Evsiz qalan yazıçılar - Yaradıcılıq Evi bərpa olunsa...
Bizi izləyin

Mədəniyyət

Evsiz qalan yazıçılar - Yaradıcılıq Evi bərpa olunsa...

Sovet imperiyası yaradıcı insanlara söz azadlığı verməyib, yalnız kommunist mənafeyinə uyğun əsərləri senzuradan keçirsə də, onların rifahının təmin edilməsi, yaxşı yaşaması üçün hər cür imkan yaratmışdı. Müasir dövrdə isə incəsənət xadimləri müəyyən söz azadlığına yiyələnsələr də, əvəzində onların məişət şəraiti əvvəlkinə nisbətən ağırlaşdı. Təbii ki, bu, mədəniyyətin inkişafına da təsirsiz ötüşmədi. Azərbaycan incəsənətin demək olar ki, hər sahəsində kasıbladı. Bəs vəziyyətdən çıxmaq üçün nə etməli?

Xarici ölkələrin praktikasına nəzər salsaq, görərik ki, burada insanların yaradıcılıqla məşğul olması üçün istənilən şərait yaradılıb. Bunlardan biri də ABŞ, Hollandiya, Türkiyə, Norveç, Finlandiya və s. ölkələrdə şair, yazar, rəssam, bəstəkar kimi insanlar üçün tikilən Yaradıcılıq Evləridir. Bir neçə aylıq, hətta illik məzuniyyət götürə bilən incəsənət xadimləri bütün ehtiyaclarının dövlət və ya həvəskar insanlar tərəfindən ödəndiyi bu evlərdə yaşayıb-yaradırlar.

Azərbaycanda isə Şüvəlan ərazisində belə məkan mövcud olsa da, sovet dağıldıqdan sonra yazıçıların yerini məcburi köçkünlər alıb və yaradıcılıq evi fəaliyyətini dayandırıb. Bəs yazıçılar bu barədə nə düşünür? Yaradıcılıq Evinin bərpası incəsənətin inkişafına təkan verə bilərmi?

Tanınmış teleaparıcı, ssenarist, yazıçı Orxan Fikrətoğlu özünün də vaxtı ilə Şüvəlandakı Yaradıcılıq Evində qaldığını qeyd edərək incəsənət xadimlərinin məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan mədəniyyətinin inkişafına təkan verəcəyini söyləyib: “O şərtlə ki, bu evlər sovet dönəmindəki kimi olmasın. Mən 10 yazıçı ilə birlikdə olduğum məkanda yazıb-yarada bilmərəm. İndi şair və yazıçıların iddiaları yaradıcılıqlarından böyükdür. Belə evlərdə təhhalaşmaq, hər şeydən uzaqlaşa biləcəyin yerlər olmalıdır. Azərbaycanda onsuz da ciddi yazar-şair barmaqla sayılacaq qədərdir və onların da maddi imkanı o qədər deyil ki, gedib hardasa istirahət edərək şeir yazsınlar. Mənim özümün səhhətimdə problemlər var, görürəm ki, çox bahadır. Ona görə Yaradıcılıq Evlərinin olması, məncə yaxşı olardı. Ancaq, bunun üçün resurslar axtarılmalıdır. Və ittifaqlar özləri çevik siyasət apararaq nəsə etməlidir”.

Şair Murad Köhnəqala da Yaradıcılıq Evinin bərpasına müsbət yanaşır: “Sovet quruluşunun çoxlu sayda müsbət xüsusiyyətləri vardı ki, onları indi də təkrarlamaq olar. Onlardan biri də elə yazıçıya nəfəs vermə məsələsidir. Düşünürəm ki, çağımıza uyğun olaraq Yaradıcılıq Evini yenidən işə salsaq heç nə itirmərik. Bizim Yaradıcılıq Evimiz çox gözəl məkanda yerləşir, kifayət qədər geniş sahəsi var, sadəcə, bu gün bərbad haldadır. Qaçqınları başqa yerlərə köçürmək şərti ilə həmin məkanı təzədən qurmaq mümkündü. Əminəm, belə olarsa, mənəviyyatımıza dayaq olan ədəbiyyatımızda yeni canlanma yaranar”.

Şair, tərcüməçi Səlim Babullaoğlu bu praktikanın xarici ölkələrdə geniş yayıldığını və belə evlərin ölkəmizdə də olmasının mədəniyyətin inkişafına müsbət təsir edəcəyini söyləyib: “Yaradıcı insanların Azərbaycanda bahalı istirahət məkanlarında dincəlmək imkanları yoxdur. Onlara belə imkanın yaradılması niyə də olmasın? Məncə cənab prezidentin həmin evin bərpası ilə bağlı sərəncamı da vardı, ancaq bilmirəm o məsələ nə yerdə qaldı”.

2007-ci ildə ölkə prezidenti İlham Əliyev, Şabran rayonu ərazisində Yazıçılar Evinin tikilməsi ilə bağlı sərəncam vermişdi. Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca bildirir ki, bina üçün yer ayrılsa da, vəsait çatışmazlığı səbəbindən tikinti baş tutmayıb: “Hər halda, düşünürəm ki, dövlətimizin elə vacib problemləri var ki, bu məsələ bir az kölgədə qaldı. Yəqin ki, gələcək illərdə bu məsələnin həllinə yenidən baxılar”.

Fikrət Qocanın “gələcək illər” dediyi tarixi dəqiq təxmin edə bilməsək də, dəqiq olan bir şey var ki, maliyə səbəbindən ciddi əziyyət çəkən yazarlar həmin günü böyük maraq və həvəslə gözləyirlər.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm