Avropanın ən varlı adamı, xarabalıqlardan gələn milyonçu - FOTOLAR, VİDEO
Bizi izləyin

Milyonçu

Avropanın ən varlı adamı, xarabalıqlardan gələn milyonçu - FOTOLAR, VİDEO

Hamıdan qaçan Orteqa

“Xarabalıqların milyonçusu”, modanın tacsız kralı, kasıb ispan ailəsində doğulub böyüyən və öz bisnesini 37 yaşında quran Amansio Orteqa “Forbes”in son nəticələrinə görə, dünyanın ən varlı üçüncü adamıdır.

Paytaxt sakinlərinin də sevimli markalarından olan Zara, Zara Home, Bershka, Pull and Bear, Stradivarius, Massimo Dutti, Oysho kimi brendlərin adları çoxlarına tanışdır. Bu kimi onlarla geyim və aksessuar markalarının yer aldığı “İndetex Group”un sahibi Orteqa dünyanın 77 ölkəsində 5 mindən çox mağazanın sahibidir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində bu gün Korrida döyüşləri və dadlı paelya qədər ölkəsi İspaniyanın simvoluna çevrilən ən varlı avropalı Amansio Orteqanın milyardlara gedən keşməkeşli və maraqlı yolunu təqdim edir:

Təhsilsiz Amansio

Amansio Orteqa Qaona 1936-cı il martın 28-də İspaniyanın şimal-qərbindəki Leon əyalətinin Buzdonqo-de-Arbas kəndində anadan olub. Anası qulluqçu, atası dəmiryolu işçisi olan Amansio ehtiyac içərisində böyüyüb.

13 yaşında ailəsinə maddi kömək göstərmək üçün məktəbi yarımçıq atan və bir də təhsil ocağına qayıtmayan Orteqa köynək dükanında satıcı kimi işləməyə başlayır. Daha sonra, 1950-ci ildə o, La Maja xırdavat dükanında işə düzəlir, qardaşı Antonio, bacısı Pepita və gələcək həyat yoldaşı Rosaliya Meta ilə bir yerdə işləyir.

14 yaşında olanda atası yeni təyinat aldıqdan sonra Amansio və ailəsi Qalisiya əyalətinə köçür. Buraya köçdükdən sonra yeniyetmə Orteqa əvvəlcə tikiş fabrikində sonra isə italyan modelyerin yanında işə düzəlir. Amansio uzun müddət parçalarla yanaşı moda aləmi və dizayn işləri ilə də tanış olur, tikiş və moda dərslərinə yazılır.

İlk addım

1960-cı illərdə moda mağazalarının birində menecer işləyən Amansio tezliklə öz işini qurmaq barədə düşünür. Gələcək milyarder uğurlu gediş edir, o, ucuz parçalardan hamı üçün əlaverişli, acaq zövqlü geyimlər tikir. Təhsilsiz Orteqa zəhmətsevərliyinə və ağlına güvənərək riskə gedir. Əvvəlcə o və həyat yoldaşı Rosaliya Mera elə öz qonaq otaqlarında ev geyimləri, qadın alt paltarları və yataq dəstləri hazırlayırlar.

1972-ci ildə 37 yaşlı Orteqa paltar tikişi ilə məşğul olan və “Confecciones GOA” (adının və soyadının baş hərflərinin tərsinə oxunuşu) adını daşıyan ilk fabrikini açmaq qərarına gəlir.

Ailə biznesinə böyük ümidlər bəsləsə də qəfildən alman sifarişçilərdən biri Amansionun bütün şəxsi kapitalını qoyduğu məhsulu almaqdan imtina edir. Biznesi xilas etmək üçün cütlük maraqlı üsula əl atır və məhsulu özləri satmaq qərarına gəlirlər.

1975-ci il mayın 15-də Amansio və həyat yoldaşı La-Korunyanın mərkəzi küçələrinin birində öz “Zorba” adlı mağazalarını açırlar.

Əvvəlcə mağaza cütlüyün sevimli “Qrek Zorba” filminin şərəfinə Zorba adlandırılsa da qeydiyyat zamanı yaranan problem ucbatında mağazanın adı dəyişdirilir və “Zara” olur.

“Zara”nın sirri

“Zara”nın uğur qazanmasına əsas səbəb orta təbəqənin və xüsusən də gənclərin cibinə və zövqünə uyğun ancaq olduqca keyfiyyətli məhsul təqdim etməsidir. Şirkətin bir illiyi münasibətilə hazırlanan hesabatda deyildiyi kimi “Zara moda bazarını demokratikləşdirməyə xidmət edir. Biz modanın elitar təbəqə üçün olması fikrini dəstəkləmirik və əksinə “küçə” üçün geyim şüarını seçirik”.

Getdikcə “Zara” keyfiyyətli və ucuz geyimin brendinə çevrilib. 1988-ci ildən başlayaraq “Zara” İspaniya sərhədlərini aşır. 1988-ci ildə Portuqaliyanın Porto liman şəhərində açılan “Zara” mağazası ilk olur. 1989-cu ildə Nyu-York, 1990-cı ildə isə Paris və bütün dünya fəth olunur.

10 ildən sonra yəni 1985-ci ildə Amansio Orteqa “Zara” mağazalar şəbəkəsinin əsasında “İnditex Group” (İndustria de Diseno Textil Sociedad Anonima) şirkətini yaradıb. Artıq 1990-cı ildə İnditex Group bazardakı fəaliyyətinə görə ancaq “Cap” (ABŞ) və “H&M” (İsveç) markalarından geri qalır.

Moda mütəxəssisləri hələ də “Zara”nın fenomenal uğuru barədə mübahisə etməkdən bezmirlər. Mütəxəssislərin əksəriyyətinin fikrincə, brendin uğurunun sirri istedadlı dizaynerlərin yaratdığı əl işlərində deyil, sürət məsələsidir. Mağazaların ehtiyat malının 40 faizi hər həftə yenilənir, butiklər isə üç gündən bir təzələnir. Şirkətin Qalisiyadakı ofisi gecə saatlarında da gündəlik hesabatlarla dolub, daşır. Kolleksiyalar tez-tez yenilənir.

Orteqanın idarəetmə sistemi o qədər maraqlı və yeni olub ki, Harvard mütəxəssisləri belə onu araşdırmaq qərarına gəlib.

Yeni brendlər

Yerində saymağı sevməyən Orteqa 1991-ci ildə “Pull and Bear” mağazalar şəbəkəsini yaradır. Bundan əlavə tezliklə “Inditex” “Massimo Dutti” şirkətinə məxsus hissələrinin 65 faizini alır, 5 ildən sonra isə marka tamamilə “İnditex”in sərəncamına keçir.

1998-ci ildə Amansio gənc qız və oğlanlar üçün yeni tərz yaradan “Bershka” mağazalar şəbəkəsini təsis edib. 1999-cu ildə dəbdəbəni sevənlər üçün “Stradivarius” mağazalarını açıb.

2001-ci ildə Orteqanın biznesində daha bir əsaslı dönüş edir. İş adamı bu vaxta qədər qapalı cəmiyyət olan “Inditex”in səhmlərinin dördə birini açıq bazara çıxarmağı qərara alıb. Əldə edilən nəticə o qədər böyük olub ki, səhmlərin kursu 22 faiz artaraq, holdinqin kaptalını milyardlara çatdırıb. Məhz bundan sonra Orteqanın özünün adı dünyanın ən varlı adamları arasında hallanır.

Səhmlərin satışından 2,5 milyard dollar əldə edən Amansio daha bir brendi, bu dəfə alt paltarı istehsalı ilə məşğul olan “Oysho”nu bazara çıxarır. 2003-cü ildə “Zara” Rusiyada ilk mağazasını açıb.

Ötən ilin dekabrında isə Orteqa 536 milyon dollar müqabilində Madriddəki 43 mərtəbəli “Torre Picasso” göydələnini satın alıb. Bundan öncə də o, Mayamidə 54 mərtəbəli “Epic Residences & Hotel”ni əldə edib.

“İnditex” impersiyası

2011-ci ilin yanvarında yaşlandığını deyən Orteqa “İnditex” in idarə heyətindən istefa verib. İstefası zamanı da milyonçu fərqlənməyi bacarıb. Orteqa dünyanın müxtəlif nöqtələrində çalışan 98 mindən çox işçisinə məktub göndərib və “İnditex”in vitse-prezidenti Pablo İsludan onu bu postda əvəz etməsi üçün çağırdığını bildirib.

Hazırda “Zara”dan başqa “İnditex”in tərkibinə Pull and Bear, Massimo Dutti, Bershka, Stradivarius, Oysho, Zara Home və Kiddy´s Class kimi onlarla brend daxildir. Dünyanın 75 ölkəsində korporasiyaya məxsus 5 mindən çox mağaza var və bu statistikaya görə, korporasiya təkcə italyan brendi “Benetton”dan geri qalır.

“İnditex”in illik gəliri 10 milyard dollardan çox, bazar kapitalizasiyası isə 65 milyard avrodur.

Şirkət möhkəm ənənələrə əsasən inkişaf edir və son, 2008-ci ildə İspaniyadakı maliyyə böhranı “İnditex”in gəlirlərinə qətiyyən təsir etməyib, əksinə təəccüblü olsa da şirkətin gəlirləri 14 faiz artıb.

Hamıdan qaçan Orteqa

Son illərə qədər Amansio Orteqa barədə çox az adam nə isə bilirdi və hamı “Zara”nın kimə məxsus olması barədə mübahisə edirdi. Axı, Orteqa jurnalistlərin və iş adamlarının olduğu yerlərdən qaçır, heç vaxt foto çəkdirmirdi. Amansio sakit həyat tərzi sürmək, dostları və ailəsi ilə həmişə olduğu kimi mərkəzi küçələri gəzmək və istədiyi kimi danışıb, gülmək istəyirdi.

Ancaq sakit günlər uzun sürmür, 2001-ci ildə birjadakı uğurdan sonra Orteqa “xalq içinə” çıxmağa məcbur olur. “Zəhrimar birja bütün həyatımı məhv etdi” deyən Orteqa sürücü və mühafizəçilərlə gəzməkdən narazılıq edir, qalstuk taxmaq barədə isə ümumiyyətlə danışmaq istəmir.

Amansio jurnalistlərlə heç vaxt görüşmür, açıqlama vermir. Amansio təkcə jurnalıstlərlə deyil, ölkənin tanınmış simaları ilə də ünsiyyətə can atmır. Otreqa İspan kraliyyət ailəsinin dəvətinə getməkdən imtina edəcək qədər maraqlı şəxsiyyətdir. Milyonçu olduqca qeyri-adi və unikaldır, biznes dünyasında ikinci belə bir adam tapmaq çox çətindir. O, naharı da şirkətin mətbəxində, işçilərlə bir yerdə edir, dəbdəbəli ziyafət və partilərdən qaçır.

İspaniyanın ən varlı adamının mətbuatda ilk fotosu mağazalarının sayı mini, yaşı 60-ı keçəndən sonra yəni, yalnız 2000-ci ildə “peyda olur”.

“Mən istəyirəm ki, küçə ilə gedəndə məni yalnız ailə üzvlərim, dostlarım və həmkarlarım tanısın”,-deyə Orteqa onunla 10 dəqiqəlik görüşməyə müvəffəq olan jurnalistə açıqlamasında bildirib.

Rəssam və futbol aşiqi

Amansio şəxsi həyatını sirr kimi saxlamağa çalışsa da onun haqqında mətbuatda yazılan maraqlı məlumatlar az deyil. Orteqanın Madriddə, Parisdə, Londonda, Lissabonda, Mayamidəki dəbdəbəli evləri və otellərinin dəqiq sayı məlum olmasa da milyonçu doğma La Korunya şəhərciyini nadir hallarda tərk edir.

Orteqa sərt rəhbər, ancaq xeyirxah insandır. O işçilərinin yardıma ehtiyacı olduğunu öyrənən kimi maddi yardım etməyi unutmur, şikəst uşaqlara və xərçəngə yoluxan qadınlara ildə milyonlarla dollar pul ayırır.

Atçılıq, futbol və rəsmlə maraqlanır və özü də boş vaxtlarında rəsm çəkir.

Milyonçunun yeganə şıltaqlığı “Falcon 900” markalı şəxsi təyyarəsi və cıdır meydanıdır. “Forbes”in məlumatına görə, son illər Orteqanın ticarət maraqları da dəyişir, o, indi yalnız moda ilə deyil, futbol, neft-qaz sektoru və turizmlə də maraqlanır.

Ötən il 57 milyard dollar sərvəti ilə Orteqa Avropanın ən varlı adamları siyahısında birinci, dünya üzrə isə üçüncü pillədə qərarlaşıb.

2009-cu ildə İspaniyanın xarici işlər naziri Amansio Orteqanı xidmətlərinə görə, mükafatlandırıb.

Orteqa ailəsi

Amansio şəxsi həyatını və xüsusən də ailəsini hamıdan gizli saxlayır. İlk həyat yoldaşı və ən böyük dəstəkçisi Rosaliya Meradan (1944-2013) 1986-cı ildə sülh şəraitində boşanıblar. Ötən ilin avqustunda Menorka adasında dincələn Rosaliya insult keçirib və çatdırıldığı xəstəxandaca keçinib.

Onların bu nikahdan Sandra adlı qızları və Marko adlı oğlanları var. Sandra atasının əsas davamçısı hesab olunur və gənc yaşına baxmayaraq, indidən İspaniyanın ən varlı qadını titulunu daşıyır.

İkinci həyat yoldaşı Flora Peres Markote ilə münasibətlərini bir qədər gec, 2001-ci ildə rəsmiləşdirib. İkinci nikahdan olan qızı Marta 2012-ci ildə İspaniyanın məşhur idmançılarından biri olan Serxio Alvareslə ailə qurub.

Düzdür indi “İnditex”ə Pablo İsle rəhbərlik etsə də, bu postu tezlikdə Amansionun kiçik qızı Martanın tutacağı gözlənilir. Marta artıq atası ilə çiyin-çiyinə çalışır, ancaq təcrübə və statusuna baxmayaraq o iş həyatına Londondakı “Bershka” mağazasında satış meneceri kimi başlayıb. Barselona və Şanxayda təcrübə toplayan gənc qız “İnditex”in İspaniyanın Arteysko şəhər filialının rəhbəri vəzifəsinə yüksəlib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm