9 canlı Zəncani "hörümçək toru"nu necə qurdu? - FOTOLAR
Bizi izləyin

Milyonçu

9 canlı Zəncani "hörümçək toru"nu necə qurdu? - FOTOLAR

Onun adı Türkiyədə “Sui-istifadə və rüşvət” əməliyyatı çərçivəsində iş adamı Rza Zərrabın ifadəsi əsasında gündəmə gəldi. Ümumi varidatının həcmi 13,5 milyard dollar olduğu iddia edilən bu şəxs sürücülüklə, qoyun dərisi satmaqla karyerasına start versə də, iti zəkası sayəsində ABŞ və Avropa Birliyi kimi super güclərə fırıldaq gəlməklə cəmi 2 ildə dollar milyaderinə çevrilib. Söhbət məşhur Babək Murtuza Zəncanidən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində iranlı işadamı, “Sorinet Qrup”un idarə heyətinin rəhbəri B.Zəncaninin milyardlara gedən, olduqca dinamik və sirli həyat yolunu təqdim edir:

Dərin dövlətin yetişdirdiyi fədai, baş bankirin sürücüsü

Babək Murtuza Zəncani 1974-cü ilin mart ayının 21-də Tehranda anadan olub. Ailəsi haqqında, uşaqlığına dair məbbələrdə heç bir məlumat yoxdur. Ümumiyyətlə, fantastik zənginliyinə baxmayaraq, ölkəsində belə tanınmır. Bəzilərinin fikrincə, o, İran dərin dövlətinin yetişdirdiyi fədaidir. Amma ən sonda B.Zəncani adi insandır. Ərəb mənbələrinə inansaq, İran konservatoriyasının tələbəsi olan gələcəyin iş adamının karyerası hərbi xidmətdən sonra başlayıb. İran ordusunun baş qərargahında xidmət edən Zəncani sonradan Mərkəzi Bankda işləyib. Belə ki,1999-cu ildə İran Mərkəzi Bankının rəhbəri Mohsen Nourbakhshın xidməti sürücüsü olub.

Qoyun dərisi biznesi ilə başlayan iş həyatı

B.Zəncaninin zənginliyə gedən yolu haqqında irəli sürülən birinci versiya onun qoyun dərisi biznesi ilə məşğul olmasıdır. Yəni, Zəncani pulunu bundan çıxarıb. Lakin özü 13-14 yaşlarında ticarətə atıldığını, zərgərlik və valyuta dəyişmə məntəqəsi işlətdiyini iddia edir:

“Ailəm varlıqlı olub. Atam “eBay”ın qurucularındandır. Əsgərlikdə olanda Mərkəz Bankın rəhbəri Mohsen Nourbakhshın xidməti şoferi işləmişəm. Hər gün əlimdən 17 milyon dollar keçirdi. Mində bir komissiya ilə gündə 17 min dolları bazara buraxırdım. Nourbakhsh öləndən sonra Türkiyədə qoyun dərisi satmağa başladım. Yarım dollara alıb 19 dollardan verirdim. Bir iranlının vasitəsiylə heç tanımadığım adama 4 milyon dollarlıq mal göndərdim. Pulumu ala bilmədim və müflisləşdim. Tehrandakı Evin həbsxanasına atıldım”.

“Diş pastası, saqqız, ətir, şampun nə tapsam İrana göndərirdim”

Kifayət qədər əzimli olan Zəncani iki illik həbsxana həyatı dövründə boş dayanmayıb. Türk dilini öyrənməyə başlayıb. Təbii k, bu məqsədsiz olmayıb. Azadlığa çıxdıqdan sonra qaçaq yollarla Türkiyəyə qayıdıb. Sırf 4 milyon dollarını geri qaytarmaq ümidi ilə:

“İzmirə getdim. Bir nəfər vasitəsilə bütün çeklərimi geri aldım. Qayıdanda İnqilab Gözətçiləri məni tutaraq yenidən həbsə atdılar. 16 gün yatdıqdan sonra zaminə buraxıldım. Pasport çıxarıb İzmirə yollandım.

Burada böhran idarəçiliyi üzrə həm təhsil aldım, həm də idxal- ixracla məşğul olmağa başladım. Diş pastası, saqqız, ətir, şampun, nə tapsam, İrana göndərirdim. Çox keçmədən Türkiyə pasportu aldım. Kiçik-kiçik onlarla şirkət qurdum. İzmirdə çox böyük bir anbar kirayələyib iş həcmimi 150 milyon dollarlara çatdırdım”.

“Qraf Kosmetika” şirkətini qurur

Daha sonra B.Zəncani İranda kosmetika fabriki qurmaq istəyib. Lakin banklar pul verməyib. Bu zaman zəlzələdənmi, vəlvələdənmi B.Zəncaninin yenə bəxti gətirib. Bir türk bankirlə tanış olub. Həmin şəxs ona ticarəti banklar üzərindən etməyin daha sərfəliliyini başa salıb. Zəncanin dediklərindən:

“Mənə bu işin yollarını, necə bank krediti ala biləcəmin yollarını göstərdi. Türkiyədəki şirkətlərimi genişləndirdim. “Kont Kosmetic” şirkətini qurdum”.

Nəzərə çatdıraq ki, B.Zəncani “Kont Kosmetic” şirkəti ilə bərabər “Dış Ticaret Limited” şirkətini də yaradır. Getdikcə fəaliyyət sahəsini kosmetikadan tekstilə, plastikdən qızıl və ləl-cəvahirat idxalına, banklararası pul transfertlərinə qədər genişləndirir.

İran hökumətinə çıxış

B.Zəncaninin İran hökuməti ilə əlaqələrinə gəlincə, əslində hər şey 2010-cu ildə İnqilab Gözətçilərinin mühəndislik bölümü olan Xatəm əl Ənbiyanın ona müraciət etməsiylə başlayır. Zəncani öz bankı vasitəsilə 40 milyon dollar pulu xaricə çıxarır. O gündən sonra da dövlət təşkilatları Zəncaniyə müraciət etməyə başlayır. Özünün etirafına görə, bu işi bir neçə gün içində həll edir. Mində 7 komissiya ilə pul transferləri 1 milyard dolları aşır. Beləliklə, İran hökuməti ilə işgüzar əlaqələrin yolları açılır. Hətta bundan sonra Zəncaninin İranın kabinet yığıncaqlarına qatıldığı, neft naziri Rüstem Kasiminin işləri onunla birlikdə icra etdiyi deyilir.

Tacikistanda, Ərəb Əmirliyində, Malaziyada, Çində biznes

Dayanmaq bilməyən Zəncani Türkiyədəki şirkətlərdən qazandığı pullarla Tacikistanda, Ərəb Əmirliyində, Malaziyada, Çində iş qurur. İranda “Qeshm Air” hava şirkətinə, eləcə də “Sorinet Group”a (holdinq kosmetika, infrastruktur, bank, otelçilik, kommersiya aviasiya, tikinti materialları, məlumat texnologiyaları və beynəlxalq əmlakın inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir), “Rah Ahan” Tehran futbol klubuna, Malaziyada “First İslamic Bankına”, “International Safe Oil”ə, Ərəb Əmirliklərində Sorinet “Commercial Trust Bankers”ə, Tacikistanda “Kont Building” şirkətinə sahiblənir.

Qeyd edək ki, “Kont Building” şirkətinə “Kont Bank investment” bankı, Düşənbə avtovağzalı olan “Asian Express Terminal”ı, “Asian Express Airline” hava şirkəti, “Kont tourism Tajikistan” daxildir. Bundan əlavə şirkət Tacikistanda “Mərkəzi savdo” qipermarketləri tikməyə başlayıb. Ərazisi 3 hektar olan layihəyə 30 milyon dollar investisiya qoyduğu bildirilir. Yeri gəlmişkən, B.Zəncani ipinin üstünə odun qoyulmayanlardandır. Məsələn, ötən ilin yayında “Kont Building” şirkətinin yetkililəri Zəncaninin holdinqlə heç bir əlaqəsinin qalmadığını, səhmlərin “Kont Kosmetic” və “Dis Ticaret Limited Sirketi”nə satdığını açıqlayıblar. Hansıki, bu şirkətlər də iş adamının özünə məxsusdur.

64 şirkətdən ibarət olan "hörümçək toru"

Kifayət qədər sirli olan “Bəy Z”nin (kübar cəmiyyət onu belə adlandırır) əlinin böyük pullara çatdığı, Türkiyədə isə onlarla maliyyə şirkəti, hava şirkətində səhmləri, eləcə də bir flot neft tankeri olduğu məlumdur. İddialara görə, Zəncani bütün əlindəki vasitələrdən sanksiya altındakı İran neftini xaricə satmaq üçün yararlanıb. Belə ki, o, Dubay,Türkiyə və Malayziyadakı 64 şirkətdən ibarət olan "hörümçək toru"nu istifadə edərək milyonlarla barel İran neftini xaricə (Siqapur, Malaziya, Hindistan) satıb. Əldə edilən gəlir Zəncaniyə məxsus Malaziyada “First İslamic Bank”ı üzərindən leqallaşdırılıb. Bütün bu əməliyyatlar isə Avropa Birliyi və Amerikanın əllərini qulaqlarının ardına qoyub sanksiyalarla İranı çökdürəcəklərini düşündükləri zamanda baş verib:

“Mərkəzi Bank pulsuz qalmışdı. Məndən neft pulunu İrana gətirməmi, beləcə sistemin bu pulu istifadə edə bilər hala gətirnəyimi istədilər. İşim sanksiya əleyhdarı əməliyyatlar idi. Mən işini bacarıqla icra edən adamamış. Lakin məni də sanksiya altına aldılar. Ona görə də 3 milyon barel neft belə sata bilməyiblər”.

Neft Nazirliyini, Mərkəzi Bankını, Tacikistan Milli Bankını ələ keçirir

B.Zəncaninin işadamı kimi fərasətləri bununla bitmir. Onun həm də İranın Neft Nazirliyini, Mərkəzi Bankını, Tacikistan Milli Bankını ələ aldığı irəli sürülür. Necə?

İrandan başlayaq. İranın embarqo edilmiş neftini xaricə satan işdamı əldə edilən 17,5 milyard dollarlıq gəlirlə beynəlxalq sanksiyalar səbəbiylə nağd vəsait qıtlığı yaşayan İran Neft Nazirliyinin, İnqilab Gözətçiləri və Mərkəz Bankın valyuta ehtiyatı ehtiyaclarını ödəyib. Özünun etiraflarına inansaq, bütün alverlərindən maksimum 0.007 faiz gəlir götürüb. Tacikistana gəlincə, işadamının orada təkcə holdinqi yoxdur. Ölkənin dövlət başçısının belə ona borcunun olduğu irəli sürülür.

9 canlı Zəncaninin qara günləri

B.Zəncaninin qaz vurub qazan doldurması ötən ilin aprel ayına qədər davam edib. Belə ki, ABŞ və Avropa Birliyinin sanksiya siyahısına daxil edilən Zəncaninin xaricdəki hesabları dondurulduqdan sonra İrana kurs axını kəsilib. Bununla da İran hökumətinə 2.8 milyard dollar borcunu ödəyə bilməyib. Bu tarixdən başlayaraq Türkiyədən İrana qızıl ticarətinə başlayıb. Türkiyədə məlum qaçaq qızıl ticarəti də məhz ondan sonra genişlənib. Türkiyədə icra edilən 17 dekabr istintaqında Rza Zərrabın ifasə əsasında bəlli olub ki, Zəncani Qvineyadan 1.5 ton qızılı qeydiyyat aparmadan Türkiyəyə daxil edib. Bununla belə Zəncaninin sui-istifadə və rüşvət istintaqındakı yeri hələ qəti olaraq bilinmir.

“Həbs olunsam İran Efiopiya olar”

Yeri gəlmişkən, ABŞ-la Aİ-nin embarqosundan sonra Zəncaninin Həsən Ruhani hökuməti ilə münasibətləri pozulub. Münasibətlərin gərginləşməsində İranın eks prezidenti Mahmud Ahmedinejadın dövründəki qaranlıq əlaqələrinin də rol oynadığı deyilir. İşadamının özünə gəlincə, məsələyə münasibəti belədir:

“İran Mərkəz Bankına və İran Milli Neft Şirkətinə tətbiq olunan embarqoya baxmayaraq, illərcə ölkəyə pul köçürdüm. Embarqonu deşərək öz şirkətlərimin və xaricdə ortaqlığım olan şirkətlərin qara siyahıya salınmasını gözə aldım. Əgər amerikalıların əlinə düşsəydim, özümü Quantanamoda tapardım. Həbs olunsam,İran Efiopiya olar. İran Mərkəz Bankına və Neft Nazirliyinə qoyulan embarqoya rəğmən iki milyard dollar köçürməyi bacardım. Ancaq bəzi dairələr vəziyyəti əleyhimə istifadə edərək mənimlə şəxsi hesablaşmağa gedirlər"

30 min dollarlıq saat

B.Zəncaninin şəxsiyyəti ilə bağlı gündəmə gətirilən nüanslardan biri də, onun 30 min dollarlıq qol saatı və qara, “Mersedes SL 500” markalı avtomobilidir. Düzdür, işadamının adı “Forbes” kimi jurnalların siyasında daxil edilməyib. Amma bildirdiyimiz kimi o, Malaziyada, Çində, İranda, Dubayda, Tacikistanda, Türkiyədə investisiyalara sahibdir. Zəncaninin hətta Hindistan və digər Asiya ölkələrində sərmayələrinin olduğu istisna edilmir. Sərvətinin bilinən həcmi 13 milyard dollardır. Lakin nəzərə alsaq ki, İran kimi böyük istehsalçının neft satışı onun əlində olub, onun varidatı dünyanın ən varlı adamı Bill Qeystlə müqayisə edilə biləcək səviyyədə də ola bilər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm