16 milyardın, 219 şirkətin sahibi necə müflis oldu? - Uzan ailəsinin həyat dramı
Bizi izləyin

Milyonçu

16 milyardın, 219 şirkətin sahibi necə müflis oldu? - Uzan ailəsinin həyat dramı

16 milyardın, 219 şirkətin sahibi necə müflis oldu

2004-2005-ci ilə qədər onlar Türkiyənin ən zəngin ailəsi sayılırdılar. Bütün sahələrdə investisiyaları olan ailənin əli Türkiyə xaricində İordaniya, İngiltərə, Amerika, İsveçrə, Polşa, Kipr, Norveç və digər vergi cənnətlərinin olduğu adalara qədər uzanırdı. Amma bu sultanlıq uzun çəkmir və bir-birinin ardından baş verən müsadirələr, ipotekalar səbəbiylə mal-varlıqları müsadirə edilir. Bununla belə ailənin öndə olan varisi kefindən qalmır. Oskar ulduzlarının istirahət etdiyi Saint Tropezdə əylənəcək qədər lüksa sahibdir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində “Rumeli Holding”i n sahibləri Uzanları təqdim edir.

Uzanlar 1910-cu ildə Saraybosnadan Türkiyəyə gəliblər. Onların Bosniya Hersoqviniyadan Türkiyəyə köç etdikləri də deyilir. Bosniyanın Foca qəsəbəsində yaşayan ailə fermer təsərrüfatı ilə məşğul imiş. Etnik qarşıdurmalarda ailədən yalnız baba Uzan sağ qalır. O da Balkan müharibəsinin başlamasının ardından Türkiyəyə köçərək Adapazarında yerləşir.

Uzanların iş dünyasına qədəmləri isə Kamal Uzanla başlayır. Osman və Ayşə Üzümün 3 uşağından böyüyü olan Kamal Uzan İstanbul-Sakarya qatar xəttində saqqız satdığı zamanlarda gələcəkdə 240-a yaxın şirkətə sahib olacağını bəlkə xəyal belə etmirdi. Lakin Adnan Menderes dövründə dövlət satınalmalarına başlanılması saqqız satışından bir qədər pul toplayan Kamal Uzanın iş dünyasına atılmasına gətirib çıxarır.

1956-cı ildə Yapı Ticarət A.Ş inşaat firmasını təsis edir. Dövlətin böyük layihələrinin podratçısına çevrilir. Afşin Elbistan İstilik Stansiyasını, Samsundakı Həsən Uğurlu Anbarını, Aralıq dənizi Oyunları çərçivəsində İzmirdəki Halkapınar Olimpiada Müəssisələrinin inşaatı onun şirkəti tərəfindən aparılır. Uzan Səudiyyə Ərəbistanı və Libyada da əhəmiyyətli işləri boynuna götürür.

Marşal Titonun çirkli pulları

Bəzi rəvayətlərə görə, Kamal Uzan Yuqaslaviyanın qurucusu Marşal Titonun çirkli pullarını Türkiyədə “yumaqla” böyük imperiyanın əsasını qoyub. Onun hətta Sovet Mərkəz Bankına aid külçə qızılları İstanbul Qapalıçarşısında pula çevirdiyi də söylənilir. Bununla belə Uzanın sərmayə təcrübəsinin başlanğıcı Ali Sami Yen Stadionun tikintisinə dayanır.

Ali Sami Yen Stadionun açılışı 22 dekabr 1964-cü ildə Türkiyə-Bolqarıstan matçı ilə baş tutur. Lakin matç başlamazdan əvvəl bəzi tribunalar çökür. Qəzet başlıqlarına düşən bu olay Kamal Uzanın işadamı kimi etibarına ilk zərbə olur. Talehsizlik Uzanın yaxasını buraxmır. Belə ki, 1971-ci ildə podratçısı olduğu daha bir layihə fiaskoya uğrayır. Aralıq dənizi Oyunlarının keçiriləcəyi stadionların tribunalarında yanğın baş verir.

16 milyarda sahib olur

Məlahət Uzanla evlənən K.Uzanın bu evlilikdən Cem və Hakan Uzan adlı iki oğlu olur. Hansı ki onlarda imperiyanın böyüməsində iştirak edirlər. Doğrusu, 1980-ci illərdən sonra yavaş-yavaş bütün ölkəni “Uzan Xanədanlığı” bürüyür. 1990-2000-ci illər isə Uzanların uğurlarının pik dövrü başlayır. Ailənin biznesi bankdan tutmuş mediaya qədər geniş bir sahəyə doğru genişlənir. Həmin dövr üçün sərvətlərinin təxminən 16 milyard dollar təşkil etdiyi irəli sürülür.

Hərçənd ki, “Forbes” jurnalının 2002-ci ildəki qiymətləndirilməsində Kamal Uzan dünyanın 500 ən zəngin insanı arasında 1.3 milyard dollarlıq şəxsi sərvəti ilə 351-ci sırada göstərilirdi. Lüks yaxtalar, milyon dollarlıq mənzillər, ABŞ milyoderi Bill Gateslə qonşuluq, 233 şirkət bütün bunlar Uzanların baş döndürən sərvətinin gösətiricisi idi.

“Rumeli Holding”

Uzanların şirkətləri 1988-ci ildə Kamal Uzan tərəfindən yaradılan Rumeli Holding A.Ş-da qısa olaraq “Rumeli Holding”də birləşdirilir. Bura Telekomünikasya Qrupu (Telsim (Telsim1994-cü ildə qurulur. Müəssisənin lisenziya haqqı 1998-ci ildə 25 illiyinə Rabitə Nazirliyindən icarəyə götürülür.Beləliklə ailə və əməkdaşlıq etdikləri şirkətlər 3 milyard dollara yaxın sərmayəyə imza atmış olurlar), Rumeli Telekom, Rumeli Teknik, Ünitel, Aktif Kablo,Kartel,Artel, JPP,Rumeli Tanıtım, KKTC Telsim) İnternet və İnteraktif Qrup (RT.Net,Rumeli Yazılım,Standart Pazarlama, Star Digital,DigiFunClub, bascuda.com bidolu.com), Media Qrupu (Star TV, Kral TV ve Radiolar, Ulusal Basın Qazetecilik, Park Media Filmçilik, Media Park Yayınçılık, Ulusal Media Haber Ajansı, Birikim Gazetecilik ve Matbaacılık, Media Pazarlama), Enerji Qrupu (Çukurova Elektrik, Kepez Elektrik), Enerji İstehsalı (Yüreğir Barajı ve Hidroelektrik Santrali, Kepez Barajı ve Hidroelektrik Santrali, Kepez Barajı ve Hidroelektrik Santrali 2,Seyhan Barajı ve Hidroelektrik Santrali, Berke Barajı ve Hidroelektrik Santrali və sair), Sement Qrupu (Şanlıurfa Sement, Gaziantep Sement, Trabzon Sement, Bartın Sement, Çimento Sement, Van Sement və sair), Maliyyə Qrupu ( “Türkiyə İmar Bankı”, “Adabank”, “Rumeli Bank”, “Rumeli Sigorta”, “Rumeli Hayat Sigorta”, “Ulus Factoring”) Tikinti Qrupu (Merkez Yatırım, Yapı Ticaret), Dəmir Polat Qrupu (METAŞ, AYSAN, DEMAŞ, LİMAŞ, NASAŞ), Avtomobil Qrupu (Türk Otomotiv Endüstrileri AŞ, Süper Oto), İdman Qrupu (Adanaspor, İstanbulspor) daxil olur.

Uzanların digər investisiyalarına gəlincə, bu sırada Mavi A.Ş, Rumeli Havaçılığı göstərmək olar. “Rumeli Holding”dən başqa ailə “Prime Holding”, “Standart Holding”, “Simetri Holding” adlı şirkətlər qrupuna da sahiblənir. Türkiyə iqtisadiyyatının əksər sahələrində investisiyaları olan Uzanların üzərində isə daim “köhnə dost” əli olur. Söhbət təbii ki keçmiş baş nazir Süleyman Dəmirəldən gedir. (ailənin Əhməd Özalla da əlaqələri var idi).

Bu arada “Rumeli Holding”in İordaniya, Kipr, Azərbaycan və Qazaxıstanda da bir sıra sərmayələri olub. Belə ki, Uzanlar adıçəkilən ölkələrdə GSM şirkətləri qurmuşdular.

Maliyyə fırıldaqları

Türkiyə mətbuatının iddialarına əsasən, Uzanlar bu pulları sağlam bizneslə qazanmamışdılar. Başlayaq ailənin banklarından. Uzan ailəsi digər bankların faiz nisbətlərinin 2 mislində faiz siyasəti yürüdürdülər. Sual doğuran yüksək faizlə toplanan pulların necə olması idi. Normal şərtlərdə bank sistemində toplanan haqqın bir hissəsi likvid kimi saxlanılır. Müəyyən nisbəti rezerv kimi Tasarruf Mevduatı Sigorta Fonduna yatırılırdı. Geri qalan qisim kredit kimi müştərilərə verilir.

Yaxşı, müştərilərə kredit verilirdimi? Yazılanlara inansaq toplanan pulların çoxu qanunlara zidd şəkildə Uzanların öz şirkətlərinə, geri dönüşü olmayan kredit kimi verilirdi. Bir qismi isə bazarda ələ keçərilməsi planlanan şirkətlərə təklif olunurdu. Həmin şirkətlər vəsaiti sərmayə kimi istifadə etdikdə əsl məram ortaya çıxırdı. Uzanlar şirkətlərdən 24 saat ərzində bankın kreditini geri ödəmələrini tələb edirdilər. Ödənmədiyi halda faizin 3 qatı həddində gecikmə faizi əlavə olunurdu. İddialara görə, Uzanlar bir çox şirkətləri məhz bu yolla ələ keçiriblər.

Star TV-nin isə Türkiyənin sabiq prezidenti Turqut Ozalın Uzanları istiqamətləndirməsi ilə qurduqları irəli sürülür. Hətta telekanalın gizli ortaqlarından birinin Əhməd Ozal olduğu söylənilir.

Yeri gəlmişkən, Star TV-nin təsisindən sonra bir il ərzində TRT-nin reklam gəlirlərinin yarısı bu özəl televiziyanın adına rəsmiləşdirilibmiş. Bu hamısı deyil. Uzanların televiziyaları vasitəsilə ictimai simaları şantaj etdiklərinə dair də iddialar var. Ailənin telekominikasya sektorunda fırıldaqları sərhəd tanımır. Xarici şirkətlərlə -“ Nokia” və “Motorola” ilə əməkdaşlıq edən “Rumeli Holding” iki şirkətə 3 milyard dollara yaxın pulunu "atıb". Belə ki, əvvəlcə borclarına qarşılıq “Motorola”ya 66 faiz nisbətində, “Nokia”ya isə 7.5 faiz nisbətində “Telsim”in hissələrini təminat göstərib. Amma gizlicə etdiyi sərmayə artımıyla “Motorola”nın təminatını 22 faizə, “Nokia”nın təminatını isə 2,5 faizə endirib.

“Çukurova Elektrik” və “Kepez Elektrik” ə gəlincə, birjaya açıq olan bu şirkətlər tez-tez spekulyativ əməliyyat həyata keçirərək qeyri-qanuni qazanclar əldə ediblər.

Başqa bir fakt 1994-cü il böhranından sonra bütün banklardakı depozitlərə dövlət zəmanəti verilməsi ilə bağlıdır. Bu bankın batması halında müştərilərin pulunun dövlət tərəfindən ödənilməsi demək idi. Uzan Qrupu həmin zaman banklarına yatırılan pulların bəzilərini rəsmiləşdirməyərək, Off Shore Bankçılığı adı altında pul yığmağa müvəffəq olur. Toplanan pulların nə şəkildə xərclənəcəyi isə artıq onların insaflarına qalır.

Uzanların digər manipulyasiyası xəzinə bonaları ilə bağlıdır. Türkiyədə banklar dövlətin xəzinə bonu tenderlərinə qatılır və bon alırlar. Sonra bazar şərtləri ilə onları müştərilərinə satırlar. Uzanlara məxsus banklar mərkəz bankdan xəzinə bonu və dövlət təhvili almadan bonları müştərilərinə satmışdılar.

Cənnətin sonu

Hər şey ailə daxili narazılıqlardan başlayır . “Rumeli Telekom”un rəhbəri Kamal Uzan istefa vermədiyi halda oğulu Hakan Uzan tərəfindən istefa vermiş kimi göstərilir.Qoca Uzan məhkəməyə müraciət edir. 2000-ci il isə ailənin bütün qazandıqlarını itirməsinin başlanğıcı olur. Belə ki, Sərmayə Bazarı Şurası (SPK) “Çukurova Elektrik” və “Kepez Elektrik”lə bağlı araşdırmalar aparır. 2003-cü ildə “İmar Bankı”nın lisenziyasının alınması Uzanların iş dünyasına tamamilə son verir.

“İmar Bankı” la bağlı istintaq çərçivəsində Tasarruf Mevduatı Sigorta Fondu ailənin 219 şirkətini,eləcə də bütün mal varlığını müsadirə edir.Uzanlar haqqında "dəstə", "fırıldaqçılıq", "saxtakarlıq" maddələri ilə cinayət işi qaldırılır. Şirkətlərini geri ala bilmək üçün Türkiyə əleyhinə milyardlarla dollarlıq iddia qaldırsalar da nəticə əldə edə bilmirlər. Hətta “Petkim”lə əlaqədar tenderi 605 milyon dollara qazanmalarına rəğmən şirkətin tender komissiyasına verdiyi təminat məktubu qəbul edilmir. Əlləri hər yerdən üzülən Uzanlar Fransadan siyası sığınacaq alaraq oraya yerləşirlər.

Fransada gündəlik 4 min avroluq mənzildə yaşayırlar

Lüks həyata öyrəşən ailə mal varlıqlarının müsadirə edilməsinə baxmayaraq, Fransada gündəlik 4 min avroluq mənzildə yaşayırlar. Məsələn, K. Uzanın oğlu Cem Uzan qışı Parisdə, yayları isə St. Tropezdə keçirir. Ailəni böyük mühafizə ordusu qoruyur. Bütün bu şahənşahlıq onların bitməyən sərvət qaynağına sahib olduğunu göstərir.

Başqa tərəfdən, Cem Uzan Türkiyəyə qarşı açdığı məhkəmə davalarına da milyonlar xərcləyir. Cənub Kiprdəki “Libananco” şirkəti ilə bağlı təzminat davasına 24 milyon 381 min dollar xərclədiyi söylənir. Bu xərcləmələrin təxminən 18 milyon dolları vəkil üçün ödənən məbləğ idi. Yəni Uzan ‘Köpəkbalığı' ləqəbli Stuart Newbergerə 18 milyon dollar ödəmişdi. Xərcləmələrinin 6 milyon dolları isə otel, təyyarə xərcləri təşkil edirdi.

Aşk hekayələri

Bu gün ailənin adı təkcə maliyyə firıldaqlarında hallanmır. Cem Uzan həyat yoldaşlarını, sevgililərini əlcək kimi dəyişməsi ilə də məşhurdu. Üç dəfə evlənən Cem Uzanın ilk evliliyi Feyyaz Berkerin qızı Şebnem Berkerlə olub. Bu evlilikdən Sinan Kamal və Delərə Sirr adlarında 2 uşağı var. İş adamınının ikinci evliliyi isə Renç Koçibeyin qızı Zeynəb Koçibeylə idi. Bu evliliyindən də Əmrə Renç və Jasmin Paris adında 2 uşağı dünyaya gəlib. Cem Uzan həm də bir il yarım İstanbulun zəngin ailələrindən olan Dərin Mərmərçi ilə görüşub. 52 yaşındakı Cemin özündən 21 yaş kiçik olan Mərmərçi ilə məcarası Parisdə qatıldıqları bir dəvətə söykənir.

Ortaq yoldaşlarının tanışlığı ilə başlayan eşq hekayəsi Champs-Elyseesin arxa küçələrində əl-ələ gedərkən romantik görüntülətin qəzetlərə manşet olmasına qədər gedib çıxır. Mərmərçi Parisin Champ Elysee prospektindəki məşhur Mathis barda 50 yaşına girən sevgilisi Cem Uzan üçün təşkil etdiyi ad günü partisi isə onları heç vaxt ayrılmayacağına dair əminlikləri yaradırdı. Onu da bildirək ki, həmin partidə çəkilən fotoşəkillərdə Cem Uzanın sevgilisinin adını qoluna döymə etdirdiyi diqqətlərdən yayınmırdı. 18 aylıq əlaqələri boyunca bir neçə dəfə ayrıldıqları iddiası gündəmə gəlsə də söz-söhbətləri yalanladılar.

Amma şaiyələr nəhayət gerçəyə çevrildi. Cem Uzan Mərmərçini “yola salan kimi ürəyini çoxmənzilli binaya çevirdi”. 5 ayda 3 sevgili dəyişdi. Nəhayət fransz Fanny Blanchelandenin üzərində dayandı.Fransanın qabaqda gələn ailələrindən birinə mənsub olan Fanny ləl-cəvahirat dizayneridir. Adı və soyadından ibarət markası da var. Çoxları iş adamı ilə fransız qızın münasibətlərinin uzun çəkməyəcəyini söyləsələr də 2012-ci ilin son ayında 52 yaşlı Cem 32 yaşlı Fanny ilə evləndi.

Cem Uzan siyasətdə

Söz Cem Uzandan düşmüşkən,o siyasət dünyasında da maraqlı gedişlərə imza atıb. 2002-ci ilin yaz aylarında siyasətə girərək Gənc Partiyanı qurub. Partiya qurulduqdan üç ay sonra seçkilərdə 7,25 faiz nisbətində səs alır. Partiya 2007-ci il ümumi seçkilərdə 3.03 faiz səs alır. Lakin iki seçkidə də məclisə millət vəkili soxa bilmir. Lakin siyasi fəaliyyətin onun sığınacaq almasında köməyinə çatır.

Belə ki, 2-ci Ergenekon iddianaməsində Uzanın Şənər Eruyguru əsgəri zərbəyə təşviq etdiyi iddia edilir. Bundan sonra o, gizli yollarla Türkiyəni tərk edir və bir müddət Interpol tərəfindən axtarılır. 12 Oktyabr 2009 –cu il tarixində Fransaya etdiyi siyasi sığınma müraciəti qəbul olunur. İqtidar tərəfindən siyasi təqibə uğradığını iddia edən Cem Uzan haqlı hesab olunur.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm