Azərbaycanlı aktyor: “Homoseksuallar mənə yatmaq təklif edirdi”
Bizi izləyin

Mədəniyyət

Azərbaycanlı aktyor: “Homoseksuallar mənə yatmaq təklif edirdi”

Publika.az-ın “Odaçılar” layihəsinin ikinci qonağı “Oda” Teatrının aktyoru və fotoqrafı Nihad Qulamzadədir. Müsahibəni təqdim edirik:

“Oda”nın ən gənc aktyoru sizsiz, nədənsə ən çətin rolları sizə verirlər - məsələn “Bəyaz Şedevr”də Eldar rolu. Bu yaşda teatra ilk addımlarınızı atmaq, hamının diqqətini çəkmək çətin olmadı ki?

Teatra həmişə marağım olub. Uşaq vaxtı məktəbdən bizi tamaşalara aparırdılar. Tamaşa zamanı aktyorlar uşaqlarla ünsiyyət qururdu. Gözləyirdim ki, mənə də nə isə desinlər. Dedikləri zaman yerə-göyə sığmırdım. İndi isə özüm tamaşaçı qarşısına çıxıram, uşaqlarla ünsiyyət qururam və onların necə sevindiklərini bilirəm. Artıq iki ildir ki, teatrdayam. Mənim üçün bu yaşdan başlamaq çox yaxşıdır. Sevinirəm ki, ətrafımdakı insanların əksəriyyəti yaradıcı insanlardır və hər zaman onlardan nə isə öyrənirəm. Ən çətin rollara gəldikdə isə, mənim üçün indiki dövrdə bütün rollar çətindir.

Teatra necə gəldiz? Bu sahədə sizə kimlər dəstək oldu?

12 yaşımda məktəblərarası keçirilən “Şən və hazırcavablar klubu”nun üzvü idim. Kiçik səhnəciklər hazırlayırdıq və ayda bir dəfə “Aktyorlar evi”ndə çıxış edirdik. Bir dəfə bu yarışmanın qalibi olmuşduq. Elə o vaxtdan teatrla məşğul olmaq istədim - daha ciddi teatrla. 2013-cü ildə məni yeni fəaliyyətə başlayan teatr qrupuna dəvət etdilər. Burada teatrla bağlı müxtəlif şeylər öyrənirdik. Sonra Oda Teatrı yarandı və beləcə teatr həyatım başladı. Bu sahədə İlqar Cahangir, İmam Həsənov, Elmin Bədəlov, Niyaz İlyasoğlu və Könül Şahbazova mənə dəstək olublar. Ən azından bir şey öyrədiblər. Hələ də bu insanlardan teatrla bağlı nələrsə öyrənməkdəyəm. Teatrdan da əlavə mənə ümumi fəaliyyətimdə ən çox dəstək olan insanlar Elmin Bədəlov və İmam Həsənovdur. İmam bəzən məni “iqnor” etsə də Elmin hər zaman mənə dəstək olmağa çalışır. Mən hal-hazırda teatr sahəsində nə isə edirəmsə, bu insanların sayəsindədir.

“Səncə, döyəcəklər?”də homoseksual rolunu oynadız. Bizim cəmiyyət elə düşünür ki, teatrda, kinoda oynadığı rolu həyatda da oynayır. Sizə rol veriləndən bu düşüncəni nəzərə alırsız?

İlk dəfə “Səncə, döyəcəklər?”i oynayanda çox həyacanlı idim. İnsanların reaksiyası mənə maraqlı idi. Təbii, əksəriyyət tərəfindən normal qarşılandı. Əslində burada anormal bir şey də yoxdur. Sadəcə cəmiyyətimizin vəziyyətini nəzərə alsaq, hansısa bir aktyorun səhnədə gey olması onlara qəribə gələ bilər, hətta qəbul etməzlər. Bir dəfə sonda tamaşaçılarla söhbət edərkən zarafata salıb dedim ki, “mən gey deyiləm ha” (Gülür). Bütün zal gülməyə başladı. Bu da onu göstərir ki, tamaşaçıların çoxu mənim gey olduğumu düşünüb. Həmin dövrlərdə mərhum dostum İsa Şahmarlını tanımışdım. İsa teatra gəlib-gedirdi. Könüllü olaraq kömək də edirdi bizə. Tamaşalardan sonra digər dostlarımızla bərabər kafeyə gedirdik. O vaxtlar elə bilirdilər ki, mən İsa ilə sevgiliyəm. Bəzi qızlar məni dostluqdan silirdi. Bir neçə dəfə olub ki, məndən ciddi-ciddi soruşublar ki, sən homoseksualsan? Gəl, indi onları başa sal ki, mən homoseksual deyiləm. (Gülür) Hətta homoseksuallar mənə yatmaq da təklif edirdi. Mənə mesajlar yazırdılar, sevgili olmaq istəyənlər də var idi. Amma sonradan homoseksual olmadığımı qəbul elədilər. Son zamanlar belə hallar baş vermir. Yəqin ki, artıq əvvəlki kimi oynaya bilmirəm rolumu. (Gülür)

Bəs qızlarla aranız necədir? Sevgiliniz var?

Belə baxanda çox yaxşıdır. Amma deyirlər ki, çox kobudluq edirəm qızlara qarşı. Ona görə arada problem yaşayıram. Kobudluq elədiyim qızlardan üzr istəyirəm. Vallah bilərəkdən olmur. Çoxlu qız dostlarım var, amma sevgilim yoxdur. Sevgili olmaq üçün fransız qız axtarıram. Direktorumuzun fransız sevgilisi olur, məndə niyə olmasın? İtalyan da olar əslində (Gülür).

“Bəyaz Şedevr”də hamı tamaşanın sonuna qədər Eldarla maraqlanır, onu gözləyirlər. Sonda sən 5-6 dəqiqəlik narkoman obrazını canlandırırsız. Bu qısa müddətdə insanlar sizdən çox şey gözləyir. İçinizdə bu situasiyaya hazır idinizmi, yoxsa tərəddüd edirdiz?

Eldar obrazını canlandırmaq çətindir. Mənim üçün ən çətini də elə dediyiniz kimi hər kəsin Eldarı gözləməsidir. Sonda Eldar elə gəlməlidir ki, tamaşaçasının təsəvvür etdiyi Eldardan da təsirli olsun. Elə tamaşa olur ki, tərəddüd edirəm, amma elə də olur ki, hər şey normal keçir. Deyirlər, “Bəyaz Şedevr”də yaxşı oynayıram. Amma bilirəm ki, əslində bundan da güclü oynamaq olar və oynamalıyam. Təbii ki, yenə də təcrübə öz sözünü deyir.

Axır vaxtlar tamaşalarda görsənmirsiz...

İki ildir teatrla məşğulam. Üç tamaşada oynamışam. Normaldı məncə. Nəzərə alsaq ki, teatrın 10-dan çox tamaşası var. Bundan əlavə rejissorlar tamaşalara uyğun aktyor seçir. Düşünürəm ki, oynamadığım tamaşalarda uyğun hesab etmirlər məni.

Bildiyimə görə fotoqrafiya ilə də məşğulsuz. Bu sənətə həvəsiniz necə yaranıb? Yəqin ki, foto çəkmək rola girməkdən daha asan olar.

Artıq üç ildən çoxdur ki, fotoqrafiya ilə məşğulam. Bir neçə fotomüsabiqələrin qalibi olmuşam. Əsasən sənədli janrda çəkirəm. Daxilimdə həmişə foto çəkmək istəyi olub. Foto çəkməklə mənəvi qida alıram. Sağ olsun, fotoqraf Əhməd Muxtar bu sənətdə inkişaf etməyimdə çox köməklik edib. İstər maddi, istər mənəvi. Bəlkədə onun dəstəyi olmasaydı bu sənətdən küsərdim. Nə yaxşı ki, onun tələbəsiyəm. Bilirsiniz, hər ikisi də çətindir. Mənə görə, hansının daha çətin olduğunu demək mümkün deyil. Rola girmək üçün dəfələrlə məşq edirsiz, amma foto çəkəndə bu imkan olmur. Sadəcə bir anı çəkirsən və bunun üçün sənin çox zamanın olmur.

İrandan çəkdiyiniz fotolara baxdıq. İran haqda təəssüratlarınız necədir? Bizim cəmiyyətlə fərqi nədir? İran teatrlarıyla maraqlandınızmı?

İran həmişə mənə maraqlı olub. İstirahət üçün getmişdik. Düşünürdüm İran və insanları çox qapalıdır. Amma bunun əksi ilə qarşılaşdım. İnsanlar çox mehriban və rahat idilər. Təsəvvür edirsiniz, kişi və ya qadın - kimə müraciət edirdimsə, “can” deyə cavab verirdilər. İnsanların əksəriyyətinin simasında aqressiya, nifrət yox idi. Ola bilər bu “aysberq”in görünən tərəfidir. Amma İran təəssüratlarım çox xoş oldu. Gəzməli, görməli yerləri də çoxdur. O ki, qaldı fotolara, fotoları çəkəndə çox həyacanlanırdım. Açığı qorxurdum. Çünki İrandan foto çəkmək çətin məsələdir. Nədənsə, bəxtim gətirdi, fotolarla bərabər Azərbaycana sağ-salamat qayıtdım. Amma onu deyim ki, insanları çəkəndə etiraz etmirdilər. Qadınları çəkəndə gülümsəyirdilər. Biri də demirdi ki, “a bala niyə çəkirsən?”, “hansı kanaldı bu?”. Hətta iranlı xanımlarla xatirə fotosu da çəkdirdim.

Ailəniz sizin bu işlərinizə dəstək olurmu? Fikirlərinzlə razılaşırlar?

Elə də böyük problemimiz olmur. Dəstəkləyirlər məni. Daha çox bacım dəstəkləyir. Ən azından etiraz etmir. Qardaşım əvvəl çox etiraz edirdi. Mənasız işlə məşğul olduğumu düşünürdü. Amma bir dəfə “Bəyaz Şedevr”ə baxdı və bir an içində düşüncəsini dəyişdi. Ondan sonra tez-tez gəlir teatra. Qohumlar içində isə dəstəkləyən demək olar ki, yoxdur. Düşünürlər ki, daha ciddi bir işlə məşğul olmalıyam. Sadəcə, bir əmim dəstək olur mənə. Bilirsiniz, yaxın biri gördüyünüz işə dəstək olanda insan çox xoşbəxt olur. Amma mən heç kimi qınamıram və heç kimdən incimirəm.

Uşaqlığınızdan danışarsız..

Biraz uzun danışacağam.. Uşaqlığım daha çox böyük qardaşımla keçib. Pulumuz olmayanda mis və ya şüşə butulkalar yığıb satırdıq. Pivə butulkaları tapanda sevinirdik. Çünki bu butulkalar daha baha idi. Köhnə pulla 250 manat. 4-5 yaşımda həmişə səbrsizliklə bacımın məktəbdən qayıtmasını gözləyirdim. Çünki, hər gün büfetdən aldığı bulkalardan mənə saxlayırdı və mən o bulkaları çox sevirdim. Uşaq vaxtı çox nadinc olmuşam, bir neçə dəfə təhlükəli anlar yaşamışam. Məsələn, bir dəfə başıma qutu keçirtmişdim. Qardaşım da əlinə bıçaq götürüb qutuya soxurdu. Qardaşıma deyirdim ki, eləmə, bıçaq dəyəcək mənə. Amma o yenə də bıçağı vururdu. Təbii ki, onun üçün bu oyun idi. Son dəfə vuranda bıçaq gözümdən biraz yuxarıya girdi. Qışqırırdım ki, bıçaq gözümə girdi, qan gəlir, amma qardaşım inanmırdı. Sonra qanı görəndə inandı. Bir az aşağıdan vursaydı siz bir gözü kor olan aktyordan müsahibə alacaqdız (Gülür). İmam (teatrın rejissoru-red.) isə deyir ki, gözün kor olsaydı aktyor ola bilməyəcəkdin (Gülür).

Uşaqlaqlıq illərim pis xatirələrlə də yadda qalıb. 6 yaşım olanda ailəmdə ciddi bir problem baş verdi. Həmin problemdən sonra dostlarımla görüşə bilmirdim. Bir dəfə yaxın dostumun evinə getdim qapını döyüb onu çağırdım. Dedi, gözlə gəlirəm və içəri girdi. Evdən səslər gəlirdi. Eynən belə söhbət gedirdi: “Nihadla oynama, tərbiyəssiz uşaqdı o. Bir də səni çağırsa, getmə onunla oyanamağa” Bu hallar çox təkrarlanırdı və bütün dostlarımla belə olurdu. Təsəvvür edirsiniz, bu 6-7 yaşlı bir uşağa necə təsir edər? O günlərdə özümə uşaqcasına söz verdim ki, tərbiyəssiz olmayacam və gələcəkdə ən tərbiyəli işlə məşğul olacağam. Məktəbdə də belə olurdu, yaxın sinif yoldaşlarımın valideynləri uşaqlarının mənlə dostluq etmələrindən narazı idilər. Bu hadisələr mənə çox təsir edirdi. İndidə yadıma düşəndə pis oluram. Amma sevinirəm ki, onların mənim haqqımda düşüncələri yanlış çıxdı.

Gələcək planlarınız haqda düşünürsüz?

Qarışıq planlarım var. Onlarla sizi bezdirməsəm yaxşıdır.

Söhbətləşdi: Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm