Yumurta və soğan yeyən, paltar deyil, qəzet geyinən, çimməyən ƏN XƏSİS MİLYARDER - - FOTO
Bizi izləyin

Milyonçu

Yumurta və soğan yeyən, paltar deyil, qəzet geyinən, çimməyən ƏN XƏSİS MİLYARDER - - FOTO

Pul vermədiyi üçün övladının ayağı kəsilir

Pullu insanların bədxərc olduğunu kim deyib? Statistika göstərir ki, dünyada ən qənaətcil insanlar varlılardır. Məsələn, Amerikada hər 4 milyarderdən biri 100 dollardan ucuz ayaqqabı geyinir. Kostyuma gəlincə, hər 10 milyarderdən biri kostyuma 200 dollar xərcləyir. Onların yarısı prinsipial şəkildə 250 dollardan baha saat taxmırlar. Hər üç milyarderdən biri 3 yaş kiçik avtomobildə gəzir və sair. Psixoloqlar sərvət sahiblərinin bu qəribəliklərini psixoloji kompleksləri ilə izah edirlər. Belə ki, varlanan insan pula çox diqqət ayırır, nəticədə onunla ayrılmaq çətinləşir. 19-cu əsrdə yaşayan “Uoll Stritin ifritəsi” ləqəbini alan Qenrietta Robinson isə bütün bu xəsis həmkarlarını o qədər geridə qoyub ki, hətta adı “Ginnesin Rekordlar Kitabı”na da düşüb.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Qenrietta Robinsonun həyat hekayəsini təqdim edir.

Qardaşı ölür, tək varis olur

Qenrietta 1934-cü ildə Massaçusets ştatının Nyu Bedford şəhərində dünyaya göz açıb. Atası Edvard Mott Robinson, anası isə Ebii Xulend idi. Ailə Çin ilə ticarətdən böyük gəlir əldə edirdi. Oğlanlarının ölümündən sonra Qenrietta onların yeganə varisi olur. Tək övlad olmasına baxmayaraq, dünya tarixinin ən xəsis qadını sayılan bu qızcığaz babası ilə birgə yaşamağa başlayır. Səbəb isə anasının tez-tez xəstələnməsi olur.

Ailənin kiçik mühasibi

Qenrietta kiçik yaşlarından bizneslə maraqlanmağa başlayır. Hər gün atası ilə birlikdə porta gedir, birja kotirovkalarını məruzə edirdi. Edvard Mott isə bunun qarşılığında qızına sadə yaşamağı və pulla yaxşı davranmağı, mübahisə etməməyi tövsiyə edirdi. Səkkiz yaşında artıq Qenriettanın bankda hesabı var idi. 13 yaşında isə o, ailənin mühasibi idi.

Ancaq soyutma yumurta

15 yaşında Bostonda varlı ailələrin qızları üçün nəzərdə tutulan məktəbə daxil olur. Məktəbi bitirdiyi zaman onun yeganə sahibləndiyi qabiliyyət birja oyunlarını əla bilməsi idi. Hansı ki, bunun nəticəsində atasının verdiyi 1200 dolları iki dəfə artırır. Bir necə il sonra Edvard Mott biznesini satıb metal və qiymətli kağızlar alveri etmək üçün Nyu-Yorka köçür. Təbii ki, Qenrietta atasının bu qərarından göyün yeddinci qatına yüksəlir. 29 yaşında Qenrietta qəti şəkildə anlayır ki, onun evi “Uoll Strit”dir. Lakin Qenriettanın xoşbəxtliyi uzun çəkmir. Atası gözlənilmədən xəstələnir və vəfat edir. Ölməzdən əvvəl qızına deyir ki, onu rəqibləri zəhərləyib və Qenriettanı da zəhərləyə bilərlər. Ən pisi də odur ki, o, buna inanır. Uzun illər başının altına silah qoyub yatır, eləcə də qaynadılmış yumurta (qaynadılmış yumurtaya zəhər qatmaq olmur) yeyir.

Tortun şamlarını satır, xeyriyyə fonduna verilən pula şərik çıxır

Qenriettanın xarakterindəki qəribəlik gənc yaşlarından özünü büruzə verir. Məsələn, 21 yaşı olanda o tortun üstündəki şamları yığaraq yandırmalarına icazə vermir. Səhəri gün şamları mağazaya apararaq pulunu geri alır. Bundan əlavə Qenrietta xalası vəfat edərkən sərvətini ona buraxacağına ümid edir. Çünki uşaq yaşlarında xalası – Silviya Ann Xaulend ona çox baxmışdı. Lakin Silviya 2 milyon dollarlıq sərvətindən 65 000 dollarını sevimli bacısı qızına miras qoyur. Yerdəqalan sərvətini xeyriyyə fondlarına bağışlayır. Bu, Qenriettanı özündən çıxarır. O, məhkəməyə müraciət edir. Dəlil kimi də guya xalasının məruzəsi ilə yazdığı miras sənədini təqdim edir. İddia qismən təmin olunur. Belə ki, məhkəmə onu yeganə varis kimi təsdiqləməsə də, sərvətin dörddə birinin – 500 milyon dolların Qenriettaya verilməsi haqqında qərar qəbul edir.

Şəxsi həyatı

Edvard Mott Robunson öldükdən sora Qenrietta evlənmək üçün Nyu-Yorkun ən varlı namizədlərindən biri sayılırdı. Atası ona milyon dollar dəyərində qiymətli kağız və bankda 4 milyon dollar miras qoymuşdu. Edvard Henri Qrin adlı bankir Qenrietta ilə maraqlanmağa başlayır. 32 yaşlı Qenrietta bankirin evlilik təklifini qəbul edir. Bunun özü də maraqlı şəraitdə baş verir. Belə ki, bankir ona sevgi məktubu yazır, lakin səhvən kostyum üçün dərziyə ödədiyi pulun qaiməsini göndərir. Qrinin kostyuma az pul ödədiyini görən Qenriettanın ona marağı artır və evlilik təklifinə müsbət cavab verir. Toydan əvvəl isə bəyə evlilik sazişi imzalatdırır. Hansı ki, orada Qrinin gələcək arvadının bir qəpiyinə belə haqqı olmadığı qeyd edilirdi. Ər-arvad ilk vaxtlar Manxettendə yaşayırlar. Lakin əmisi uşaqlarının Qenriettanı mirası saxtalaşdırmaqda ittiham etməsi onların Londona köçmələrinə səbəb olur. Londonda yaşadıqları 7 il ərzində Qenrietta və Qrin dolların funta qarşı məzənnəsində uğurlu spekulyasiyalar aparırlar. Eyni zamanda onların bir oğlu və qızı dünyaya gəlir. 1874-cü ildə ailə Vermonta qayıdır. 40 yaşında Qenriettanın xarakteri tamamilə pozulur. O, təkcə həyat yoldaşı və onun qohumları ilə deyil, xidmətçilərlə, dükanda satıcılarla mübahisə edirdi. Satıcılarla dava əsasən qiymətlər üzərində olurdu. Qenrietta o qədər xəsislik xəstəliyinə tutulur ki, qışda isti paltara pul xərcləməmək üçün geyimin altından özünü qəzetlə bükür. 1885-ci ildə Qenriettanın əsas investor olduğu John J.Cisco & Son maliyyə şirkəti müflis olur. Maliyyə sənədlərini araşdıran zaman məlum olur ki, Edvard Qrin şirkətə ən çox borcu olanlardandır. Qrin qondarma şirkətlər vasitəsilə arvadından pul oğurlayırmış. Edvardın bu hərəkəti xəsis Qenriettanı hiddətləndirir. O, ərindən boşanmağa qərarı verir. Edvard 1902-ci ildə xroniki nefritdən vəfat edir.

Çimməyən, soğan qoxusu verən milyoner

Qrindən ayrıldıqdan sonra Qenrietta daha da xəsisləşir. Nyu-Yorka qayıdır. Uşaqları ilə birgə ucuz mebellərlə döşənilmiş şəraitsiz mənzillərdə yaşamağa başlayır. Bəli, mənzildə deyil, mənzillərdə. Qenrietta vergi müfəttişlərindən yayınmaq üçün isə yaşadığı evi tez-tez dəyişirdi. Adını, soyadını belə ev sahiblərinə yalan deyirdi. O tam olaraq qənaət rejiminə keçmişdi. Ərzağa həftəlik 5 dollar xərc ayırır, soyuq havada isti sudan heç vaxt istifadə etmir, istilik sistemini işə salmırdı. Geyimə gəlincə, Qenriettanın cəmi bir ədəd qara paltarı var idi. Donun ömrünü uzatmaq üçün onu nadir hallarda yuyurdu. Ən ilginci də odur ki, donun ancaq bulaşmış hissələrinə su dəyirdi. Milyoner qadın alt geyimlərini isə istifadəyə yararsız olduğu zaman yeniləyirdi. Yeri gəlmişkən, Qenrietta nadir hallarda çimirmiş. Buna rəğmən xəstələnməmək üçün mütəmadi soğan yeyirmiş. Nəticədə ondan daim soğan qoxusu gəlirmiş. Bütün bu qəribə xarakteri və geyiminə görə Qenrietta “Uoll Srtitin ifritəsi” ləqəbini alır.

Qenrietta işdə

Bu qəribə biznes ledinin iş şəraiti də özünəməxsus olub. Qenrietta harada gəldi işləyirmiş. Bəzən bu bankın anbarı və ya dəhlizi olurmuş. İşə çox vaxt ayaqla gedirmiş. İşlə əlaqədar sahilin o biri tərəfinə keçmək lazım olanda isə bilet almamaq üçün yük bərəsinə minirmiş. Qadınların evdən bayıra yanında kişi olmadan çıxmadıqları zamanda Qenrietta hər yerə tək gedirmiş.

Oğlunun ayağını kəsirlər

Qenriettanın xəsisliyindən ən çox övladları əziyyət çəkir. Oğlu Nedin ayağının kəsilməsi isə bu qadının xəsisiliyinin pik nöqtəsi olur. Belə ki, Ned 14 yaşında ayağını bərk zədələyir. Həkimlərə pul vermək istəməyən Qenrietta Nedi kasıblar üçün xəstəxanaya aparır. Lakin orada milyoner qadını tanıyırlar və xidmət göstərməkdən imtina edirlər. Belə halda Qenrietta oğlunu evdə müalicə etməyə qərar verir. Aptekdən ucuz dərman alaraq yaraya sürtür. Ev şəraitində müalicə Nedin ayağının kəsilməsi ilə bitir. Bu halda belə əməliyyatın xərcini Qenrietta deyil, Edvard çəkir.

Ölümü

“Uoll Srtit ifritəsi”nin ölümü də xəsisiliyi ucbatından baş verir. Belə ki, xidmətçi ilə südü baha alması səbəbindən mübahisə edən 81 yaşlı Qenrietta iflic keçirir və ölür. Vəfat etdiyi zaman bu qadının 200 milyon dollar sərvəti olur. Hansı ki, bu da 2014-cü ilin ekvivalenti ilə 4,3 milyard dollar deməkdir. Qenriettanın ölümü uşaqlarına düşərli olur. Oğlu anasının dövründə xərcləyə bilmədiyi pulları xərcləməyə başlayır. Ancaq içkiyə qurşanır. Qızı isə xəsisliklə yığılan bu pulu xeyriyyə məqsədləri üçün istifadə edir.

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm