• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Alın yazısını oynayan aktyor: “Ər-arvadın həyatını oynamışdıq, həqiqət oldu”

Alın yazısını oynayan aktyor: “Ər-arvadın həyatını oynamışdıq, həqiqət oldu”

“Odaçılar” layihəsində növbəti müsahibiz aktyor Niyaz İlyasoğludur:

Pəşəkar aktyorsuz amma sizi Oda teatrından tanıdılar, aktyor həyatınız necə başlandı?

10-cu 11-ci sinifdə oxuyurdum. Uşaqlıqdan buna həvəsim vardı, desəm, yalan olar. Mən hərbiçi olmaq istəmişəm. Sadəcə 11-ci sinifdə hiss elədim ki, məndən bəlkə aktyor oldu. Daha sonra qabiliyyət imtahanımı verdim, keçə bilmədim. Növbəti ildən İncəsənət Universitetinə qəbul oldum. Orda oxuya-oxuya Gənc Tamaşaçılar Teatrında bir il işlədim. Eyni ildə Mədəniyyət evində Xalq Teatrında rejissor kimi fəaliyyət göstərdim, sonra isə Uşaq Teatrında çalışmağa başladım, 5 ildi ordayam. İndi bir ildir Oda Teatrındayam. Deməzdim ki, peşəkar aktyor kimi Oda Teatrında tanındım. Ola bilər, jurnalist kimi məni burda tanımısınız. Məni seraillardan, Uşaq Teatrından tanıyan minlərlə tamaşaçı var.

İlk baxışdan özünüzdən razı görünürsüz. Ümumiyyətlə, sənət adamlarında eqo olmalıdırmı?

Sənət adamlarında eqo olmalıdır, amma bu eqo elə olmalıdır ki, qarşındakı insanlar buna görə sənə nifrət etməsinlər. Sənət insanı eyni zamanda bildiyini paylaşmalı, mülayim xarakterə malik olmalıdır. Biri var özünü tərifləmək, biri də var özünü təqdim etmək, bunlar ayrı-ayrı şeylərdir. Mənə gələndə isə, özümü elə də dəhşət sənətkar hesab etmirəm. Eqom bundan ibarətdir: mən özümü tanıyıram, bilirəm ki, sıradan aktyor deyiləm.

Maraqlıdır, aktyor olmasaydınız kim olardınız?

Bayaq dediyim kimi, hərbçi olmaq istəyirdim. Uşaqlıqdan yadımdadır ki, atam Qarabağda vuruşurdu. Dörd aydan bir evə gəlirdi, yanında da mənim kirvəm. Mənə deyirdilər oxu görək. Mən də oxuyurdum: “Marş irəli hey, marş irəli”. Özü də pəltəyin biriydim. Aktyorluğa başlayanda düzəltdim bunu. (gülür.) Vətənpərvərlik hissi istər-istəməz yaranmışdı. Evin tək uşağı idim, atam ona görə məsləhət görmədi ki, gedib hərbçi olum. Bəlkə də belə yaxşıdı. Mənə elə gəlir, sənətdə daha çox xalqa xidmət edə bilərəm. Bununla yanaşı, istənilən vaxt döyüşməyə hazıram.

Həyat yoldaşınız Könül Şahbazova da aktrisadır. Onu qısqanırsız?

Könül xanım Uşaq Teatrında çalışır. Biz çox teatrlarda tamaşalar səhnələşdirib. Mən özüm də çox istəyərəm ki, daha çox rejissor kimi fəaliyyət göstərsin. Çünki bu sahədə bazası var. Qısqanmağa gələndə, bizdə elə tamaşalar, səhnələr olmur ki, qısqanım. Mənimlə oynadığı iki nəfərlik tamaşadan sonra biz bir-birimizə daha çox bağlanmışıq. Belə deyək, bir-birimizə tamaşada vurulmuşuq. Ər-arvadın həyatını oynamışdıq, həqiqətə çevrildi. İndi o tamaşanı mən başqa xanımla, ya da Könül xanım başqa aktyorla oynasa, qısqanclıq yaranar. (gülür.) Bu artıq tamaşa deyil, bizim həyatımızın bir hissəsidir.

Aranızda rəqabət var?

Deməzdim. Məsələn, “Bəyaz şedevr” tamaşasında bilirdim ki, o məndən üstündür. Amma bizdə rəqabət dərinliklərə gedib çıxmayıb. Sağlam olub. Biz bir-birimizdən öyrənirik.

Mono tamaşanız olan “Apokalipsis”ə bəzi tamaşaçılar gülürdü. Aktyor olaraq bu hal sizi narahat etmədi ki?

Ümumiyyətlə, mənim bədbəxtçiliyim ondadır ki, hər tamaşamda tamaşaçıya diqqət yetirirəm. Tamaşaçı nə reaksiya verir, tamaşaçı gülür, ağlayır, tamaşaçı yoruldu, ya yox, diqqətlidir və s. Bu tamaşa Uşaq Teatrında hazırlanıb. Haqqını yemək olmaz. Rejissoru Hacıbaba Məmmədovdur. Sadəcə mən istəmişəm ki, bunu başqa bir kütlə də izləsin. Uşaq Teatrında bu tamaşanı hər dəfə göstərmək olmur, amma Oda Teatrında müntəzəm oynamaq olur. Demirəm ki, o tamaşda idealam, istədiyim kimi oynamışam. Ağır, fərqli tamaşadır. Tamaşada üsyan, inadkarlıq çoxdur və hər tamaşaçı bunu qəbul etmir. Bütün bunlar səni yorur. Tamaşaçı tamaşada hər şeyə gülə bilər. Mənim oynadığım tamaşada obraz ağlayırsa, tamaşaçı gülürsə, bu zaman narahat oluram. Yəni gör, aktyor nə səviyyədədir! Amma tamaşaçıdan da asılıdır. Adam var, hadisəni, reallığı gülüşlə ötürmək, özündən uzaqlaşdırmaq istəyir.

“Tikanlı məftillər” tamaşasında obrazın biri masturbasiya edir və bu çox böyük reaksiya doğurur. Bu sizi narahat etmədi ki?

Bu hissə pyesdə yox idi. Rejissor İmam Həsənovun istəyi ilə daxil etmişik. Məqsəd odur ki, situasiya daha real olsun. Tamaşadakı obrazlar əsgərlikdədir və heç kim deyə bilməz ki, mən əsgərlikdə belə bir şeylə məşğul olmamışam. Real olduğu üçün oynamışam. Pis baxmıram, narahat da olmuram. Çünki bu adidir, qeyri-adi heç nə yoxdur burda.

Sizi hansı obraz məşhurlaşdırdı?

Heç bir teatr obrazı məni məşhurlaşdırmayıb. Bu təbiidir. Seriala isə yüz min adam baxır. “Sonuncu fəsil” seralında daha çox tanınmışdım. Məşhurluq deməyək. Amma orda oynadığım obrazla kifayət qədər tanındım. Meyxana da demişəm, bunun da məşhurluğa, tanınmağa təsiri olub. Peşəkar meyxana demişəm, verlişdə iştirak etmişəm, “Sözümüz söz”də meyxana demişəm. Uğurlu olub. Məni meyxanaçı kimi tanıyıblar. İndi isə meyxana ilə deyil, öz sənətimlə məşğulam.

Uşaqlığınızdan tez-tez nəyi xatırlayırsız?

Mənim uşaqlığım ağrı-acılı olmayıb. Bir az fağır olmuşam, eyni zamanda hərəkətli olmuşam. Yaddaşım güclü olub, yarım saata dərsi öyrənmişəm. Uşaqlıqdan tez-tez yadıma düşən atamın Qarabağda döyüşməsi, evə gəlib-getməsidir. Onda üç-dörd yaşım olardı, dumanlı xatırlayıram. Uşaqlıqda məni maşın vurub. Bu isə yadımda qalmayıb, sadəcə alnıma yazılıb. Çapığın izini deyirəm. Başım yarılıb, sonra tikilib.

Aktyorluq kursunda müəllimlik edirsiz. Tələbələrinizdən ümid verən varmı?

Öyrənməyin yaşı yoxdur. Bura gələn tələbələr içində məndən də yaşlıları var. Özümü müəllim kimi görmürəm. Məndən yaxşı bilən olsa, çəkilib qırağa qulaq asacam. Sadəcə onların arasında ən yaxşı bilən mənəm və bildiyimi paylaşıram. Çünki mənə universitetdə bunu öyrətməyiblər, mən beynəlxalq əlaqələri bitirmişəm. İxtisasım ayrıdır, amma burdayam. Tələbələrə gələndə, həmişə onlara da deyirəm, insanın içində partlayış olmalıdır. Hiss edirəm ki, əksəriyyətində bu olacaq. Uşaqlar özləri də fədakardır.

Dünyada və Azərbaycanda aktyor kumiriniz varmı?

Dünya üzrə mənim kumirim Alpaçino, Endi Qarsiya və Robert De Nirodur. Onların aktyor maneraları mənə xoş gəlir. Azərbaycanda o cür aktoyr manerası olan Abbas Qəhrəmanov, Fuad Poladov, Fəxrəddin Manafovdur. Professional olanda ekrandan da oğurlamaq olur. Baxırsan və oğurlayırsan.

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR