İynədən qorxdu, milyarder oldu – “Yubkalı Stiv Cobs”
Bizi izləyin

Milyonçu

İynədən qorxdu, milyarder oldu – “Yubkalı Stiv Cobs”

Onu “ətək geyinmiş Cobs” adlandırırlar. Bu “titul”a layiq görülməsi təkcə inqilab etməsi ilə deyil, həm də “Apple”in yaradıcısı Stiv Cobs kimi geyinməsi ilə bağlıdır. Daim qara yaxalıqlı köynək geyinən sözügedən şəxsin iynədən qorxması böyük bir biznesin yaranmasına təkan verdi. Söhbət “Theranos” şirkətinin sahibi Elizabet Holmesdən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində 31 yaşlı milyarderin həyat hekayəsini təqdim edir.

Sıravi ailədə dünyaya göz açıb

Elizabet 1984-cü ilin fevralında dünyaya gəlib. Atası Xilasetmə Xidmətinin və ABŞ Konqresinin əməkdaşı olduğundan ailə tez-tez yaşayış yerini dəyişməyə məcbur olurdu. Buna görə də Elizabetin uşaqlığının müəyyən illəri Afrikada, bir hissəsi isə Çində keçib. Bu səbəbdən də o, dünyanın ən çətin dillərindən sayılan Çin dilini mükəmməl bilir.

Elizabetin tibb sahəsinə marağına gəlincə, hələ məktəb illərindən Danimarkada dünyaya gələn cərrah, mühəndis, ixtiraçı və "University of Cincinnati College of Medicine"nin dekanı olan babasının tərcümeyi-halını oxuyub. Bundan təsirlənərək onun yolu ilə getməyi xəyal edib. Ürəyindən həkim olmaq keçsə də, qandan qorxduğu üçün diaqnostika sahəsinə üstünlük verib.

Universiteti atır

Ailəsi Amerikaya 2000-ci ildə qayıdıb. Elizabet 2002-ci ildə nüfuzlu Stanford Universitetinə daxil olub. Təhsildə əldə etdiyi uğurları, elmi fəaliyyəti və Çin dilini əla bilməsi sayəsində Sinqapurun Genoma Universitetində təcrübəyə yollanıb. Qeyd edək ki, burada SARS koronavirusunun aşkar edilməsi ilə bağlı qan təhlilləri üzərində iş aparılırdı. Təcrübə müddətində beynində testlərin aparılması üçün yeni ideyalar yaranıb. Geri döndükdən sonra Robertson Universitetinin professorları ilə bu ideyaları müzakirə edib. Nəticədə Elizabet 2003-cü ildə ABŞ-da patent almaq üçün ərizə ilə müraciət edib. Təhsilini yarımçıq buraxaraq, valideynlərinə təhsilə ödədikləri pulu biznesinə sərf etməyi təklif edib. Ata-anası ona dəstək olaraq, qızlarının təhsili üçün yığdıqları pulu biznesə xərcləməsinə icazə veriblər. Elizabet hər şeylə özü məşğul olurdu. Kirayəyə laboratoriya tapdıqdan sonra investor axtarışına başlayır.

10 il sərf edir

2003-cü ilin payızında 19 yaşında şəxsi şirkətini yaradır. Elizabet mikroskopik həddə qan damcısı ilə sürətli, dəqiq, ucuz diaqnoz həyata keçirilməsi məqsədilə 10 il təcrübə aparır. İşə Robertson Universitetinin professorunu dəvət edir. Şirkətinə “Theranos” adını verir. “Theranos” vaxt keçdikcə inkişaf edərək rəqiblərindən qorunmaq üçün kifayət qədər gizli şəkildə işləyir. Bu müddətdə şirkətə 400 milyon dollar dəyərində kənar investisiya da cəlb edilir.

“Niyə bütün həyatını riskə ataraq bunu edirsən?"

Elizabetin təhsilini yarımçıq qoyub riskli biznesə girişməsi hər kəsin ona bu sualı verməsinə gətirib çıxarır. Cavab isə belə olur: “Dünyada bənzəri olmayan bir texnologiya yaratmaq və bu texnologiya ilə etnik mənşə, yaş, cinsiyyət, ölkə fərqi güdmədən insanlığa kömək etmək istəyirəm". Qeyd edək ki, Elizabet iynələrə nifrət edirdi və qan testlərinin daha sadə üsulla həyata keçirilməsini istəyirdi. Nəticədə o həm yeni texnologiya yaradır, həm də böyük pullar qazanırdı. Elizabetin şirkətinin hazırkı bazar dəyəri 9 milyard dollardır. Və o, şirkətin səhmlərinin 50 faizinə sahibdir. Amerika mətbuatının yazdığına görə, “Theranos”da qan analizləri özəl laboratoriyalardakından 2-4 dəfə, xəstəxanalardakından 4-10 dəfə ucuz başa gəlir. Şirkət ABŞ-da ən böyük aptek şəbəkəsi sayılan “Walgreens”lə müqavilə imzalayır. Artıq Amerikada apteklərdə qan analizi reallaşdırılır.

“Forbes”in ən gənc milyarderi

Onun adı dünyanın ən varlı 400 sakininin siyahısında yer alır. Elizabet 4,5 milyard dollara sahibdir. Eləcə də Amerikanın üçüncü ən varlı gənc iş adamıdır.

Stiv Cobsun qadın variantı

Elizabet Stiv Cobsa təkcə xəyallarının arxasınca düşüb universiteti yarımçıq buraxması ilə bənzəmir. Amerikalı iş qadını həm də kumiri kimi geyinir. Bundan əlavə, onun otağını Stiv Cobsun tərcümeyi-halı əks olunmuş tablo bəzəyir.

Şəxsi həyatına gəlincə, Elizabet “Theranos”la evil olduğunu deyir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm