Çiyələkli bulka - Resept
Bizi izləyin

Mətbəx

Çiyələkli bulka - Resept

Publika.az-ın mətbəx bölməsi yay aylarına uyğun ən dadlı şirniyyat reseptlərindən birini təqdim edirik:

Çiyələkli bulka üçün lazım ərzaqlar:

1 stəkan süd;

1 armudu stəkan duru yağ;

1 yumurta;

1,5 yemək qaşığı quru maya;

1 çay qaşığı duz;

3 yemək qaşığı şəkər tozu;

1 ədəd qabartma tozu;

1 paket vanil;

4 stəkan un;

Bulkanın içi üçün lazım olan ərzaqlar:

150 qr. yağ (yumşaldılmış);

Çiyələk mürəbbəsi.

Hazırlanması:

Quru mayanı bir stəkana töküb üzərinə 1 çay qaşığı un və 1 çay qaşığı şəkər tozu və bir neçə xörək qaşığı ilıq su əlavə edib qarışdırın. Onu kənara qoyub şişməsini gözləyin.

Süd soyuqdursa, bir az ilıq edib, üzərinə yağı əlavə edirik. Duzu, şəkər tozunu, mayalanmış mayanı, vanili, qabartma tozunu, yumurtanın ağını (sarısını saxlıyırıq) və unu əlavə edib qarışdırdığımız südlə yağın üzərinə töküb ələ yapışmayacaq yumşaqlıqda xəmir yoğururuq. Acımasını gözləmədən 10 kündəyə ayırırıq. Birinci 5 kündəni götürürük. Hər kündəni iri boşqabdan bir az böyük açırıq və üzərinə yumşaldılmış kərə yağı sürtürük.

Kündələrin hər birini eyni şəkildə açıb, yağlayıb üst-üstə düzürük. Ən üstdəkinə yağ sürtmürük. Üst-üstə düzdüyümüz xəmirləri çox əzmədən yavaş-yavaş 60-70 sm. böyüklükdə yuxa kimi açırıq. Açdığımız xəmiri eyni bərabərlikdə, üçkünc şəklində kəsirik arasına çiyələk mürəbbəsi qoyub bükürük . Hər üçküncün arasına bir dənə çiyələk qoyuruq. 30-40 dəqiqə sobada bişiririk, bişənə az qalmış üzərinə yumurtanın sarısını sürtürük.

Gözlədiyimiz arada qalan 5 kündəni də eyni formada hazırlayırıq. 180 dərəcədə üstü qızarana qədər bişiririk. Təxmini 24 ədəd bulka alınır. Soyuduqdan sonra üzərinə şəkər pudrası əlavə edirik.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm