“Evə geri aparan beş yol”…Azərbaycanın məcburi köçkün və qaçqınlarının fotoşəkilləri Belçika Senatında sərgiləndi
Bizi izləyin

Mədəniyyət

“Evə geri aparan beş yol”…Azərbaycanın məcburi köçkün və qaçqınlarının fotoşəkilləri Belçika Senatında sərgiləndi

Azərbaycanın məcburi köçkün və qaçqınlarının fotoşəkilləri Belçika Senatı Prezidentinin əlamətdar qərarından sonra - iyunun 16-da BMT-nin Dünya Qaçqınlar Gününün qeyd olunması ilə əlaqədar Brüsseldə Belçika Senatında neoklassik mühitdə sərgilənib.

Publika.az xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçika nümayəndəliyi tərəfindən təşkil edilmiş emosional ruhlu bu sərgi 1 milyona yaxın qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayondan köçürülməsinin və onların acınacaqlı vəziyyətinin Avropa ictimaiyyətinə nümayiş etdirilməsinə xidmət edir.

BMT-nin Təhlükəsizlik Şurasının 22 il bundan əvvəl Ermənistanın işğalçı siyasətinə qarşı qəbul etdiyi dörd qətnaməsinə baxmayaraq, bu insanlar bütün ölkədə müxtəlif ərazilərə səpələnmiş düşərgələrdə yaşayırlar.

TEAS-ın Belçika nümayəndəliyinin rəhbəri Mark Vervilghen bildirib ki, bu şəkillərdə qaçqın və məcburi köçkünlərin vəziyyəti, çəkdikləri əzab və əziyyət təsvir olunub:

“Qaçqınların acınacaqlı vəziyyəti insanlıq yaranandan bəri mövcud olub, lakin yalnız II Dünya müharibəsindən sonra beynəlxalq ictimaiyyət bu problemi nəzərə alıb. 2003-cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mandatı “qaçqın problem tam həll olunana” qədər genişləndirilib.

Bu sərginin məqsədi bu şəkillərdə göstərilənlərin qaçqın və məcburi köçkünlərə çevrilməsinə cavabdeh olan şəxsləri vurğulamaq deyil. Bu şəkillərə baxarkən biz onların vəziyyətini, çəkdikləri əzabı, məhdud imkanları və bədbəxtliklərini təsəvvür etməliyik”.

Daha sonra Mark Vervilghen I Dünya müharibəsi zamanı Niderlanda qaçmış bir milyon belçikalının çəkdiyi əzablardan bəhs edərək paralel aparıb.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə olduğunu deyən tanınmış alman fotoqrafı Filip Ratmer bildirib ki, bu insanların simalarını yaxından çəkərək onların çəkdiyi əzabları göstərməyə çalışıb: “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyanın unudulmuş münaqişələrindən biridir. İki keçmiş sovet respublikası arasında münaqişə 1988-94-cü illərdə baş vermiş müharibədə öz pik nöqtəsinə çatıb. Bu müharibə zamanı Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağı və yeddi ətraf rayonun ərazisini işğal edib və azərbaycanlı əhalini ərazidən qovub. İndiki zamanda 23 üç il sonra bu münaqişə artıq uzaqda qalıb. Atəşkəs kövrək sülhü qoruyur. Bu münaqişə müharibə və qovulma qurbanları üçün heç də unudulmuş bir hadisə deyil. Qaçqın və məcburi köçkünlər onun nəticələrindən bu günə qədər əziyyət çəkirlər.

2012-ci ilin iyul ayında mən bir həftə ərzində məcburi köçkün və qaçqınların məskunlaşdığı Ağcabədinin Taxtakörpü və Ağdamın Quzanlı qəsəbələrində, eləcə də Bakının şimalında yerləşən Dərnəgül və Pirşağı qəsəbələrində olmuşam. Bu zaman mən bu insanların simalarını yaxından çəkərək onların çəkdiyi əzabları göstərməyə çalışmışam. Hər obyekt eyni formada - qara fonda və birbaşa günəş işığı düşməyən yerdə çəkilib. Daha çox insanların simalarına, onların çəkdiyi əzaba və həyat hekayələrinə diqqət yetirilirdi. Siz bu problemləri onların gözlərində və üzlərinin qırışlarında görə bilərsiniz.

Əsas diqqət insanların vəziyyətinə yönəlmişdi. Mən hər şəxsin adını, yaşını, məşğuliyyətini, yaşadığı düşərgənin adını və məcburi köçkün düşdükləri şəhərin adını qeyd etmişəm. Onlar həm də təcrübələri haqda danışırdılar. Bəziləri bunu çox səmimi şəkildə edirdi, bəziləri isə çox da istəməyərək, könülsüz... Bu şəkillər münaqişənin bir tərəfini göstərir - qaçmağa və evlərini tərk etməyə məcbur olan tərəfi. Və bununla onlar bütün dünyada baş verən bir çox müharibələr nəticəsində məcburən köçürülmüş bütün insanları təmsil edirlər. Onların hamısının bir arzusu var idi - onlar işğal olunmuş rayonlara gedən beş yoldan birini seçib geri qayıtmaq istəyirlər. “Evə geri aparan beş yol”dan birini...”

“Evə geri aparan beş yol” adlı sərgi bu gün Berlin, Paris və İstanbulda geniş auditoriya qarşısında nümayiş olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm