• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Arvadının sayəsində 318 milyard qazanan neft maqnatı - FOTOLAR

Arvadının sayəsində 318 milyard qazanan neft maqnatı - FOTOLAR

Onların soyadı var-dövlətin, sərvətin sinonimi sayılır. Hətta bəzi tarixçilər bu ailəni Amerika iqtisadiyyatının, siyasətinin ikonası sayırlar. Meşədən hinduşka tutub satmaqla başlayan əmək fəaliyyəti dünyanın ən böyük neft şirkətinə, banklarına sahiblənməklə sonuclanıb. 2007-ci ilin ekvivalenti ilə onlara 318 milyard dollar məxsus olub. Söhbət Rokfellerlərdən gedir. O Rokfellerlər ki, dünyada baş verən bir çox proseslərdə, xüsusən də iqtisadi böhran və ya liberallaşdırma meyilli inteqrasiya proseslərində hər zaman adları keçir. Heç bir böhran küləyi onları sarsıtmır. Banklar batır, şirkətlərin səhmləri dəyərsizləşir, ancaq bu klan mövcudluğunu saxlayır. Və bütün proseslərdən uduşlu çıxır.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Rokfellerləri təqdim edir.

Fırıldaqçı

İmperiyanın qurucusu Con D. Rokfellerdir. İş adamı və inhisarçı çox ilginc ailəyə sahib olub. Əvvəla, Con D. Rokfeller avara Bill Rokfellerin oğludur. Hansı ki, Nyu-York yaxınlığındakı Moraviya adlı şəhərçikdə fırıldaqçılığı ilə məşhur idi. Konkret o, özünü kar və lal kimi qələmə verərək xüsusi şəfavermə qabiliyyətinə malik olduğunu deyir, naməlum reseptura ilə düzəltdiyi ağrikəsiciləri insanlara sırıyırdı. Conun anası Eliza Devison isə şotland əsilli fermerin qızıdır. E. Devison Bill Rokfellerə ilk baxışdan aşiq olur. Lal-kar oğlanın bir gün dilinin açılacağı təqdirdə ona ərə gedəcəyini öz-özünə pıçıldayır. Və gözlənilməz “möcüzə” baş verir. Bill Rokfeller ona evlilik təklif edir. Ailə qurduqdan sonra cütlük Riçforda köçür. Qeyri-rəsmi mənbələrə görə, gənc ailə orada Billin məşuqəsi Nensi Braunun evində məskunlaşır. Bu fakt Billə Eliza arasında uçurum yaradır. 1838-ci ildə onların Lusi adlı qızları dünyaya gəlir. Bir neçə ay sonra Nensi də qız doğur. Çoxları deyir ki, həmin uşaq məhz Billdən idi. 1839-cu ildə Con Deyvid Rokfeller anadan olur. Sanki bəhsə girmiş kimi, Elizanını ardınca Nensinin də uşağı olur. Amma bu dəfə də qız. 3 rəsmi, 2 qeyri-rəsmi uşağı olan Billə isə bütün bunlar o qədər uzaq idi ki, yeni əyləncələr axtarırdı. Ailə həyatı artıq onu sıxmağa başlayırdı. Nəhayət, o, subaylıq dönəminə qayıtmağı qərara alır. Əyləncəli həyat tapmaq ümidi ilə ailəsini atır. Üç uşağı əlində qalan Eliza atasının evinə qayıtmaq məcburiyyətində qalır. Hara ki, az sonra onun ardınca Bill də gəlir. Bu qayıdışdan sonra Elizanın ikinci qızı Meri dünyaya göz açır. 4-cü uşaq da Billi ailəyə bağlamır. Hamilə Elizanı yenə qoyub gedir. Marqarita adlı çox gənc bir qızla evlənir. Ən maraqlısı isə o qıza özünü həkim Ulyam Livinqston kimi təqdim etməsi olur.

Ailəni dolandırmaq məsuliyyəti

Tək qalan Eliza bütün ailənin yükünü üzərinə götürür. Anasının əziyyətlərini görən Con ona bu işdə yardımçı olur. Bəzən Bill cibləri dolu vəziyyətdə onların gözünə görünür. Uşaqları ilə ticarət apararaq, onlara biznesin sirlərini öyrədir. Bu oyunlar Conu sahibkarlıqla məşğul olmağa yönləndirir. O, hər şeydə fürsət axtarır. İlk pulunu isə meşə kənarında tapdığı hinduşkalardan qazanır. Bir il sonra artıq Con Rokfeller bu işdən yaxşı pul qazanaraq yığdığı 50 dolları qonşuya illik 7 faizlə sələmə verir.

Orta təhsil, ilk iş

Billin anidən gedib-qayıdışları ailənin həyatını çətinləşdirir. Rokfeller Moraviyaya, Oveqaya, daha sonra isə Stronqsvilə köçürlər. Məsələn, Con 10 yaşında Oveqada məktəbə getsə də, növbəti ildə təhsilini Stronqsvildə davam etdirib. Müəllimləri onu belə xatırlayarmış: “Çox sakit uşaq idi. Kənardan elə görünürdü ki, uşağı hansısa problemlər narahat edir və o, özlüyündə onların həllinə çalışır”. Con dəqiq elmlərə meyil edərmiş. Yaxşı oxusa da, yoldaşları ilə dil tapmaqda çətinliklər yaşayırmış. Neft maqnatının cəmi 2 dostu varmış. Broker Mark Xanın oğlu və Laura Spelman (bir müddət sonra Rokefellerin həyat yoldaşı olur). 16 yaşında Con kollecə qəbul olur.Ticarət hüququ və mühasibat təhsili alır. Orada ikili mühasibatlığı, biznes planlarının hazırlanmasını, bank işini, pul dəyişdirilməsi siyasətini yaxşı mənimsəyir. Kolleci bitirdikdən sonra Klivlenddə iş axtarmağa başlayır.

Altı aylıq axtarışdan sonra 1855-ci ildə ilk işini tapır. “Xyut end Tattl” şirkətində işə başlayır. Məlumatlara görə, ilk 3 ayı pulsuz işləyir. Həftəlik maaş alan Conun ilk qazancı 17 dollar təşkil edir. Sonradan bu rəqəm 25-ə, bir qədər keçdikdən sonra 500 dollara yüksəlir. Arxivlərə əsasən, Con ilk məvacibinə mühasibatlıq kitabçası alır.Və ora bütün xərclərini qeyd edir (sonradan neft maqnatı olanda belə həmin kitabçanı atmır. Bütün ömrü boyu saxlayır). Çox keçmir, Con öz işini qurmağı qərara alır. İngilis əsilli komersant Morisom B.Klarkla tanış olur. Şəxsi firmalarını yaratmağı qərara alırlar, lakin tərəfdaş olmaq üçün onlara 2000 dollar lazım idi. Hər qəpiyinə qənaət edən Con isə 3,5 ildə cəmi 900 dollar yığa bilmişdi. Belə halda atasına müraciət etməyi qərara alır. Hansı ki hər övladına ad günündə 1000 dollar verəcəyini vəd etmişdi. Ancaq ad günü olmadığından Con atasından yalnız illik 10 faizlə borc ala bilir. Bu da onu göstərir ki, Conun ailəsi çoxlarının dediyi kimi elə də kasıb deyilmiş. Çətinliklərə rəğmən, 1856-cı ildə, 17 yaşında Con ortağı ilə “Klark və Rokfeller” şirkəti yaradır. Birinci il şirkət 4500 müqavilə bağlayır. Vətəndaş müharibəsi zamanı hər iki tərəfə məhsul satmaqla 44 000 dollar xalis gəlir əldə edirlər. 1863-cü ildə artıq şirkət bazarda yerini tutmağı bacarır.

Standard Oil Company

Bu arada müharibədən sonra Pelsivaniyada neft yataqları kəşf edilir, şəhər neft işlətmə mərkəzinə çevrilir. Con Rokfeller belə fürsəti qaçıra bilməzdi. 1964-cü ildə Klarkla neft biznesi ilə məşğul olmağa başlayırlar. Bir ildən sonra Con bütün fəliyyətini neft sektoruna yönəltməyi qərara alır. Lakin Klark buna qarşı çıxır. Belə halda Con 72 500 dollara ortağından payını satın alır. 1870-ci ildə özünün məşhur “Standard Oil Company” şirkətini yaradır. Neft yataqlarının axtarışı ilə məşğul olmağa başlayır.

Qardaşı Villiam Rokfellerlə birgə “Standard Oil Company”nin vasitəsilə Amerikanın neft sanayesini təkəldə cəmləşdirməyə başlayır.Rəqiblərinə seçim şansı belə vermir. 1874-cü ildə Klivlenddəki 26 müstəqil emal şirkətinə birləşməyi təklif edir. Və 20 şirkət Rokfeller qardaşlarının təklifini qəbul edir. Bunun nəticəsində “National Rafinery Association” yaradırlır.1879-cu ildə onların zəbt müharibəsi başa çatır. Dəmiryollarına da sahiblənən Rokfellerlər beləcə 10 il ərzində bir çox quyu sahiblərini özlərinə birləşdirməklə rəqiblərini də eyni qiymətə neft satmağa məcbur edərək, onların iflasına yol açırlar. Rokfeller monopoliyaya qarşı mübarizəni nəzərdə tutan Şerman qanunun qəbuluna qədər ABŞ-ın neft sənayesinin 90 faizinə nəzarət etməyi bacarırlar. 1882-ci ildə Con Rokfeller ailənin varidatını idarə etmək məqsədilə “Rockefeller & Co” şirkətini təsis edir.

1911-ci ildə “Standard Oil Company” monopoliyaya qarşı qanunun nəticəsi olaraq 34 şirkətə bölünür.

Qazandığı pulu kilsəyə versə də, xalq ona nifrət edir

Uşaq yaşlarından dindar yetişdirilən Rokfellerlər ailəsinin inanc yeri Baptist kilsəsi idi. Yazılanlara inansaq, Con kənd kilsəsində keşikçi də işləyib. Böyüdükdən və işləməyə başladıqdan sonra isə o, daim kilsəyə maddi dəstək verib. 3,5 dollar qazandığı gündən kilsəyə pul keçirib. Bu köçürmələr onun qazancı ilə bərabər illər üzrə artır. 1857-ci ildə o kilsəyə 28,37 dollar, 1858-ci ildə 43,85 dollar, 1859-cu ildə 72,22 dollar, 1860-cı ildə 107,35 dollar 1861-cı ildə 259,97 dollar bəxşiş verir.

Vətəndaş müharibəsi illlərində isə gəlirləri artdığından Conun kilsəyə bəxşişi 671,86 dollara, 1865-ci ildə 1000 dollara yüksəlir.

Rokfellerlərin rəqabət prinsipləri, məqsədli siyasətləri onların cəmiyyət, rəqibləri tərəfindən sevilməməsinə gətirib çıxarmışdı. İctimaiyyətdə müsbət imic yaratmaq üçün Con Rokfeller xalqla əlaqələrin atası sayılan Ivy Leendən kömək istəyir. Çox faydasını da görür.

“Arvadım olmasaydı, hələ kasıb idim “

Yuxarıda qeyd etdiyimiz kimi, Con Rokfeller uşaqlıq dostu Lore Spelmanla evlənir.O hətta bu evliliyi haqqında bir dəfə belə deyibmiş: “Lorenin məsləhətləri olmasaydı, hələ də kasıb idim”. Doğurdan da, C.Rokfeller dövrünün ən varlı adamına çevrilir. 1917-ci ildə onun sərvəti 900-1200 milyon dollar səviyyəsində qiymətləndirlirdi. Bu da müasir ekvivalentlə 150 milyard dollar deməkdir. O dövr üçün isə ABŞ ÜDM-nin 2,5 faizinə bərabər sərvət. Təkcə bir faktı qeyd edək ki, zamanında “Standard Oil Company” Rokfellerlərə illik 3 milyon dollar qazandırıb. Həyatının sonuna yaxın Con Rokfellerə “Standard Oil Company”dən əlavə 16 dəmiryol, 6 polad şirkəti, 9 bank, 6 gəmiçilik şirkəti, 9 əmlak firması, 3 portağal plantasiyası məxsus idi.

C.Rokfellerin oğlu Con Devison Rokfeller II də atası kimi pula sevgisi ilə tarixə düşüb. 1-ci Dünya Müharibəsi dövründə qlobal iqtisadiyyatın çöküş yaşadığı zamanda ailəsinə 500 milyon dollar təmiz gəlir gətirib. İkinci Dünya Müharibəsi ailəyə daha da düşərli olur. Müharibənin hər ilinə Rokfellerlər 2 milyard dollar qazanırlar. Rokfellerlərin hazırkı maliyyə vəziyyətinə gəlincə, bu haqqda dəqiq məlumat verilmir. Bununla bağlı araşdırma aparmaq üçün ailə arxivləri ictimaiyyətə bağlıdır.Sadəcə “Forbes”in qiymətləndirməsinə görə, “Rokfellerlər evi”nin rəhbəri Deyvid Rokfeller (C.Rokfellerin nəvəsi) 2,5 milyard dollar sərvətə malikdir. "Rockefeller Financial Services”ə idarəsində 34 milyard dollarlıq aktiv mövcuddur. Onların arasında neft qaz qrupu "Vallares", "Johnson&Johnson”, "Dell", "Procter&Gamble" və "Oracle" var.

15 trilyon pulu idarə edirlər

Bununla belə, kağız üzərində görsənməsələr də, Rokfellerlər ABŞ-ın eləcə də dünyanın varlı ailələrindən biridirlər. Sərvətləri 2007-ci ilə olan ekvivalentlə 318 milyard dollar dəyərləndirilib.Kontrol etdikləri pulun 5 trilyonla 15 trilyon arasında dəyişdiyinə dair də söyləntilər var. Məlumatlara inansaq, Exxon Mobil, CHEVRON, Citi Group, J.P Morgan-Chase hələ də Rokfellerlərə məxsusdur. Ailənin əsas maliyyə aləti olan "Chase Manhattan Bank"ı hazırda ABŞ-da səhmlərinin həcminə görə ikinci ən böyük bankdır. Bankın real bazar dəyəri 3 trilyon dollar təşkil edir. Dünya maliyyə sisteminin nüfuzlu mərkəzlərindən olan "Citibank"ın adı da onların nəzarətində olan qruplardan biri kimi çəkilir. Təkcə Nyu -Yorkda ailənin 1 trilyon dollar dəyərində daşınmaz əmlakı var. Məşhur American International Corporation (AIC) nin ortaqlarından biri də Rokfellerlər ailəsidir. Ailənin Avropadakı bəzi banklarla da əlaqəsi olduğu irəli sürülür.

Rokfellerlər yəhudidirlər

Qeyri-rəsmi mənbələrə inansaq, Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət etmiş yəhudi mənşəli nəslin davamçılarıdır. Ailənin sahib olduğu “Chase Manhattan Bank”nın adı, yəni Manhattan New -Yorkda yəhudilərin olduqca sıx yaşadıqları adanın adından götürülüb. Bu bankın İranda şah dövründə müxtəlif investisiyaları,ailəyə aid şirkətlərin Səudiyyə Ərəbistanında bir çox investisiyaları var. Səudiyyə neftinə sahib məşhur Saudi ARAMCO şirkətinin hissələri Rokfeller ailəsinə aid dörd şirkət arasında paylaşdırılıb. Bunlar “Texaco”, “New Jersey Oil”, “Socony Vacum” və California Standard Oil şirkətləridir. Bu dörd şirkət 1944-cü ildə bir araya gələrək məhz ARAMCO-nu yaradıblar. Mərkəzi Londonda olan Harts Horn J. E. Oil Company es and Goverments-in nəşrinə görə, Orta Şərq neftinin 99%-i yeddi böyük neft şirkətinin nəzarəti altındadır. Bu şirkətlərin beşi yəhudi Rokfellerlər ailəsinə mənsubdur.

Kalnın siyasi oyunları

Bütün yuxarıda Rokfellerlərlə bağlı rəsmi məlumatlar idi. Lakin bu klanın cəmiyyətə digər üzü də bəllidir. Avropanın bank maqnatları sayılan Rotşildlər ailəsi kimi onlar da dünyada baş verən bir çox proseslərdən, xüsusən də iqtisadi böhran və ya liberallaşdırma meyilli inteqrasiyadan hər zaman öz maraqlarına istifadə ediblər. Bir sözlə, Rokfellerlər təkcə miyarder deyillər. Bu gün ABŞ və dünyada bu ailənin təmsilçiləri ən böyük missionerlərdən biri kimi tanınır. Xüsusilə diqqəti çəkən məqam onların beynəlxalq siyasətdə tutduqları mövqe və ABŞ-ın xarici siyasətinə təsir imkanlarıdır. Rokfellerlərin maliyyə yardımı göstərdikləri sahələr arasında təhsil sektoru və beyin mərkəzləri xüsusi yer tutur. Qardaşların yaratdığı Rokfellerlər Fondu ABŞ-da və Avropada bir çox məşhur universitet və kollecə maliyyə yardım göstərir. Bu təhsil müəssisələrində xüsusi tədqiqatları, o cümlədən bir çox Nobel mükafatı namizədlərinin tədqiqatlarını maliyyələşdirir. Harvard, Nyu- York, Yel, Korneli, Kolumbiya, Massaçusets Texnoloji Universiteti, London İqtisadiyyat məktəbi başlıca benefisiarlardır. Ailənin adını daşıyan universitet (Rokfeller Universiteti, Nyu-York, 1901) və muzeyi (Rokfellerlər Muzeyi, 1925-1930, Yerusəlim) də təsis edilib. Rokfeller ailəsi beynəlxalq siyasətdə aktiv iştirakçıdılar. Konkret olaraq, onlar fəaliyyətləri ictimaiyyət üçün gizli saxlanılan bir çox beynəlxalq təşkilatların, habelə regional təsisatların yaradılmasında birbaşa iştirak edir, maliyyə yardımları göstərirlər. Bu təşkilatlar arasında Bilderberq klubu, Üçtərəfli Komissiya, Asiya Cəmiyyəti, Karneqi Korporasiyası, Xarici Əlaqələr Şurası (CFR), Brookinq İnstitutu, Peterson İnstitutu, Sakit Okean Münasibətləri İnstitutu, Xarici Siyasət Assosasiyası, Davos İqtisadi Forumu, Millətlər Liqası, BMT-nin müxtəlif proqram və layihələri, 30-lar (G30) qrupu, Sosial Tədqiqatlar Şurası, Bilderberq klubu var. Onlar rokfellerlərin müxtəlif məqsədlərinə xidmət etmək üçün maliyyələşdirilirlər. Rokfellerlər daha çox pərdəarxası siyasi proseslərdə iştirak edir, dünyanın siyasi fikrinə təsir edə biləcək təşkilatları dəstəkləyirlər. Məslən, göturək Bilderberq klubunu. Rokfellerlər bu klubun əsas maliyyə mənbələrindən və klubun fəaliyyətində söz sahiblərindən biridir. İctimaiyyət üçün bağlı olan bu klubda iştirakçıların üçdə biri hökumət və siyasətçilərdir.Qalanı maliyyə, sənaye, təhsil, aparıcı media-holdinqlərin nüfuzlu şəxsləridir. Bilderberq klubunun daimi üzvlüyü mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir. Onlardan hər biri sirri qorumaqla bağlı öhdəlik götürür. Siyasət səhnəsindən Marqaret Tetçer, Bill Klinton, Toni Bleyer, Angela Merkel, Romano Prodi, Henri Kissencer, Donald Ramsfeld klubun üzvü olublar. Bu klubu bəzən gizli dünya idarəetmə sisteminin əsas mərkəzi hesab edirlər. Hazırda ailənin rəhbəri Devid Rokfeller Bilderberq klubunun məsləhət qrupunun sədridir.

İran şahının devrilməsində Rokfellerin əli

ABŞ xarici siyasətində ən böyük diplomatik qalmaqallardan biri və sonradan hər zaman İrana qarşı arqument olaraq istifadə ediləcək hadisənin baş verməsində də Rokfellerlərin adı hallanır. Belə ki, 1979-cu ildə ABŞ tarixində səfirlik əməkdaşlarını girov götürülməsi ilə əlaqədar yaranmış ABŞ-İran diplomatik qalmaqalı Kissencer-Rokfeller adları ilə birbaşa bağlıdır. Burada haşiyə çıxaq ki, Henri Kissencer 1956-1958-ci illərdə Rokfeller qardaşları Fondunun maliyyələşdirdiyi tədqiqat proqramının direktoru olub. O vaxtdan onların daimi münasibətləri yaranıb. İranla bağlı olaya gəlincə,həmin dövrdə ABŞ-da ən nüfuzlu beyin mərkəzi olan Xarici Əlaqələr üzrə Şuranın sədri Devid Rokfeller və Henri Kissencer Prezident Karteri İran şahı Rza Pəhləvinin ABŞ-a müalicə məqsədilə gəlməsinə razılıq verməsinə inandıra bilirlər. Bunun nəticəsində böyük bir qalmaqal yaranır. 4 noyabr 1979-cu ildən 20 yanvar 1981-ci ilədək 52 amerikalı Tehrandakı ABŞ səfirliyində girov saxlanılır. ABŞ diplomatiya tarixinin ən rezonans doğuran bu hadisəsinin arxasında da Rokfellerlərin biznes maraqları dururdu.

Vyetnam müharibəsinin də finansmanının bu ailə olduğuna dair söyləntilər var.

Rokfellerlər hakimiyyətdə

Rokfellerlər ailəsinin üzvləri arasından bir neçəsi hökumətdə yüksək vəzifə də tutublar. Ailənin ABŞ hökumətində ən yuxarı pillədə təmsil olunan nümayəndəsi Nelson Rokfeller olub. O, 1940-cı ildə Prezident Ruzveltin Amerika məsələləri üzrə köməkçisi vəzifəsini yerinə yetirib. II Dünya müharibəsindən sonra San-Fransiskoda BMT-nin yaradılması ilə bağlı konfransda ABŞ-ın nümayəndə heyətinin tərkibində olub. BMT-nin öz mənzil-qərargahını Nyu -Yorkda yerləşdirməsi üçün xüsusi səy göstərib. Hətta bu məqsədlə torpaq sahəsi alaraq təşkilata bağışlayıb.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR