Ağız dadınıza layiq qarağatlı krep
Bizi izləyin

Mətbəx

Ağız dadınıza layiq qarağatlı krep

Şirniyyatlardan tamamilə imtina etmək mümkün deyil. Ona görə də, şirniyyat hazırlayarkən, onun tərkibinin sağlamlıq üçün faydalı qidalarla zəngin olmasına diqqət etmək lazımdır.

Publika.az sizin üçün tərkibində həm zülal baxımından zəngin lor pendiri, həm də antioksidantlarla zəngin qarağat olan ləzzətli krep reseptini təqdim edir.

Ağız dadınıza layiq və sağlamlıq üçün faydalı krepi mütləq sınaqdan keçirin.

Tərkibi:

Yarım stəkan lor pendiri

2-3 xörək qaşığı aqave balı (Meksikada yetişən kaktusa oxşar bitkidən hazırlanır. Mağzalarda hazır halda satılır)

Yarım stəkan təzə qara qarağat

Krep üçün:

2 stəkan un

2 ədəd yumurta

1 stəkan su

1 stəkan süd

1 çay qaşığı duz

Bitki yağı

Hazırlanması:

Süd, un və suyu dərin bir qaba töküb yaxşıca çırpın. Sonra yumurtaları da əlavə edib çırpmağa davam edin. Nəticədə keks xəmirindən bir az daha duru xəmir əldə edəcəksiniz.

Tefal tavaya 1 çay qaşığı bitki yağı töküb qızdırın. Xəmirdən 1 çömçə götürüb tavaya tökün. Hər iki üzünü qızardın. Xəmir bitənə qədər prosesi təkrarlayın.

Daha sonra başqa bir qaba lor pendir ilə aqave balını töküb ocağın üzərinə qoyun. Pendir əriyib duru hala gələnə kimi bişirin. Sonra qabı ocaqdan götürüb qarışığın soyumasını gözləyin.

Kreplərin üzərinə 2 xörək qaşığı lor pendirli sousdan əlavə edin. Üzərinə qarağat düzüb krepi ikiyə qatlayın. Artıq süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm