“Ədəbiyyat olmasaydı küçə uşağı olardım”
Bizi izləyin

Mədəniyyət

“Ədəbiyyat olmasaydı küçə uşağı olardım”

“Özümü yığılıb-yığılıb tamamilə öz içinə çəkilmiş, ətrafında özünə qəfəs qurmuş və bu qəfəsdən çıxa bilməyən barama qurdu kimi hiss edirəm”.

Bunu Publika.az-a müsahibəsində yazar Kənan Hacı deyib.

- Mənim ən etibarlı evim ürəyimdir, bilirəm ki, o evi heç kim mənim əlimdən almayacaq və o evin içində çox rahat yaşayıram. Dünya “Ol” kəlməsindən yaranıb, indi sözün ən ucuz vaxtıdır. Mənim isə sözdən başqa var-dövlətim yoxdur. Olduqca pessimist əhval-ruhiyyədəyəm. Yazı yazmaqdan başqa əlimdən başqa iş gəlmir, başqa iş bacarsaydım, gedib başqa sahədə çalışardım. Sağlamlığım qaydasında olsaydı, lap fiziki işdə də çalışardım. Təəssüf ki, sağlamlığım da qaydasında deyil.

Yaradıcı adamların içkiyə daha çox qapılmasını necə izah edərdiz?

Bu, təkcə yaradıcı adamlarda belə deyil. Sadəcə olaraq, yaradıcı adamlar üzdə olduqları, başqalarına nisbətən tanındıqları üçün onların içki içməsi daha çox diqqəti çəkir. İçkiyə həddən artıq aludəlik çarəsizlikdən yaranır, yazarlar çox həssas adamlardır və onlar maddi dünyanın çətinliklərinə çox tab gətirə bilmirlər, yerlə-göylə əlləşən adamlardırlar. Stresdən xilas olmağın yeganə yolunu içki içməkdə görürlər və bu da tədricən həyat tərzinə çevrilir. Gözümüzün qabağında nə qədər istedadlar məhv oldu, onlar şüurlu olaraq intiharı seçdilər. Sağlıqlarında diqqət görmədilər. Onların içki içməyi intihar idi. Mehdi Bəyazid, Elçin Səlcuq, Şaiq Vəli bu yolu özləri seçmişdilər.

Ədəbiyyat yoxsa ailə?

Mənim ailəli olmağım ədəbiyyatla məşğul olmağıma qətiyyən mane olmur. İnanmıram ki, nə vaxtsa belə bir seçim qarşısında qalaram. Ədəbiyyat artıq mənim həyat tərzimə çevrilib, ədəbiyyat olmasaydı, mən yəqin ki, küçə uşağı olardım. Mən ailədə də, cəmiyyət içində də, dostların əhatəsində də darıxan adamam. Yeganə darıxmadığım yer ədəbiyyatdır. Çünki ədəbiyyat mənə öz təxəyyülümün məkanında yaşamaq imkanı verir. Günlərlə ac qala bilərəm, amma yanımda kitablar olmasa, havasızlıqdan boğularam.

Sevgi haqqında ən tez xatırlaya biləcəyiniz bir fikri deyə bilərsiniz?

Sevgi uzun sürən bir xəstəlikdir, insan sağalsa da o xəstəliyin izi ömrünün sonuna qədər onun ürəyində qalır.

Yaradıcılıqda mütaliənin rolu?

Yaradıcı insan üçün mütaliə çox mühüm və vacib bir amildir. Stiven Kinq “Yazı sənəti” kitabında yazır ki, yaxşı yazıçı olmağın bir yolu var, ardıcıl mütaliə və yazmaq. Ədəbiyyata yeni gələn gənclərin yazılarında mütaliəsizlik hiss olunur. Hansısa bir sahədən yazanda bu qüsur dərhal üzə çıxır, yazıdakı boşluqlar onu yazan adamın məlumatsızlığını üzə çıxarır. Təməl kitablar var ki, o kitabları oxumadan nəsə yazmaq ayaqsız adamın yerimək cəhdinə bənzəyir. Mütaliə təfəkkürü formalaşdırır, düşüncəni itiləşdirir, mütaliə artdıqca yazıçının düşünmə sürəti də artır, söz ehtiyatı da zənginləşir, belə deyək, söz üçün qonşuya qaçmır, çinədanı dolu olur. Oxumaq lazımdır ki, baza yaransın. Ən azından, sənə qədər yazılanlardan xəbərin olmalıdır. Elə kitablar var ki, mən bu yaşımda hələ də onları oxumadığım üçün xəcalət hissi keçirirəm. Məsələn, Ovidinin “Metomorfozalar”ını, Didronu, Marsel Prustu, sentimentalizmin əsasını qoymuş Lorens Sterni, Tomas Mannı, Virciniya Vulfu hələ də oxumamışam. Mütaliə ilə qidalanan beyin insanı bataqlıqdan xilas edir.

Ən çox acıdığınız tale?

Ən çox valideynini erkən itirmiş, atılmış uşaqlara acıyıram. Onların gözlərinə baxmağa özümdə güc tapa bilmirəm. Oşo yazır ki, insan övladı bütün heyvan balaları içərisində ən çarəsiz olanıdır. Demək olar ki, bütün heyvan balaları valideyn və ətrafın köməyi olmadan həyatda qala bilir, amma insan övladı bunu bacarmır, qısa zamanda ölür. O, dünyanın ən çarəsiz, ölüm qarşısında ən dayanıqsız və ən incə varlığıdır. Bu günahsız varlıqları həyatla təkbətək buraxıb onlardan imtina edənləri mən anlaya bilmirəm. Ən çox o günahsız körpələrin taleyinə acıyıram. Ümumiyyətlə, atılmış insan görəndə sonradan günlərlə özümə gələ bilmirəm.

Uşaqlığınızdan tez-tez nəyi xatırlayırsız?

Ümumiyyətlə, uşaqlığımı çox tez-tez xatırlayıram. Yaş artdıqca insan uşaqlığından qopmaq istəmir. Uşaqlığımın insanlarından çoxu indi həyatda yoxdur. Uşaqlıq çağının rəngləri solub, zaman keçdikcə o görüntülər bir az da bulanıq olur, ilğıma çevrilir və sonda nöqtə boyda olub itir. Yaddaşında ancaq adda-budda qırıntılar qalır. Çox vaxt hansısa hadisənin nə vaxt baş verdiyini xatırlamırsan. İnsan öz keçmişindən belə qopur, tədricən, hiss olunmadan. Səninlə uşaqlığın arasında keçilməz bir divar ucalır, o divar zamandır. Bəzən tamamilə unutduğum və yaxud heç vaxt xatırlamadığım bir məqam qəfildən bütün aydınlığı ilə şimşək kimi beynimdə çaxır. İşıq pulu yığan qoca bir kişi var idi, ona Paşa müəllim deyirdilər, arada gəlib çek yazırdı. Şeir adına cızmaqara yazırdı, mənim də anam ədəbiyyat müəllimi idi deyə, şeirlərini ona oxuyurdu. Eynəyi sifətindən böyük görünürdü. Nədənsə, uşaq ağlımla bu kişiyə yazığım gəlirdi. Fikirləşirdim ki, qoca kişidir, bu yaşında şeir yazmaq bunun nəyinə lazımdır? Paşa müəllimi tamam unutmuşdum, yeniyetməlik vaxtımdan təxminən otuz ilə yaxın bir vaxt ərzində onu demək olar ki, heç xatırlamamışdım. Bu yaxınlarda qəfildən bu adamın sifəti gözümün önündə canlandı, bilmirəm onu mənə xatırladan hansı detal idi? Oturub onun haqqında bir yazı da yazdım. Yaddaşın belə qəribə işləri var.

Niyə yazırsız?

Çünki yazmaqdan başqa çarəm yoxdur. Özünü ifadə edə bilməyən insan çox faciəvi bir varlıqdır. Yazmaq mənim üçün özünüifadə vasitəsidir.

Söhbətləşdi: Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm