinin nümayəndəsinə yer veriləcəyi vəd olunur.

Əlbəttə, Qəvamüs-səltənənin Stalinlə belə şərtlərlə danışması təsadüfi deyildi. Bu şərtlər müəyyən nüanslardan irəli gəlirdi. Belə ki, ABŞ öz nüfuzunu gücləndirmək üçün Xirosima və Naqasakiyə atom bombası atmışdı, SSRİ-də atom bombasını hələ sınaqdan belə keçirməmişdilər. Bu məsələdə SSRİ ABŞ-dan geri qalırdı.

Buna görə də, Qəvamüs-Səltənə Stalinə deyirdi: "İranın bu addımlarının London və Vaşinqtonla münasibətdə arzu olunmaz ola biləcəyinə baxmayaraq, biz sizin istəklərinizi həyata keçiririk".

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm