Brilyantın rəqibi və ya skripkaçının illərdir gizli qalan sirri: “Swarovski” daşları - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Brilyantın rəqibi və ya skripkaçının illərdir gizli qalan sirri: “Swarovski” daşları - MİLYONÇU

Ailənin adı dünyanın ən zəngin insanlarının siyahısında 1284-cü sıradadır. Şirkətləri ailə üzvlərinin beşinci nəsli tərəfindən idarə edilir. Nə qədər qəribə görsənsə də, şirkətin baş qərargahı kiçik bir kənddə yerləşir. Söhbət dünyaca məşhur “Swarovski AG” şirkətindən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Svarovski ailəsinin biznes uğurunu təqdim edir.

Şirkətin və brendin yaradıcısı Daniel Svarovskidir. Daniel 1862-ci ilin 24 oktyabrında Avstriya-Macarıstan İmperiyasının kiçik Heorgental kəndində dünyaya göz açıb. Kəndləri büllur şüşənin vətəni olan Boqemiyanın şimalında yerləşdiyindən hər kəs çörək pulunu büllurdan çıxarırdı. Elə Danielin atası da şüşə emalı ilə məşğul olurdu. Kiçik emalatxanası var idi. Düzdür, oğlu kimi böyük pullar qazanmırdı. Amma ailəsini təmin edə bilirdi.

Skripkaçı arzusu

Büllur kralının arzusu skripkaçı olmaq idi. Atasına işlərində kömək etsə də, büllur istehsalı onu çəkmirdi. Lakin arzusu ürəyində qalır. Təhsil almaq üçün üz tutduğu Parisdə dünya elektrik sərgisində iştirak edir. Məhz bu sərgi onun bütün taleyini dəyişir. Belə ki, sərgidə onun diqqətini elektrik cərəyanı ilə şüşələri üyüdən texnikalar cəlb edir. Sərgidən iki il sonra şüşənin elektriklə üyüdülməsi üçün ilk cihaz hazırlayır. Təxminən on il cihazın üzərində işləyən Svarovski nəhayət 1891-ci ildə öz icadını patentləşdirir. Biznesini qurmağı qərara alır və böyüyüb həddi buluğa çatdığı kənddə rəqibi çox olduğundan Avstriyanın digər kəndinə - Vattnesə üz tutur. Həyat yoldaşını və üç oğlunu – Vilhelm, Fridrix və Alfredi özü ilə birgə aparır.

“D.S. & Co” şirkəti

1895-ci ildə Vattnesdə ilk büllur fabrikini qurur. Şirkətin adını “D.S. & Co” qoyur. Bu “Daniel Svarovski və onun şirkəti” demək idi. Bəzi versiyalara görə, D.Svarovski şirkəti fransız ortağı ilə birgə yaradır. Fabrik brilyantdan seçilməyən büllurlar istehsal edir. Sözün qısası, bu büllurlar qiymətli daşların təqlidi olur və nisbətən ucuz qiymətə satılır. Bu da tez bir zamanda geniş kütlənin diqqətini çəkir. Yaxın zamanda fabrikin məhsullarına tələbat artır. 1900-cü ildə şirkətin adını dəyişərək soyadlarına uyğun “Swarovski” adlandırır. “Swarovski” dəbli aksessuara çevrilir. Sifarişlərin artması şirkətin genişlənməsinə səbəb olur. Svarovski əlavə olaraq daha 200 işçini işə götürür. Büllur istehsalı ailə biznesinə çevrilir. Danielin üç oğlu da biznesdə iştirak etməyə başlayır. Onlar büllurun yeni istehsal texnikası üzərində baş sındırırlar. Nəhayət buna nail olurlar.

Müharibə: Ən pis dövr

Birinci Dünya müharibəsi zərgərlik sektoru üçün bir imtahan olur. Bütün Avropada zinət əşyalarına tələbat azalır. Yeri gəlmişkən, həmin zaman “Swarovski” Amerika bazarında fəaliyyət göstərmədiyi üçün vəziyyət daha da kritik olur. Belə günlərdə Daniel və oğlanları “Swarovski Tyrolit” şirkətini açırlar. Şirkətin fəaliyyəti müxtəlif materialların üyüdülməsi və cilalanması üçün maşınlar istehsal etməkdən ibarət olur. Müharibədən sonra vəziyyət yenidən stabilləşir. “Svarovski Tyrolit” büllur istehsalına qayıdır. Amma bu dəfə yeni texnologiya ilə. Bu da “Swarovski”yə bazarın lideri olmağa kömək edir. Daniel şöhrət qazandıqca, rəqibləri müflisləşir. Koko Şanelin “Swarovski”nin bəzək əşyalarına müraciət etməsindən sonra moda dünyasının “Swarovski”yə rəğbəti artır.

Gizli düstur

Svarovski büllurun hazırlanmasında gizli formulu tapır. Şirkətin uğurunda mühüm rol oynayan gizli düstur bugünkü günə qədər sirr olaraq qalır. İllərdir digər şirkətlər sirri tapmaq istəyirlər. Lakin buna nail ola bilmirlər. Sadəcə o bəllidir ki, büllurların bu qədər parıltılı olmasının səbəbi tərkibində 32% qurğuşun olmasıdır. Hansı ki, digər şirkətlərin məhsullarının tərkibində qurğuşun 24%-dən çox deyil.

Onu da qeyd edək ki, Daniel Svarovskinin əsasını qoyduğu büllurların cilalanma üsulu bu gün də davam edir. Bu və ya digər məhsul hazırlandıqdan sonra “Swarovski” şirkətinin əməkdaşları onun haqqında bütün sənədləri məhv edirlər.

“Swareflex” brendi

1929-cu ildə “Swareflex” brendi yaradılır. Bu brend avtomobillər üçün xüsusi şüa əks etdirən şüşələr istehsal edir. Bir müddətdən sonra şirkət optik əşyalar istehsal edən brend də yaradır. Bu optik əşyaların sırasında binokllar da olur.

İkinci müharibə: Uğur

Bu dövrdə şirkətin fəaliyyəti haqqında dəqiq məlumatlar yoxdur. Lakin bəllidir ki, “Swarovski”i ABŞ bazarına çıxış əldə edir. Şirkətin buna necə nail olduğu hər kəs üçün müəmmalıdır. Çünki “Swarovski” Avstriya şirkəti idi. Bu ölkə isə Hitler ordusu ilə tərəfdaş idi. Digər tərəfdən, müharibə zinət əşyalarına tələbatı artırmır, əksinə azaldır. Belə bir situasiyada Danielin Amerikaya ayaq açması hər kəsi mat edir.

Nəvəsini varis edir

1956-cı ildə Daniel Svarovski dünyadan köçür. Varislərinin hər biri gəlirli şirkətlərdən pay alırlar. Şirkətin rəhbərliyinə isə nəvəsi Manfred Svarovski gətirilir. Bu həmin Manfreddir ki, 1965-ci ildə rəngli büllurlar düzəldə bilən texnologiya icad edir. Bu icad şirkətin tarixində mühüm amil kimi qiymətləndirilir. “Swarovski”dən əvvəl bunu heç kəs etmirdi. Manfredin texnologiyası ilə düzəldilmiş rəngarəng bəzək əşyaları yüksək cəmiyyətin diqqətini cəlb edir və onlara tələbat artır. Ümumiyyətlə, zaman keçdikcə şirkətin təqdim etdiyi çeşidlər zənginləşir. Çılçıraqlar üçün büllur “Swarovski” şirkətinin yeni fəaliyyət növünə çevrilir. 1976-cı ildə şirkət suvenirlər istehsal etməyə başlayır. İlk suvenir fiqur büllur siçan olur. Bir müddətdən sonra “Swarovski”nin istehsal etdiyi suvenirlərin kolleksiyası ilə məşğul olan klub belə formalaşır. Mənbələrə inansaq, dünya üzrə bu kluba 500 mindən artıq insan daxildir.

“Swarovski” bu gün

Statistikaya görə, şirkət bütün dünyada istifadə olunan keyfiyyətli bijuteriyaların 80%-ni istehsal edir. “Swarovski”nin baş qərargahı hələ də Vattens kəndində yerləşir. Şirkət ailə şirkəti hesab olunur. 2013-cü ildə “Swarovski”nin rəhbəri Qerno Lanq Svarovski olub.

2012-ci ildə şirkətin dövriyyəsi 2,38 milyard avro təşkil edib. Hazırda “Swarovski”nin dünyada 2350 mağazası fəaliyyət göstərir. Bundan əlavə 2013-cü ildə “Swarovski AG”nin 75 fabriki fəaliyyət göstərib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm