• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Stalinin bağ evi, çirkli pullar və 22 yaşlı milyarder – FOTOLAR

Stalinin bağ evi, çirkli pullar və 22 yaşlı milyarder – FOTOLAR

Ortaqlarına atmış iş adamı 2 milyard dollar itirib

2014-cildə onun sərvəti 2 miyard dollar azalıb. Cəmi-cümlətanı il ərzində 242,2 milyon dollar qazanıb, 4,7 milyard borc yığıb. Əgər “Forbes”in məşhur siyahısında ötən il onun adı 16-cı sırada idisə, bu il 20-yə düşüb. Söhbət Rusiyanın alüminium kralından, 2008-ci ildə 28,6 milyard dollar sərvəti ilə milyarderlərin siyahısına rəhbərlik edən Oleq Deripaskadan gedir. O Deripaska ki, hazırda sərvəti 6,5 milyarddır. Ümumiyyətlə, 2005-ci ildən varlı iş adamlarının siyahısına qatılan qəhrəmanımızın ötən illər ərzində sərvətinin həcmi gah azalıb, gah da artıb. İllər olub ki, onun varidatı 3 milyarda düşüb, növbəti il isə 16 milyarda qədər yüksəlib.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Oleq Deripaskanı təqdim edir.

“ O aktiv idi lakin təhsildə yox, pul qazanmaqda”

Oleq Deripaska 1968-ci ildə Dzerjinskidə anadan olub. 4 yaşından 11 yaşına qədər Krasnodarda ana babası və nənəsi ilə yaşayıb. Oleqin xatirələrinə görə, 7 yaşında babasını itirib. Evin təsərrüfat işləri ilə o məşğul olub. Bir qədər sonra anası efiryağı zavodunda baş mühəndis vəzifəsinə işə düzəlir. Və Oleqi də yanına aparır.

Bu arada onu da bildirək ki, valideynləri əslən Kubanidən olan Oleqin milli mənsubiyyəti haqqında fikirlər birmənalı deyil. Onun gah rus, gah da belarus slavyanı olduğu irəli sürülür.

Deripaska orta təhsilini Ust Labinskidə alıb. Məktəbi bitirdikdən sonra 1886-cı ildə orduya yollanıb. Strateji Raket Qüvvələrində xidmət edərək bir müddət sonra baş çavuş rütbəsinə qədər yüksəlib. Ali təhsilə gəlincə, onun iki universitet – Moskva Dövlət Universiteti və Plexanov adına İqtisadiyyat Akademiyasını bitirdiyi yazılır. Deripaska Moskva Dövlət Universitetində fizika ixtisası üzrə təhsil alıb. Bir sıra mənbələrdə onun hərbidən sonra, bir qismində isə hərbidən əvvəl universitetə qəbul olunduğu yazılıb. Amma Deripaska soyadlı şəxsin sözügedən universitetdə təhsil aldığına dair sənədlərin olmadığını irəli sürən hüquqşünaslar var. Bir sözlə, Deripaskanın bioqrafiyasının bu hissəsi qaranlıq və qarışıqdır. Bir məsələ bəllidir. O da oliqarxın məqsədinin fiziklik olmamasıdır. Qrup yoldaşları xatirələrində yazır ki, Oleq aktiv idi. Lakin təhsildə yox, pul qazanmaqda: “Oleq o tələbələrdən idi ki, diplomunu almadan pul qazanmağa başlamışdı. Elədiyi iş o dövr üçün spekulyasiya adlandırılırdı”. Rəsmi mənbələrdə Deripaskanın ilk işi kimi universitetin son illərində, konkret 22 yaşında (1990-cı ildə) “Hərbi investisiya və ticarət şirkəti”nin maliyyə müdiri olması göstərilir. Alternativ arxivlərdə isə onun dövlət qurumlarından birinə qənd satdığı, bəzilərində Deripaskanın SSRİ-nin dövlət bankının qiymətli kağızlar şöbəsində işlədiyi yazılır.

İlk işi

Başlayaq işin rəsmi tərəfindən. “Hərbi investisiya və ticarət şirkəti” o zaman üçün kifayət qədər böyük qurum idi. Metal ticarəti və ölkənin fond birjasında broker fəaliyyəti ilə məşğul olurdu. Deripaska əldə olunan bütün gəlirləri alüminium zavodunun hissələrinin alınmasına yönəldirdi. Artıq 4 il sonra onun “Aluminproduct”u istənilın zavodun, eləcə də Sayanoqorski alüminium zavodunun mojaritar sahibinə çevrilmək kimi imkanı olur. Bu arada qeyd edək ki, Sayanoqorski alüminium zavodunun o zaman ən böyük hissədarı Ruben qardaşlarının rəhbərlik etdiyi Trans World Group idi. Onların Rusiyada maraqlarını Mixayil və Lev Çernielər (Daşkənddə anadan olan qardaşlar əslən yəhudidilər) təmsil edirdilər. Alüminium zavodunun baş direktoru isə Oleq Deripaska idi. Cəmi 3 il sonra “Sibir alüminium” yaradılır (2001-ci ildə şirkət “Bazoviy element” adlandırılır). Daha 3 il sonra Deripaskanın şirkəti dünyanın ən böyük 10 alüminium məhsulları istehsalçısından birinə çevrilir.1997-ci ildə Deripaska “Trans-World”la əlaqələri kəsir. Burada bir haşiyə çıxaq.

Deyvid Rubin iddia edir ki, Rusiyanın alüminium sənayesini məhz onların şirkəti xilas edib. İllər sonra Mixail Çernım da məhkəmə çəkişməsində Oleqin ortaqlarına kəf gəldiyini sübut edir. London məhkəməsi 2012-ci ildə M.Çernımın xeyrinə qərar çıxarır. Qeyri-rəsmi mənbələrə əsasən, Deripaska keçmiş ortağına 200 milyon dollar ödəyir.

“Trans World Group”la yolları ayırdıqdan sonra Deripaska “Aluminproduct”u alır. 2000-ci ildə “Ruskoqo alüminium”un (RUSAL) baş direktoru təyin edilir. Hansı ki, bu şirkətə “Sibneft” və “Sibir alüminiumu” daxil idi. 2007-ci ildə adıçəkilən şirkətlər də birləşdirilməklə dünyanın ən böyük alüminium istehsalçısı “Ruskoqo alüminium” (RUSAL) yaradılır.

Pulu hardandır?

Nə qədər qəribə də olsa, Deripaskanın karyerasının pik vaxtı 26-27 yaşlarına təsadüf edir. Belə bir yaşda isə Rusiya kimi böyük dövlətdə alüminium sektorunun 20 faizinə sahiblənməsi kimsənin beynində sual işarəsi yaratmaya bilməz. Deyilənlərə görə, hələ 2001-ci ildə onun 16 milyard dolları var imiş. 2007-ci ildən oliqarxın sərvətini qiymətləndirən “Forbes” həmin il üçün bu rəqəmi 13,3 milyard dollar göstərib. Jurnalın dəyərləndirməsinə əsasən, iş adamı dünyanın ən varlı adamlarının siyahısında 40-cı, Rusiya iş adamları arasında isə 6-cı sırada idi. Deripaskanın sərvətinin pik nöqtəsi kimi 2008-ci il qeyd edilir. Həmin ildə onun nə az nə çox 28 milyard dolları var imiş. Lakin beynəlxalq böhran Deripaskanın da biznesinə təsir edir. 2009-cu ildə sərvəti 3,5 milyard, 2010-cu ildə 10,7 milyard, 2011-ci ildə 16,8 milyard, 2012-ci ildə 8,8, 2013-cü ildə 8,5 milyard dollar qiymətləndirilib.

Sual doğuran O.Deripaskada bu qədər pulun hardan olmasıdır? Mətbuat yazır ki, Deripaskanın sərvətinin əsas mənbəyi alüminium biznesidir. Bu bizneslə 1994-cü ildən məşğul olmağa başlayıb. 2000-ci ildə Roman Abromoviçlə birgə “Rusal”ı yaradıb. Bu biznes gələcəyin iki milyarderi üçün gəlirli olub. Çünki “Rusal” superrentabelli şirkət idi. Yeri gəlmişkən, şirkər hələ də maliyyə hesabatlarını açıqlamır. Qeyri-rəsmi mənbələr isə 2001-ci ildə holdinqin xalis gəlirinin 882 milyon dollar, 2002-c ildə 840 milyon dollar olduğunu iddia edir. Həmin illərdə şirkətin xalis rentabelliyi 22 faiz ətrafında, 2006-cı ildə 37 faiz idi. Düzdür, “Sual”la birləşmə nəticəsində həmin rəqəm 2007-ci ildə 27 faizə düşsə də bu problem hesab edilmir.

Mən necə varlandım?

İş adamının bu yöndə verdiyi cavabların heç biri ciddi olmayıb. Məsələn, o deyir ki, sadəcə gündə 15 saat işləməyə hazır olmalısan: “Üzərinə çox məsuliyyət götürməlisən. Özəlləşdirmə başlayanda Rusiyanın mədən şirkətlərinin əksəriyyəti iflasın bir addımlığında idilər. Bunun da öz səbəbləri var idi. Sovet hakimiyyətinin çökməsindən sonra bazara böyük həcmdə material çıxarılmışdı. Bununla da qiymətlər tarixdə ən aşağı səviyyəyə düşmüşdü. Həmin vaxt zavodlar işçilərinə maaş da verə bilmirdilər. Hətta bir dəfə Sibirin şəhərciklərindən birində zavoda rəhbərlik edərkən əməkhaqqı cədvəlinə göz gəzdirdim. Dəhşətə gəldim. İşçilər 4 ay idi maaş almırdılar. Xammal almaq, ixracla bağlı razılaşma əldə etmək mümkün deyildi. Lisenziya lazım idi. Və başladım varlanmağa. Şirkətin güclü biznes qurumuna çevrilməsinə cəmi 3 il vaxt lazım oldu”.

Deripaska əmin edir ki, “RUSAL”ı 1 994-cü ildə əldə etsələr də, yenidənqurma işlərini ancaq yaxın son illərdə tamamlaya biliblər. Göründüyü kimi, 3 ilə varlanan oliqarx özü etiraf edir ki, hər hansı işin ərsəyə gəlməsi 16 il zaman tələb edir.

Kapitalı

6,5 milyard dollara sahib Deripaska “Ruskoqo alüminium”dan başqa “En+ Group”un da hissədarıdır. 110 min işçisi olan “En+ Group” enerji, eləcə də dağ-mədən və əlvan metallurgiya sektorunu əhatə edir. “UC Rusal”ın səhmlərinin 45,3 faizi də oliqarxa məxsusdur. Eləcə də o, energetika və maşınqayırma sahəsində aktivlərə malik “Bazovoy Element” in sahibidir. Latın Amerikası, postsovet dövlətləri, Afrika, Asiya, Avstriya daxil olmaqla, şirkətin 250 minə yaxın işçisi var.

Evliliyi belə hesablanmış addımdır

İş adamı 2001-ci ildə Oleq Valentin Yumaşevin (Boris Yeltsinin müşavirinin qızı) qızı Polina ilə ailə qurub. Cütlük Rusiyanın digər milyaderi, Deripaskanın ortağı Roman Abromoviçin evində təşkil olunan ziyafətdə tanış olublar. Onların bu tanışlığı sevgiyə çevrilib. Yeri gəlmişkən, Oleqlə Polinanın nikahından 8 ay sonra gəlinin atası, yəni Valentin Yumaşev Yeltsinin qızı Tatyana Dyaçenko ilə ailə qurub. Beləliklə oliqarxın Yeltsinin ailəsi ilə qohumluq əlaqələri yaranıb.

Nəzərə çatdıraq ki, hazırda Polina Deripaska “Forward Media Group”un direktorlar şurasının üzvüdür. Onların Pyotır və Mariya adlı iki övladları var.

Yeri gəlmişkən, ər və arvadın xoşbət ailə həyatının olmadığı illərlə gündəmə gətirilən mövzulardandır. 2008-ci ildə onların boşanacaqlarına dair şaiyələr yayılmışdı.

Mafiya ilə əlaqələri, dərin dövlətin adamı

Deripaskanın mafiya ilə əlaqələri istisna edilmir. 2009-cu ildə İspaniyanın hüquq mühafizə orqanları iş adamını 4 milyon avronun yuyulmasında günahlandırıb. Polisin məlumatından bəlli olurdu ki, göstərilən məbləğ Rusiya mafiyasının köməyi ilə 2001-2004-cü illərdə İspaniyadakı hesablardan çıxarılıb. Deripaska bunu təkzib etsə də, 2011-ci ildə İspaniyanın Ali Məhkəməsi işi Rusiya prokurorluğuna verir. Amma iş bununla bağlanır. 2012-ci ildə İspaniya yenidən ittihamları təzələmək istəsə də nəticəsi olmur.

Oleq Deripaska təkcə Rusiya iqtisadiyyatında deyil, siyasətində də mühüm yer tutur. Onun haqqında deyilən fikirlərdən biri də dərin dövlətə xidmət etməsidir. Məhz Vladimir Putinin hakimiyyətə gəlişində rolunun bu olduğu deyilir. Oliqarxın özü isə siyasətlə əlaqəsini təkzib edir:

“Artıq siyasi ambisiyalarım yoxdur. Çox şey edilməlidir. Müəssisələrimlə kiçik şəhərlərdə yaşayan insanların həyatında çox şeyi dəyişə bilərəm. Hesab edirəm bu onlara kömək etməyin birbaşa yoludur”

İş adamı haqqında maraqlı faktlardan biri də Avropanın məşhur milyarder ailəsi Rotşildlərlə yaxınlığıdır. Onun ortaq biznesinin belə olduğu söylənilir.

Deripaskanın villası

Milyardlara sahib birini malikanəsiz, lüks avtomobilsiz düşünmək olmur. Deripaskanın Soçidə Putinin rezidensiyası ilə qonşuluqdakı villası hər kəsin dilindədir.İki böyük malikanədən ibarət komleksdir. Biri qonaq evi, digəri oliqarxın şəxsi rezidensiyasıdır. Hər iki binanın sahəsi 1500 kvadratmetrdir. Bu arada Deripaska 2005-ci ildə Stalinin Abxaziyadakı bağ evini almağa cəhd edir. Belə ki, Abxaziya höküməti əvvəlcə diktatorun bağ evini 10 milyon dollara satmağa razı olsa da sonradan alqı-satqıdan imtina edir.

Bundan əlavə o, 120 milyon dəyərində Queen K (2004 Lürssen) yaxtasına sahibdir. Ən bahalı yaxtalardan sayılır. 2007-ci ildə iş adamı yaxtanı 7 milyon dollara təmir etdirib. 18 nəfəri qonaq edəcək sahəyə sahib yaxtada sahibinkindən savayı 9 lüks kayuta var. 3100 at gücündə olan yaxtanın maksimal sürəti 18 qovşaqdı.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR