Xarabalıqdan çıxan milyonçu və ya “Facebook”un acığına yaranan “WhatsApp” - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Xarabalıqdan çıxan milyonçu və ya “Facebook”un acığına yaranan “WhatsApp” - MİLYONÇU

Bəziləri rahat ünsiyyət uçun ona təşəkkür edir, bəziləri isə həyatlarını daha da virtuallaşdırdığına görə lənət oxuyur. Xarabalıqlardan çıxıb həyatını tam təmin edənlərdəndir. Səfalət də görüb, var dövlət də. Bir zamanlar işə qəbul olunmadığı şirkətə öz məhsulunu 19 milyarda satmağı bacaran bu şəxs “WhatsApp”ın yaradıcısı Yan Kumdur.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində məşhur iş adamının hekayəsini təqdim edir.

Yan Kum 1976-cı ildə Kiyevdə anadan olub. Anası evdar qadın, atası tikintidə çalışan adi bir fəhlə imiş. Kum da Mark Zukerberq kimi yəhudidir. Yazılanlara görə, Kumlar həddən artıq səfalət içində yaşayıblar. Evlərində nə elektrik, nə də isti su var imiş. Valideynləri telefonla belə limitlə danışırlarmış. Dediklərinə görə, məmurlardan çəkinirlərmiş. Maraqlısı isə odur ki, hazırda 7 milyard dollara sahib olan Yan Kum müsahibələrində həmin günlər üçün darıxdığını deyir.

Amerikaya miqrasiya edirlər

1992-ci ildə SSRİ-nin dağılması və Ukraynada vəziyyətin qeyri-sabit olması səbəbindən Kum anası və nənəsi ilə birgə Amerikaya miqrasiya edir. Sosial dəstək çərçivəsində iki yataq otağından ibarət kiçik mənzil alırlar. Yeri gəlmişkən, atası ömrünün sonuna qədər okeanın o tərəfinə keçə bilmir.

7 milyardın sahibi bir zamanlar döşəmə yuyurmuş

Amerikada ailənin dolanışığı daha da pisləşir. Əvvəlcə, Kaliforniyada yığdıqları ərzaq talonları ilə dolanırlar. Sonradan anası dayə işləməyə başlayır. Qəhrəmanımızın özü isə mağazada döşəmə yuyur. Anasına xərçəng diaqnozu qoyulduqdan sonra onlar əlillik təqaüdü ilə dolanmağa məcbur olurlar.

“Dələduz”

Çətin həyat şərtlərinə baxmayaraq, Kum təhsildən iki əllə yapışır. İngilis dilini tez bir zamanda öyrənir. Məktəb yoldaşları ilə dil tapa bilmədiyindən dələduz ləqəbi alır. Özünün xatirələrinə görə, məktəb illərindən kompüter şəbəkələri ilə maraqlanır. Hətta bu marağı onun “w00w00” haker qrupuna qoşulmasına səbəb olur. Haker dostları ilə birgə bir neçə dəfə ”Silicon Graphics” şirkətinin serverini sındırır.

“Yahoo”ya görə universiteti atır

Y.Kum ali təhsilini San-Xose Universitetində alır. “Ernst&Young” adlı İnformasiya təhlükəsizliyi şirkətində işə düzəlir. 1997-ci ildə əyləncələrin birində “Yahoo”nun meneceri Brayan Ektonla tanış olur. “Yahoo” o vaxtlar internet şirkəti kimi çox məşhur idi. Kum Ekton sayəsində “Yahoo”ya işə düzəlir. Şəbəkə mühəndisi vəzifəsində işləməyə başlayır. Yeri gəlmişkən, “Yahoo”da işləmək onun üçün o qədər əhəmiyyət daşıyır ki, universiteti belə yarımçıq buraxır.

Yetim qalır

1997-ci ildə Kumun atası vəfat edir. 2000-ci ildə isə uzun xəstəlikdən sonra anası dünyasını dəyişir. Beləliklə, gələcəyin milyarderi yetim qalır. Onun işdən başqa heç nəyi qalmır.

Öz şirkətini qurur

Kum “Yahoo”da 7 il çalışır. Karyerasını qurmağı bacarır. “Yahoo”da böyük təcrübə keçən Y.Kum “müstəqil üzməyi” qərara alır. Əvvəlcə “Yahoo”da işlədiyi müddətdə yığdığı 400 min dollarla Cənubi Amerikanı gəzir. 2007-ci ildə isə Ektonla birlikdə işə qəbul olmaq məqsədilə “Facebook”a müraciət edir. Lakin Mark onları işə götürmür. Dostların həyatı özlərinə “iPhone” aldıqdan sonra dəyişir. Həmin vaxt bazarda ancaq “BlackBerry” smartfonları üçün nəzərdə tutulan BMM ünsiyyət proqramı mövcud idi. Ekton “iPhone”da qeydiyyatda olan nömrələrlə ünsiyyət proqramı yaratmağı təklif edir. Kum isə dostunun ideyasına “WhatsApp” adı verir. Başlanğıc üçün onlar “WhatsApp”la öz aralarında yazışırlar. 2009-cu ildə Y.Kum 24 yaşında Kaliforniyada “WhatsApp Inc” şirkətini yaradır.

Düzdür, ilkin mərhələdə proqram elə də yaxşı işləmir. Ümumiyyətlə, “WhatsApp” ilk istifadəyə təqdim edildiyi zaman yalnız “Google Chrome”da yüklənirdi. Daha sonra “Mozilla Firefox” və “Opera” brauzerlərində də yükləmə prosesi mümkün olur. “WhatsApp” getdikcə təkmilləşir. Qısa zamanda böyük məşhurluğa qovuşur. “WhatsApp” Messenger üzərindən reallaşan ünsiyyət trafiki 2012-2013-cü ildə 75 faiz artır. 2013-cü ildə istifadəçilərinin sayı 200 milyon nəfərə çatır. 2013-cü ildən “Apple” şirkəti “iPhone” telefonları üçün bu proqramı pulsuz təqdim etməyə başlayır. Hesablamalara əsasən, “WhatsApp”ın köməyi ilə hər gün 2 milyard mesaj (2012-ci ilin aprel ayında) göndərilir (cari ilin avqust ayında mesajların sayı 10 milyardı keçib. 2015-ci ilin yanvar ayında isə bu rəqəm artıq 30 milyardı ötmüşdü.

Milyarder olur

Bir zamanlar Kumu işə götürməyən “Facebook” onun layihəsini 19 milyard dollara satın alır. 2014-ci ilin 19 fevraI tarixində reallaşan bu alğı-satqı nəticəsində Kuma 7 milyard dollar vəsait qalır. Bir zamanlar mağazaların döşəmələrini yuyan Ukrayna yəhudisi dünyanın ən varlı iş adamlarının siyahısına daxil olur. Hazırda o, “Facebook”un Direktorlar Şurasının üzvüdür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm