Dayı “şotuna” varlanan ən böyük başqan – Aziz Yıldırımın həyat hekayəsi
Bizi izləyin

Milyonçu

Dayı “şotuna” varlanan ən böyük başqan – Aziz Yıldırımın həyat hekayəsi

O, Türkiyənin ən bahalı futbol klublarından birinin rəhbəri, eyni zamanda, iş adamıdır. “Adda” mühəndislik şirkətinin sahibi olduğu deyilsə də, gerçəkdə silah ticarəti ilə məşğul olduğuna dair iddialar var. Söhbət varidatının həcmi bu həyatda bir özünə bəlli olan “Fənərbaxça” futbol klubunun rəhbəri Aziz Yıldırımdan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Aziz Yıldırımı təqdim edir.

Atası müəllim olub

Aziz Yıldırım 1952-ci ilin dekabrında Diyarbəkirdə dünyaya gəlib.

Özündən başqa Acar və Əli adında qardaşları var.

Hazırda Türkiyənin ən varlı adamlarından sayılan A.Yıldırımın atası nə iş adamı, nə bankir, nə də fermer olub. Şefiq İldırım ibtidai məktəbdə müəllim işləyib.

Anası Servetə gəlincə, burada vəziyyət başqadır. Belə ki, Ş.Yıldırım iş adamı Faruk Yalçının bacısı olub. Amma Azizin 22 yaşı olanda valideynləri boşanıblar.

1986-cı ildə Sərvət Yıldırım vəfat edib.

8 nömrəli oyunçu, futbol karyerası

Övladlarının məktəbə getmək zamanı çatanda ailə Düzcəliyə köçüb. Beləliklə, Yıldırım ibtidai təhsilini və litseyi Düzcədə bitirib. Daha sonra Ankara Dövlət Mühəndislik və Memarlıq Akademiyasına qəbul olub. Ali təhsil müəssisindən inşaat məzunu kimi diplom alıb.

Yıldırım litseydə oxuduğu zamanlarda futbola həvəs göstərməyə başlayıb. Hətta həvəskar liqada belə oynayıb. “Hamidiyespor” klubundan başlayan futbol macərası qarşıdakı illərdə onu Düzcəsporda fəxri başçı vəzifəsinə yüksəlməsinə qədər gedib çıxıb. Bu arada qeyd edək ki, “Hamidiyespor” o illərin ən məşhur komandası idi.

Üç il bu komandada oynayan Ə.Yıldırımın yoldaşları onu belə xatırlayırlar: “8 nömrəli forma geyən Aziz Yıldırım çox iddialı oyunçu olub. Tək sözlə, super idi. Topdan əl çəkməzdi. Çox yaxşı paslar atırdı. İnadkar və texnikalı idi”.

Lakin futbola böyük marağı olmasına baxmayaraq, A.Yıldırım 27 yaşında - 1979-cu ildə professional futbol karyerasına son verir və iş həyatına atılır. Qısa müddət dayısı Faruk Yalçının yanında işləyir. Sonradan öz işini qurmağı qərara alır. Yaxşı bildiyi biznes sahəsinə - tikintiyə girişir. “Maktaş Mühəndislik” şirkətini qurur. Ağıllı iş adamlarının izi ilə gedən İldırım Türkiyədə varlanmağın yolunun dövlətlə yaxşı dolanmaqdan keçdiyini bildiyindən, sözün bu mənasında özünü yaxşı aparır. Çox keçmir, onun şirkəti dövlət layihələrinin əsas podratçısına çevrilir. Xüsusilə “Maktaş Mühəndislik” NATO-nun infrastruktur layihələrinə dair tenderlərinə qatılır. Bu arada, o dövrdə dövlət - əsgər, dolayısıyla, NATO demək idi.

Tenderlərin qalibi olmaq isə böyük uğur sayılırdı. İddialara görə, A.Yıldırım layihələri təkcə işgüzarlığı hesabına almırmış. Onun “Ergenekon” və “Balyoz” iddiaları ilə həbsxanada cəza çəkən bəzi generallarla əməkdaşlıq etdiyi də irəli sürülür. Bu istiqamətdə xüsusilə Baş Qərargah İdarəsi və Daxili İşlər Nazirliyinin keçirdiyi əhəmiyyətli inşaat tenderlərinin nəticələri misal gətirilir.

Amma bütün bunlar “Fənərbaxça” kimi futbol klubunun rəhbərliyinə yüksəlmək üçün yetərli deyildi. Qeyd etdiyimiz kimi, Ə.İldırımın dayısı iş adam idi. Faruk Yalçının şirkəti “Makyal” uzun illər NATO-nun tenderlərinin əsas qalibi olub. İrəli sürülən iddialara əsasən, bacısı oğlunu oxudan Yalçın NATO layihələrinin başqa əllərə düşməməsi məqsədilə “Maktaş Mühəndisliy”in qurulmasında ona kömək edir, əlaqələrini yaradır. Sonda isə sözə baxdığı üçün Azizə hobbisi ilə məşğul olmağa icazə verir. Ə.İldırımın seçmələr klubuna üzvlüyünü təşkil edir. Beləcə, A.Yıldırım klub rəhbərliyinə gedən yolda böyük mərhələni qət etmiş olur. 1990-cı ildə “Fənərbaxça”nın idarə heyətinin üzvü seçilir. Əli Şənin istefasından sonra isə - 1998-ci ildə Ümumi Konqresdə rəqibi Vəfa Kiçiyi bir səslə geridə qoyaraq rəhbər olur. Beləliklə, hədəfinə çatır. Çünki deyilənə görə, hələ Düzcə illərində o, "bir gün “Fənərbaxça” rəhbəri olacağam" söyləyirmiş.

Aziz Yıldırımın biznesi

Bu gün Aziz Yıldırımın inşaat, müdafiə, dənizçilik, turizm, beton və heyvandarlıq kimi sahələrdə əhəmiyyətli sərmayələri var. Sahibi olduğu “Maktaş Mühəndislik” isə 1973-cü ildən bu yana təkcə NATO üçün 650 milyon dollar məbləğində iş reallaşdırıb. Şirkətin ən böyük layihəsi isə TAFICS proyekti üçün qazandığı tender olub. “Maktaş” 1996-cı ildə TAFICS proyektinin birinci mərhələsi üçün keçirilən tenderi “Siemens”lə konsorsium şəraitində 223 milyon dollara qazanıb. 2003-cü ildə eyni layihənin ikinci mərhələsi üçün elan olunan tenderi də yenə “Siemens” “Maktaş”la ortaqlıq nəticəsində 177 milyon dollara əldə edib. Onu da bildirək ki, 2006-cı ildə “Siemens”in beynəlxalq tenderləri qazanmaq üçün rüşvət verdiyinə dair iddialar ortaya çıxmışdı. Amma bu mövzu Türkiyədə gündəmə gəlmədi.

Bu arada, bütün bunlar Aziz Yıldırımın biznesinin görünən tərəfləridir. Futbol komandasının rəhbərinin silah taciri olduğuna dair fikirlər var. Hətta bir neçə il əvvəl “İstanbulspor”un sabiq sahibi Saffet Sancaklı müsahibələrindən birində “Fənərbaxça” klubunun rəhbəri ilə silah ticarətində ortağıq” deyə bildirmişdi. O qeyd etmişdi ki, bu işdə Rusiyanın adından Türkiyədə səlahiyyət yalnız onlardadır: “Aziz Yıldırımla Rusiyada silah ticarəti etdiyimizə dair iddialar var. Daim bunun dedi-qodusu aparılır. Amma biri məndən bunun doğru olub-olmadığını soruşmayıb. Gəldilər soruşdular, “yox” dedim? Bu, bizim ailə işimizdir və illərdir bununla məşğuluq. Onsuz da zatən çox tender olmur. İldə biri ola-olmaya”.

Həbsi

Aziz Yıldırım 3 iyul 2011-ci ildə "İqtisadi gəlir məqsədi ilə cinayət təşkilatı qurmaq və idarə etmək" və “şike” iddiasıyla saxlanılır. Daha sonra prokurorluq tərəfindən ifadəsi alınaraq həbs tələbiylə məhkəməyə təhvil verilir. Məhkəmə onun həbsinə dair qərar çıxarır. Təxminən 1 il Metris həbsxanasında məhbus həyatı yaşayır. Klub rəhbərinin həbsində əsas məqsədin AKP hökümətinin NATO-nun tenderlərini ələ keçirmək olduğu söylənilir. Bu arada, A. Yıldırım həbsdən çıxdıqdan sonra təhlükəsizlik orqanları tərəfindən çəkilən şəkillərinin mətbuata sızdırılması səbəbindən Daxili İşlər Nazirliyinin əleyhinə iddia açır. Klub bu iddiadan 15 min TL qazanır. A.Yıldırım həmin pulu “Fənərbaxça”nın təhsil təşkilatlarına bağışlayır.

Qeyd edək ki, bu gün AYıldırımı sevən də çoxdur, sevməyən də. Ancaq kim nə deyir-desin, diyarbəkırli Aziz Yıldırım “Fənərbaxça”nın tarixində ən əhəmiyyətli rəhbər olmağı bacarıb. Onun “Fənərbaxça”ya rəhbərliyindən sonra klubun büdcəsi 15 milyon dollardan 367 milyon dollara qədər yüksəlib.

İlk sevgisi 30 ildən sonra tükənir

İş adamı üç uşaq atasıdır. İki dəfə evli olub. Birinci arvadı Yıldız İldırımla yoldaşlarıyla top oynadığı zaman tanış olub. Topun arxasınca qaçanda Yıldızı görüb və vurulub. Lakin 2010-cu ildə cütlük boşanıb.

A.Yıldırım Qönçə Çelikkıranla evlənib. Birinci evlilikdən 2, sonuncudan isə 1 övladı var. Hər iki arvaddan qız övladları olan A.Yıldırım təkcə ata deyil, həm də babadır. Yeri gəlmişkən, iddialara əsasən, Y.Yıldırımdan boşanmaq ona elə də ucuz başa gəlməyib. Klub rəhbəri bunun üçün keçmiş arvadına 5 milyon dollar təzminat və 25 min dollar aliment ödəyib.

Atası arvadını öldürüb

A.Yıldırımın atası da özü kimi sirli adam idi. Məsələn, 2002-ci ildə Şefik Yıldırım özündən 46 yaş kiçik – 31 yaşlı həyat yoldaşı Tülün Yıldırımı öldürməkdə günahlandırılır. İddialara görə, o, arvadını Edremitdəki villasında ov tüfəngi ilə öldürüb. Düzdür, Ş.İldırım əvvəlcə ittihamları rədd edib. Amma qonşular onun içki düşkünü olduğunu və daim qısqanclıq davaları çxıardığını bildiriblər. Bütün bunlar cinayətin açılmasına gətirib çıxarıb və ata İldırım həbs edilib. O, məhkəmənin qərarı ilə 10 il həbs cəzası alsa da, xəstəliyi səbəbindən bu müddət 8 il 4 aya endirilib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm