Qazaxıstanın “boz kardinalı”, ən varlı adam, prezidentin məsləhətçisi - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Qazaxıstanın “boz kardinalı”, ən varlı adam, prezidentin məsləhətçisi - MİLYONÇU

2015-ci ildə Qazaxıstanın dollar milyarderlərinin sərvətinin ümumi həcmi 25,52 milyard dollar təşkil edib. Bu da ölkənin ümumi daxili məhsulunun 12 faizi (ÜDM 2014-cü ilin məzənnəsi ilə 216 milyard dollar olub) deməkdir. Regiondakı böhrana, neftin ucuzlaşmasına baxmayaraq, Qazaxıstanın milyarderlərinin cərgəsinə yeniləri əlavə olunub. Siyahıya prezidentin keçmiş kürəkəni Rahat Əliyevin “kassir” adlandırdığı Bulat Utemuratov rəhbərlik edir. O B.Utemuratov ki, həyat onun üzünə 30 yaşından başlayaraq gülməyə başlayır. Bu gün “Forbes”in siyahısına görə, onun varidatının həcmi Nursultan Nazarbayevin kürəkənlərindən və qızlarının sərvətindən çoxdur.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Qazaxıstanın “boz kardinalı” adlandırılan bu şəxsin həyat hekayəsini təqdim edir.

Müəllimlikdən xaricdə ticarət evinin rəhbərliyinə

Bulat Utemuratov 1957-ci ildə Qazaxıstanda anadan olub.1981-ci ildə Xalq Təsərrüfatı Universitetini iqtisadçı ixtisası üzrə bitirib. Təhsilini başa vurduqdan sonra institutda qalıb müəllim kimi işləyib. 1986-cı ildə ticarətə başlayıb. Zəlzələdən, ya da vəlvələdən birdən yüksəlməyə başlayıb. Ticarət İcraiyyə Komitəsində baş inspektor vəzifəsinə təyin edilib. Bir ildən sonra artıq “Yubiley” qastronomunun baş direktoru olub. Artıq 1990-cı ilsə xarici ticarət əlaqələri nazirliyində işləməyə başlayıb. Ticarət sahəsindəki təcrübəsi prezident Nursultan Nazarbayevin diqqətini çəkir və onu yanına gətirir. 1992-ci ildə Bulat Qazaxıstanın Avstriyadakı ticarət evinin ilk rəhbəri təyin edilir. Əsas vəzifəsi metal almaq istəyən Avropa şirkətləri ilə Qazaxıstan hökuməti arasında vasitəçi olmaq, eləcə də kreditorlarla danışıqlar aparmaq olur. Milyarderin özünün sözlərinə görə, vəzifəni aldığı zaman onu ölkədən göndərmək istədiklərini düşünüb. Amma dostlarından biri bunun ona böyük imkanlar açdığını deyib.

Bambaşqa biri

Bulat Avstriyadan başqa adam kimi qayıdır - özünə inamlı və qətiyyətli. Qazaxıstana ayağını basar-basmaz xarici ticarət əlaqələri nazirinin müavini olur. Lakin bununla kifayətlənmir. Qazaxıstan hakim dairələrində işləyə-işləyə şəxsi biznesini qurur. 1995-ci ildə “Alma-Ata ticarət və maliyyə bankı” QSC-ni yaradır. 2002-ci ildə bankın adını “ATF Bank” qoyur. Bununla bərabər, xarici şirkətlərə sink və mis satır, durmadan varidatını artırır. “Bloomberg”in qiymətləndirmələrində B.Utemuratov Mərkəzi Asiyanın ən varlı şəxsi kimi göstərilir. Agentlik onun sərvətinin həcmini 2008-ci ildə 1 milyard, 2014-cü ildə 3,4 milyard dollar qeyd edir. “Forbes” isə bu rəqəmin 2,4 milyard dollar olduğunu iddia edir. Qeyd edək ki, bu sərvəti idarə etməklə bərabər, 15 ilə qədər müddətdə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi işləyir. Beləcə, öz biznes maraqlarını da qorumuş olur. Düzdür, özünün dediyinə görə, bu maraqlar ölkənin qanunları ilə üst-üstə düşür.

Çiçəklənmə dövrü, uğurlu investisiyalar

Utemuratovun biznesində daha vacib dövr 2007-ci ildə başlayır. O, “ATF Bank” UniCredit Austria AG-ni satışa çıxarır. Təcrübədə ilk dəfə İtaliyanın “UniCredit” şirkəti Qazaxıstan bankının alışına 2 milyard dollar vəsait ödəyir. 2009-cu ildə dünya maliyyə böhranından sonra o, “Kassa Nova” bankını və ölkənin ilk mikrokredit bankı “ForteBank”i yaradır.

Siyasi fəaliyyəti

Yuxarıda qeyd etdiyimiz kimi, Bulat Utemuratov müxtəlif vaxtlarda Qazaxıstanın hakimiyyətinin yüksək vəzifələrində təmsil olunub. 1990-92-ci illərdə xarici iqtisadi əlaqələr dövlət komitəsinin rəhbəri, 1992-ci ildə Qazaxıstanın Avstriyadakı ticarət evinin direktoru işləyib. 1993-cü ildə Qazaxıstana qayıdaraq Xarici iqtisadi əlaqələr, 1994-95-ci illərdə isə Sənaye və ticarət nazirinin birinci müavini olur. 1996-99-cu illərdə Qazaxıstanın İsveçrədəki səfiri vəzifəsini yerinə yetirir. 2003-cü ildə prezidentin xarici iqtisadi əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin edilir. 2003-cü ildən 2006-cı ilə qədər Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının katibi olur. 2008-2013-cü ilə qədər Nursultan Nazarbayevin ştatdankənar məsləhətçisi, 2010-14-cü ilə qədər Qırğızıstanla əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi işləyir. 2014-cü ildən xeyriyyə fondu olan “Asıl Miras” fondunun fəxri heyətinin üzvüdür. O həm də 2007-ci ildən Qazaxıstan Tennis Federasiyasının prezidentidir.

Sərvəti artır

Qeyd edək ki, Utemuratovun real gəlirini heç kəs bilmir. Amma o məlumdur ki, Utemuratovun sərvəti 2000-ci ildən bu yana Qazaxıstanın iqtisadi göstəriciləri ilə birgə yüksəlir. 2006-ci ildə o, biznesini bir dam altında – “Vernıy Kapital” şirkətinin tərkibində qruplaşdırıb. Düzdür, şirkətdə heç bir rəsmi vəzifə tutmur. Bütövlükdə kapitalına aşağıdakılar daxildir:

Banklar - 54 milyon dollar; “Kassa Nova”, “Bank ForteBank”

Nağd vəsait - 1,76 milyard dollar

Öhdəlikləri - 831 milyon dollar; “GlencoreXstrata”, “OrionMineralsGroup”

Xammal məhsulları - 1,03 milyard dollar.

Digər - 60 milyon dollar; Qazaxıstanın “31 kanal” kanalı, Cənubi Qazaxıstandakı sement zavodu.

“Telekommunikasiya” - 559 milyon dollar; “KaR-Tel”, “SkyMobile”.

Daşınmaz əmlak - 765 milyon dollar; Moskvada və Vyanadakı “Ritz-Carlton” otelləri, eləcə də “Rixos Borovoe”.

“Forbes”ə inansaq, “Vernıy Kapital” invesitisiya şirkətinin real sahibidir . Şirkətin idarə etdiyi investisiyanın dövriyyəsi 4 milyard dollardır. Bundan əlavə, o, yeni internet layihəsi olan “Informburo.kz”-yə imza atıb. Təxminlərə əsasən, layihə multimedia portalına çevriləcək. Bundan başqa, “31 kanal”, “İnformbüro”da ona aiddir. 2015-ci ildə üç bankın birləşməsindən “ForteBank” adlı maliyyə institutunu yaradıb. Bu gün milyarderin bankdakı payı 74,8 faizdir. Qazaxıstan Mərkəzi Bankının hesabatına görə, 2015-ci il mart ayının 1-nə “ForteBank”ın aktivləri 894,3 milyard tenge (4,8 milyard dollar ekvivalentində) təşkil edib. Öhdəlikləri isə 741,5 milyard tenge (4 milyard dollar) olub. Bundan başqa, o, Moskvada və Vyanada “Ritz-Carlton” otellərinə sahibdir. 2013-cü ildə o, “Kazsink” şirkətini transmilli treyder olan “Glencore Xstrata” satıb. Pulun əvəzində sözügedən şirkətdə 2,5 faiz pay alıb. O elə həmin ildə “Samruk Kazına”nın da satışını reallaşdırıb.

Ailə həyatı

Utemuratovun həyat yoldaşı Həcər Abjamiyevnadır. Onların üç övladları var. Böyük oğlu Əlidar Utemuratov 1979-cu ildə anadan olub. Pekin Universitetini bitirib. Bundan əvvəl isə o, təhsil haqqı kifayət qədər baha olan London iqtisadiyyat məktəbində oxuyub. İxtisasca iqtisadçı-politoloqdur. Ölkənin məşhur şirkətlərində işləyir. Milyarderin kiçik oğlu Anuar Utemuratov 1983-cü ildə dünyaya gəlib. “Alassio Capital” şirkətinin direktorlar şurasının üzvüdür. Bulat Utemuratovun Nursultan Nazarbayevin qızının şərəfinə Dinara adlandırdığı qızının isə hələ 13 yaşı var. Yəqin elə buna görə Qazaxıstanın biznes sektoruna “töhfəsini” verə bilməyib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm