Ulduzlar Xiyabanında Polad Bülbüloğlunun ulduzu parlayıb
Bizi izləyin

Mədəniyyət

Ulduzlar Xiyabanında Polad Bülbüloğlunun ulduzu parlayıb

"Slavyan bazarı Vitebskdə" XXIV Beynəlxalq İncəsənət Festivalının Ulduzlar Xiyabanında Azərbaycanın Rusiyadakı səfiri, tanınmış müğənni və bəstəkar Polad Bülbüloğlunun ulduzu parlayıb.

Belarus Prezidentinin "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatı laureatlarının Ulduzlar Xiyabanında artıq 11-ci ulduzunun təntənəli açılışı bu gün "Slavyan bazarı Vitebskdə" festivalının əsas konsert meydanının - Yay Amfiteatrının yanında olub. Bu il bu şərəfə "Vitebsk-2015" XXIV Beynəlxalq estrada mahnısı müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu layiq görülüb.

P.Bülbüloğlu deyib: "Mən 70 illiyimdə belə bir hədiyyə aldığıma görə təşəkkür edirəm və həyəcan içindəyəm. Yaradıcılığıma və yubileyimə göstərdiyi diqqətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkür edirəm. Çox sevinirəm ki, ulduzum məhz Belarusda açılıb. Biz əvvəllər bir ölkədə yaşamışıq, Böyük Vətən müharibəsində bir yerdə zəfər qazanmışıq. Bu da bizim ümumi yaddaşımızdır, bizim nəslin qırıb ata bilməyəcəyi bir əlaqədir. "Slavyan bazarı Vitebskdə" narahat dünyamızda sabitlik, firavanlıq, mədəniyyətin, musiqinin və ifaçılığın çiçəkləndiyi bir adadır. Biz bir neçə gün ərzində dünyanın 41 ölkəsindən istedadlı ifaçıların çıxışlarına tamaşa etdik. Belə tədbirin öhdəsindən hər dövlət, hər şəhər gələ bilməz. Buna görə təşkilatçılara, yerli hakimiyyət orqanlarına təşəkkür edirəm. Vitebsk sakinlərinin istənilən hava şəraitində konsertə gəlib artistləri hərarətlə alqışlamaları, onlara çiçək bəxş etmələri məni heyran qoyub". O əlavə edib ki, hətta dəvət olunmasa da, festivala baxmaq, öz ulduzuna baş çəkmək üçün hər il Vitebskə gələcək.

Səfir etiraf edib ki, mahnılarının xatırlandığını və hələ də ifa olunduğunu bilmək onun üçün xoşdur. Axı, artıq çoxdandır ki, çıxış etmir. Uzun illərdir diplomatik fəaliyyətlə məşğul olur. Daha əvvəl isə Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. Buna görə də ulduzun açılışında Vitebskin gənc ifaçılardan ibarət "Yeqoza" ansamblı onun mahnılarından ibarət popurri oxuyanda məmnuniyyətlə onlarla birlikdə zümzümə edib. O, səmimi qəbula və beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olmaq şərəfinə layiq görüldüyünə görə mərasimdə iştirak edən Belarusun mədəniyyət naziri Boris Svetlova təşəkkür edib. (AZƏRTAC )

Oxumağa davam et
Reklam
Reklam

Gündəm