Hamballıqdan zirvəyə qalxan adam – Möhsün Sənanin bilinməyən sirləri
Bizi izləyin

Mədəniyyət

Hamballıqdan zirvəyə qalxan adam – Möhsün Sənanin bilinməyən sirləri

Canlandırdığı obrazlarla kino tarixində əvəzsiz xidmətləri olan aktyorlardan biri də Xalq artisti Möhsün Sənanidir. Sənani onun təxəllüsüdür, əsl soyadı Cəfərovdur. Tiflisdə anadan olan, gənc ikən valideynlərini itirən Möhsün Sənani həyatın bir çox çətinliklərindən keçib. “Arşın mal alan”da Qoçu, “O olmasın, bu olsun”da Qoçu Əsgər, “Fətəli Xan”da Məlikməmməd Xan və başqa bir çox obrazları ilə kino və teatr sahəsində böyük uğur qazanıb.

Qeyd edək ki, Möhsün Sadıq oğlu Cəfərov (Sənani) 19 iyun, 1900, Tiflisdə dünyaya gəlib. 12 fevral, 1981-ci ildə Bakıda vəfat edib.

Həyatının 60 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Möhsün Sənaninin adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Onun repertuarı zəngin və murəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə: oxumaq, oynamaq, çalmaq bacarığına malik idi.

Sənani onun təxəllüsüdür. Onun əsl familiyası Cəfərovdur. O, 4-5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, respublikanın xalq artisti Əli Qurbanovun anasıdır. Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən özu məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət ana Möhsünü da, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, Şeytanbazarda hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün onun doğum günüdür.

Onun qızı, Bakı Dövlət Universitetinin rus dili müəlliməsi Gülər Möhsünqızı “Üç nöqtə”yə müsahibəsində atası haqqında xatirlərini bölüşüb.

Publika.az müsahibəni təqdim edir:

- Möhsün Sənaninin vəfatından 34 il keçir. Onu ata kimi necə xatırlayırsınız?

- Bu gün çox təəssüf ki, atam həyatda yoxdur. Həmişə atam haqqında düşünürəm, o, atalar atası idi. Çox gözəl, misilsiz insan, incəqəlbli baba, əvəzolumaz sənətkar olub. Ata kimi mənim bir sözümü iki etməyib. Məni adımla çağırmırdı. atam-anam deyə müraciət edərdi. Ailədə tək uşaq omuşam, amma məni ərköyün də böyütməyiblər. Atam həmişə zəhmətə qiymət verib və mən də zəhmətkeş olmuşam. Atamın soyadından heç vaxt istifadə etməmişəm. Çalışmışam ki, özüm hörmət qazanım. Bunu mənə atam öyrədib. Xeyirxah, əliaçıq olmağı, başqasını dinləməyi bacarmağı, kiməsə kömək əli uzatmağı atam öyrədib və bunları ailədə görmüşəm. Bu gün ölkəmiz inkişaf edib. Heyfsilənirəm ki, bunları atam görmədi, çünki o xalqını çox sevən adam idi.

- Möhsün müəllim Tiflisdə anadan olub və uşaqkən valideynlərini itirib. Çox çətin həyat tərzi keçirib…

- Bəli, atam uşaq olanda valideynlərini itirib və xalası Zeynəb saxlayıb. Atam 15 yaşına qədər Tiflisdə yaşayıb, hamballıq edib, konduktor olub və «Şeytan bazarı»nda işləyib. O zirvəyə çatana qədər min əzabdan keçib. İndi baxırsınız, biri bir mahnı oxudu, iki aydan sonra əməkdar artist adını alır. Atam 20 ildən sonra əməkdar artist adını alıb. Beləliklə, atam Bakıya gəlib və gəlməsində Mustafa Mərdənovun çox köməyi olub. Onunla dostluq edərdi. Burada Mirzəğağa Əliyev kimi aktyorlar atamı imtahanla teatra qəbul edirlər və teatrda fəaliyyət göstərməyə başlayır. Daima sənətində qabağa gedir, həmişə atama baş rolları verirlər. Səs diapazonu da çox geniş olur. Komik və tragik rolların öhdəsindən eyni peşəkarlıqla gələrdi. Səhnəyə çıxmazdan əvvəl sözünü səhnə arxasından deməyə başlayardı. Atamın səsi heç kimə oxşamırdı, seçilirdi. Artıq səsindən tanıyırdılar və əl çalmağa başlayırdılar. Sonra səhnəyə çıxırdı. Anamdan çox atamı çox sevirdim. Hər yerə atamla gedirdim və ona görə də dərslərimi maşının içində oxuyurdum. Təki atamın yanında olum. Hər tamaşasına məni aparırdı. Rolun öhdəsindən elə gəlirdi ki, ağlamışam. İnanmamışam, bu obrazı oynayan atamdır. Xaraktecə ciddi adam idi, amma zarafat etməyi xoşlayardı.

- Hər dəfə tamaşalara gedirdiniz?

- Bəli, bütün tamşalarına gedirdim. Atam yaşından çox bilirdi və inkişaf etmişdi. Tamaşaya baxış olanda nazir, direktor, aktyorlar da gəlirdilər. Hansı sözün səhnədə deyilməli olduğu müəyyənləşirdi. O zaman güclü senzura vardı. Odur ki, məni teatra aparırdı və mənim tapdığım qüsurları tənqidçilər və mədəniyyət naziri qeyd edirdi.

- Beləliklə, atanızın ən böyük tənqidçisi siz olmusunuz...

- Hər zaman mənimlə məsləhətləşərdi, çünki mən düzünü deyirdim. «Filan hissədə gülüşünə inanmadım», «filan hərəkəti etmə», «paltarı geyinmə» və bu kimi halları atama bildirirdim. O da mənim sözlərimi nəzərə alırdı. Rollarına çox ciddi hazırlaşırdı. Saat 12-də biz yatdıqdan sonra atam rolunu oynayardı. Səhər tez oyanardı, əvvəl gedib evə bazarlıq edərdi, pul qoyardı, sonra işə gedərdi. Atamı bütün insanlar çox sevərdi. İndiki zəmanədə kiməsə tutduğu vəzifəsinə görə, savadına, özünü aparmasına görə hörmət edirlər, amma həmin insana sevgi olmur. Amma atama həm hörmət edirdilər, həm də sevirdilər. Hər kəs atamı tanıyırdı. Maşınla harasa gedən zaman hər kəs hörmət edərdi, yol verərdi, polislər atama yol verərdi. Atam da polisə «çest» verərdi. Həm hörmət, həm də sevgi hər adama nəsib olan hal deyil. Atamı nazir də, fəhlə də tanıyırdı.

- Atanızın daha çox hansı obrazını sevirsiniz?

- “Göz həkimi” tamaşasında sürücü Həsənağa rolunu çox sevirəm. Tragik obrazı isə Nodar Dumbadzeninin “Darıxma ana” tamaşasındakı obrazı idi. O zaman yaşlı idi və gözü görmə qabiliyyətini itirirdi. Səhnədə ayağının altını görmürdü, amma səhnəni çox gözəl tanıdığı üçün səhnəyə çıxırdı. O tamaşanın bir hissəsində «sevinirəm ki, sağam, nəfəs alıram, görürəm» deyəndə, gözlərindən yaş gedirdi. Çünki atamın gözü görmürdü. Tamaşaçılar elə bilirdilər ki, tamaşada bu, olmalıdır. Mən bilirdim ki, atam gözünə görə ağlayır. O rol mənə çox təsir edirdi. Axırıncı rolu o tamaşada oldu və bir dəfə ayağı büdrədikdən sonra teatra getmədi.

- Teatrsız günləri necə keçirdi? Evdə darıxırdı?

- Çox çətin keçirdi. Uzanardı, fikrə dalardı. Hər dəfə deyirdim ki, ay «papa», qurban olum, yarım saatlıq bulvara get, təmiz havada hərəkət elə. Bu sözü hər dəfə deyirdim. Bir dəfə dedi ki, qızım, gəl qarşımda otur. Oturmusan, amma mən səni görmürəm. Sən məni hara göndərirsən, ayağımın altını görmürəm. Ondan sonra bir daha o sözü demədim. Bir dəfə dedi ki, mən elə-belə uzanmıram. Uzanan zaman həyat kitabımı bir-bir vərəqləyirəm.

- Bəs, həyat kitabından razı idimi?

- Bəli, çox razı idi. Yetim qalanda onu saxlamağa adam tapıldı, bir parça çörək üçün iş tapıldı. Sonra teatrda fəaliyyət göstərməyə başladı. İstedadı vardı və sənətində irəliləməyə başladı. Qarşısına çəpər qoymurdular. İstedadlı olduğu üçün kömək edirdilər. Pillə-pillə yuxarı qalxırdı və qalxdıqca da daha da sadələşirdi. Çox sadə bir insan idi. Hər insana kömək edərdi. Kimin hansısa problemi olurdusa təmənnasız həll edərdi. Xeyirxah işləri çox olurdu, amma biz onları bilmirdik. Nə etdiyini gəlib bizə danışmazdı.

- Tanınmış aktyor olub. İncəsənət aləmindən kimlərlə dostluq edirdi?

- Yalnız Mustafa Mərdanovla dostluq edərdi, amma evə dost gətirməzdi. Ailəmizə ancaq atam və anamın tərəflərindən qohumlarımız gələrdi. Onu da deyim ki, bir çox məşhurlarla dostluq edirdi, amma onlar xüsusi günlərdə evimizdə olurdular. Atamın 60 illik yubileyi idi. Atama dedim ki, gül mağazasına gedək, gül almaq istəyirəm. Balaca bir gül aldım və bu, heç vaxt yadımdan çıxmır. Atamın ad gününə Mirzə İbrahimov, Sabit Rəhman, Maestro Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və nazirlər, professorlar gəlmişdi. O vaxt Bakıda bir nömrəkli «İntuist» restoranı vardı və ofissiantlar, yeməklər oradan gətirilmişdi. Stolda nələr yox idi? Atam qastrollar təşkil edərdi, gələndən sonra necə qarşlandıqlarını danışardı. Türkiyədə, Moskvada da qastrol səfərlərdə olmuşdu.

- Bir az ailəniz haqqında danışardıq. Ananız da incəsənət aləmindən olub?

- Əvvəlcə onu deyim ki, anam Bakı milyonçusu Nəcəf Əmiraslanovun qızı, Bakı milyonçusu Haci Aslan Aşurovun nəvəsi olub. Atam neçə dəfə anama elçi gedib, amma anamı atama vermirlərmiş. Üç dəfədən sonra razı olublar. Çünki atamla-anam bir-birilərini çox sevirlərmiş. Anamın çox gözəl səsi vardı. Üzeyir Hacıbəyovun tələbəsi olub və sonra Filormoniyada solist işləyib. Anam deyərdi ki, konsertlərimdə zal dolurdu. Anam məktəbdə, ya da institutda oxuyan vaxt, dəqiq yadımda deyil, deyirdi ki, qızlar Möhsün Sənani üçün ölürdülər. Zəng edib, onun nömrəsini öyrənmişdilər. Ancaq zəng edib telefon trupkasını mənə verərdilər və mən də mahnı oxuyardım. Anam “Durna” mahnısını çox gözəl oxuyardı. Təsadüfən atam bir dəfə Filarmoniyaya konsertə gedir və bu zaman anam bu mahnını oxuyur. Atam anamın səsindən tanıyır ki, mənə zəng edən bu qızdır. Konsertin sonunda anama yaxınlaşır və belə tanış olurlar. Ondan sonra sevgi münasibətləri başlayıb. Atam çox centlimen kişi olub. Anam solist olsa da, atamla tanış olduqdan sonra sənətindən uzaqlaşıb.

- Ananız atanızı qısqanırdımı?

- Onu dəqiq bilmirəm. Amma atam anamı çox sevirdi. Anam atamın tacı idi. Anamın hər sözünə əməl edərdi, hara istəyirdi aparardı, nə istəyərədi alardı. Teatrda tamaşaların premyerasında birinci yer anamın olurdu. Anam yox, gərək atam anamı qısqanardı. Çünki anam atamdan 20 yaş kiçik idi. Atamın evlənəndə 40 yaşı, anamın isə 20 yaşı olub.

- Niyə gec evlənib?

- Atam anamdan əvvəl ailəli olub. Sonra nə olub-olmayıb onları bilmirəm, atam ayrılıb. Ayrıldıqdan bir il sonra anamla tanış olub və evlənib.

- Teatrdan ayrıldıqdan sonra həyatının son vaxtları idi və bu vaxt nəyin həsrətində idi?

- Teatrdan ayrıldıqdan sonra az-az harasa gedərdi, daim evdə olurdu. Maşını çox sevirdi və tez-tez dəyişdirərdi. Gözü görmə qabiliyyətini itirdikdən sonra çölə çıxmadı, hərəkət etmədi. Atam özünə çox baxan insan olub, yeməyi az yeyərdi, eyni çəkidə qalardı. Amma evdə oturduqdan sonra kökəlməyə və ağırlaşamağa, səhhəti dəyişməyə, təzyiqi qalxmağa başladı. Yadıma düşür ki, axırıncı dəfə xəstəxanaya yüksək təzyiqlə apardıq. Teatrdan, yoldaşlarından ayrı düşdüyünə görə çox həyəcan keçirirdi. Xəstəxanada iki dəfə infarkt keçirmişdi. Həkim mənə dedi ki, ürək parçalınıb. Bilirdim ki, artıq atamın son günləridir. Hər dəqiqə xəstəxanada atamın yanında olurdum. Xəstəxanada olan adamın gözü həmişə yolda olur. Yanına çox adam gəlirdi.

Teatrda bu qədər əziyyət çəkmişdi, xeyir vermişdi. Amma teatrın direktoru atamın yanına gəlmədi. Atam bir ay yarım xəstəxanada qaldı. O zaman xəsətəxanaya mədəniyyət naziri Zakir Bağırov da düşmüşdü. Atam yatdığı otağın yanında qalmışdı. Dedim, ata, Zakir müəllim də xəstəxanadır. Soruşdu ki, xəstəliyi nədir? Dedim bilmirəm. Zakir müəllim bir həftə qaldı. Onun xəstəxanadan çıxdığını atama deyəndə dedi ki, yanıma gəlmədi? Atamın yanına gəlmədiyinə görə çox pis oldu. Amma atam rəhmətə gedən gün axşamı teatrın direktoru ilə nazir gəldi. Dedim ki, sizin bura gəlməyinizin nə mənası var və sağ ikən gəlsəydiniz, atam da sevinərdi.

- Nəvələrdən aktyor olan varmı?

- Yox, oğlum rəssam, qızım isə həkimdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm