• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

30 arvad, 39 övlad, 18 milyard varidat – Kral Abdullah kimdir?

  • Milyonçu
  • 23 Yanvar 2015 10:50
  • 5 807 Baxış
30 arvad, 39 övlad, 18 milyard varidat – Kral Abdullah kimdir?

Hələ oktyabr ayında Rusiya iqtisadiyyatının, siyasətinin gələcək taleyinin ondan asılı olduğu deyilirdi. Düz də çıxdı. Noyabrın 27-də OPEK nazirlərinin illik iclasında Səudiyyə Ərəbistanın kvotanı salmaması dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşmasına yol açdı. Nəticədə rus rublu, Rusiya iqtisadiyyatı növbəti şokunu yaşadı. Vladimir Putinin razı sala bilmədiyi bu şəxs kimdir?

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Səudiyyə Ərəbistanının kralı, gündəlik 1 milyard dollar gəliri olan, rəsmi 40 milyard avro kapitala sahib, 90 yaşlı Abdullah ibn Əbdül Əziz as-Səuddin həyat tarixçəsini təqdim edir. Abdullah ibn Əbdül Əziz as-Səud həm də müsəlmanlar üçün 2 müqəddəs yerin – Məkkədəki Əl-Həram və Mədinədəki Peyğəmbər məscidlərinin himayəçisidir.

37-ci oğul

Kral Abdulla ibn Əbdül Əziz as-Səud 1924-cü il avqustun 1-də Nejd sultanlığının mərkəzi olan Ər-Riyadda anadan olub. O, uzunmüddətli gərgin mübarizədən sonra – 1932-ci ildə Səudiyyə Krallığının əsasını qoyan I kral Əbdül Azizin 43 oğlundan 37-cisidir.

Abdulla ibn Əbdül Əziz as-Səudin anasına gəlincə, Fəhdə bin Asi as-Şuraim – Əbdül Azizin qatı düşməni və Ərəb Əmirliklərindən birinin rəhbəri Saud Rəşidin arvadı olub. Səudiyyə Krallığının əsasını qoymaq məqsədilə aparılan döyüşlərdə Rəşidin öldürülməsindən sonra Əbdül Aziz onu səkkizinci arvad kimi öz hərəmxanasına qəbul edib. Səbəb də Fəhdə bin Asi as-Şuraimin adi cariyə olmaması olub. Belə ki, o, bədəvi qəbiləsindən olan şammar zədəgan nəslinə mənsub idi. Məhz Səudiyyənin indiki kralını da Saud Rəşidin sabiq arvadı dünyaya gətirir.

Abdulladan başqa Fəhdin kraldan 2 qızı da var. Abdulla kral Əbdül Əzizin yeganə oğludur ki, doğma qardaşı yoxdur. Bütün monarx ailələrində olduğu kimi, Abdulla ilk – dini təhsilini atasının rəhbərliyi ilə sarayda alıb. Məktəbdə isə dünyəvi, siyasi elmləri öyrənib. Bununla belə, monarxın ali təhsili yoxdur.

Ondan qorxurlar

Abdulla ibn Əbdül Əziz as-Səud valideynlərini erkən itirir. 1934-cü ildə anası, 1953-cü ildə atası vəfat edir. Əbdül Aziz ibn Səudin ölümündən sonra Səudiyyəyə onun müxtəlif arvadlarından (45 arvadı olur) olan oğulları hökmranlıq edir. Abdulla ibn Əbdül Əziz as-Səudə isə dövlətdə ilk vəzifə - Məkkənin qubernatorluğu vəzifəsi verilir. 1962-ci ildə o, Milli Qvardiyanın komandiri təyin edilir. Bu qvardiyanın üzvləri birbaşa kral ailəsinin, eləcə də neft yataqlarının, Məkkə və Mədinə şəhərlərinin mühafizəsi üçün məsuliyyət daşıyırdılar. Şahzadə Abdullanın sayəsində qvardiya yaxşı təchiz olunmuş müasir struktura çevrilir. Abdullanın işgüzarlığı 1975-82-ci illərdə onun baş nazirin ikinci müavini vəzifəsinə qalxmasına gətirib çıxarır. Beləliklə, taxt-tacın varisi olma ehtimalı yüksəlir. Bununla bərabər, o, Milli Qvardiyaya da komandanlıq edir. Ögey qardaşı Kral Xalidin ölümündən sonra yeni kral yenə də ögey qardaşı Fəhd olur. Və o, 1982-ci ildə Abdullanı varis şahzadə, baş nazirin birinci müavini elan edir.

Amma deyilənlərə görə, Abdulla varislik üçün gərgin mübarizə aparıb. Ailə şurasının münasibətləri gərginləşdirməkdən qorxduğu üçün onu varis edilməsi ilə razılaşır. Çünki Abdullaya istədiklərini verməmək ailəni bir neçə qrupa bölmək demək idi – hər halda, belə söhbətlər gəzir.

Dişi-dırnağı ilə hakimiyyətə gəlir

Taxtın varisi kimi Abdulla ölkənin siyası kursu ilə yaxından maraqlanır.

1984-cü ildə Livana Suriya qoşunlarının girişini dəstəkləyir. Münaqişə zonasından Amerikanın dəniz qüvvələrinin çıxarılmasını tələb edir. 1988-ci ildə o, İran və İraq arasında sülhün bağlanmasında əsas vasitəçilərdən biri olur. 1990-cı ildə İraqın Küveyti işğal etməsindən sonra, Kral Fəhddən fərqli olaraq, ABŞ əsgərlərinin Səudiyyə Ərəbistanında yerləşdirilməsinə qarşı çıxır. Lakin sonradan krallığın anti-İraq koalisiyasına daxil olması ilə razılaşır.

1991-ci ildə Misirin İsrailin qoşunlarını Fələstindən çıxarmaq şərti çərçivəsində ərəb ölkələrinin İsraili boykot qərarına xitam vermələri təklifini dəstəkləyir. Abdullanın dövlətdəki nüfuzunun günü-gündən artması ögey qardaşı kral Fəhdi narahat etməyə başlayır. O, 1992-ci ildə qardaşını varislikdən uzaqlaşdırmaq məqsədilə fərman imzalayır. Doğma qardaşı Sultanı ibn Abd Əl-Əzizi baş nazir təyin edir. 1995-ci ildə Fəhd insult keçirir, dövləti idarə edə bilməyəcək hala düşür.

1996-cı ildə Abdullahı baş nazir təyin edir. Formal şəkildə ölkəyə rəhbərliyi ona verir. Öz gücünü itirməkdən qorxan Sudayri klanı Fəhdə Sultan Abdullanın idarəçilikdən uzaqlaşdırılması üçün təzyiq etməyə başlayır. Lakin Milli Qvardiya Abdullanın nəzarətində olduğundan, məqsədlərinə nail ola bilmirlər. 2000-ci ildə o, kral ailəsi şurasına rəhbərlik etməyə başlayır. 2005-ci ildə qardaşı, nəhayət, vəfat edir və o, Səudiyyə Ərəbistanının kralı olur.

Göstərilən ilin avqustun 1-də o, taxta çıxır. Beləliklə, Abdulla Səudiyyənin tarixində 6-cı monarx olur. Yeni varis kimi isə Sudeyri klanının şahzadəsi, atabir qardaşı, krallığın baş inspektoru Sultan Sultani ibn Abd Əl-Əziz varis elan olunur.

Hakimiyyətinin ilk illərində o, iqtisadi islahatlar aparacağını bildirir. Bura isə ölkənin iqtisadi vəziyyətinin neftin bazar qiymətindən asılılığının aradan qaldırılması, kapital bazarının modernləşdirilməsi, qaz sektorunun xarici şirkətlərə açıq elan olunması kimi məsələlər daxil idi. O hətta ailəsinin üzvlərinə (7000 nəfər üzvü var) dövlət xəzinəsindən istifadəni qadağan edir. Bundan əlavə, kral Abdulla ölkənin gənclərinin dünyanın müxtəlif ölkələrində təhsili ilə bağlı proqram təsdiqləyir. Bunun nəticəsində 70000 tələbə dünyanın 25 ölkəsində təhsil alır. Ən çox göndəriş isə Amerika, İngiltərə, Avstriyaya olur.

Səhiyyə və infrastrukturun təkmilləşdirilməsinə 400 milyard dollar

İslahatlar çərçivəsində, o, qadınları da unutmur. 2008-ci ildə imzaladığı sərəncamla qadınların idarəçilikdə iştirakına, eləcə də ərlərinin və qohumlarının müşayiəti olmadan mehmanxanada qalmasına icazə verilir. Xatırladaq ki, bu qərara qədər hər hansı qadın mehmanxanada tək qalmaq istəyirdisə, polisə xəbər verilirdi. 2009-cu ildə məclis üzvlərinin sayını 81-dən 150-yə qaldırır. 2011-ci ildə isə Abdulla ibn Əbdül Əziz as-Səud qadınlara səsvermə və bələdiyyə seçkilərində namizədliklərini irəli sürmək hüququnu tanıyır. Qadınlar yüksək vəzifələrdə təmsil olunmağa başlayırlar.

2014-cü ilin sonuna qədər isə krallığın təhsil, səhiyyə və infrastrukturunun təkmilləşdirilməsinə 400 milyard dollar sərf ediləcəyinə söz verib. Abdulla ibn Əbdül Əziz as-Səudin diqqətçəkən addımlarından biri də ziyarətçilərin hakim ailə üzlərinin əlini öpməsini qadağan etməsi olur. Əbdül Əziz as-Səud işçilərin, dövlət üzvlərinin onun və ya kral ailəsinin üzvlərinin əlini öpməyə icazə vermir. O hesab edir ki, belə hörmətə ancaq valideynlər layiqdirlər.

Qeyr-rəsmi və rəsmi milyardlar, bədəvi əyləncələri

Medianın qiymətləndirmələrinə əsasən, kralın Səudiyyə Ərəbistanında 7 sarayı, Fransada qəsri, şəxsi “Boeing-747” təyyarəsi, dünyanın müxtəlif yerlərində malikanələri, okeana çıxışı olan yaxtaları var. Ailəsinin hər bir üzvünü mühafizəçilər müşayiət edir.

Krallığın əsas gəliri neftdən gəlir. “Forbes”in qiymətləndirməsinə əsasən, onun 18 milyard dollar sərvəti var. Qeyri-rəsmi mənbələrdə bu rəqəm 40 milyard avro göstərilir. O, dünyanın ən varlı monarxlarının siyahısına rəhbərlik edir.

Kralın anası bədəvi qəbiləsindən olduğundan o, uşaq yaşlarında səhrada uzun vaxt keçirib. Bədəvi həyat şəraitini öyrənib. Bəlkə, bu səbəbdən də o, bədəvi əyləncələrinin ehtiraslı həvəskarıdır. Dəvə və at yarışları, vəhşi heyvan ovu kralın həyatının ayrılmaz hissəsidir. Hər il Abdulla ibn Əbdül Əziz as-Səud Marokkoda ovda 1 aya yaxın vaxt keçirir. Bundan əlavə, o, bahalı atlardan ibarət yarış klubu olan “Yer-Riyad”ın yaradıcısıdır. Milyarderin avtomobil qarajı da dəyərinə görə ən bahalılardan hesab olunur. Qarajda eksklüziv və antik avtomobillərə rast gəlmək olar.

30 arvaddan ibarət hərəmxana

Abdulla ibn Əbdül Əziz as-Səud arvadlarının sayına görə atasından geri qalmır. Kral nə az, nə çox, 30 dəfə evlənib. Amma İslam qanunları ilə malikanəsində 4 arvadı saxlayır. Bütün arvadlarından 15 oğlu, 20 qızı dünyaya gəlib. Kral 79 yaşında da ata olub. Onun oğlanları dövlətin yüksək postlarında təmsil olunurlar. Qızını isə Ər-Riyadda qadın universitetinin rəhbəri təyin edib. Bu, Səudiyyə Ərəbistanı tarixində ali təhsil müəssisəsi rəhbərliyinə ilk dəfə qadının gətirilməsi demək idi. Digər qızı, şahzadə Alia sosial xidmət proqramlarının rəhbəridir. Ümumiyyətlə, kralın qızlarının çoxu qadın hüquqlarının müdafiəçiləridir.

Yeri gəlmişkən, Abdulla ibn Əbdül Əziz as-Səud monarxiya adət-ənənlərinə sadiq qalaraq digər krallıqlarla qohumluq əlaqələrini davam etdirir. Onun 1993-cü il təvəllüdlü kiçik qızı Sabax Bəhreyn kralının 5-ci oğlu ilə evlənib.

Qeyd edək ki, bir müddətdir sətəlcəmdən müalicə olunan Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləzizin ötən gecə vəfat edib.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR